Məhkəmə qərarları › İş №1(012)-142/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-142/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-142/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 00:00 radələrində, Abşeron rayonu Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 143 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,431 qram və 1,946 qram olmaqla ümumilikdə - 2,377 qram çəkidə psixotrop maddə olan metafetamini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,795 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 08 oktyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Saray qəsəbəsi, “Təzə yol” ərazisində saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd müxtəlif ölçülü şəffaf rəngli sellofanlara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,431 qram və 1,946 qram olmaqla ümumilikdə - 2,377 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 0,795 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlamdır. Şübhəli şəxs qismində saxlanıldığı anda ona hüquq və vəzifələri izah edilmişdir. O, latın qrafikalı əlifba ilə oxumağı da, yazmağı da bacarır, latın qrafikalı əlifba ilə kompüterdə yazılmasına etiraz etmir. 08.10.2021-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən narkotik vasitə və psixotrop maddə alıb Saray qəsəbəsi “Təzə Yol” ilə Xırdalan şəhərinə gedən zaman iki nəfər şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitə olan heroini və psixotrop maddəni istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Daha sonra onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduqlarını söyləmişlər. Bu səbəbdən onların idarə etdiyi avtomaşına əyləşmişlər. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristallik, spesifik iyə malik psixotrop maddə metamfetamin olan bükülünü və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. Özü isə həmin kütləni Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən aldığımı, həmin kütləni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristallik, spesifik iyə malik psixotrop maddə metafetaminə bənzər kütlələr və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamini həmin tarixdə saat 00:30-da Abşeron rayonu Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 143 manata almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Aldığı heroin və metafetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Saray qəsəbəsində psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini üzərində daşıması və istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin polis sahə nəfəri, polis serjantı Şahid2 iştirakı ilə tərəfindən 07 oktyabr 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 08.10.2021-ci il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Seyidov X2 rayonu, Saray qəsəbəsi, Təzə yolun yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib sonuncunu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxan 02 ədəd müxtəlif ölçülü şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər maddəni və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 02 ədəd müxtəlif ölçülü şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər maddə və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 03 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda, bildirmişdir ki, üzərindən aşkar olunmuş 02 ədəd bükümdəki ağ rəngli kristallik maddə psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdəki qəhvəyi rəngli tozşəkill maddə isə narkotik vasitə heroindir, həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini 08.10.2021-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində tərəflərindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilərlər. Məhkəmə iclasında şahid qismində Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2021-ci il tarixli, 6/4474 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksləri olan, “İştirak etdilər...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,795 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlamış narkotik vasitə heroindir (qalıq 0,745 qram - 0,50 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). İki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,431 qram və 1,946 qram ümumi təmiz çəkisi 2,377 qram olan ağ rəngli kristallik formada maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 2,277 qram - 0,100 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ). daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin əlavə məhkəmə-bioloji ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 6/4536 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat obyekti №58” dairəvi möhür əksi “Ekspert rəyi 6/4474” yazı və imzalarla olan paketdə 02 ədəd bükümdə ümumi çəkisi 2,277 qram metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir(qalıq 2,197 qram – hər bir obyektdən 0,04 qram olmaqla, ümumi 0,08 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 12 noyabr 2021-ci il tarixli, 4431 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 04.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 08.10.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəlli 08.10.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə və iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.10.2021-ci il tarixdən 25.02.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 17 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyinə görə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25.02.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 180 manat 46 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,745 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 2,197 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu, Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.10.2021-ci il tarixdən 25.02.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 17 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 07 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyinə görə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25.02.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 180 manat 46 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,745 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 2,197 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu, Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar