Məhkəmə qərarları › İş №1(012)-133/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-133/2020

24.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-133/2020 24.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 10, mənzil 46-da qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Memar Əcəmi küçəsində yerləşən fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 06 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,223 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF PARK” yaşayış kompleksinin yaxınlığında Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib idarənin inzibati binasında xidməti otaqda üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,223 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi Memar Əcəmi küçəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, təxminən iki ildir ki, narkotik maddə olan heroindən istifadə edir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonunda “İnşaatçılar” metrostansiyasının yaxınlığında şəxsiyyətini tanımadığı şəxsdən 10 manat müqabilində qızılı rəngli siqaret kağıza bükülü narkotik vasitə olan heroini özü istifadə etməsinə görə alaraq üzərində saxlamışdır. O, xx.xx.2019-cu il tarixdə təxminən saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF PARK” yaşayış kompleksinin yaxınlığında olarkən bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə saxlamaqda şübhəli olmasını bildirdikdən sonra onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində otaqların birində ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi təqdim edilməklə onun iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağıza bükülü narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, kağız zərfi o, və digər polis əməkdaşları imzalamışlar. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə ona məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat qrupu, yəni o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs görüb, ona yaxınlaşmışlar və özlərini təqdim edib, Cəmilin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Cəmilin üzərində şəxsi axtarış aparılması üçün o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağıza bükülü içində narkotik vasitə olan heroini təqdim edib, özünə məxsus olduğunu və Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə heroinə oxşar kütlə polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 Hafis oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxxxxx 2019cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxararaq təqdim etdi. O, bildirdi ki, həmin bükümn içərisində narkotik vasitə olan heroindir. Həmin günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat almışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 23656 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1983-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,223 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatlardan sonra qalıq qalan heroinin xalis çəkisi 0,173 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 2628 saylı ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Nigar adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş məhkumluq haqqında xx xxxxxxxx 2019-cu il tarixli tələbnamə arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-642/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2011-ci il tarixdən hesablanmışdır. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsi ilə müəyyən edilir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-642/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-269/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan onun barəsində məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,173 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, materialların məhkəmə ekspertizasının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxsdən tutulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş xalis çəkisi 0,173 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsinə minəndən sonra məhv edilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar