Məhkəmə qərarları › İş №1(012)-135/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-135/2020

28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-135/2020 28.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evində qonşusu Zərərçəkmiş şəxs yuyulmuş paltarları asmaq istəməsinə etiraz etməsi səbəbindən onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə əli ilə bir neçə dəfə sillə zərbələri vurmaqla ona sol gözün konyuktival qansızma ilə müşahidə olunan sol göz almasının kontuziyası; sol gözaltı nahiyənin qançırı; boyun nahiyəsinin sıyrığından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 4 ilə yaxın müddətdir ki, Abşeron rayonu, Məmmədli kəndində Mirzə adlı şəxsə məxsus evdə ailəsi ilə birlikdə kirayədə yaşayır, Zərərçəkmiş şəxs isə onunla eyni həyətdə, lakin ayrı mənzildə kirayədə yaşayır. Günel həmin həyətə köçdüyü vaxtdan onunla münasibətləri yaxşı olmamışdır. xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində o, həyətdə asdığı paltarların Günel tərəfindən sərdiyi ipdən yığılaraq yerə töküldüyünü və paltar sancaqlarının götürüldüyünü görmüş və bununla əlaqədar sonuncuya irad bildirərək sancaqları qaytarmasını xahiş etmişdir. Günel isə ona yeni sancaq alacağı təqdirdə götürdüklərini qaytaracağını demişdir. Bu zəmində onlar arasında mübahisə yaranmış və o, Günelin yaşadığı evə gedərək onlara yaxşılıq olmadığını demiş və daha əvvəl sonuncuya verdiyi örtüyü evdən götürmək istəmişdir. Bu zaman Günel örtüyü verməyərək saçlarından tutub onu çarpayıya yıxmış və qarın nahiyəsinə təpiklə zərbələr vurmağa başlamışdır. Buna görə də o, özünü müdafiə etmək məqsədilə Günelin sifət və baş nahiyələrinə əli ilə bir neçə dəfə zərbələr vurmuş və üzünü cırmaqlamışdır. Münaqişə zamanı o, verdiyi çaydanı, qəhvədanı və qazanı geri istəmiş, lakin Günel həmin əşyaları verməkdən imtina etdiyindən o, Günelə məxsus çaydanı götürərək həyətə tullamışdır. Bundan sonra onun halı pisləşmiş və o, yaşadığı evə qaydıdaraq əri Kainata zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Günel yenidən onun yaşadığı evə gələrək onu söyüb təhqir etmiş və qardaşını çağıracağı ilə onu hədələməyə başlamış, eləcə də əlində olan taxta parçası ilə onu vuracağını demişdir. Buna görə də o, Günelin sifət nahiyəsidən bir dəfə əli ilə zərbə vuraraq onun əlində olan taxtanı alıb kənara tullamışdır. Bundan sonra Günel sakitləşərək evinə qayıtmış, lakin bir neçə dəqiqədən sonra yenidən oraya qayıdaraq mübahisə etməyə başlamışdır. Həmin vaxt onun əri Kainat və Günelin əri Xəyal da oraya gəlmişlər və Kainat ondan nə səbəbdən dalaşdıqlarını soruşmuşdur. O da öz növbəsində olanları danışmışdır. Ardınca o, Kainatla birlikdə Günelin yaşadığı evə getmiş və müvəqqəti istifadə üçün sonuncuya verdikləri qab-qacağı və örtüyü götürüb evlərinə qayıtmışlar. Mətbəxdə iş görən zaman Günel yenə də yaşadığı evə gələrək ona söz atmağa başlamış və qabqacağını həyətə töküb sındıracağını demişdir. Bu zaman o, yenə də Günelin sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vuraraq onu evindən bayıra itələmiş və həmin vaxt oraya polis əməkdaşları gəldiyindən o, Günelin şikayət etdiyini başa düşmüşdür. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə, saat 09 radələrində o, evdə yatan zaman səs-küyə oyanmış və yerindən durub ətrafa baxdığında qazan və qablarının həyətə atıldığını görmüşdür. Buna görə də o, Günelin yanına gedib nə üçün belə etdiyini soruşduğunda, Günel bir gün əvvəl yetirdiyi xəsarətlərə görə onu müalicə etdirməsini ondan tələb etməyə başlamışdır. O, aralarında yaranmış qarşılıqlı dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmasına baxmayaraq sonuncudan şikayət və tələbi yoxdur, bununla əlaqədar ərizə yazmaqda və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən Mirzə adlı şəxsə məxsus evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs da onunla eyni həyətdə, lakin ayrı evdə kirayədə yaşayır. Son bir həftə ərzində o, bağçada işə düzəldiyi üçün yalnız şənbə günləri çirkli paltarları yumaq üçün vaxt tapmışdır. Bu səbəbdən də o, xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində evdə yığılmış paltarları yumaq istəmiş, lakin qonşu Tosifə buna etiraz edərək paltar sancaqlarını götürmüş və ona paltar yumağa imkan verməmişdir. Buna görə də onlar arasında mübahisə yaranmış və Tosifə paltarları yuyacağı halda belə sancaqları verməyəcəyini demişdir. Bundan sonra o, digər işlərini görmək üçün evə qayıtmış, Tosifə isə onun arxasınca gəlib evdə olan şüşə çaydanı, bir neçə boşqabı dağıdaraq sındırmış, davamında isə saçlarını yolaraq onu yerə yıxmış və əlində olan döşəmə silən taxta ilə onun baş nahiyəsinə bir neçə dəfə zərbə vurduqdan sonra çıxıb getmişdir. Bir qədər sonra o, özünə gələrək Tosifənin yaşadığı evə getmiş və hansı səbəbdən paltar yumaq üstündə onu bu hala saldığını soruşmuşdur. Lakin Tosifə heç bir açıqlama vermədən yenə də saçlarından dartaraq onu yerə yıxmış və başını döşəməyə vurmağa başlamışdır. Daha sonra onun bu barədə xəbər tutan əri Xəyal oraya gələrək onları ayırmış, o isə DİN-nin 102 xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. O, əlavə olaraq yaranmış münaqişənin ümumilikdə 15-20 dəqiqə davam etdiyini, həmin vaxt Tosifəni vurmadığını, Tosifənin əri Kainatın ona hər hansı bir xəsarətə yetirmədiyini bildirmiş, həmçinin Tosifənin ona məxsus əşyaları sındırmaqla ona 50 manat məbləğdə maddi ziyan vurduğunu qeyd etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 4 ildir ki, Məmmədli kəndində Mirzə adlı şəxsə məxsus evdə kirayədə yaşayır, 6 ay əvvəl isə həmkəndlisi Xəyalın da ailəsi ilə birlikdə yaşadığı həyətdə yerləşən evə köçməsinə köməklik göstərmişdir. Eyni həyətdə yaşamağa başladıqları vaxtdan o və arvadı Tosifə daim Xəyalın ailəsinə qayğı göstərmiş, şəxsi əşyalarını istifadə etmələri üçün onlara vermişlər. xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində arvadı Tosifə ona zəng edrək Günellə aralarında münaqişə olduğunu demiş və dərhal evə gəlməsini istəmişdir. O isə öz növbəsində bu barədə Xəyala məlumat vermiş və yaxınlıqda olduğu üçün bir neçə dəqiqədən sonra evə çatmışdır. Xəyal da demək olar ki, onunla eyni vaxtda oraya gəlmişdir. Həmin vaxt o, Günelin Tosifə ilə mübahisə etdiklərini görüb Xəyalla birlikdə onları sakitləşdirmiş və o, Tosifəni evə aparmışdır. Günelin bu cür hərəkətlərindən sonra o, arvadı Tosifə ilə birlikdə Xəyal gilin evlərinə getmiş və daha əvvəl müvəqqəti istifadə üçün onlara verdikləri əşyaları götürüb evə qayıtmışlar. Bir qədər sonra o, mətbəxdə olan Tosifə ilə oraya yenidən gəlmiş Günelin mübahisə səslərini eşitmiş, lakin buna əhəmiyyət verməyərək onlara yaxınlaşmamışdır. Günel çıxıb getdikdən bir qədər sonra oraya polis əməkdaşları gəlmiş və Günelin onların barəsində şikayət etdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində onunla eyni həyətdə kirayədə yaşayan Kainat adlı qonşusu ona zəng edərək təcili evə gəlməsini istəmiş və o, bu zəngdən bir neçə dəqiqə sonra evə çatmışdır. Həmin vaxt o, arvadı Zərərçəkmiş şəxs ilə qonşu Kainatın arvadı Tosifənin mübahisə etdiklərini, Kainatın orda olduğunu, onları sakitləşdirmək istədiyini və Tosifənin Güneli vurduğunu görmüşdür. Bundan sonra o, mübahisəni sakitləşdirib Güneli evə aparmış, evə daxil olduqda isə əşyaların dağıdılmış, şüşə çaydan və bir neçə boşqabın sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Nə baş verdiyini xəbər aldıqda isə Günel Tosifənin bir qədər əvvəl onların evinə daxil olaraq həmin əşyaları sındırdığını və onu döydüyünü bildirmişdir. O, evə Kainatla eyni vaxtda çatmışdır və həmin vaxt Kainatın Günelin qolundan tutmağını görməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 2556 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün konyuktival qansızma ilə müşahidə olunan sol göz almasının kontuziyası; sol gözaltı nahiyənin qançırı; boyun nahiyəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar