Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-130/2022 19.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 4, Mənzil 19-da qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndi, Nizami Gəncəvi küçəsi ev 9-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 24.09.2021-ci il tarixdə saat 00:30 radələrində idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21715 markalı 90ZH180 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsi ilə 30 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq rellsiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməmiş, yolayıncında avtomobilin sürətini 5 km/saata qədər azaldaraq Nizami Gəncəvi küçəsinə sola dönməklə qarşı yola çıxmış və qarşıdan əks istiqamətdə X2 40-50 km/saat sürətlə idarə etdiyi Zontes ZT150-8A markalı 99 A 921 dövlət qeydiyyat nişanlı motosikletlə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X2 baş-beyin qişalarına, toxumasına, mədəciklərinə qansızmalar, ənsə və kəllə əsası sümüklərinin, eləcə də sağ diz qapağı, sol bud və sol baldır sümüklərinin qapalı sınıqları, başın ənsə nahiyəsinin əzilmişcırılmış yarası, sağ diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə, Zontes ZT150-8A markalı 99 A 921 dövlət qeydiyyat nişanlı motosikletin əzilərək sahibi Zərərçəkmiş şəxs 470 manat ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanına qaynı Sənan gəlmiş və saat 24 radələrində özünə məxsus olan VAZ 21715 minik markalı 90ZH180 dövlət qeydiyyat nişanlı avtomobilə tam ayıq vəziyyətdə əyləşib qaynı Sənanı Xırdalan şəhərindəki evinə aparmışdır. 24 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində evinə doğru tək hərəkətdə olub avtomobili Abşeron rayonu Masazır kəndi Ə. Vahid küçəsi ilə 20-30 km/saat sürətlə hərəkət etdirmiş, hava qaranlıq olsa da əks yolla avtomobil hərəkətdə olmamış, ona görə həmişəki kimi yolun idarə etdiyi hissəsində qırıq-qırıq xəttin yanında maşını hərəkət etdirib yaşadığı Nizami Gəncəvi küçəsinə yəni sol tərəfə dönmə əməliyyatı aparmış, yolun bitməsinə az qala qəflətən sağ tərəfdən gələn motosikletin idarə etdiyi maşının qabaq hissəsinə çırpıldığını görmüş, motosikletin sürücüsü uçub yerə dəymiş, zərbə anında maşın sönmüş və dayanmışdır. O, maşından düşmüş, motosikletin onun avtomobilinin düz orta tərəfinə dəydiyini görmüşdür. Motosikletin sürücüsünə yardım etmək üçün dərhal təcili tibbi yardıma zəng vurmuşdur. Sürücü həmin vaxtı sağ olmuş və xırıltı səsi gəlmişdir. Təxminən 30 dəqiqə sonra təcili tibbi yardım maşını gəlmiş və motosikletin sürücüsünü maşına qoyub aparmışlar. Bir qədər sonra sürücünün vəfat etdiyi ona məlum olmuşdur ki. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Ə.Vahid küçəsi ilə hərəkət edib Nizami Gəncəvi küçəsinə dönmə əməliyyatı apararkən avtomobili dayandırmadan dönmə əməliyyatı aparanda sağdan gələn motosikletə fikir verməmiş, həmin vaxtı avtomobili təxminən 20 km/saat sürətlə idarə etmiş, motosiklet isə təxminən 40-50 km/saat surətlə hərəkət etmişdir. Əks yolla avtomobil hərəkət etmədiyi üçün dönmə əməliyyatı aparmışdır. Toqquşma yolun motosikletin hərəkətdə olduğu hərəkət hissəsində baş vermişdir. Hadisədən sonra müstəntiq tərəfindən onun iştirakı ilə hadisə yerinin baxışı keçirilmiş və baxış zamanı o, hadisənin baş vermə mexanizmini əyani olaraq müstəntiqə göstərmiş, onun göstərməsi əsasında toqquşma yeri müəyyən edilmiş, bu barədə protokol və hadisə yerinin sxemi tərtib edilmiş, o, həmin protokola və sxemə imza etmişdir.Sonda o, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 24 sentyabr 2021-ci il tarixdə günorta saatlarında mobil telefonu ilə xəbərləri oxuyanda məlumatda naməlum 25-30 yaşında bir kişi sürücünün idarə etdiyi motosikletlə Masazır qəsəbəsində hadisə nəticəsində öldüyünü oxumuş, təxminən yarım saat sonra ona zəng gəlmiş və oğlu Məhəmmədin Masazır qəsəbəsində yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi barədə ona məlumat verilmişdir. Bundan sonra o, meyitxanaya getmiş və oğlunu orada görmüşdür. O, qeyd etmişdir ki, mərhum oğlu X3 26.07.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Son zamanlar idarə etdiyi motosikletlə yemək daşıma şirkətində işləmiş, lakin hansı şirkətdə işlədiyini bilməmişdir. 2018-ci il tarixdə oğlu Məhəmməd valideyinlərindən halallıq almadan Səidə adlı qadınla ailə həyatı qurmuş, sonra Səidə Rusiya vətəndaşı olduğu üçün hamiləlik dövründə 2019-ci il tarixdə Rusiya Federasiyasına getmiş və orada oğlan uşağı doğmuşdur. Lakin uşaq doğulanda Rusiyada doğulan uşağın atasının adı qrafasında Məhəmməd orada olmadığı üçün Səidənin babasının adını yazmışlar.Sonra 2020-ci il tarixdə Səidə uşaqla birlikdə Azərbaycana qayıtmış və Məhəmmədlə rəsmi nigaha daxil olmuşlar, lakin pandemiya ilə əlaqədar məclis olmamışdır. Ölməmişdən əvvəl aldığı məlumata görə Məhəmməd Bakı şəhərində İnşaatçılar prospektində özü üçün kirayə ev tutub yaşamış, arvadı Səidə isə anasının yaşadığı Masazır qəsəbəsində dəqiq ünvanı bilmədiyi evdə yaşamışdır. Eşitdiyinə görə mərhum oğlu Məhəmməd gecə evdə olan vaxtı arvadı ona zəng vuraraq uşağın pampersinin qurtardığını bildirmiş, ona görə də Məhəmməd idarə etdiyi motosikletlə Masazır qəsəbəsinə getmiş və pampersi aparıb verəndən sonra qayıdarkən qəzaya uğramışdır.O,ifadəsinə əlavə olaraq göstərmişdir ki, mərhum oğlu Məhəmmədin sürücülük vəsiqəsinin olub-olmamasını və motosikleti kimdən aldığını bilməmişdir.O, ailəsinə maddi və mənəvi cəhətdən dəstək olan təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada verdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci il tarixdə öz adına 99A921 dövlət nömrə nişanlı Zontes-ZT150 markalı Motosikleti bacısı oğlunun sürməsi üçün almışdır. Lakin bacısı oğlu sürə bilmədiyi üçün motosikleti xeyli müddət yaşadığı evin həyətində saxlamışdır. Motosikletə ehtiyacı olmadığı üçün satmaq qərarına gəlmiş, ona görə də internetdə elan yerləşdirmişdir. Bir müddət sonra 2019-cu il tarixdə adı hazırda yadında qalmayan şəxs ona zəng vurmuş və motosikleti almaq istədiyini bildirmişdir. Motosikletin qiymətini o, elanda 1250 manata yerləşdirmişdir. Həmin oğlanla Bakı şəhərində görüşmüş və evinə birlikdə getmişlər. Motosikletə baxıb bəyənmiş və həmin günü oğlan ona 1250 manat pul vermişdir. O, notariusa gedib rəsmiləşdirməyi təklif etsədə, onun vaxtı olmadığı üçün növbəti günlərin birində getməyi danışmışlar. Alqı-satqını rəsmləşdirmək onun yadından çıxmış, həmin şəxs də onunla əlaqə yaratmamışdır. Bu ilin sentyabr ayında ona məlum olmuşdur ki, həmin motosikletlə hadisə törədilmiş və sürücü ölmüşdür. Motosikletin əzilməsi və yarasız hala salınması ilə bağlı heç bir iddia və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəmə zamanı verdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş «MTE və PA ETT Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının 24.10.2021-ci il tarixli 109 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 meyitinin məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş-beyin qişalarına, toxumasına, mədəciklərinə qansızmalar, ənsə və kəllə əsası sümüklərinin, eləcə də sağ diz qapağı, sol bud və sol baldır sümüklərinin qapalı sınıqları, başın ənsə nahiyəsinin əzilmiş- cırılmış yarası, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır, 24.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş-beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar. Kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X1 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (24.09.2021-ci il, saat 16:00) təxminən 14-16 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri , barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 noyabr 2021-ci il tarixli 8/2658 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, VAZ-21715 markalı 90ZH180 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 30.12.2017-ci il tarixdə (30.12.2027-ci il tarixədək müddətə etibarlı olan) AF seriyalı 014567 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş E/465 nömrəli ziyan aktından məlum olur ki, Zontes ZT150-8A markalı 99 A 921 dövlət qeydiyyat nişanlı motosikletə 470 (dörd yüz yetmiş) manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 24.09.2021-ci il tarixli 2/27337 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş VAZ-21715 markalı 90ZH180 dövlət qeydiyyat nişanlı avtomobil və Zontes ZT150-8A markalı 99 A 921 dövlət qeydiyyat nişanlı motosiklet sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron İHB-nın Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin ailəsinə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışması və ona qarşı şikayət, tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində 13.12.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X11 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X11 İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış “VAZ 21715” markalı 90-ZH180 dövlət qeydiyyat nişanlı avtomobil və “Zontes ZT150-8A” markalı 99-A-921 dövlət qeydiyyat nişanlı motosikletin sahiblərinə geri qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-130/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-130/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver