Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-139/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05.07.2020-ci il tarixdə saat 17 radələrində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 0,390 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 05.07.2020-ci il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində Abşeron RPİ-nin NMQ-nun əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən həmin bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,390 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 04.09.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,152 qram kütlə psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 05.09.2020-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilmiş və xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd gümüşü rəngli kağız bükümdə olan təmiz çəkisi 0,152 qram kütlə psixatrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 iyul 2020-ci il tarixdə saat 17 radələrində o, Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü kağızana bükülmüş heroini almış, həmin gümüşü kağız bükümdə olan narkotik vasitə heroini vaxt və şərait olduqda istifadə etmək üçün əynində olan cins şalvarın sağ yan cibinə qoymudur. Həmin gün, yəni 05 iyul 2020-ci il tarixdə saat 19:30 radələrində o, yaşadığı evin yaxınlığında olarkən, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini Abşeron RPİ-nin NMQnin əməkdaşları kimi təqdim edərək üzərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilib Abşeron RPİ-nə gətirmişlər. Həmin vaxt xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan və müdafiəçi təqdim edildikdən sonra üzərində hər hansı narkotik vasitə vardırsa təqdim etməsi təklif edilmişdir. Video çəkilişlə o, əynində olan cins şalvarın sağ yan cibində saxladığı siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edərək, narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərimə axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, axtarışda iştrak edən şəxslərin hamısı həmin protokolu imzalamışlar. Bundan sonra həmin büküm müvafiq ekspertiza təyin ediləmsi üçün onun və polis əməkdaşlarının iştirakları ilə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, bədənində ağrılar olduğu üçün, yenidən narkotik maddələrdən istifadə etmək qərarına gəlmişdir. Bunun üçün 04.09.2020-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində gümüşü kağızda 01 ədəd büküm psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddə metamfetamindən bir qismini istifadə etmiş, qalanını gümüşü kağızda əynimdə olan cins şalvarın cibində saxlamışdır. 05.09.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində Abşeron rayonu, Fatmayı kəndində yaşadığı evin yaxınlığında olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq, özlərin təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Mehdiabad PB-nə gəlmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-də otaqların birində müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamin qablaşdırıldıqdan, zərfin üzərinə özü və şəxsi axtarışda iştirak edən digər iştirakçılar imza etdikdən sonra, təhqiqatçı tərəfindən ekspertiza təyin olunması üçün götürülmüşdür. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin CAŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30.06.2020-ci il tarixdə xidmətdə olduğu zaman, həmkarı Şahid2 xx.xx.1992-ci ildə Abşeron rayonu, Goradil kəndində anadan olmuş, ünvan 2 ünvanında qyediyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğunu və dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başladığını deyib onun da həmin əməliyyat qrupunda olduğunu bildirmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2lə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu, Fatmayi kəndi ərazisinə gəlmişlər. Orada o, Şahid2 əməliyyat xəttini izah edərək keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən ünvana yaxınlaşaraq, qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduqları şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunun bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etmişlər. Həmin şəxs onların təklifindən imtina etməsə də narkotik vasitələrin əldə olunması və saxlanması barədə məlumatlı olduqlarını dedikdə, narahatçılıq keçirmişdir. Buna baxmayaraq onlar, həmin şəxsi Polis idarəsinə gətirmişlər və yol boyu üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Babək Hacıyevə həvalə olunmuşdur. Həmin vaxt video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman baş təhqiqatçı tərəfindən onun hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümə onların iştirakı ilə və video çəkilişlə baxış keçirilərkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitəyə oxşar kütləni hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirilməsi sual verilərkən o, həmin narkotik vasitə heroini 05.07.2020-ci il tarixdə saat 17 radələrində «Mehdi» adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra Təqsirləndirilən şəxs və iştirakçılar həm zərfi, həm də protokolu imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, 05.09.2020-ci il tarixdə xidmətdə olan zaman, xx.xx.1992-ci ildə Abşeron rayonu, Goradil kəndində anadan olmuş, ünvan 2 ünvanında qyediyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və bir qədər sonra Abşeron rayonu, Fatmayı kəndində olacağı ilə bağlı məlumat əldə etdikdən, raportla rəhbərliyə məruzə etdikdən və razılıq aldıqdan sonra, ondan və Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni 05.09.2020-ci il tarixdə saat 20:30 radələrində yuxarıda göstərilən yerə gələrək Təqsirləndirilən şəxs gəlməsini gözləmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin yerdə olan zaman, sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibində bir ədəd gümüşü rəngli kağızın içərsində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra xidməti otaqların birində Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rəfael Əskərov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video gürüntü ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, olduğu təqədirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümün içərsindən psixotrop maddəyə bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 04.09.2020-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəyə bənzər kütlə qablaşdırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin texniki vasitələrdən istifadə etməklə köçürüldüyü maddi sübut - 02 ədəd “CD” formatlı diskə yazılmış videogörüntülər də hadisəsinin necə baş verməsi əyani şəkildə müşahidə olundu. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2020-ci il tarixli, 2147 saylı tədqiqat rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində «.. Təqsirləndirilən şəxs üzərindən…» və s. yazılar, imzalar (5 imza) və AR DİN «Zərflər üçün «56» möhür əksi olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,390 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərğbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,390 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,340 qram təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2020-ci il tarixli, 6/1786 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «.. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…» və s. qeydlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram kütlə psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərğbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına aiddir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,152 qram, tədqiqata sərf olunan miqdar 0,050 qram, qalıq 0,102 qram təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,340 qram çəkidə olan heroin və 0,102 qram metamfetamin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair 22.07.2020-ci il tarixli, 2027 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui – istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” barədə İİ hissəsinin 27-ci bəndində psixotrop maddə olan metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar və Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metafetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.07.2020-ci il tarixli arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2015-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Abşeron RİHB-nın Fatmayi kənd İƏD-si tərəfindən verilmiş 825 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında həyat yoldaşı- X5, 2013-cü il təvəllüdlü X9, 2019-cu il təvəllüdlü X6 ilə birlikdə qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 05.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 07.07.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin əvvəli 05.09.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı cəmi 07 (yeddi) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2015-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə dair əlavə cəzanın çəkilməmiş 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, o, dərhal məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 0,340 qram çəkidə olan heroin və 0,102 qram metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 217,46 (iki yüz on yeddi manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 (yeddi) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə dair əlavə cəzanın çəkilməmiş 1 (bir) il 05 (beş) ay 04 (dörd) gün hissəsi hazırki cinayət işi üzrə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə zalından azad olunsun. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 217,46 (iki yüz on yeddi manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi olan, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0,340 qram çəkidə olan heroin və 0,102 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-139/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-139/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver