Məhkəmə qərarları › İş №1(012)-132/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-132/2025

21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-132/2025 21.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Ucar rayonu Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbslə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd №-si silinmiş 5,45 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1991-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 modelli avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 09 ədəd 5,45x39 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı olan patronu əldə edib qara rəngli polimer bükümün içərisində saxlamış, daşımış və gəzdirmiş, 24 yanvar 2024-cü il tarixdə saat 23:20 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və xx.xx.2024-cü il tarixdə saat 00:45-dən 00:57-ə kimi üzərində şəxsi axtarış keçirilən zaman həmin qara rəngli polimerə bükülmüş vəziyyətdə 1 (bir) ədəd odlu silah- AK-74 markalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 1 (bir) ədəd patron darağı və döyüş sursatı hesab edilən 09 (doqquz) ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, özünü CM-in 228.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Elan olunmuş ittihamda qeyd edilən silah, daraq və patronlar ona məxsus deyildir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan onun təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirmiş və onu polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə gəlmişdir. Polis bölməsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əlində olan qara rəngli polimer bükümdə 1 (bir) ədəd “AK-74” markalı odlu silah, 1 (bir) ədəd daraq və 09 (doqquz) ədəd 5.45 kalibr patronu təqdim edərək xx.xx.2024-cü il tarixdə axşam saatlarında Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisində yerləşən zibillikdən tapdığını və xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsinə satmaq məqsədilə apardığını bildirmişdir. Bundan sonra həmin təqdim etdiyi silah-sursat qablaşdırılaraq möhürlənmişdir. O da həmin qablaşdırılmış bağlamanı və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. O saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilmədiyini, üzərində aşkar olunmuş silah və döyüş sursatından başqa heç bir əşya və ya predmet saxlamadığını, onun odlu silah və döyüş sursatı saxlamağından özündən başqa heç kimin xəbəri olmadığını, həmin odlu silah və döyüş sursatını saxlaması və ya istifadə etməsi üçün heç kimə vermədiyini və əvvəlcədən satmağa razılaşdığı şəxsin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzidirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanlması məqsədi ilə, 24 yanvar 2024cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin rəisi, polis mayoru Zaur Babazadə tərəfindən əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, qrup üzvü isə o təyin olunmuşdur. Həmin gün Şahid2 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Qobu PBnə getmişdir. Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah olunmuş, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində olan qara rəngli polimer bükümdə avtomat silahı vardır. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı ilə həmin qara rəngli polimer bükümə baxış keçirilmiş və bükümdə olan 1 ədəd silah, 1 ədəd daraq, və 9 ədəd patron aşkar olunaraq götürülmüşdür. Baxış zamanı video çəkiliş aparılmış və silah sursat qablaşdırılaraq möhürlənmişdir. Həmçinin iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzidirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanlması məqsədi ilə, 24 yanvar 2024cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-də əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri özü, qrup üzvü isə Şahid1 təyin olunmuşdur. Həmin gün Şahid1 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Qobu PB-nə getmişdir. Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah olunmuş, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş, hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində olan qara rəngli polimer bükümdə avtomat silahı vardır. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı ilə həmin qara rəngli polimer bükümə baxış keçirilmiş və bükümdə olan 1 ədəd silah, 1 ədəd daraq, və 9 ədəd patron aşkar olunaraq götürülmüşdür. Baxış zamanı video çəkiliş aparılmış və silah sursat qablaşdırılaraq möhürlənmişdir. Həmçinin iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-ballistik ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 24/184 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1991-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat - yivli odlu silahdır, saz vəziyyətdədir və atəş üçün yararlıdır. Təqdiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 09 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar (qalıq 06 ədəd 5,45x39 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı olan patron). Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 13 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbslə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, tədqiqatdan sonra qalan 01 ədəd №-si silinmiş 5,45 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1991-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq və 06 ədəd 5,45x39 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı olan patron Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun əlində olan qara rəngli polimer bükümü təqdim edərək içərisində 09 ədəd patronla birlikdə «kalaşnikov» markalı avtomat olmasını, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən zibillikdən tapmasını, satmaq məqsədilə üzərində gəzdirdiyini, xx.xx.2024-cü il tarixdə həmin qara bükümdəki avtomat ilə Abşeron rayonu Hökməli qəsəbəsində piyada yol gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqında ifadəsində üzərindən aşkar edilən 1 (bir) ədəd “AK-74” markalı odlu silah, 1 (bir) ədəd daraq və 09 (doqquz) ədəd 5.45 kalibr patronunun ona məxsus olmadığını, ona görə da ona elan olunan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bildirsə də 1 (bir) ədəd “AK-74” markalı odlu silah, 1 (bir) ədəd daraq və 09 (doqquz) ədəd 5.45 kalibr patronun təqsirləndirilən şəxs üstündən aşkar edildiyi zaman tərtib olunmuş protokolda və həmin 1 (bir) ədəd “AK-74” markalı odlu silah, 1 (bir) ədəd daraq və 09 (doqquz) ədəd 5.45 kalibr patronun qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman 01 ədəd №-si silinmiş 5,45 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1991-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 modelli avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronların ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd №-si silinmiş 5,45 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1991-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq və 06 ədəd 5,45x39 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı olan patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq 01 ədəd №-si silinmiş 5,45 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1991-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı daraq və 06 ədəd 5,45x39 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, döyüş sursatı olan patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar