Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-138/2023 19.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1, 185.1-ci maddələr ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs talama məqsədi olmadan xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısından X3 məxsus Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib qaçıraraq Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsində saxlayıb avtomobilin mühərrikini söndürdükdən sonra tamah niyyəti ilə həmin avtomobilin salonunda olan bir ədəd 160 manat dəyərində “Samsung” markalı, “A21S” (SM-217F) model, 64 GB yaddaşlı, **********46459 və **********46450 İmei kodlu mobil telefonu və 500 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 660 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir, dörd övladı vardır. Heç bir yerdə işləmir. Təqaüdçüdür. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə piyada hərəkət edib yorulduqdan sonra yolun kənarında yerləşən “Oba” marketin yanında səkidə dincəlmək üçün əyləşmişdir. Bir qədər keçdikdən sonra marketin qarşısında ağ rəngli “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü maşını saxlayıb marketə daxil olmuşdur. O, səkidən durub həmin avtomobilə yaxınlaşan zaman avtomobilin mühərrikinin işlək vəziyyətdə olduğunu görmüşdür. Ətrafa bir qədər baxdıqdan sonra heç kimin avtomobilə yaxınlaşmadığını görüb avtomobilin qapısını açıb sükan arxasında əyləşmişdir. Həmin avtomobil ilə Xırdalan şəhərində hərəkət etdikdən sonra Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsində dalanların arasında avtomobili saxlamışdır. Avtomobildə salonda orta hissədə olan Samsung markalı mobil telefona bir neçə dəfə zəng gəlsə də, telefonu söndürə bilməmişdir. Bundan sonra həmin telefonun üzərində olan mobil nömrələri çıxardıb həmin mobil nömrələri salonda orta hissəyə qoymuşdur. Bundan sonra avtomobilin bardaçokunu açmışdır. Orada sənədlər və 3 manat pul olmuşdur. O, həmin 3 manat pulu və Samsung markalı mobil telefonu da götürüb avtomobildən düşmüşdür. Avtomobilin qapılarını bağlayıb həmin yerdən uzaqlaşmışdır. Sonra evə getmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri ərazisində avtomobil qaçırılması cinayətində şübhəli olduğunu deyərək Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsində onunla fərdi söhbət zamanı o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yolun kənarında yerləşən “Oba” marketin qarşısından ağ rəngli “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə qaçırdığı avtomobili saxladığı Xırdalan şəhəri, 26-cı məhəllədə Ə.Vəliyev küçəsinə getmişlər. Orada polis əməkdaşları avtomobilə baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, o, həmin vaxt yorğun olduğu üçün gedəcəyi yolu piyada getmək istəmədiyindən sonradan adını bildiyi Zərərçəkmiş şəxs ağ rəngli “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının açıq və mühərrikinin işlək vəziyyətdə olduğunu görüb sükan arxasında əyləşərək avtomobili sürüb getmişdir. O, Zərərçəkmiş şəxs ağ rəngli “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilindən bir ədəd Samsung markalı mobil telefon və 500 manat pul götürmüşdür. Hazırda dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada tikintidə usta işləyir. 8.05.2022-ci il tarixdə X2 ağ rəngli “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili Nizamidən ilkin olaraq 2100 manat ödəməklə, qalan məbləği isə 30 ay müddətində 450 manat ödəməklə razılaşıb almışdır. Həmin tarixdən avtomobili etibarnamə ilə idarə edir. Arada boş vaxtlarında taksi fəaliyyəti ilə də məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında işlərini gördükdən sonra evə qayıdan zaman yol kənarında 4 nəfər sərnişin qismində Xırdalan şəhərinə gedən şəxsləri maşınına mindirmişdir. Saat təxminən 20 radələrində sərnişinləri Xırdalan şəhərində düşürdükdən sonra Xırdalan şəhəri Heydər Əliyev prospektində yolun kənarında avtomobilini saxlamışdır. Mühərriki söndürmədən və maşının qapıları açıq vəziyyətdə maşından düşüb su almaq üçün “Oba” marketə daxil olmuşdur. Marketdə təxminən 2-3 dəqiqə qaldıqdan sonra küçəyə çıxdıqda avtomobilinin yerində olmadığını görmüşdür. O, ətrafa baxdıqdan sonra avtomobilinin qaçırıldığını başa düşmüşdür. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə avtomobilinin tapılmasını bilmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus ağ rəngli “Daewoo Gentra” markalı **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobili aşkar olunan zaman avtomobilin salonunda saxlanc yerində saxladığı 500 manat pul və 1 ədəd 500 manat dəyərində üzərində ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələr olan “Samsung-S21” markalı mobil telefonu oğurlanmışdır. Lakin mobil telefonunda olan nömrələr çıxarılaraq avtomobilin salonuna qoyulmuşdur. Ona məxsus avtomobildən qeyd etdiyi əşyalar oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Avtomobili aşkar olunan zaman heç bir hissəsində zədələnmə aşkar olunmamışdır. Avtomobilindən oğurlanmış 1 ədəd 500 manat dəyərində qeyd etdiyi mobil telefona iş üzrə təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 9/7531 nömrəli rəyi ilə verilmiş qiymətə etirazı yoxdur, ekspertiza rəyi ilə razıdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. X5 onun qohumudur. Nizami son zamanlar psixi xəstəlikdən əziyyət çəkir. Nizami Bağırovun adından bütün sənədləşmə işlərini o, görür. Hətta bununla bağlı etibarnaməsi də vardır. xx.xx.2022-ci il tarixdə X3 məxsus ağ rəngli “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizaminin iştirakı ilə Zərərçəkmiş şəxs icarəyə vermişlər. Həmin sənədləşmədə Asifə yalnız avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. Razılığa əsasən həmin avtomobili Zərərçəkmiş şəxs ilkin olaraq 2100 manat ödəməklə, qalan məbləği isə 30 ay müddətində 450 manat ödəməklə almışdır. Asif pulu tam ödədikdən sonra isə avtomobilin sənədləri onun adına keçəcəkdir. Həmin tarixdən Asif avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Asif ona zəng edərək etibarnamə ilə ona verdikləri avtomobilin Xırdalan şəhəri ərazisində naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. O, da Asifə bu barədə polisə məlumat verib-verməməsini soruşduqda, Asif bu barədə DİN-in 102 xidmətinə zəng edərək və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək məlumat verdiyini demişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Asif ona zəng edərək avtomobilin polis əməkdaşları tərəfindən tapıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2001-ci ildən DİO-da, 2020-ci ildən Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsi ilə xidmət edir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massividir. xx.xx.2022-ci il tarixdə vət. Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək və Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısından idarə etdiyi “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs avtomobilinin qaçırılması cinayətində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində nömrəsiz fərdi yaşayış evində kirayə yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 17 radələrində idarənin polis sahə rəisi Şahid3lə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan zaman ara küçələrin birində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısından Zərərçəkmiş şəxs idarə etdiyi “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılmasını bildirmişlər. Həmin cinayətdə Elşənin şübhəli olduğunu bildirib Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra polis idarəsinə gəlmişlər. Abşeron rayon Polis İdarəsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısından Zərərçəkmiş şəxs idarə etdiyi “Daewoo Gentra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırdığını, avtomobildən bir ədəd Samsung markalı mobil telefon və 3 manat pul götürdüyünü, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7531 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung ” markalı, “A21S” (SM-217F) model, 64 GB yaddaşlı mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (001)-621/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı vaxta qədər çəkməkdədir. Həmin cəzadan 04 (dörd) ay 18 (on səkkiz) gün cəza çəkmiş, 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün cəzasından çəkilməmiş qalmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ağ rəngli “Daewoo Gentra” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd “Samsung ” markalı, “A21S” (SM-217F) model, 64 GB yaddaşlı **********46459; **********46450 İmei kodlu mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün qanuni sahibinə Zərərçəkmiş şəxs qaytarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.1, 185.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59..2-ci maddəsinə əsasən 2-ci Qarabağ müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış ağ rəngli “Daewoo Gentra” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd “Samsung ” markalı, “A21S” (SM-217F) model, 64 GB yaddaşlı **********46459; **********46450 İmei kodlu mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün qanuni sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış ağ rəngli “Daewoo Gentra” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd “Samsung ” markalı, “A21S” (SM-217F) model, 64 GB yaddaşlı **********46459; **********46450 İmei kodlu mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün qanuni sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-138/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-138/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver