Məhkəmə qərarları › İş №1(012)-1281/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1281/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1281/2025 26.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 sentyabr 2025-ci il tarixdə, saat 14:00 radələrində əvvəl tanıdığı Zərərçəkmiş şəxs evdə olmamasını bilib sonuncuya məxsus Abşeron rayon, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, 6 saylı binanın axırıncı mərtəbəsində (mansartda) yerləşən 39 nömrəli mənzilin tavanını burğac ilə düzbucaqlı formasında kəsərək oradan mənzilə düşməklə qanunsuz içəri daxil olub dəhlizdə olan rəfdən 2 ədəd 700 manat dəyərində “Timex” markalı və 1 ədəd 400 manat dəyərində “Timex” markalı, 1 ədəd 600 manat dəyərində “Citizen” markalı, 1 ədəd 130 manat dəyərində “Casio” markalı, 1 ədəd 300 manat dəyərində “Polo” markalı qol saatlarını, 1 ədəd 900 manat dəyərində “Samsung Note 9” markalı və 1 ədəd 100 manat dəyərində “Nokia” markalı mobil telefonları, 01 ədəd 25 manat dəyərində səs gücləndirici qurğunu, 01 ədəd 200 manat dəyərində gümüş boyunbağını, 01 ədəd 100 manat dəyərində gümüş qolbağı, 2 ədəd hər biri 100 manat dəyərində gümüş üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4355 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir dəfə oğurluq etdiyinə görə cəza çəkmiş, xx.xx.2024-cü il tarixdə Cəzaçəkmə Müəssisəsindən azad olunmuşdur. Azad olunduğu tarixdən indiyədək özünə müvafiq iş tapa bilmədiyi üçün işsiz qalmışdır. Həmin tarixdən etibarən bacısı Qurbanova Zübeydəgilin evində yaşamışdır. Maddi vəziyyəti ağır olduğuna görə oğurluq etmək niyyətində olmuşdur. xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, bina 6-da yaşayan Elxan adlı şəxsin evindən oğurluq etməyə qərar vermişdir. O, Elxanı əvvəllər tanımış və onun hansı vaxtlarda evdə olmadığını bilmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 14:00 radələrində Elxanın evdə olmadığını dəqiqləşdirərək yaşadığı evdən çıxmış və yuxarı mərtəbəyə, yəni 7-ci mərtəbəyə qalxmışdır. Mərtəbənin mansard tipli olduğunu və dəhlizin tavan hissəsindən evə daxil olmağın mümkün olduğunu bildiyi üçün 7-ci mərtəbənin dəhlizində yerləşən beton hissənin üzərinə çıxmış, tavana vurulmuş lambirləri aşağı endirərək tavan boşluğuna daxil olmuşdur. Daha sonra özü ilə gətirdiyi atverka (burğac) vasitəsilə Elxanın mənzilinin tavan hissəsini kəsərək evə daxil olmuşdur. Evə daxil olduqdan sonra dəhlizdə yerləşən rəfdən 06 ədəd qol saatı, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd səs gücləndirici qurğu, 01 ədəd gümüş boyunbağı, 01 ədəd gümüş qolbağı və 02 ədəd gümüş üzük götürmüşdür. Başqa dəyərli əşya tapa bilmədiyinə görə evə daxil olduğu yerdən də çıxaraq oranı tərk etmişdir. Həmin gün oğurladığı “Nokia” markalı mobil telefonu və səs gücləndirici qurğunu Xırdalan şəhərində yerləşən telefon mağazalarından birinə vermiş, əvəzində pul almayaraq oğurladığı “Samsung Note 9” markalı mobil telefonu təmir etdirmişdir. Daha sonra həmin mobil telefonu təmir etdirdiyi yerin yaxınlığında yerləşən telefon mağazasına 40 manata satmışdır. Oğurladığı “Casio” markalı qol saatını istintaqa təqdim etmiş, digər qol saatlarını isə “TikTok” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı tanımadığı bir şəxsə sataraq ümumilikdə 30 manat pul əldə etmişdir. Oğurladığı gümüş boyunbağı, qolbaq və 2 ədəd üzüyü də eyni sosial şəbəkə üzərindən tapdığı tanımadığı şəxsə sataraq 20 manat pul əldə etmişdir. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, təqsirləndirilən şəxs barəsində şikayəti geri götürdüyünü bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 13:00 radələrində yaşadığı evdən çıxaraq işə getmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 04:00 radələrində yaşadığı evə qayıdarkən qapının açarını kilidə salmasına baxmayaraq qapı açılmamışdır. Bir müddət cəhd etdikdən sonra qapını aça bilmədiyi üçün çilingər çağırmış və qapı açıldıqdan sonra mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda dəhlizin tavan hissəsinin sındırıldığını aşkar etmişdir. Evə baxış keçirərkən dəhlizdə yerləşən rəfdən 2 ədəd hər biri 700 manat dəyərində “Timex” markalı, 1 ədəd 400 manat dəyərində “Timex” markalı, 1 ədəd 600 manat dəyərində “Citizen” markalı, 1 ədəd 130 manat dəyərində “Casio” markalı, 1 ədəd 300 manat dəyərində “Polo" markalı qol saatlarının, həmçinin 1 ədəd 900 manat dəyərində “Samsung Note 9” markalı və 1 ədəd 100 manat dəyərində “Nokia” markalı mobil telefonların, 1 ədəd 25 manat dəyərində səs ucaldan qurğunun, 1 ədəd 200 manat dəyərində gümüş boyunbağının, 1 ədəd 100 manat dəyərində gümüş qolbağın və 2 ədəd hər biri 100 manat dəyərində gümüş üzüyün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Bu səbəbdən baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “RR Telecom” adlı telefon təmiri mağazasını işlədir. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək özünə məxsus Samsung Note 9 markalı mobil telefonu təmir etdirmək istədiyini, lakin pulu olmadığı üçün təmir xərci əvəzində ona məxsus 01 ədəd Nokia markalı mobil telefonu və 01 ədəd səs gücləndirici qurğunu vermək istədiyini bildirmişdir. O, mobil telefonu təmir etmiş və Talehdən mobil telefonu və səs gücləndirici qurğunu almışdır. Həmin şəxsin şəxsiyyət vəsiqəsini alaraq kserosurətini çıxarmış, bundan sonra Təqsirləndirilən şəxs mağazadan çıxıb getmişdir. Daha sonra polis əməkdaşları mağazaya gəldikdə, həmin mobil telefonun və səs gücləndirici qurğunun oğurluq olduğunu bilmiş və qeyd olunan əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 4 ildir ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “İphone Service” adlı mobil telefonların təmiri və satışı mağazasını işlədir. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus olan “Samsung Note 9” markalı mobil telefonu satmaq məqsədilə işlədiyi mağazaya gəlmişdir. O, mobil telefona baxış keçirərkən telefonun arxa hissəsinin qırıq olduğunu və ekranında müəyyən texniki problemlərin mövcudluğunu aşkar etmiş, bu səbəbdən mobil telefonu 40 manat məbləğində ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da bu məbləğlə razılaşmışdır. Bundan sonra onun şəxsiyyət vəsiqəsini alaraq kserosurətini çıxarmış və müvafiq qaydada mobil telefonu ondan alaraq əvəzində 40 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs isə mağazanı tərk etmişdir. Daha sonra polis əməkdaşları mağazaya gəldikdə, həmin mobil telefonun oğurluq əşya olduğunu öyrənmiş və mobil telefonu könüllü şəkildə polis əməkdaşlarına təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlaması və icraata götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-534/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Aslanov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1, 66.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024cü ildə cəzasının sonu ilə azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması haqqında protokollar iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs barəsində verdiyi şikayəti geri götürmüşdür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 adlı azyaşlı övladı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1, 66.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə azdlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olmadığından, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan –xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar