Məhkəmə qərarları › İş №1(012)-141/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-141/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-141/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətində, həmin həyətdən onun yaşadığı evin həyətinə vəhşi heyvan hesab edilən tülkünün daxil olaraq toyuq-cücəsini məhv etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun yeznəsi Şahid1 sifət nahiyyəsinə yumruqla vurduğunu gördükdən sonra, yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir neçə dəfə vuraraq ona burun sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişməyən sınığı, burun nahiyəsinin sınığı, burun nahiyəsinin qançırı və əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının əzilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatda olsa da, təxminən 6 il olar ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində bacısı Naibə Qarayevanın ailəsi ilə birlikdə yaşadığı ünvanda yaşayır. Şahid1 bacısı Naibənin həyat yoldaşıdır. Teymur Zərərçəkmiş şəxs təxminən 3-4 il olar ki, ailəsi ilə birlikdə bacısıgilin qonşuluğunda yaşaması səbəbindən tanımışdır. Turalın yaşadığı evlə yanaşı Seymurun yeni inşa etdirdiyi, lakin yaşamadığı ev yerləşir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman Seymurun mobil telefonuna zəng edərək, evləri ilə yanaşı olan evinin həyətindən onların həyətinə tülkü keçdiyini bildirib, evin qarşısına gəlməsini və gecə saatlarında tülkünün Seymurun həyətindən həyətlərinə keçə bilməməsi üçün bir tədbir görməsini xahiş etmişdir. Təxminən 4-5 dəqiqədən sonra Seymur yaşadıqları evin qarşısına gəlmiş və onlar bu barədə söhbət etməyə başlamışlar. İlk öncə Tural Seymurdan tülkünün sonuncunun yaşamadığı evin həyətindən onların həyətinə keçməsinin qarşısını necə ala biləcəyini soruşmuşdur. Həmin vaxt Seymur bununla bağlı heç bir tədbir görə bilməyəcəyini söyləmişdir. Bundan sonra Turalla birlikdə Seymura onun evinin zirzəmisinin qarşısında olan taxta “dik”-i eyvanının qarşısına, yaxud da hasarın üstünə qoyduğu halda tülkünün həyətlərinə daxil olmasının qarşısını ala biləcəklərini təklif etmişlər. Həmin vaxt Seymur sözügedən taxtanı verməyəcəyini söyləmişdir. Bundan sonra Seymura Turalın həyətindəki su çəninin üstündə olan şiferi gətirib aradakı hasarın, yaxud da Seymurun yaşamadığı həmin evinin eyvanının qarşısına qoyması təklifini edən zaman, Seymur bu təklifi də rədd etmişdir. Bundan sonra üzünü çevirib bir qədər kənara çəkilən məqamda, səsə geri dönüb baxanda Turalın yerə yıxıldığını və Seymurun oğlu ilə birlikdə Turalı döydüklərini görmüşdür. Həmin vaxt səs-küyə gələn qonşular qaçaraq dalaşanlara yaxınlaşıb Turalı Seymurun və oğlunun əlindən almışlar. Bu məqamda Seymurun onun üstünə gəldiyini görüb geri dönüb həyətlərinə qaçmaq istəyən zaman, ayağı ilişdiyindən üzü üstə yerə yıxılmışdır. Həmin məqamda Seymur onun əynindəki köynəyinin boyun tərəfindən tutaraq, başının arxasına bir yumruqla vurmuşdur. Bundan sonra isə qonşular onları aralaşdırmışlar. Daha sonra da Seymur öz həyətinə keçib evin eyvanına çıxaraq, Turalla onun həyətdə dayandıqlarını görüb, onları hədələyərək həyətə daş parçaları atmağa başlamışdır. Səhəri gün, yəni, xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində Abşeron RPİ-nin Qobu PB-dən ona zəng olunmuş və Seymur onlardan şikayət etdiyi üçün polis bölməsinə dəvət olunmuşdur. Bundan bir neçə dəqiqə sonra xəbər tutmuşlar ki, saat 07 radələrində Tural işə gedərkən Seymur yenidən Turalı döymüş və vəziyyəti yaxşı olmadığı üçün əmisi ilə birlikdə Xırdalan şəhər poliklinikasına getmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olsa da 2010-cu ildən Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Şahid1 və sonuncu ilə birlikdə yaşayan qaynı Təqsirləndirilən şəxs uzun müddətdir ki, qonşuluqda yaşamaları səbəbindən tanımış və aralarında həmişə normal münasibətlər olmuşdur. Turalın yaşadığı evlə yanaşı onun yeni inşa etdirdiyi, lakin yaşamadığı evi yerləşir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında olarkən Tural ilə rastlaşmışdır. Həmin vaxt Tural onun yaşamadığı evin həyətindən sonuncunun həyətinə hasardan tülkü keçdiyini və buna bir çarə etməsini bildirmişdir. Turala tülkünün onun həyətinə keçməməsinə görə edəcəyi bir çarə olmadığını demişdir. Həmin vaxt Tural buna özü bir əlac edəcəyini deyib çıxıb getmişdir. Təxminən 01 saatdan sonra onun mobil telefonuna zəng gəlmiş, telefona özü cavab verən zaman həmin şəxs Turalın qaynı Asim olduğunu bilmişdir. Asim həyətimdən onların həyətinə tülkü keçməsini, həmçinin tülkünün toyuqlarına ziyan vurmasını irad bildirib onunla mübahisə etmiş və onu evləri ilə yanaşı olan yaşamadığı evinin həyətinə çağırmışdır. İlk öncə o, Asimin çağırışına getmək istəməsə də Asim ona “sən nətər kişisən ki, öz həyətinə gələ bilmirsən” sözlərini dedikdən sonra, o, yaşayış olmayan həmin evinin həyətinə getmişdir. Evinin həyətinə çatan zaman, Asimlə Turalın onu həyətdə gözlədiklərini görmüş, həmin vaxt Asim yenidən onunla üz-üzə mübahisə edərək, gecə saatlarında onların həyətinə hasardan keçən tülkünün onun həyətindən keçdiyini irad bildirərmiş, buna görə də bir çarə etməsini söyləmişdir. Asimə yenə də buna heç bir çarə edə bilməyəcəyini dedikdə, sonuncu ona “ya 7 ədəd toyuqları alıb ver, ya da evinin qarşısında olan eyvanın qarşısında olan monolit betonu sökəcək ki, tülkü həmin betonun üstünə çıxaraq həyətinə keçə bilməsin” sözlərini demişdir. Asimin bu sözlərinə cavab olaraq “evinin qarşısında olan hörgünü sökə bilməzsən” sözlərini demişdir. Bu zaman aralarında mübahisə daha da böyümüş və Asim onu təpiklə vurmaq istəmiş, lakin Asimin ayağından tutduğuna görə sonuncu yerə yıxılmışdır. Bu məqamda Tural aralaşdırmaq məqsədilə onu arxadan qucaqlayıb tutmuş, həmin vaxt Asim yerdən daş parçası götürüb onun sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Özünü müdafiə edə-edə qaçaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi “Vaz-2104” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 500 metr aralaşdıqdan sonra Turalın yol ilə getdiyini görmüşdür. Həmin vaxt avtomobilini Turalın yanında saxlayıb yerə düşmüş və bir gün əvvəl qaynı Asimin xəsarət yetirdiyi sol gözünü göstərib nə üçün belə etdiklərini soruşmuşdur. Həmçinin o, Turala onları aralaşdıran zaman, onu tutmasaydı Asim onun sifət nahiyəsinə daşla vurub xəsarət yetirə bilməyəcəyini demişdir. Həmin vaxt Tural ona “olub-olub da” sözlərini dediyi üçün o, avtomobilinin yük (baqaj) yerindən taxta parçasını götürüb, Turalı vurmaq istəyəndə, Tural özünü qorumaq üçün qollarını qaldırdığına görə zərbə sonuncunun qoluna dəymiş, 2-ci dəfə də həmin taxta parçası ilə Turalın qulaq nahiyəsinə vurmuşdur. Bu zaman Tural həmin yerdən bir qədər aralıda yaşayan əmisigilə doğru qaçmağa başlamışdır. Bundan sonra o, avtomobilinə əyləşib Abşeron RPİ-nin Qobu PB-nə getmiş və bir gün əvvəl Asim və Tural adlı şəxslər tərəfindən döyüldüyünü, həmçinin bir qədər öncə də Turalı döydüyünü bildirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə qonşuluqda yaşaması səbəbindən tanımış və aralarında həmişə normal münasibətlər olmuşdur. Onun yaşadığı evlə yanaşı Seymurun yeni inşa etdirdiyi, lakin yaşamadığı evi yerləşir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində işdən evə gələrkən yaşadığı evin yaxınlığında Seymur ilə rastlaşmışdır. Həmin vaxt Seymura yaşadığı evin həyətinə sonuncunun həyətinin hasarından tülkü keçdiyini və buna bir çarə etməsini söyləmişdir. Seymur ona həmin evdə yaşamadığına görə edəcəyi bir çarə olmadığını söyləmişdir. Həmin vaxt Seymura gedib öz həyətindən taxta taparsa həmin taxtanı birlikdə köməkləşib qoymaq lazım olduğunu bildirmişdir. Evə gəlib həyətinə baxan zaman hasarın üstünə qoymaq üçün fikrində tutduğu taxtanın kiçik olduğunu görmüşdür. Mobil telefonunda kontur olmadığına görə onunl birlikdə yaşayan qaynı Təqsirləndirilən şəxs xahiş etmiş ki, Seymura zəng edib həyətə çağırsın. Seymur həmin yerə gəldikdə, Asimlə tülkünün Syemurun evinin eyvanına çıxaraq hasarın üstündən həyətlərinə keçməsinin qarşısını almaq üçün Seymurla bir qədər söhbət etmişlər. Söhbət əsnasında Seymur onlarla uca səslə danışıb həmin evdə yaşamadığını əsas gətirərək aralarında hasarın üstündən tülkü keçməməsi üçün heç bir çarə etməyəcəyini bildirmişdir. Həmçinin Seymur həmin vaxt gözlənilmədən onun burun nahiyəsinə bir yumruq zərbəsi vurmuş və bundan sonra yerə yıxılmışdır. Həmin an yanlarına gələn Seymurun azyaşlı oğlu da onu vurmaq üçün atasına köməklik etməyə çalışmışdır. Bu zaman Asim və yaxınlıqda olan qonşular qaçaraq, onlara yaxınlaşıb aralaşdırmışlar. Həmçinin həmin an Seymur Asimin də kürək nahiyyəsindən tutaraq, özünə tərəf çəkdiyi üçün Asim dizi üstə yerə yıxılmış və Seymur Asimi də yumruq və təpiklə döymüşdür. Qonşuların köməkliyi ilə onlar həyətə keçmişlər. Bundan sonra Seymur öz həyətinə keçib onların həyətinə daş parçaları atmağa başlamışdır. Səhərəi gün, yəni xx.xx.2020-ci il tarixdə saat 07 radələrində evdən çıxıb işə gedən zaman evlərindən təxminən 300 metr aralıqda olarkən geri dönüb bibisi oğlunun gəlib-gəlmədiyinə baxanda Seymuru yanında görmüşdür. Həmin an Seymur əlindəki uc hissəsində dəmir parçası olan taxta parçası (lapatka sapı) ilə sağ qulaq nahiyəsinə zərbə ilə vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Özünü toparlayıb ayağa durmaq istədikdə, ayağa qalxa bilməmişdir. Seymur yenidən ona tərəf gəlib əlində olan həmin taxta parçası ilə sağ ayağına bir zərbə də vurmuşdur. Sonra ayağa qalxan zaman Seymur taxta parçası ilə sağ əlinə də bir zərbə vurmuşdur. Daha sonra özünü toparlayıb qaçmağa başlamış, qaçarkən isə yaxınlıqdakı dərəyə yıxılmış və sonra durub oradan uzaqlaşmışdır. Sonradan qohumlarının köməkliyi ilə ilkin olaraq Xırdalan şəhər xəstəxanasına, oradan isə Bakı şəhər Respublika xəstəxanasına aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Şahid1 onun əridir, Təqsirləndirilən şəxs isə onun qardaşıdır, onlar birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayırlar. Onlarla qonşuluqda Zərərçəkmiş şəxs da yeni inşa etdirdiyi ev yerləşir, lakin həmin evdə yaşayış olmadığından, həmin evin eyvanından hasar vasitəsi ilə onların yaşadıqları həyətə tülkü daxil olaraq, toyuq-cücələrini məhv etmişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Seymurun Atyalı yaşayış massivində yaşadığı evinə gedərək, bu barədə Seymurun arvadı Ramidəyə bildirmişdir. Seymur heç bir tədbir görmədiyinə görə o, bu barədə əri Turala zəng vuraraq məlumat vermişdir. Həmin gün saat 17 radələrində Tural işdən evə gələn zaman, ona Seymurla yolda rastlaşdığını, Seymura həmin problem barədə bildirdiyni, lakin Seymur isə bununla bağlı heç bir köməklik edə bilməyəcəyini söyləmişdir. Həmin vaxtı qardaşı Asim Seymura zəng edərək, sonuncunu yaşadığı evə dəvət etmiş ki, məsələyə aydınlıq gətirsin. Bir qədər sonra Seymur onların yaşadıqları evin qarşısına gəlmiş və söhbət zamanı yenə də bu işlə bağlı heç bir köməklik göstərə bilmədiyni bildirmiş və qəflətən əri Turaoın sifət və bədənin müxtəlif nahiyəsinə yumruqla zərbələr endirmişdir. Həmin zaman yaxınlıqda olan qonşular yaxınlaşıb dalaşanları aralışdırmışlar. Bundan sonra Seymur qardaşı Asimin üzərinə hücum çəkmiş, onlar Asimi də Turalın əlindən almışlar. Hadisə baş verən zaman, Seymurun azyaşlı oğlu da hadisə baş verən zaman orada olmuş. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə Tural saat 07 radələrində evdən çıxıb işinə getmiş, təxminən 15 dəqiqədən sonra ona zəng gəlmiş və Turalın Seymur tərəfindən döyüldüyü barədə məlumat verilmişdir. Bundan sonra DİN-nin 102 zəng xidmətinə zəng edərək əri Turalın döyülməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan qonşularıdır. Onun sonuncularla normal münasibəti olmuşdur. xx.xx.2020-ci il tarixdə evdə olan zaman küçədən qışqırıq səsləri eşitmiş və küçəyə çıxan zaman, orada Seymurun, Turalın və Asimin mübahisə etdiklərini görmüşdür. Daha sonra ona qonşulardan məlum olmuş ki, həmin söz-söhbətdən bir neçə dəqiqə əvvəl Asimlə Tural, Seymurla dalaşmışlar. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə ona məlum olmuş ki, Turalla Seymur yaşadıqları evdən bir qədər kənarda səhər saatlarında yenidən dalaşmışlar. Konkret olaraq kimin-kimi döyməsinin şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1679 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – burun sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişməyən sınığı, burun nahiyəsinin sınığı, burun nahiyəsinin qançırı və əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1718 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – sağ əlin ovuc səthinin, sol diz oynağı nahiyəsinin ön səthinin, sağ diz oynağı nahiyəsinin ön səthinin və sağ ayağın birinci barmağının alt hissəsinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1837 №-li rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun çəpərində və burun sümüyünün orta xəttində cuzi yer dəyişmiş sınığı, sağ qulaq seyvanının, sağ saidin arxa səthinin və sol əlin İ-İİ barmaqarası sahənin əzilmiş-cırılmış yaraları, alın, gicgah, burun və sol baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Abşeron rayon İHB-nın Hökməli qəsəbə üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs Şahid1 qəsdən sağlamlığa xəsarət yetirməsi xüsusatı ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tədbirin görülməsi üçün ********* cinayət işindən ********* saylı cinayət işi ayrılmış, ayrıca icraata götürülərək istintaq aparılmışdır. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadələri və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi Qasımlı \Mirəyyub Abdulla oğlunun göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi Qasımlı \Mirəyyub Abdulla oğlunun göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar