Məhkəmə qərarları › İş №1(012)-136/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-136/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-136/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Naxçıvan MR Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Naxçıvan MR Şərur şəhəri Ş.Bayram küçəsi ev 9 mənzil 5-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Bağlar massivində fərdi evdə müvəqqəti yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə saat 21:50 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16,9-cu kilometrliyində idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90DF540 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində yolun orta zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə dayanmış avtomobili nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlamalı, hərəkətin təhlükəsizliyini təmin edib keçməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib eyni istiqamətdə yolun sağ ehtiyat hissəsində sürücü Şahid1 tərəfindən dayandırılmış BMW 3231 minik markalı 99TA397 dövlət qeydiyyat nişanlı avtomobilin açıq qalmış qabaq sağ qapısı ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan MERCEDES BENZ E200 minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağ bazu sümüyünün açıq qəlpəli, yerdəyişən sınığı və sağ mil sinirinin zədələnməsi, sağ əlin arxa səthinin əzilmiş-cırılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci ildə ona xx.xx.2032-ci ilədək etibarlı olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 16 avqust 2022-ci ildə saat 21:50 radələıində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsindəki «İsoyl» yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90DF540 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində yolun orta zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olarkən sağ zolağa manevr edib sağdan birinci zolağa keçərək hərəkəti davam etmiş və eyni istiqamətdə yolun sağ ehtiyat hissəsində, yəni sarı xətdən sağda olan çınqılla örtülü hissədə dayanmış BMW 3231 minik markalı 99TA397 dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sol qapısının təxminən bir qarış, yəni 20-25 sm açıq olduğunu görmüş, bu avtomobilin yanından keçdikdə idarə etdiyi avtomobilin sağ hissəsi həmin avtomobilin sol hissəsinə sürtünmüşdr. Bunun nəticəsində idarə etdiyi avtomobilin qabaq sağ oturacağında oturmuş sərnişin, yəni hazırda tanıdığı Zərərçəkmiş şəxs sağ qolunu avtomobilin salonundan çölə çıxartdığı üçün qolu idarə etdiyi avtomobilillə həmin avtomobilin arasında qalaraq zədələnib xəsarət almışdır. Həbibin qolu qırılaraq qanadığı üçün avtomobili daymdırmadan onu Sumqayıt şəhər TTY Xəstəxanasına çatdırmaq istəmiş, lakin Saray postunun yaxınlığında Zərərçəkmiş şəxs avtomobili dayandırmağı tələb etdiyinə görə avtomobili dayandırmış və onu ətrafda olan şəxslərin köməyi ilə taksiyə mindirib Sumqayıt şəhər TTY Xəstəxanasına yola salmışlar. Hadisə zamanı sərxoş olmamış və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16 avqust 2022- ci ildə Saray qəsəbəsinə getmək üçün Xırdalan şəhərində bir manatlıq taksi kimi işləyən, hazırda tanıdığı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90DF540 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturmuş, iki nəfər tanımadığı sərnişin isə arxa oturacaqda oturaraq yola düşmüşlər. Sərnişini olduğu avtomobil 21:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsindəki «İsoyl» yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən yolun sağ ehtiyat hissəsində, yəni yolun hərəkət hissəsindən kənarda, həmin yanacaqdoldurma məntəqəsinin qarşısında dayanmış BMW 3231 minik markalı 99TA397 dövlət qeydiyyat nişanlı avtomobili görmüş, sərnişini olduğu avtomobil bu zaman yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Həmin avtomobili gördüyü anda sürücü Elyanura bir neçə dəfə demişdir ki, avtomobili sola çəksin, çünki Elyanur avtomobili olduqca yolun hərəkət hissəsinin sağı ilə sürmüşrdür. Təkid etməyinə baxmayaraq, Elyanur avtomobili birqədər də sağa çəkmiş və sərnişini olduğu avtomobil həmin avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən xəsarət almış, Elyanur hərəkəti Sumqayıt şəhəri istiqamətində davam edərək onu xəstəxanaya aparmaq istəmişdir. Saray postunun yaxınlığında onu ətrafda olan şəxslərin köməyi ilə başqa avtomobilə mindirib Sumqayıt şəhər TTY Xəstəxanasına aparmışlar. Orada 21 gün müalicə aldıqdan sonra evə buraxılmış və hazırda müalicəsi davam edir. Elyanur ona maddi və mənəvi cəhətdən köməklik göstərmədiyi üçün onun cinayət məsuliyyətinə cəlb olunmasından ötrü İstintaq və təhqiqat şöbəsinə ərizə ilə müraciət etmişdir. O, 2-ci Qarabağ müharibəsi qazisi olmaqla Təqsirləndirilən şəxs maddi və mənəvi cəhətdən dəstək olmadığı üçün ondan şikayətçidir, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2018-ci ildə ona xx.xx.2028-ci ilədək etibarlı olan «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 16 avqust 2022-ci ildə saat 20 radələrində dostu Şahid2 BMW 3231 minik markalı 99TA397 dövlət qeydiyyat nişanlı avtomobili Masazır qəsəbəsinə getmək üçün götürmüşdür. Həmin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Sadiq avtomobilin açarını ona verərək avtomobili Bakı şəhəri Yasamal rayonundan götürüb tanşı Əli avtomobilin qabaq sağ oturacağında oturaraq Masazır qəsəbəsinə yola düşmüşlər. Yolda Sadiqin yeznəsi zəng edib demişdir ki, avtomobili Sumqayıta aparsın. Avtomobil Sadiqin yeznəsinin ixtiyarında olduğuna görə avtomobili Sumqayıt şəhərinə aparmq zərurəti yaranmışdır. İdarə etdiyi avtomobillə Masazır qəsəbəsindən keçərkən yolun kənarında dayanmış 2 nəfər qadın əl edib avtomobili saxlamağa işarə etmişlər. Avtomobili dayandıraraq 2 nəfər qadın Sumqayıt şəhərinə getmək istədiklərini bildirmişlər. Qadınların hər birini 1 manat gediş haqqı almaq müqabilində sərnişin kimi avtomobilə götürmüşdür. Qadınlar arxa oturacaqda oturaraq yolu davam etmişlər. Saat 21:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsindəki «İsoyl» yanacaqdoldurma məntəqəsinin yaxınlığında Əli ürəyi bulandığını bildirdiyi üçün avtomobili yolun hərəkət hissəsindən çıxardıb sarı xəttdən sonra gələn şebin yolunda avtomobili tam dayandıraraq qəza işıqlarını yandırmışdır. Salona təmiz hava gəlmək üçün avtomobilin arxa sol qapısını təxminən 20-25 sm açdıq qoymuşlar. Təxminən 1 dəqiqədən sonra arxadan gələn MERCEDES BENZ E200 minik markalı 90DF540 dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi dayandırdığı avtomobilin sol hissəsinə sürtünərək sürəti bir az yavaşlanmış və dayanmadan hadisə yerindən uzaqlaşmışdır. Dərhal mühərriki işə salıb həmin avtomobilin arxasınca hərəkət etmiş və Saray postuna az qalmış həmin avtomobilin qarşısına keçərək avtomobili dayandırmışdır. Həmin avtomobil onun idarə etdiyi avtomobilin arxasında dayanmışdır. Məlum olmuşdur ki, avtomobilin qabaq sağ oturacağında oturmuş cavan oğlan sağ qolundan xəsarət almışdır. Postdan YPX əməkdaşları gəlib yaxınlaşaraq hadisəni qeydə almış və sənədlərini inspektora təqdim etmişlər. Xəsarət almış oğlan taksi ilə Sumqayıt şəhər TTY Xəstəxanasına yola salınmışdır. Hadisə zamanı sərxoş olmamış və avtomobil texniki cəzətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 da sürücü Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. Məhkəmə baxışında Şahid2 ifadəsində göstərdi ki, 16 avqust 2022-ci ildə saat 20 radələrində dostu Şahid1 Yasamal rayonuna onun işlədyi yerə gələrək etibarnamə ilə idarə etdiyi BMW 3231 minik markalı 99TA397 dövlət qeydiyyat nişanlı avtomobili Masazır qəsəbəsinə getmək üçün istəmiş və o, avtomobilin açarlarını Məsuda vermişdir. Həmin gün saat 22 radələrində Məsud zəng edib idarə etdiyi avtomobilin qəzaya uğradığını və avtomobilin Saray postunda olduğunu bildirmişdir. Dərhal həmin posta getmiş, orada sürtünməsi səbəbindən həmin avtomobildə sərnişin olan cavan oğlan xəsarət almışır və avtomobillər əzilmişdir. MTE-nin 09.09.2022-ci il tarixli 2070 №-li rəyinə əsasən Mamedov Həbib Səxavət oğlunun bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ bazu sümüyünün açıq qəlpəli, yerdəyişən sınığı və sağ mil sinirinin zədələnməsi, sağ əlin arxa səthinin əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən 16.08.2022-ci ildə əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş MTE-nin 09.09.2022-ci il tarixli 2070 №-li rəyinə əsasən Mamedov Həbib Səxavət oğlunun bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ bazu sümüyünün açıq qəlpəli, yerdəyişən sınığı və sağ mil sinirinin zədələnməsi, sağ əlin arxa səthinin əzilmişcırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən 16.08.2022-ci ildə əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 8/2273 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində MERCEDES BENZ E200 minik markalı 90DF540 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Yusifli Elyanur İsa oğlunun hərəkətlərində «Yol Hərəkəti Haqqında» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90DF540 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi BMW 3231 minik markalı 99TA397 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BDYP Qİİnin verdiyi xx.xx.2022-ci il tarixli 016-105796-1222 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə 11,03.2032-ci il tarixədək müddətə etibarlı olan BD 856459 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsin hüququ varisinə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. Məhkəmə zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-cu il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Naxçıvan Muxtar Respublikası Şərur rayon Probarsiya Şöbəsinə, Şərur rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Naxçıvan Muxtar Respublikası Şərur rayon Probarsiya Şöbəsinə, Şərur rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90DF540 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi BMW 3231 minik markalı 99TA397 dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaa ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar