Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-14/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, Salyan rayonu, A.Ağazadə küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma, saxlama cinayətini törətmişdir. Belə ki, o, 12 iyun 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında, Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat məbləğində nəğd pul verməklə şəxsi istelak miqdarından artıq miqdarda 39,969 qram qurudulmuş marixuananı, 10 manat məbləğində nəğd pul verməklə şəxsi istelak miqdarından artıq miqdarda 0,482 qram heroini, 15 məbləğində nəğd pul verməklə şəxsi istelak miqdarından artıq miqdarda 0,157 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini əldə edib, üstündə saxlamaqla daşıyaraq Abşeron rayonu ərazisinə gətirmiş, 12.06.2020-ci il tarixdə saat 20 radələrində o, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi yaşayış kompleksinin qarşısındakı küçədə saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli sellofan torbadan bir ədəd bükümdə təmiz çəkisi 0,482 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd bükümdə, təmiz çəkisi 0,157 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf sellofanda təmiz çəkisi 39,969 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 il olarki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Bakı şəhəri və Abşeron rayonunda müxtəlif yerlərdə günlük kirayədə yaşayır. 12 iyun 2020-ci il tarixdə saat 13 radələrində narkotik vasitə lazım olduğu üçün Bakı şəhərində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığına getmiş və orada tanımadığı bir şəxsə yaxınlaşıb, ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Həmin şəxs də özündə heroin, metamfetamin və marixuana olduğunu söyləmişdir. O da həmin narkotik vasitələri və psixotrop maddəni hansı qiymətə satdığını soruşmuş, həmin şəxs də marixuananı 10 manata, heroni 10 manata və metamfetamini isə 15 manata satdığını bildirmiş, o da həmin şəxslə razılaşaraq 35 manat verib, sellofan torbada həmin narkotik vasitələri və psixotrop maddəni alıb, əl çantasına qoymuşdur. Bundan sonra həmin günü saat 20 radələrində marşurt avtobusu ilə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi yaşayış massivinin qarşısına gəlib, yaşamaq üçün özünə kirayə ev axtarmış, həmin vaxt Abşeron rayon polis idarəsinin əməkdaşları onu saxlayaraq, özünü şübhəli apardığına və şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Bu zaman o, işin nə yerdə olduğunu bilsə də üzərində olan narkotik vasitələri və psixotrop maddəni kənara ata bilməmişdir. Sonra isə imtina etmədən könüllü olaraq həmin polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmiş, xidməti otaqların birində polis əməkdaşları onunn hüquqlarını müdafiə edən vəkil dəvət edib, üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını söyləyib, üzərində qanunsuz saxlanılan əşya və predmet varsa təqdim etməsini xahiş etmişlər. O da polislərin onun üzərində olan narkotik vasitələri və psixotrop maddəni tapacaqlarını düşünüb, çantasındakı 1 büküm metamfetamini, 1 büküm heroni və sellafon torbada olan marixuananı cıxararaq polis işçilərinə təqdim etmişdir. Həmin bükümlər onun və digər iştirakçıların yanında təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldıqdan sonra qablaşdırılaraq ekspertizaya göndəriləcəyi ona izah edilmişdir. O da narkotik vasitlər və psixotrop maddə qablaşdırılan kağız zərfin üzərinə imza etmiş, sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılmış, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Sonda o, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Okrat oğlu ifadəsində göstərmişdir ki, 12 iyun 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Gənclər şəhərciyi yaşayış massivində Abşeron RPİ-nin İTŞ-nin polis sahə müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olan zaman həmin yaşayış massivində görmədikləri bir nəfər qadının əlində çanta ilə gedərkən özünü şübhəli apardığından həmin qadına yaxınlaşmışlar. Həmin qadına özlərini təqdim edib, kim olduğunu, hara getdiyini və üzərində şəxsiyyətini təsdiq edən sənədini olduğunu soruşduqda həmin qadın heç nəyinin olmadığını bildirmişdir. Onlar da həmin şəxsi Abşeron RPİ-ə dəvət etmişlər. Həmin qadında da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişlər. Bundan sonra RPİ-nin xidməti otaqların birində sonradan adı məlum olan Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Nəzakət Səmədovaya hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Nəzakət Hazıyevaya üzərində və əl çantasında olan əşyaları çıxarıb, təqdim etməsi təklif olunmuş, sonuncu da əl çantasında olan sellofan torbanı çıxararaq içərsində narkotik vasitələr olan heroin və marixuana, psixotrop maddə olan metamfetamin olduğunu bildirərək, könüllü olaraq təqdim etmişdir. Bundan sonra videoçəkilişlə Nəzakət Səmədovanın üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. X4 təqdim etdiyi sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan torbanın içərsindəki bir bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, bir bükümdə kristal formalı maddə və bir ədəd şəffaf sellofanda qurudulmuş marixuanaya bənzər yaşıl kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələr olan heroinlə marixuana, psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni öz şəxsi istifadəsi üçün 12 iyun 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 35 manata aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Şahid qismində dindirilərkən Abşeron RPİ-nin İTŞ-nin polis sahə müvəkkili Şahid1 DİN-nin X6 Alayının 12 Patrul Bölüyünün polis nəfəri Şahid2 Okrat oğlunun göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 12.06.2020-ci il tarixli şəxsi axtarış protokoluna əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, sellafon torbadakı bir ədəd bükümdə təmiz çəkisi 0,482 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, bir ədəd bükümdə, təmiz çəkisi 0,157 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf sellofanda təmiz çəkisi 39,969 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13.06.2020-ci il tarixli 6/1070 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,482 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,157 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (heroinin qalığı 0,432 qram, metamfetaminin qalığı 0,107 qramdır). İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 13.06.2020-ci il tarixli 7/325 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 39,969 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Marixuananın qalığı 39,919 qramdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.09.2020-ci il tarixli, 2437 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkolodillərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır, ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,482 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd bükümdə, təmiz çəkisi 0,157 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf sellofanda təmiz çəkisi 39,969 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon PŞ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə barədə İ hissəsinin 49-cu bəndində heroin,12-ci bəndində qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən heroin təmiz halda 0,15 qram, qurudulmuş marixuana təmiz halda 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Salyan rayon İHB-nin Salyan şəhər İƏDÜN-nin 31.08.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etməyə görə məhkum edilmişdir, sonuncu dəfə Sabunçu rayon məhkəməsinin 06.05.2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqadn məhrum edilmiş, 05.06.2014-cü il tarixdə isə Xətai rayon məhkəməsinin qərarı ilə 09 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində qeyd olunmuşdur ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 12.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 23.05.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuş, məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmə iclaslarına gəlmədiyi üçün məhkəmənin 31.03.2021-ci il tarixli qərarı ilə onun məcburi qaydada gətirilməsi, 17.05.2021-ci il tarixdə isə barəsində həbs qəti imkan tədbiri seçilməklə axtarış elan edilmiş, o, 29.04.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasında yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə zalından azad edilməli, onun barəsində hökm qanuni qüvvəsinə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 01 ay 07 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 02 (iki) ay 14 (on dörd) müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Salyan şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Salyan şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 0,432 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,107 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 39, 969 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 203 (iki yüz üç) məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 ay 07 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 02 (iki) ay 14 (on dörd) müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edisin, o, dərhal məhkəmə zalından azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi 0,432 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,107 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 39, 969 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Salyan şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-14/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-14/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver