Məhkəmə qərarları › İş №1(012)-135/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-135/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-135/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Bakı şəhəri, İnzibati Bina, Ə.Salamzadə küçəsi 5-də qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış,barəsində Abşeron rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(012)-135/2024 saylı qərarı ilə “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən Baytarlıq aptekinə müştəri qismində daxil olaraq həmin aptekdə əczaçı-satıcı işləyən Zərərçəkmiş şəxs 150 manat məbləğində xırda pulu dəyişməyi təklif etmiş, Zərərçəkmiş şəxs razılaşıb piştaxtanın üzərinə qoyduğu 150 manat pulu goturub hadisə yerindən qaçaraq açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, onun əməlində əslində dələduzluq cinayəti olduğunu, soyğunçuluq etmədiyini bildirdi, əməlindən peşiman olduğunu zərərçəkənə dəyən ziyanı ödədiyini və cəza təyin edərkən bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1 -ci maddələri ilə məhkum olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə cinayət törədərək pul ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayonu. Novxanı kəndi. H.Əliyev küçəsində olduğu zaman mobil telefonu ilə “Uber” taksi şirkətinə zəng edib taksi sifariş etmişdir. Bir neçə dəqiqədən sonra sürücüsünü tanımadığı “Toyota Prius" markalı taksi olduğu yerə gəlmişdir. Bundan sonra o, taksi sürücüsünə Abşeron rayonu, Saray qəsəbəsinə getməklərini və orada bir neçə dəqiqə işləri yekunlaşdıqdan sonra geri Novxanı kəndinə qayıdacaqlarını bildirmişdir. Bundan sonra o, həmin taksiyə əyləşib Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsinə sürdürmüşdür. O, həmin küçədə yerləşən Baytarlıq aptekinin yaxınlığında taksidən yerə düşüb həmin aptekə müştəri qismində daxil olmuşdur. Bundan sonra o, həmin aptekdə işləyən əczaçı-satıcıya onda 150 manat məbləğində xırda pul olduğunu, həmin pulu 150 manat iri əskinasla dəyişə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin satıcı ona da xırda pul lazım olduğunu bildirib onunla razılaşaraq piştaxtanın üstünə 150 manat qoymuşdur ki, o, həmin satıcıya əvəzində 150 manat məbləğində xırda pul versin. Bundan sonra o, satıcının piştaxtanın üstünə qoyduğu 150 manat pulu göturub mağazadan bayıra qaçmış və bir qədər qabaqda onu gözləyən “Toyota Priius” markalı taksiyə əyləşərək həmin yerdən uzaqlaşaraq Novxanı kəndinə qayıtmışdır. Soyğunçuluq edərək ələ keçirdiyi 150 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Buna görə də törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir. Əlavə olaraq qeyd edir ki, o, həmin cinayət hadisəsini törətdiyi zaman əynində qara rəngli köynək, cins şalvar və başında da qara rəngli baş geyimi olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Hal-hazırda Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən Baytarlıq aptekində əczaçı-satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, həmin aptekdə işdə olduğu zaman tanımadığı bir nəfər şəxs aptekə müştəri qismində daxil olmuşdur. Bundan sonra həmin şəxs ondan xırda pula ehtiyacının olub-olmadığını soruşmuşdur. O, da həmin şəxsə 150 manat məbləğində xırda pul olarsa iri əskinasla dəyişə biləcəyini demiş və piştaxtanın üstünə 150 manat, yəni 1 ədəd 100 manat. 2 ədəd 20 manat və 1 ədəd 10 manat qoymuşdur ki, həmin şəxs ona 150 manat məbləğində xırda pul versin. Bundan sonra həmin şəxs xırdalamaq məqsədilə piştaxtanın üstünə qoyduğu 150 manat pulu götürüb aptekdən bayıra qaçmış və bir qədər qabaqda “Toyota Priius” markalı taksiyə əyləşərək həmin yerdən uzaqlaşaraq getmişdir. Ona görə də o, bundan bir qədər sonra DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda, təqsirləndirilən şəxs ona dəyən ziyanı tam olaraq ödəmişdir. Ona qarşı şikayəti, tələbi yoxdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 121 -ci korpus, ev 1-də qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə ailəsi ilə birlikdə yaşayır. “Toyota Prius” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Mahiyyəti üzrə bildirir ki,29 mart 2023-cü il tarixdə saat 17:30 radələrində “Bolt” taksi şirkətindən ona Abşeron rayonu, Novxanı kəndindən Abşeron rayonu, Saray qəsəbəsinə müştəri aparmağı ilə bağlı sifariş gəlmişdir. O, Novxanı kəndində sifariş verən müştərinin olduğu yerə getmiş və həmin müştərini götürərək Abşeron rayonu, Saray qəsəbəsinə getmişdir. Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində həmin müştəri avtomobilindən düşərək bir neçə dəqiqədən sonra geri qayıdacağını bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra həmin müştəri geri qayıdaraq avtomobilinə əyləşib onu Sumqayıt şəhərinə, daha sonra da Novxanı kəndinə aparmağını bildirmişdir. O, da həmin müştərinin sifarişi ilə onu əvvəlcə Sumqayıt şəhərinə aparmışdır. Həmin müştəri Sumqayıt şəhərində Şərq bazarının yaxınlığında yerləşən mağazalardan birinə gedərək ayaqqabı almış və yenidən geri qayıdıb avtomobilinə əyləşmişdir. Bundan sonra da o. həmin müştərini Novxanı kəndinə gətirmişdir. Hazırda da həmin müştərinin xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində onu Abşeron rayonu, Saray qəsəbəsinə apardığı zaman cinayət hadisəsi törətdiyi ona məlum olmuşdur. Bildirir ki, o, həmin müştərini “Bolt” taksi şirkətinə sifariş verdiyi üçün Abşeron rayonu. Saray qəsəbəsinə aparmışdır. Onun hər hansı bir cinayət hadisəsi törədəcəyindən nə əvvəlcədən, nədə ki, sonradan məlumatı olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınaraq cinayət işinə əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 27.11,2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu ildə cəzası bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar zamanı cinayətin residivi nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməmiş, o, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş şəxs hesab olunur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, cəzanın onun islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin məhkəmə baxışında təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(012)-135/2024 saylı qərarı ilə axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ, Saray PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbsdə olduğu müddət cəza təyinində nəzərə alınmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlnılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 40 (qırx) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1cimaddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 08 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs müdafiəçisi qismində cəmi 40 (qırx) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar