Məhkəmə qərarları › İş №1(012)-136/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-136/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-136/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, "xxxx" MMC- də sürücü işləyən, Bakı şəhəri, Yasamal rayonu Mirzağa Əliyev küçəsi, ev 4-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat 15:15-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai HD 35» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə Bakı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Abşeron rayonu ərazisindən keçən 21,7-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, ehtiyatsızlıqdan piyada keçidi ilə yolu sağdan sola qucağında 2020-ci il təvəllüdlü X8 ilə keçən piyada X3 avtomobilin qabaq sol hissəsi ilə piyada keçidində vurmuş və nəticədə piyada Əfsanə Əzməmmədovanın başın küt travması, baş beyinin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, kəllə sümüklərinin sınığı, hər iki ağciyər əziyi, qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli İİ, İİİ, İV, V, İV qabırğaların, sağ tərəfli İİ, İİİ, İV qabırğaların qapalı, yerdəyişən sınıqları, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin qançır və sıyrıqları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla xx.xx.2023-cü il tarixdə Respublika Kliniki xəstəxanasında ölməsinə, 2020-ci il təvəllüdlü Aylin Əzməmmədovanın sol bud sümüyünün az yerdəyişən sınığı, alın və üst dodaq nahiyələrinin sıyrıqları ilə müşayitə olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda qismən təqsirli bilmiş, izahatında göstərmişdir ki, 04 may 2023-cü il tarixdə saat 10:15-də sürücü işlədiyi "xxxx" MMC-yə məxsus «Hyundai HD-35» markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olduğu vaxt Bakı-Şamaxı-Yevlax yolunun 21.7-ci kilometrliyinə çatdıqda avtomobili orta ağ xəttə yaxın sağ zolaqda 50-60 km/saat sürətlə hərəkət etdirərkən qarşısında yolun sağ tərəfindən bir nəfər piyada qadının qucağında uşaq yolu sağdan sola keçdiyini görüb tez ayağını tormoza atmış, lakin avtomobilin qabaq sol tərəfi piyada keçidi zolaqlarında piyada qadına dəymiş, zərbədən piyada qadın irəliyə yıxılmış, uşaq isə sola düşmüşdür. O, tez avtomobili saxlayıb yerə düşmüş, piyada qadın xəsarət aldığı üçün ora toplaşan şəxslərlə birlikdə onları xəstəxanaya yola salmışdır. O, piyada qadını və uşağı tanımamış, hadisə zamanı avtomobilində sərnişin olmamış, 3500 kq. yük olmuş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, hadisədən az əvvəl spirtli içki qəbul etməmiş, piyada qadın yolu piyada keçidi ilə iti yerişlə keçmişdir.Hadisədən sonra zərərçəkənin hüquqi varisi ilə barışıq əldə olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq dindirilmiş X6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü arvadı X7 07 dekabr 2020-ci il təvəllüdlü qızı Aylin Əzməmmədova ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində həyət evində kirayədə yaşamışdır. 04 may 2023-cü il tarixdə səhər vaxtı Bakı şəhərində olarkən saat 11 radələrində ona məxsus mobil telefona zəng gələrək Əfsanə və Aylinin yol qəzasına düşdükləri və onların Bakı şəhər Respublika xəstəxanasına aparıldığı bildirilmiş, o, dərhal həmin xəstəxanaya getmiş, orada Əfsanə və Aylinin Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yolu keçmək istərkən Bakı şəhəri istiqamətində hərəkətdə olmuş «Hyundai» markalı avtomobil tərəfindən vurulduğu ona məlum olmuş, nəticədə Əfsanə ölmüş, qızı Aylin isə xəsarət almışdır. Arvadı Əfsanənin meyiti həkimlər tərəfindən müayinə olunduqdan sonra həmin gün Şamaxı rayon kənd qəbiritstanlığında dəfn olunmuş, qızı Aylin isə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. «Hyundai» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və yaxın qohumları yas mərasimində iştirak etmiş, yas mərasiminə müəyyən maddi yardım göstərmişlər. Qızı Aylinin də müalicə olunmasında maddi yardm göstərilmişdir. Onun sürücü Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi və qanuni nümayəndəsi qismində tanınmış X9 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən avtoqəza nəticəsində ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur, onlar barışmışlar. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Rəfail oğlu ifadəsində bildirdi ki, 04 may 2023-cü il tarixdə idarə etdiyi «Kia Ceed» markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən saat 11.15-də «Baba» marketin qarşısından keçən vaxtı qarşıda asfalt üzərində bir nəfər piyada qadın və azyaşlı uşağın olduğunu görüb avtomobili saxlamış və hadisə yerinə yaxınlaşmış, piyada qadının vəziyyəti çox ağır idi, hadisə yerində yol polisi əmkdaşları olmuş, hadisə yenicə baş vermiş, polis əməkdaşlarının köməyi ilə hər iki piyadanı idarə etdiyi avtomobilinə qoyub Bakı şəhər istiqamətində hərəkət etmiş, azyaşlı uşaq aldığı xəsarətlərdən avtomobildə qışqırmış, xəsarət alan piyadaları Respublika Kliniki xəstəxanasına çatdırmış, həkimlər piyada qadının vəziyyətinin ağır olduğunu bildirmiş, az sonra piyada qadının aldığı xəsarətlərdən öldüyü ona məlum olmuşdur. O, sürücü və piyadaları tanımadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,7 km-də baş verməsi və piyada X2 vurulduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 2886 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törədən zaman ayıq olmuşdur. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs DİN BDYPİ Qİİ/3 saylı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə 10 il müddətinə yəni xx.xx.2032-ci il tarixədək B, B1, C və C1 kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, «Hyundai HD-35» markalı **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmək üçün "xxxx" MMC tərəfindən səlahiyyət 14 dekabr 2022-ci il tarixdə 1 il müddətinə yəni xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai HD-35» markalı **-JD-*** dövlət qeydiyyat nişanlı qeyd olunan avtomobil "xxxx" MMC-yə məxsus olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) xx.xx.2023-cü il tarixli, 54 saylı rəyindən görünür ki, X2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər başın küt travması, baş beyinin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, kəllə sümüklərinin sınığı, hər iki ağciyər əziyi, qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli İİ, İİİ, İV, V, İV qabırğaların, sağ tərəfli İİ, İİİ, İV qabırğaların qapalı, yerdəyişən sınıqları, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin qançır və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində, yəni X2 piyada qismində hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ə.A.Əzməmmədovanm ölümünün səbəbi baş beyinin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, kəllə sümüklərinin sınığı olmuşdur. X2 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il, saat 13:30-dan) təxminən 3-5 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1108 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bud sümüyünün az yerdəyişən sınığı, alın və üst dodaq nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 03 iyul 2023-cü il tarixli, 8/1852 nömrəli rəyindən məlum olur ki, «Hyundai HD 35» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 70.2.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş qalan hissəsini çəkmək üçün MTCÇM-nə köçür, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-62164/2023 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB seriyalı 238363 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrtə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə «Hyundai HD 35» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan istintaq zamanı verdiyi ifadəsi,şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və qanuni nümayəndəsi ilə barışıq əldə etməsi və dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, zərərçəkəınin hüquqi varisi ilə barışıq əldə etməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Hyundai HD 35» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai HD 35» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X17 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar