Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-141/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Digah qəsəbəsindəki dayanacaqda yerləşən köşkün qarşısında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib digər şəxslərin gözü qarşısında, həmkəndlisi X6 ilə söhbət edən zaman sonuncunun onun içdiyi energetik içkinin ödənişini etməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Elvin Salahovun sifətinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona sol göz qapaqlarının, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı almacıq nahiyəsinin qançırşişkinliyi (hematomaları), üst və alt dodağın səthi əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, X4 üzərində zor tətbiq edərək xuliqanlıq etmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin olunmuş cəza 3 (üç) il müddətinə endirilmiş, xx.xx.2018-ci ildə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Elvin Salahovu təxminən 4 il olar ki, tanıyır, belə ki, Elvin də Digah qəsəbəsində yaşayır, onunla həmişə normal münasibətdə olmuşlar. 13 fevral 2022-ci il tarixdə təxminən saat 01:45 radələrində, qəsəbədə yerləşən dayanacağın qarşısındakı köşkə gəlmiş və oradan bir ədəd energetik içki alıb içməyə başlamışdır. Təxminən 10-15 dəqiqə keçmiş həmkəndlisi Elvinin dayanacaqda taksidən düşüb köşkə yaxınlaşdığını görmüş, Elvin köşkdən siqaret aldıqdan sonra onunla görüşüb getmək istədikdə ondan «sənə nə qulluq edim» demiş, sonuncuya zarafatyana enerjinin pulunu ödəməyi bildirmişdir. Həmin vaxt Elvin onun sözünə görə ona gözləmədiyi anda kobud cavab qaytarmış, sonuncunun bu sözü də ona acıq gəldiyi üçün aralarında bu zəmində mübahisə düşmüş, mübahisə zamanı Elvinə badalaq vurmuş və sonuncu yerə yıxılmış, bundan sonra Elvinin sifətinə bir dəfə yumruq vurmuş, həmin vaxtı köşkdə işləyən Valid adlı şəxs onu aralaşdırmış və oradan çıxıb evinə etmişdir. Onların aralarında yaranmış dava dalaş yolun kənarında yerləşən köşkün qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmiş, hadisə zamanı artıq gec olduğu üçün ətrafda kimsə olmamış və hadisə baş verən anda da ətrafda kimlərinsə hadisəni müşahidə etməsini görməmişdir. Sonda o, zərərçəkmiş şəxslə barışdığını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 4 il olar ki, tanıyır, belə ki, Azad da Digah qəsəbəsində yaşayır. 13 fevral 2022-ci il tarixdə təxminən saat 01 radələrində Bakı şəhərindən taksi avtomaşını ilə yaşadığı Digah qəsəbəsinə gəlmiş və avtobus dayanacağının qarşısında taksidən düşmüş, dayanacaqda köşk olduğu üçün siqaret almaq məqsədi ilə həmin köşkə yaxınlaşmış, həmin vaxtı həmkəndlisi köşkün qarşısında dayanıb energetik içki içdiyini görmüş, sonuncunun sərxoş olduğunu hiss etmiş, o, köşkə yaxınlaşan anda Azad ona kobud formada içdiyi energetik içkinin pulunu ödəməyi bildirmiş, o isə ona nə səbəbə onun içdiyi energetik içkinin pulunu ödəyəcəyini soruşmuş, bu vaxt Azad ona yaxınlaşıb badalaq vuraraq onu yerə yıxmış və o yerdə uzanıqlı vəziyyətdə olduğu halda yumruqla başından zərbələr vuraraq ona xəsarət yetirmiş, həmin vaxt köşkdə işləyən Valid adlı şəxs onun Azad tərəfindən döyüldüyünü görüb cəld köşkdən çıxmış və onları aralaşdırmışdır. Belə olduqda o döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra qardaşı oraya gəlmiş və onu oradan götürüb evınə aparmış, Hadisə yaşadığı Digah qəsəbəsində yerləşən yolun kənarında yerləşən köşkün qarşısında baş vermiş və təxminən 5-6 dəqiqə davam etmiş, o, siqaret almaq üçün köşkə yaxınlaşdıqda Azad ona kobud formada içdiyi energetik içkinin pulunu ödəməyi bildirmiş, o isə ona nə səbəbə onun içdiyi energetik içkinin pulunu ödəməyini soruşduqda Azad ona yaxınlaşıb badalaq vuraraq onu yerə yıxmış və yerdə uzanıqlı vəziyyətdə olduğu halda yumruqla başından zərbələr vuraraq ona xəsarət yetirmi, yaranmış dava dalaş köşkün qarşısındakı ərazidə baş versə də, artıq gecə radələri olduğundan ətrafda kimlərinsə olduğunu və yaxud onların dalaşdığını kimlərinsə müşahidə etməsini görməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən X6 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən yolun kənarında yerləşən köşkdə satıcı işləyir. 13 fevral 2022-ci il tarixdə təxminən saat 01 radələrində, işlədiyi köşkdə olarkən Digah qəsəbəsində yaşayan tanıdığı Azad adlı şəxs köşkün qarşısında və enerji içkisi içmiş, həmin vaxtı Digah qəsəbəsində yaşayan tanıdığı Elvin adlı şəxsin taksidən düşdüyünü görmüş, həmin şəxs işlədiyi köşkə tərəf gəlmişdir. Təxminən 2 dəqiqə sonra köşkün içərisindən baxdıqda görmüşdür ki, Azad adlı şəxs Elvin adlı şəxsi yerə yıxıb döyür. O, bunu gördükdə cəld köşkdən çıxmış və onlara yaxınlaşıb ayırmış, Elvin Azad tərəfindən döyülmüş və xəsarət almış vəziyyətdə olmuş bir neçə dəqiqə sonra Elvin oradan uzaqlaşıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs ilə Elvin Salahov arasında yaranmış dava dalaş işlədiyi yolun kənarında yerləşən köşkün qarşısında baş vermiş və o hadisəni görüb onları aralaşdıran anadək təxminən 2-3 dəqiqə davam etmişdir. O, sonuncuların arasında yaranmış dava dalaşın baş vermə səbəbini bilməmiş, yalnız köşkdən baxdıqda Təqsirləndirilən şəxs Elvin Salahovu əli ilə zərbə vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs ilə Elvin Salahov arasında yaranmış dava dalaş köşkün qarşısındakı ərazidə baş versə də, artıq gecə radələri olduğundan ətrafda kimlərinsə olduğunu və yaxud onların dava dalaşını kimlərinsə müşahidə etməsini görməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli,305 saylı rəyində qeyd olunmuşdur ki, X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı almacıq nahiyəsinin qançır-şişkinliyi (hematomaları), üst və alt dodağın səthi əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və sair) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə tərsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin olunmuş cəza 3 ilə endirilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən təkrar qərəzli hərəkətlər etməklə xuliqanlıq etməkdə təqsirli olması yuxarıda göstərilənlərdən başqa, işin araşdırılmış digər halları ilə tam subuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur.. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən belə hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-niin MSY-nə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, yenidən istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qüvvəsində saxlanılaraq azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-141/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-141/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver