Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-140/2025 22.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, döngə-1, ev 5-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi ev 11-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən, yeni inşa etdirdiyi fərdi yaşayış evinə, yəni binaya qapının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq qonaq otağı kimi nəzərdə tutulmuş otaqdan bir ədəd 380 manat dəyərində olan “Devolt” markalı lazer tarazlıq aparatını və onun 70 manat dəyərində olan teleskopik dayağını, bir ədəd 80 manat dəyərində olan “Zubr” markalı lobziki, bir ədəd 130 manat dəyərində olan “Makita” markalı frezi, bir ədəd 200 manat dəyərində olan “Fakir” markalı tozsoranı, bir ədəd 330 manat dəyərində olan “Bioti” markalı qaynaq aparatını, bir ədəd 200 manat dəyərində olan sadə qaynaq aparatını, bir ədəd 160 manat dəyərində olan perefaratoru, bir ədəd 30 manat dəyərində olan usta fenini, hər bir metri 5 manat dəyərində, ümumi dəyəri 500 manat olan 100 metr dekorativ led işıqları, bir ədəd 70 manat dəyərində olan “Zubr” markalı laqondanı, bir ədəd 20 manat dəyərində olan elektrik çaynikini, “İphone- 14" markalı mobil telefonun bir ədəd 120 manat dəyərində olan elektrik yükləmə cihazını, hər bir bağlaması 67,5 manat, ümumi dəyəri 270 manat olan 4 bağlama 4 mm-lik elektrik naqillərini, 50 manat dəyərində olan açar dəstini, bir ədəd 180 manat dəyərində olan “JBL” markalı səsgücləndiricini və bir ədəd 200 manat dəyərində olan elektriklə işləyən “Bosch” markalı burğu alətini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2990 (iki min doqquz yüz doxsan) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, A.Abdulhüseynov küçəsi döngə-1, ev 5-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi ev 11-də ailəsi ilə birlikdə yaşayır. Subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ünvanladığı şikayət ərizəsinə əsasən aparılan istintaqla bağlı bildirir ki, o, Talehi təxminən 3 il olar ki, tanıyır. Təxminən 2022-ci ilin dekabr ayında Taleh ondan 500 manat borc pul istəmiş və 10 gün müddətində də borcunu geri qaytaracağını bildirmişdir. Lakin bundan sonrakı vaxtlarda o, Taleh ilə dəfələrlə telefon əlaqəsi saxlamağına və görüşməyinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək bu günkü günə kimi ona olan 500 manat borcunu qaytarmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə o, Talehin özünə məxsus “Mersedes" markalı avtomobilini satdığını eşidib həmin gün onun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni inşa etdirdiyi evə gedib orada Talehlə görüşmüş və ondan 500 manat borcunu geri qaytarmasını istəmişdir. Həmin vaxt Taleh yenə də ona müxtəlif bəhanələr gətirmiş və evin tikintisini başa çatdıran kimi ona olan 500 manat borcunu qaytaracağını bildirmişdir. Onun bu hərəkətlərindən o, bərk qəzəblənmiş və Talehin həmin evindən oğurluq etməyinə münasib şəraitin olduğunu gördüyü üçün həmin evdə saxladığı tikinti alətlərini oğurlayaraq satıb borcunun əvəzinə götürmək qərarına gəlmişdir. Ona görə də o, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində özünə məxsus “Tofaş” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Talehin Masazır qəsəbəsində yeni inşa etdirdiyi həmin evin qarşısına getmişdir. O, avtomobilini Talehin evinin qarşısında saxladıqdan sonra evə yaxınlaşıb evin giriş qapısının kilidini həyətdən tapdığı dəmir parçası ilə sındıraraq içəri daxil olmuşdur. Bundan sonra isə evin 1-ci mərtəbəsində olan markalarını bilmədiyi bir ədəd lazer tarazlıq aparatını və onun dayağını, bir ədəd lobziki, bir ədəd frezi, bir ədəd tozsoranı, iki ədəd qaynaq aparatını, bir ədəd preparatoru, bir ədəd usta fenini, təxminən 100 metr uzunluğundakı dekor ledləri, bir ədəd laqondanı, bir ədəd elektrik çaynikini, bir ədəd mobil telefonunun elektrik yükləmə cihazını, 4 bağlama elektrik naqillərini, bir ədəd açar dəstini, bir ədəd səsgücləndiricini və bir ədəd elektriklə işləyən burğu alətin oğurlayıb avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışdır. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində də o, Bakı şəhəri Nəsimi rayonu ərazisinə gedib “3-cü mikrorayon bazarı” adlanan yerdə oğurladığı həmin tikinti alətlərini və məişət əşyalarını tanımadığı bir nəfər şəxsə ümumilikdə 500 manata satmışdır. Ona görə də hazırda törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. O, həmin oğurluq hadisəsini tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Oğurladığı həmin tikinti alətlərini və məişət əşyalarını da satdığı şəxs əşyaları haradan aldığını soruşanda da o, ev inşa etdirdiyini, həmin əşyaları da artıq qaldığı üçün satmaq qərarına gəldiyini bildirdiyi üçün həmin şəxs həmin əşyaları oğurluq yolla əldə etdiyini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, F.Bayramov küçəsi, ev 48-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, “MİDA” yaşayış kompleksi ev 10, mənzil 31-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir və hazırda da həmin evin təmir işləri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, həmin evindən çıxaraq Bakı şəhərində yaşadığı evə getmişdir. Bundan bir neçə saat sonra, yəni. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Masazır qəsəbəsində yeni inşa etdirdiyi həmin evinə qayıdan zaman evin qapısının kilidinin sındırıldığını və qapının açıldığını görmüşdür. Həmçinin o, evə daxil olub baxdıqda evdən oğurluq olmasını müəyyən etmişdir. O, ilkin olaraq naməlum şəxs və ya şəxslər tərəfindən evdən təxminən 1050 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığını müəyyən etdiyi üçün ertəsi gün yəni, xx.xx.2023-cü il tarixdə DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Həmçinin o, bu barədə yazdığı ərizəsində evindən təxminən 1050 manat dəyərində əmlakının oğurlandığını qeyd etmişdir. Lakin polis əməkdaşları getdikdən sonra o, oğurlanmış əşyalarını tam aydınlaşdırmış və Təhqiqat şöbəsində yazdığı izahatında oğurlanmış əşyalarının hamısını qeyd etmişdir. Belə ki, həmin oğurluq hadisəsi nəticəsində evində qonaq otağı kimi nəzərdə tutulmuş otaqda saxladığı bir ədəd 380 manat dəyərində olan “Devolt" markalı lazer tarazlıq aparatı və onun 70 manat dəyərində olan teleskopik dayağı, bir ədəd 80 manat dəyərində olan “Zubr” markalı lobzik, bir ədəd 130 manat dəyərində olan “Makita” markalı frez, bir ədəd 200 manat dəyərində olan “Fakir” markalı tozsoran, bir ədəd 330 manat dəyərində olan “Bioti” markalı qaynaq aparatı, bir ədəd 200 manat dəyərində olan sadə qaynaq aparatı, bir ədəd 160 manat dəyərində olan, markasını xatırlamadığı perefarator, bir ədəd 30 manat dəyərində olan usta feni, hər bir metri 5 manat dəyərində, ümumi dəyəri 500 manat olan 100 metr dekorativ led işıqlar, bir ədəd 70 manat dəyərində olan “Zubr" markalı laqonda, bir ədəd 20 manat dəyərində olan elektrik çayniki, “İphone-14” markalı mobil telefonunun bir ədəd 120 manat dəyərində olan elektrik yükləmə cihazı, hər bir bağlaması 67,5 manat, ümumi dəyəri 270 manat olan 4 bağlama 4 mm-lik elektrik naqilləri, 50 manat dəyərində olan açar dəsti, bir ədəd 180 manat dəyərində olan “JBL” markalı səsgücləndirici və bir ədəd 200 manat dəyərində olan elektriklə işləyən “Bosch” markalı burğu aləti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bildirir ki, ona məxsus həmin evdən oğurluq edən şəxsin taksi sürücüsü kimi tanıdığı, “Roma“ ləqəbli Təqsirləndirilən şəxs adlı şəxs olmasından şübhələnir. Çünki, Təqsirləndirilən şəxs taksi sürücüsü olduğuna görə bir neçə dəfə onun avtomobili ilə həmin evinə gəlmişdir. Hadisədən bir gün sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün evində işləyən usta ilə telefon əlaqəsi saxlayaraq tikintidə kimin olmasını, işləyib- işləmədiklərini və onun evdə olub olmadığını soruşmuşdur. Həmçinin Təqsirləndirilən şəxs hadisədən bir gün sonra ona zəng edərək hal-əhvalını soruşmuşdur. Qeyd edir ki, Rahic adətən ona zəng etmədiyinə görə onun ona hadisədən bir gün sonra zəng edib hal-əhval tutması da onda şübhə yaratmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, massiv- 2, Duz zavodu yolu, ev 3, mənzil 60-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir və müxtəlif yerlərdə tikintilərdə usta işləyərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ünvanladığı şikayət ərizəsinə əsasən aparılan istintaqla bağlı bildirir ki, o, Talehi təxminən 5 il olar ki, tanıyır və 2023-cü ilin oktyabr ayında Talehin Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən, yeni inşa etdirdiyi fərdi yaşayış evində usta işləmişdir. Qeyd edir ki, Taleh həmin evə bir neçə dəfə taksi ilə gələn zaman həmin taksi sürücüsünü, yəni “Roma” ləqəbli Təqsirləndirilən şəxs da tanımışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Talehin evindən işdən çıxaraq yaşadığı evə getmişdir. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək tikintidə kimin olmasını, işləyib-işləmədiklərini və Talehin gecələr həmin evində qalıb-qalmadığını soruşmuşdur. O, da axşam saatlarında işdən çıxaraq evə gəldiyini, Talehin də hazırda evdə olub-olmadığını və gecələr həmin evində qalıb- qalmadığını bilmədiyini demişdir. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Talehlə telefon əlaqəsi saxlayıb işə gəlməli olub-olmadığını soruşmuşdur. Bu zaman Taleh hələ evə getmədiyini və özü ona xəbər edəcəyini demişdir. Həmin gün günorta saatlarında Taleh yenidən onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrinədək evdə olmadığı müddətdə evindən tikinti materialları və məişət əşyaları oğurlanmışdır. Talehlə hadisənin kim tərəfindən törədilə biləcəyi barədə müzakirə etdikdən sonra söhbət əsnasında o, Talehə bildirmişdir ki, dünən axşam, yəni 16.102023-cü il tarixdə saat 23 radələrində Rahinc ona zəng edərək evdə işləyib- işləmədiyiklərini və gecələr onun evdə qalıb-qalmadığını soruşmuşdur. Bundan sonra isə Taleh hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilə biləcəyi ehtimalının da olduğunu demişdir. Həmçinin bundan sonrakı günlərdə də ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrinədək olan müddətdə Zərərçəkmiş şəxs evindən tikinti materialları və məişət əşyaları Rahic Əhmədov tərəfindən oğurlanmışdır. Bundan təxminən 1 həftə sonra da Rahinc ona zəng edərək Talehin onun barəsində şikayət etdiyini bildirmişdir. Həmçinin telefon danışıqları zamanı Təqsirləndirilən şəxs Talehin ona 500 manat borcunun olduğunu, borcunu Talehdən ala bilmədiyini, buna görə də Talehin evindən tikinti materiallarını və məişət əşyalarını oğurladığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əhmədov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8-Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 10 (on) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-140/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-140/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver