Məhkəmə qərarları › İş №1(012)-131/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-131/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-131/2022 19.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02.03.1984-cü ildə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, "xxxx" MMC-də operator vəzifəsində işləyən, Füzuli rayonu Araz Dilağarda kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış maasivi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Belə ki, o, Azərbaycan Respubliksaı ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin Azərbaycan Respubliksaı ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsində cəza tədbirlərinin tədbiq olnması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə 13 mart 2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarının tələblərini pozaraq hərarətin yüksək olması ilə əlaqədar “Covid-19” virus daşıyıcısı olub olmamasını aydınlaşdırmaq məqsədilə 2020-ci ilin noyabr ayında yaşadığı evdə verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 22 noyabr 2020-ci il tarixdə saat 19:48-də istifadəsində olan ***-***-**-** saylı azercell mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbardarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyərək 29.11.2020-ci il tarixdə yaşayış yerini, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış Massivi, fərdi evi tərk edərək atasının dəfni ilə bağlı Füzuli rayonuna gedib orada digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatdadır və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi, fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun 2020-ci ilin noyabr ayında hərarəti olduğu üçün təcili tibbi yardım xidmətinin qaynar xəttinə zəng edərək yaşadığı evdə “Covid 19” xəstəliyi ilə bağlı analiz vermişdir. 22 noyabr 2020-ci il tarixdə saat 19:48-də İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 informasiya sistemi tərəfindən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması və 07.12.2020-ci il tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə SMS göndərilmişdir. Həmin gündən özünü təcrid edib evdən çölə çıxmamış və müalicə olunmağa başlamışdır. 29.11.2020-ci il tarixdə atasının dünyasını dəyişməsi səbəbilə, sonuncunun dəfn mərasimində iştirak etmək üçün Füzuli rayonuna getmişdir. Abşeron rayon Polis İdarəsinin, X6 cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən “Covid-19” xəstəsi olduğu halda karantin qaydalarını pozub yaşadığı ünvanı tərk etdiyi aşkar edilmişdir. Abşeron rayon Polis İdarəsinin, X6 cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 onunla telefon vasitəsilə əlaqə saxlayıb sorğu-sual etdikdən sonra o, 29.11.2020-ci il tarixdə atasının dünyasını dəyişməsi səbəbilə, sonuncunun dəfn mərasimində iştirak etmək üçün Füzuli rayonuna getdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon Mərkəzi Xəstəxanası, X4 ailə həkimi kimi fəaliyyət göstərən Şahid2 ifadəsində vətəndaş-Təqsirləndirilən şəxs “Covid-19” analizinin pozitiv çıxması barədə işlədiyi X5 26.11.2020-ci il tarixdə məlumat daxil olduğunu, onun 26.11.2020-ci il tarixdən 07.12.2020-ci il tarixədək karantin rejiminə uyğun olaraq X7 tərəfindən ev müşahidəsinə götürüldüyünü, həmin gündən, yəni 26.11.2020-ci il tarixdən onun tərəfindən distansion müşahidəyə götürüldüyünü, 26.11.2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona 26.11.2020-ci il tarixdə koronavirus xəstəsi diaqnozu qoyulduğunu, 07.12.2020-ci il tarixədək karantin rejiminə uyğun olaraq Abşeron rayon, X7 tərəfindən ev müşahidəsinə götürüldüyünü bildirdiyini və ev şəraitində müalicə almasının, yaşayış yerini tərk etməməsinin zəruriliyini ona izah etdiyini, həçinin, ona pandemiyanın Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli, xüsusi karantin rejiminin tətbiq edilməsi barədə 21.06.2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarını izah etdiyini, bundan sonra onunla müalicəsi ilə bağlı tövsiyələrini vermək üçün bir neçə dəfə telefon vasitəsilə danışdığını qeyd etmişdir. Həsənova X1 Əkrəm Tiflis oğlunun ona mobil telefon vasitəsilə koronavirus xəstəsi olması barədə sms gəlməsinə baxmayaraq xəbərdarlıqlara qəsdən əməl etmədiyini, qəbul edilmiş qəraralara tabeçilik göstərməyərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə müşayət olunan davranışlar sərgilədiyini, yəni, Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarına əməl etməyib xəstəliyin yayılmasına real təhlükə yaratmaqla 29.11.2020-ci il tarixdə yaşadığı-ünvan 2 ünvanını tərk edərək Füzuli rayonuna getməsi və elan olunmuş sərt karantin rejimi qaydalarını pozması barədə məlumatının olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X6 cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 29.11.2020-ci il tarixdə PB-yə daxil olmuş siyahıda koronavirus xəstəsi diaqnozu qoyulmasına baxmayaraq yaşadığı ünvanı tərk etmiş 02.03.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığını, Təqsirləndirilən şəxs 26.11.2020-ci il tarixdə koronavirus xəstəsi diaqnozu qoyulduğunu, 07.12.2020-ci il tarixədək karantin rejiminə uyğun olaraq Abşeron rayon Poliklinikası tərəfindən ev müşahidəsinə götürüldüyünü xatırlatdığını və pandemiyanın Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli, xüsusi karantin rejiminin tətbiq edilməsi barədə 21.06.2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarını pozduğunu, Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə koronavirus xəstəsi olması barədə sms gəlməsinə baxmayaraq xəbərdarlıqlara qəsdən əməl etmədiyini, qəbul edilmiş qərarlara tabeçilik göstərməyərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə müşayət olunan davranışlar sərgilədiyini, yəni, Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarına əməl etməyərək xəstəliyin yayılmasına real təhlükə yaratmaqla 29.11.2020-ci il tarixdə yaşadığı-ünvan 2 ünvanını tərk edərək Füzuli rayonuna getdiyini və elan olunmuş sərt karantin rejimi qaydalarını pozduğunu bildirdiyini qeyd etmişdir. O, ifadəsində həmçinin Təqsirləndirilən şəxs pandemiyanın Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına zidd hərəkət etdiyini, 07.12.2020-ci il tarixədək karantin rejiminə uyğun olaraq ev şəraitində müalicə almasının zəruri olduğunu bildiyini və atasının vəfat etməsi səbəbilə atasının dəfnində iştirak etmək üçün 29.11.2020-ci il tarixdə yaşadığı-ünvan 2 ünvanını tərk edərək Füzuli rayonuna getdiyini etiraf etdiyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs koronavirus “Covid-19” xəstəsi kimi qeydiyyata alınması barədə Abşeron rayon Mərkəzi Xəstəxanasının 18.03.2021-ci il tarixli 380 nömrəli məktubdan görünür ki, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi, fərdi evdə yaşayan, 02.03.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Covid-19” testinin pozitif olması barədə Abşeron rayon Mərkəzi Xəstəxanasına 26.11.2020-ci il tarixdə məlumat daxil olmuşdur. Sahə prinsipinə uyğun olaraq xəstə-Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək ona 26.11.2020-ci il tarixdə koronavirus xəstəsi diaqnozu qoyulduğu, 07.12.2020-ci il tarixədək karantin rejiminə uyğun olaraq Abşeron rayon, X7 tərəfindən ev müşahidəsinə götürüldüyü bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya idarəsinə sorğu verilmiş, sorğuya dair 31.03.2021-ci il tarixli 020-3709- 1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs (AZE ********) “Covid-19” virusuna yoluxması və 22.11.2020-ci il tarixdə saat 19:48-dən 06.12.2020-ci il saat 19:48dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən 25.11.2020-ci il tarixdə saat 17:19-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 9 avqust 2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və 10 avqust 2020-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını biləbilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əleyhinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 11 avqust 2020-ci il tarixdə, saat 4 radələrində Bakı şəhərinə getmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Abşeron rayonu Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18.12.2021-ci il tarixli,3185 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli rayonundan məcburi köçkün kimi iki uşağı və arvadı ilə Mehdiabad qəsəbəsi Qurtuluş Y/Massivi ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, Fizuli rayonundan məcburi köçkün olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağın olmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16.12.2021-ci il tarixdə istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar