Məhkəmə qərarları › İş №1(012)-130/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-130/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-130/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx.xx.1980-ci ildə Cəlilabad rayon Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Günəşli Ərazi Dairəsi Günəşli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından 31 dekabr 2022-ci il tarixədək olan müddət ərzində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə gözətçi işlədiyi Zərərçəkmiş şəxs məxsus olan, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evindən 1 ədəd 3800 manat dəyərində Türkiyə istehsallı “Volvo” markalı “Genpover” modelli generatoru və həmin generatorun detallarını (1 ədəd radiator, 1 ədəd işə salıcı, 1 ədəd elektrik qovucu, 2 ədəd akkumlyator), həmin evin çiller otağında olmuş 15200 manat dəyərində İtaliya istehsallı “Climaveneta” markalı havalandırma qurğusunu və həmin qurğunun detallarını (4 ədəd kompressor, 2 ədəd elektrik avtomatı, 15 metr mis naqillər), 6900 manat dəyərində olan həyətyanı sahə üçün nəzərdə tutulmuş yüksək təzyiqli “Grundfos” markalı nasoslarını (4 ədəd dövriyyə nasosu, 2 ədəd yüksək təzyiqli nasos, 2 ədəd su vuran nasos, 2 ədəd içməli su nasosu, 1 ədəd su qovucu nasos, 1 ədəd fontan nasosu, 1 ədəd qarajda su qovucu nasos və 1 ədəd qarajdakı su qovucu nasos), 1 ədəd 500 manat dəyərində 32-lik kombi aparatını, hər biri 600 manatdan olmaqla 6000 manat dəyərində 10 ədəd İtaliya istehsallı, “Marqoratti” firmasına aid üzəri paslanmayan metaldan olan quruducu radiyatoru, evin içərisində olan hər biri 450 manatdan olmaqla ümumi dəyəri 900 manat təşkil edən 2 ədəd “Grundfos” maraklı yüksək təzyiqli hovuz nasoslarını, evin içərisində olan 1 ədəd 300 manat dəyərində “Grundfos” maraklı su qovucu nasosunu, hər birin qiyiməti 150 manatdan olmaqla 900 manat dəyərində 6 (altı) ədəd hovuz plafonlarını, hər birin qiyiməti 60 manatdan olmaqla 180 manat dəyərində 3 ədəd “Fateh Kral” markalı stulları, hər birin qiyiməti 100 manatdan olmaqla 800 manat dəyərində 8 ədəd gecə lampalarını, 8000 manat dəyərində İspaniya istehsallı, “Pomdoor” firmasına aid paslanmayan metaldan olan, qızılı rəngli hamam aksesuarlarını (10 ədəd dəsmal asılqanı, 4 ədəd zibil qabı, 3 ədəd sabun qabı, 2 ədəd tualet sürtgəci), 1 ədəd 850 manat dəyərində “Dynamik” markalı Yaponiya istehsallı 9000 BTU, 45kv/m-lik kondisonerini gizli talayaraq vahid niyyətlə Zərərçəkmiş şəxs ümumilikdə 44330 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından 31 dekabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində gözətçi işləmişdir və həmin bağ evinin həyətindəki yardımçı təsərrüfatda ailəsi ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs onun aylıq məvacibini vaxtında ödəyib və ona qarşı heç bir pislik etməmiş, əksinə köməklik etmişdir. Həmin bağ evində yaşadığı müddətdə maddi ehtiyacları və banka krediti olduğu üçün, yəni maddi imkansızlıq səbəbindən həmin bağdan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, Zərərçəkmiş şəxs məxsus olan bağ evindən hovuzun iki ədəd su nasoslarını, bağ evinin həyətindəki transformator otağındakı iki ədəd su nasosunu, evin içərisində olan hovuza aid olan iki ədəd su nasosunu heç kimdən icazə almadan, həmçinin gizli olaraq oğurlayıb satmışdır. Həmin əşyalardan bağ evinin həyətindən oğurladığı 4 ədəd su nasoslarını “Lalafo.az” internet saytında yerləşdirdiyi elan əsasında, 1-i 150 manatdan olmaqla 600 manata Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən hovuz aksesuarları satışı ilə məşğul olan dükana satmışdır. Oğurluq yolu ilə əldə edilmiş pulları borclarına ödədiyini və digər ehtiyaclarına sərf etdiyini, həmin evdən Zərərçəkmiş şəxs göstərdiyi əşyalardan başqa hər hansı əşyaları oğurlamadığını, digər əşyaların hansı müddətdə və kim tərəfindən oğurlanması barədə məlumatının olmamışdır. Hovuzun 6 ədəd işıq plafonlarını, evin hamam otaqlarında olan 6 ədəd paltar quruducuları oğurlamamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində ona məxsus olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində üç mərtəbəli bağ evi vardır. Həyətyanı sahənin kənarları mişar daşları ilə hörülərək suvanmış hasarla əhatələnmişdir. Ev tam təmirli olmaqla içərisi əşyalarla təmin olunmuş, istirahət və yaşayış üçün normal vəziyyətdə olmuşdur. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından 31 dekabr 2022-ci ilədək onun bağ evində nəzarətçi kimi işləyib və həmin evin həyətində olan yardımçı tikilidə ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs bağ evində yaşadığı müddətdə o, Raula və ailəsinə qayğı göstərmişdir, bacardığı qədər problemlərinin həllində ona köməklik etmişdir. Raul bağ evində nəzarətçi olduğu vaxtlarda evin problemləri və çatışmazlıqlar barədə mütəmadi olaraq onu məlumatlandırmışdır. O, Raula inandığı üçün nəzarət etmək məqsədi ilə bağ evinə tez-tez getməmişdir. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Cəlilabad rayonuna getmək istədiyini və bu səbəbdən də işdən çıxmalı olduğunu bildirmişdir.O, Raula etiraz etməmiş və təhvil-təslim etdikdən sonra evdən getməsini istəmişdir. Təqsirləndirilən şəxs onunla razılaşsa da açarları qohumu Şahid1 verib, heç bir əşyanın təhvil-təslimində iştirak etmədən getmişdir. 2023-cü ilin may ayında o, sözügedən bağ evinə gedib baxış keçirdikdə bir çox əşyaların yerində olmadığını müəyyən etmişdir. Həmin səbəbdən də o, Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. daha sonra evin bütün otaqlarına və həyətyanı sahəsinə baxdıqda müəyyən etmişdir ki, evindən oğurluq olması, oğurlanmış əşyaların qiymətinin 100000 (yüz min) manat dəyərində olduğunu düşünmüşdür. Bundan sonra o, evinə quraşdırılmış əşyaların qiymətini evində işləmiş mütəxəssislər və əşyaları aldığı ticarət obyektlərindən dəqiqləşdirdikdə ona aydın olmuşdur ki, evindən Türkiyə istehsallı “Volvo” markalı “Genpover” modelli generator və həmin generatorun detalları (1 ədəd radiator, 1 ədəd işə salıcı, 1 ədəd elektrik qovucu, 2 ədəd akkumlyator), Çiller otağında olmuş İtaliya istehsallı “Climaveneta” markalı havalandırma qurğusu və həmin qurğunun detalları (4 ədəd kompressor, 2 ədəd elektrik avtomatı, 15 metr mis naqillər), həyətyanı sahə üçün nəzərdə tutulmuş yüksək təzyiqli “Grundfos” markalı nasoslar (4 ədəd dövriyyə nasosu, 2 ədəd yüksək təzyiqli nasos, 2 ədəd su vuran nasos, 2 ədəd içməli su nasosu, 1 ədəd su qovucu nasos, 1 ədəd fontan nasosu, 1 ədəd qarajda su qovucu nasos və 1 ədəd qarajdakı su qovucu nasos), 1 ədəd 32-lik kombi aparatı, 10 ədəd quruducu radiyator (suşılka), evin içərisində olan 2 ədəd “Grundfos” maraklı yüksək təzyiqli hovuz nasosları, evin içərisində olan 1 ədəd “Grundfos” maraklı su qovucu nasosu, 3 ədəd “Fateh Kral” markalı stullar, 8 ədəd gecə lampası,6 (altı) ədəd hovuz plafonları, İspaniya istehsallı, “Pomdoor” firmasına aid paslanmayan metaldan olan, qızılı rəngli hamam aksesuarları (10 ədəd dəsmal asılqanı, 4 ədəd zibil qabı, 3 ədəd sabun qabı, 2 ədəd tualet sürtgəci) və 1 ədəd “Dynamik” markalı Yaponiya istehsallı 9000 BTU, 45kv/m-lik kondisoner oğurlanmışdır. Həmin əşyaları o, yeni alanda qiyməti 85750 (səksən beş min yeddi yüz əlli) manat təşkil etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərilən əşyaların Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən bağ evinin və həyətyanı sahəsinin içərisindən oğurlandığını, Təqsirləndirilən şəxs işə onun qohumu Şahid1 qəbul etdiyini, Rauil ilə Ümidin ünsiyyətdə olduğunu, bir çox məsələlərdə olduğu kimi bağ evinə nəzarət etməsini Ümiddən xahiş etdiyini, həmin səbəbdən də 17 oktyabr 2021-ci il tarixdə qohumu Şahid1 onun Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən bağ evinə gözətçi kimi gəlmiş Təqsirləndirilən şəxs təhvil verdiyini, həmin vaxt Rauldan əvvəlki gözətçi Şahid2 da onlarla birlikdə olduğunu, Təqsirləndirilən şəxslə məvacibinin ödənilməsi, yaxud bu və ya digər səbəbdən aralarında ədavət və ya düşmənçilik olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2010-cu ilin noyabr ayından 17 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs məxsus olan Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində gözətçi işləmiş və həmin bağ evinin həyətindəki yardımçı təsərrüfatda ailəsi ilə birlikdə yaşamışdır. O, yaşadığı və işlədiyi dövrlərdə bağda və evdə yerləşən əşyaların hər biri tam işlək vəziyyətdə olmuşdur. 01 oktyabr 2021-ci il tarixdə o, qonşuluqda yerləşən bağ evindən daha sərfəli maaş qarşılığında işləmək təklif almışdır. O, bu barədə ev sahibinin qohumu Şahid1 məlumat vermişdir. Şahid1 ona 15-20 gün müddətində yeni işçi cəlb edənədək həmin bağ evində qalmağını xahiş etmiş, o da razılaşmışdır. 17 oktyabr 2021-ci il tarixdə isə Şahid1 yeni işçi tapdığını bildirmiş və o, həmin gün bağ evini və həyətyanı sahəsini Ümidin işə qəbul etdiyi Təqsirləndirilən şəxs təhvil vermişdir. Təhvil verəndə isə o, evin içərisini və həyətyanı sahəsini Raul və Ümid ilə birlikdə gəzib hər bir əşyanın yerini göstərmişdir. Həmin gündən sonra isə o, bağ evinin və həyətin giriş darvazasının açarlarını təhvil verib oradan çıxmışdır. 2023-cü ilin may ayında isə eşitmişdir ki, Təqsirləndirilən şəxs işdən çıxdıqdan sonra həmin bağ evində bir çox əşyaların yerində olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumumdur. Bir çox sahələrdə ona etibar etdiyi kimi, Zərərçəkmiş şəxsözünə məxsus Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evinə nəzarət etməyi də ona həvalə etmişdir. O, Abşeron rayonu Novxanı kəndində yaşayan şəxslərdən bağ evində gözətçi kimi işləməkdən ötrü münasib adam axatarmışdır və ona Təqsirləndirilən şəxs bağ evlərində əvvəllər gözətçi işləməsini, sonuncu iş yerində olan məvaciblə razılaşmadığı üçün işdən çıxdığını bildirmişdirlər. O, Təqsirləndirilən şəxslə görüşüb nəzarət edilməsi üçün ona tapşırılmış bağ evi ilə onu tanış etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evinə baxdıqdan sonra onun təklif etdiyi maaşla həmin evdə işləməyə razılaşmış və 17 oktyabr 2021-ci il tarixdən etibarən həmin bağ evinin həyətindəki yardımçı təsərrüfatda ailəsi ilə birlikdə yaşamış və orada işləmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs məvacibinin artırılmasını istəmişdir və o, Təqsirləndirilən şəxslə razılaşmadıqda işdən çıxmaq istədiyini bildirmişdir. O, da yeni gözətçi tapanadək gözləməsini təklif etmişdir. 31 dekabr 2022-ci il tarixdə o,həmin bağ evinə gedib Rauldan bağ evini təhvil götürmüşdür. Təhvil götürəndə isə bağda səliqə yaratmaq üçün lazım olan təsərrüfat əşyalarının yerini Raul ona göstərmişdir. Lakin o, həyətyanı sahəni və evin içərisindəki otaqları sayaraq təhvil götürməmişdir. Bundan sonra o, həmin evə gəlibgedərkən bir çox çatışmazlıqları müəyyən etmişdir və bu barədə ev sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. Daha sonra həmin yerdə işləmiş gözətçi Şahid2la, evin içərisindəki əşyaları quraşdırmış mütəxəssislərlə əlaqə saxlayıb müəyyən etmişdir ki, həmin evdən bir çox əşyalar həmin evdə gözətçi işləmiş Təqsirləndirilən şəxs tərəfindən oğrulanmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü Ömər Vəliyev Təqsirləndirilən şəxs himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar