Məhkəmə qərarları › İş №1(012)-128/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-128/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-128/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1993-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04.09.2020-ci il tarixdə, saat 00:15 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yaşadığı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin bölgüsü ilə bağlı aralarında uzun müddət sürən qərəzli münasibətdən yaranmış mübahisə zamanı özündə olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən xüsusi təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə üç dəfə zərbə vuraraq ona qarın nahiyəsinin sol yan səthinin 1 (bir) ədəd və qarın nahiyəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, sol kürək nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən xəsarətləri yetirməklə həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri, yəni atası, anası, qardaşı və qardaşının ailəsi ilə birlikdə yaşayır. Əvvəllər onlarla eyni həyətdə qohumları Elbrus öz ailəsi ilə yaşamışdır. 2017-ci ildə Elbrus ilə həyətlərini bölən zaman aralarında mübahisə olduğu üçün həmin vaxtdan aralarında münasibətləri yaxşı olmamış və aralarında qərəzli münasibət yaranmışdır. Elbrusun kürəkəni Mirəsəd də onlarla yaşamış, Mirəsəd Elbrusun evinin dam örtüyünü təmir edən zaman da aralarında narazılıqlar olmuşdur. Yay vaxtında adətən gecələr məhəllədə yaşayan tanışlarla evlərinin qarşısında küçədə oturub söhbət edib tum yemişdir. 04 sentyabr 2020-ci il tarixdə təxminən saat 00:15 radələrində həmişə olduğu kimi həyətdən küçəyə çıxıb, bir əlində şüşə qabda su, bir əlində də sellofan torbada alma və evdə olan mətbəx bıçağını da şalvarının cibinə qoyub, küçədə həmişə oturduqları yerə tərəf getmişdir. Həmin vaxt məhəllədə yaşayan Abdullaya zəng edib onunla telefonda zarafatlaşaraq danışmış, bu zaman Mirəsəd həyətindən küçəyə çıxaraq ona “Sənin səsini çox eşitməliyəm”? sözlərini demişdir. O, da Mirəsədə küçədə, evindən çox aralıda olduğunu bildirərkən Mirəsəd ona yaxınlaşıb mübahisə etməyə başlamış, mübahisə zamanı əli ilə onun yaxasından tutaraq dartmış, o, da əlində olan alma və suyu yerə buraxıb, Mirəsədin yaxasından tutmuş, bu zaman Mirəsəd yumruqla iki dəfə onun sifətindən zərbə vurmuş və o, yerə yıxılmışdır. Sonra o, yerdən qalxmış, Mirəsəd yenə ona hücum edərək onu yumruq təpiklə vurmağa başlamış, o, da eyni zamanda Mirəsədə müqavimət göstərərək özünü müdafiə etmiş, lakin Mirəsəd fiziki cəhətdən ondan güclü olduğu üçün Mirəsədin ona vurduğu zərbələrdən o, yerə yıxılıb xəsarət almışdır. Onun Mirəsədə vurduğu zərbələr isə heç təsir etmədiyi üçün şalvarının cibində olan bıçağı çıxardıb sol əlində tutaraq Mirəsəd üstünə gəlməməsi və onu vurmağı dayandırması üçün bıçağı o yan bu yana yellədərək Mirəsədi qorxutmuş, bıçaq zərbələrinin Mirəsədin bədəninin hansı nahiyəsinə dəydini bilməmiş, bundan sonra Mirəsəd əli ilə bıçağı tutub dartmış və bıçağı əlindən alaraq cibinə qoyub evlərinə tərəf gedib həyətə girmişdir. Həmin vaxt Mirəsədin qaynatası Elbrus küçəyə çıxmış, lakin o, oradan uzaqlaşmış və əl-üzünü yuyandan sonra Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə getmişdir. Orada artıq Mirəsədin ondan şikayət etdiyini bilmiş, Mirəsəd bıçağı əlindən dartıb alanda bıçağın dəstəyi sol əlinin və barmaqlarının iç hissəsini cızmışdır. Dalaşma zamanı Mirəsəd də onu yumruq təpiklə vuraraq ona xəsarət yetirmişdir. Hadisə baş verən zaman ətrafda heç kim olmamış, ancaq Mirəsəd ilə olmuş, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxs ona xəsarət yetirmiş, lakin onun Mirəsədə qarşı heç bir şikayəti və tələbi olmadığını, Mirəsədin cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyini bildirmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışmasına, cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildən Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kiçik çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət edir. Təxminən bir il olar ki, ailə həyatı quraraq qaynatası Elbrusun yaşadığı ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs isə ailəsi ilə birlikdə onun qonşuluğunda yaşayır. O, həmin evdə yaşayandan sonra qaynatası Elbrus ilə qohumu Ağakişi və ailə üzvləri arasında həyətdə torpağın bölgüsünə görə qərəzli münasibət olduğunu bilmişdir. Belə ki, onlar bir-biri ilə soyuq münasibətdə olmuş, hətta bir müddət sonra o, qaynatası Elbrusun evinin dam örtüyünü təmir edən zaman Azərlə aralarında narazılıq olmuşdur. 04 sentyabr 2020-ci il tarixdə saat təxminən 00:15 radələrində yaşadığı evin həyətində olan zaman Azərin yüksək səslə evlərinin hasarının küçə tərəfində dayanaraq telefonda kiminləsə danışdığını, nalayiq ifadələr işlətdiyini eşitmiş, o, həyətdən küçəyə çıxaraq Azərə bir az mədəni danışmağını, nalayiq ifadələr işlətməməsini demiş, Azər də onun sözlərinə əhəmiyyət verməyərək əli ilə işarə edərək aralanmış, o da yaşadığı həyətə qayıtmış, aradan bir neçə dəqiqə keçdikdən sonra Azərin yenə telefonda kimləsə danışdığını eşidib yenidən çölə çıxmış, Azərə yenə iradını bildirmiş, Azər ona heç kimin qadağa qoya bilməyəcəyini deyib yaxınlaşarkən aralarında mübahisə yaranmış, mübahisə zamanı Azər cibindən bıçaq çıxararaq onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurmuş, o, Azəri geri çəkilməsi üçün itələyib onun başına və digər nahiyələrinə yumruqla zərbə endirmiş, daha sonra Azərin əlində olan bıçağı ondan almış, bundan sonra Azər oradan uzaqlaşmışdır. O, yaşadığı həyətə daxil olarkən qaynatası Elbrus onu görmüş və nə baş verdiyini soruşduqda, Azərin onu bıçaqla vurduğunu demiş, bundan sonra Elbrus onu öz maşınına mindirib Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə aparmış, bölmənin həyətində polis əməkdaşı onlara yaxınlaşmış, Elbrus polis əməkdaşına onun Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu dedikdə o, Azərin onu vurduğu və Azərin əlindən aldığı bıçağı polisə vermiş, Elbrus bundan sonra onu maşını ilə Binəqədi rayon X5 şöbəsinə, oradan da X5 maşını ilə Bakı şəhərində olan Sabunçu rayonu 3 saylı xəstəxanaya aparmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən vaxt ətrafda heç kim olmamış, ancaq Azər və o orada olmuş, aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə eyni həyətdə əmisi oğlu Ağakişi ailəsi ilə yaşamışdır. 2017-ci ildə Ağakişi ilə həyətlərini bölən zaman aralarında mübahisə olmuş, həmin vaxtdan aralarında soyuqluq olmuş və aralarında qərəzli münasibət yaranmışdır. Kürəkəni Mirəsəd evinin dam örtüyünü təmir edən zaman Ağakişi və ailə üzvüləri ona narazılıqlarını bildirmiş, ona görə də Mirəsədlə də onların münasibəti soyuq olmuşdur. 04 sentyabr 2020-ci il tarixdə təxminən saat 00:30 radələrində ailə üzvləri yatmış, o, isə yatmaq üçün yataq otağına gedərkən, həyətdən səs gəldiyini eşidib, dərhal evdən çıxaraq həyətə düşmüşdür. Bu zaman kürəkəni Mirəsədin əlini belinə tutaraq ona tərəf gəldiyini görüb ondan nə baş verdiyini soruşduqda Mirəsəd qonşuluqda yaşayan onun qohumu Azər tərəfindən bıçaqla vurulduğunu bildirmişdir. O, dərhal Mirəsədi avtomobilinə mindirib Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə aparmış, X2 həyətində avtomobili saxlamış, bu zaman polis əməkdaşı onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, Mirəsəd də Mehdiabad qəsəbəsində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu deyərək həmin bıçağı polis əməkdaşına vermiş, bundan sonra o, avtomobil ilə Mirəsədi Bakı şəhəri, Binəqədi rayonunda yerləşən X5 Şöbəsinə aparmış, orada həkimlər müayinə etdikdən sonra Mirəsədi ambulans maşınına mindirərək Bakı şəhəri Sabunçu rayon 3 saylı Xəstəxanasına aparmışlar. Mirəsədin Azər tərəfindən bıçaqlanan zaman əynində olan köynəyi yaşadığı evdə olduğu üçün təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayon Polis İdarəsinin X2 polis sahə rəisi vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. DİO-da 2000-ci ildən, tutduğu vəzifədə 2014-cü ildən işləyir. 03.09.2020-ci il tarixdə Mehdiabad polis bölməsində məsul növbətçi olmuş, 04.09.2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində bölmənin inzibati binasında növbətçi hissədə oturarkən bölmənin həyətində maşın siqnalı səsi eşitmişdir. O, dərhal çölə çıxmış, Mersedes markalı avtomobili bölmənin həyətində görüb yaxınlaşmış, avtomobilin arxa oturacağında oturan şəxs ona Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yaşayan qonşusu Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu bildirib əlində olan Təqsirləndirilən şəxs tərəfindən vurulduğu bıçağı ona vermişdir. Bundan sonra maşının sürücüsü avtomobilə oturaraq sürüb getmişdir. O, dərhal əməliyyat qrupunu məlumatlandırıb hadisə baş verən yerə göndərmiş, aradan bir qədər keçdikdən sonra bir nəfər şəxs gəlib polis bölməsinin növbətçi hissəsinə yaxınlaşmış, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək bir qədər əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yaşadığı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 22.10.2020-ci il tarixli 2256 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol kürək nahiyəsinin 1 (bir) ədəd, qarın nahiyəsinin sol yan səthinin 1 (bir) ədəd və döş qəfəsinin sol yan səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları – iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətə, yəni 04.09.2020-ci il tarixə uyğun gəlir; dərəcələrinə görə:-sol kürək nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.-qarın nahiyəsinin sol yan səthinin 1 (bir) ədəd və qarın nahiyəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş deşilmiş-kəsilmiş yaraları – həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi bir ədəd bıçaq və iş üzrə Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş bir ədəd qısaqol köynək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin 777/2020-MTBŞ saylı, 27.07.2020-ci il tarixli maddi sübutların ekspertizası rəyində göstərilmişdir ki, X1 şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu AB/İV/ göstərilmişdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, M.S.Şəmmdəova məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə A və B antigenləri alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə AB/İV/ qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin 499- MTKŞ/2020 saylı, 27.07.2020-ci il tarixli maddi sübutların ekspertizası rəyində göstərilmişdir ki, maddi sübutların məhkəmə-tibbi-kriminalistik və kriminalistik tədqiqatına dair aşağıdakı nəticəyə gəlirik: 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, arxa səthində bir ədəd, sol qolun arxa səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 3. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyləri həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 11.09.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 06.09.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirləndirilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra 29.10.2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona yenidən ittiham elan edilmiş, buna görə də barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilərək 29.10.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALİR: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar