Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-142/2023 10.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Şabran rayonu, Çölquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, İİ-ci qrup əlil, Şabran rayonu, Çölquşçu kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu, mədən 1, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqəsdilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən işlədiyi “metal qəbulu” məntəqəsində, 05 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində oranı işlədən Zərərçəkmiş şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsində vətəndaşlardan metal alıb gətirməsini vəd verərək etibarından sui-istifadə etməklə, aldadaraq 300 manat pulunu və metalı daşıyıb gətirməsi üçün 1600 manat dəyərində QAZ-2411 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirtmiş, həmin avtomobilin qeydiyyat nömrəsinin yerinə, sonuncuya məxsus digər QAZ-2401 minik markalı avtomobilin ** BA *** dövlət qeydiyyat nişanını bağlayıb sürərək oradan uzaqlaşmış, həmin tarixdə yəni, 05 yanvar 2022-ci ildə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində metal qəbulu məntəqəsində Şahid3 Sərxan oğluna həmin QAZ-2411 markalı minik avtomobilini ** BA *** dövlət qeydiyyat nömrəsi altında 770 manata satmaqla, 300 manat pulu isə şəxsi ehtiyaclarına xərcləməklə ümumilikdə Zərərçəkmiş şəxs 1900 manat ziyan vurmaqla, öz vədinə əməl etməyib aldığı pulları və avtomobili qaytarmamaqla, dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, sağ əli dirsəkdən aşağı olmadığına görə 2-ci qrup əlil olduğundan 2018-ci ildən pensiya alır. Küçələrdən və ya zibillikdən metal qırıntıları yığıb, metal qəbulu məntəqələrinə aparıb satmaqla çörək pulu qazanır. Abşeron rayonu, Xirdalan şəhəri, H.Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsini işlədən Zərərçəkmiş şəxs təxminən 2021-ci ildən tanıyır, ona metal qırıntıları aparıb satmaqla, tanışlığı yaranmışdır. Həmdə kürəkəni Şahid1 da 2021-ci ilin təxminən iyun ayından, dekabr ayına qədər Zərərçəkmiş şəxs yanında işləmiş, Şükürün ona verdiyi QAZ-24 markalı avtomaşınla metal yığıb məntəqəyə aparmaqla məşğul olmuşdur.Şükür avtomaşını idarə etmək üçün Pərvizə baş etibarnamə vermişdir. 2021-ci ilin dekabr ayında Pərviz oradan işdən çıxdıqdan sonra, Şükür ilə aralarında olan razılığa əsasən Şükürün yanında işləməyə başlamışdır. Onun işi metal qəbulu məntəqəsinə gətirilən metalları qəbul etmək, başqa yerlərdən metal yığıb gətirmək və digər işləri görməkdən ibarət olmuşdur. Şükür ona bir gününə 15 manat zəhmət haqqı vermişdi. 2022-ci ilin yanvar ayının əvvllərində Şükür ona küçələrdən metal yığıb məntəqəyə gətirmək üçün əvvəllər Pərvizin idarə etdiyi QAZ-2411 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşınını vermişdir. Həmin avtomaşının cəriməsi olduğundan onu uzaq yerə sürmək olmamışdır. Ailədə maddi vəziyyəti pis olduğundan Şükürün ona verdiyi həmin avtomaşını ondan xəbərsiz satmaqla, pul əldə etmək qərarına gəlmişdir. Lakin həmin maşının cəriməsi olduğundan onu uzaq yerə sürmək mümkün olmamışdır. 03 yanvar 2022-ci il tarixdə uşağının ad gününə gəlmiş Pərviz ilə söhbət zamanı onun sürdüyü QAZ-2411 markalı avtomaşını Şükürün ona metal daşımaq üçün verdiyini demişdir. 04 yanvar 2022-ci il tarixdə Şükürə məxsus başqa QAZ- 24 markalı avtomaşının üzərindəki ** BA *** dövlət qeydiyyat nömrə nişanın açıb, Şükürün ona metal daşımaq üçün verdiyi QAZ-2411 markalı avtomaşına bağlamış, həmin tarixdə avtomaşını satmaq üçün metal qəbulu məntəqəsində işləyən Şahid3 iş yerinə aparmış və ona yalndan, Şükürün “Qazel” markalı avtomaşını nasaz olduğuna görə onu təmir etdirmək üçün həmin QAZ-2411 markalı avtomaşını Şükürün tapşırığı ilə satdığını demişdir. Həmin vaxt Pərviz də yanında olmuşdur. Rövşən avtomaşının sənədi olubolmadığını soruşduqda, Şükür tərəfindən Pərvizə verilmiş baş etibarnamə ilə avtomaşını satmaq olduğunu demişdir. Həmin vaxt Pərviz Şükürin ona verdiyi baş etibarnaməni Rövşənə göstərdikdə, Rövşən avtomaşını almağa razı olduğunu bildirmişdir. Pərvizə avtomaşını Şükürdən xəbərsiz satdığını deməmişdir, əgər Pərvizə bunu desəydi onu avtomaşını satmağa qoymazdı və Şükürə xəbər verəcəkdi. Avtomaşını 800 manata Rövşənə satmaq barədə aralarında razılıq olmuşdu. Rövşən həmin gün pulu olmadığına görə avtomaşın üçün ona 100 manat beh vermiş və qalan pulu sabah verəcəyini bildirmişdir. Oradan qayıtdıqdan sonra sabahı günü yəni, 05 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Şükürə metal yığmaq üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmək istədiyini yalandan demiş, Şükür ona inanmış, vətəndaşlardan metal alıb gətirmək üçün ona 300 manat və həmin QAZ-2411 markalı avtomaşını vermişdir. Şükürün ona metal alıb gətirməsi üçün verdiyi 300 manat pulu evinə, şəxsi ehtiyaclarına xərçləmişdir. Həmin tarixdə yəni, 05 yanvar 2022-ci ildə, saat 18 radələrində Rövşənin iş yerinə avtomaşını satmağa aparmış, Rövşən avtomaşını almaq üçün ona 670 manat və avtomaşındakı metal qırıntıları almaq üçün isə 100 manat vermişdir. Beləliklə Şükürə məxsus QAZ -2411 markalı avtomaşını ** BA *** dövlət qeydiyyat nişan nömrəsi ilə Rövşənə 770 manata satmışdır. Sonra gəlib sənədləşmə aparılacağını Rövşənə demişdir. Həmin pulu da evinə şəxsi ehtiyaclarına xərcləmişdir. Buna görə onu axtaracaqlarını bildiyi üçün telefonunu söndürmüşdür. Maddi imkanı olmadığına görə Şükürün pulunu qaytara bilməmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsini işlədir, məntəqəyə metal gətirib satan Təqsirləndirilən şəxs ilə 2021-ci ilin yanvar ayında tanış olmuşdur. İlkindən əvvəl yanında işləmiş İlkinin bacısı əri Pərvizə öz QAZ-24 markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşınını etibarnamə ilə idarə etməyə vermişdir. Pərviz onun yanında işdən çıxarən ona 700 manat borcu qalmış və borcunu ödəməmişdir. 05 yanvar 2022-ci il tarixdə İlkin yanında işləyən Xəyyam ilə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsinə metal yığmağa getdiklərini ona dedikdə, vətəndaşlardan metal almaq üçün İlkinə 300 manat və metal daşımaq üçün QAZ-24 markalı avtomaşın vermişdir. Xəyyam məntəqəyə gəlib İlkinin onu yolda avtomaşından düşürdüyünü demişdir. Bunu aydınlaşdırmaq üçün İlkinin mobil telefonuna zəng etməsinə baxmayaraq, ona zəng çatmamış, buna görə İlkinin evinə getmiş, lakin İlkinin evə gəlmədiyini demişlər. Oradan Xırdalan şəhərinə, iş yerimə qayıdanda, Binəqədiyə gedən yolun kənarında yerləşən metal qəbulu məntəqəsinin yaxınlığında İlkinə daşımaq üçün verdiyi QAZ-24 markalı avtomaşının saxlandığını, görmüş və ora getmişdir. Məntəqədə işləyən Mürşüd həmin avtomaşını içindəki metallar ilə birlikdə İlkinin ona satıb, pulunu alıb getdiyini demişdir. İlkin avtomaşını satarkən avtomaşının yeznəsi Pərvizə məxsus olduğunu demişdir. Mürşüdə avtomaşının ona məxsus olduğunu, avtomaşını İlkinə satmaq üçün vermədiyini, Pərvizə metal daşımaq üçün etibarnamə ilə verdiyini demişdir. Bundan sonra İlkin və Pərviz ilə əlaqə saxlaya bilməmişdir. Bir neçə gündən sonra Pərviz ilə əlaqə saxladıqda, Pərviz İlkin tərəfindən avtomaşının satılmasından xəbəri olmadığını demişdir. Beləliklə İlkin metal alıb gətirmək üçün ondan aldığı 300 manat və metal gətirmək üçün ona verdiyi 1600 manat dəyərində olan QAZ-24 markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşını sataraq pulunu özünə xərcləmişdir. Həmin avtomobili Təqsirləndirilən şəxs işlədiyi məntəqənin yaxınlığında sürməyə vermiş, avtomaşını uzaq yola sürməməsini, demişdir. Əgər uzaq yola avtomaşını sürmək lazım olduqda kürəkəni Pərvizin adına etibarnamə verdiyindən, Pərvizi yanında aparmasını demişdir. Qusar rayonu, Quxur Oba kənd sakini X4 adına olan QAZ-2411 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı oğlu X5 adına almış və onun tapşırığı ilə Şakir Əhmədov xx.xx.2021-ci il tarixdə Şahid1 “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyatdan çıxarmaq, ərizə vermək” səlahiyyəti verilən etibarnamə vermişdir. Şamaxı rayon sakini X2 adına olan QAZ-2401 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci il tarixdə yaninda işləmiş Orxan adlı işçisinin adına etibarnamə ilə almışdır. Sonradan Orxan işdən çıxmış, işləmək üçün xarici dövlərlərin birinə getmişdir. Həmin avtomaşın isə iş yerindədir. QAZ-2411 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı və QAZ-2401 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillər ona məxsusdur, həmin avtomaşınların nömrə qeydiyyat nömrələrinin dəyişilməsindən xəbəri olmamışdır. Avtomaşınların nömrələrin İlkin tərəfindən dəyişilməsini polisdə araşdırma aparıldıqda eşitmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynıdır. Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində metal qəbulu məntəqəsini işlədən Zərərçəkmiş şəxs təxminən 2021-ci ildən tanıyır, 1 il onunla bir yerdə işləmiş, küçələrdən və ya zibillikdən metal qırıntıları yığıb, həmin məntəqəyə təhvil vermişdir. Şükür öz köhnə QAZ-24 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomaşınını ona idarə etmək üçün etibarnamə ilə vermişdir. Həmin avtomobillə hətta rayonlara gedib metal alıb gətirmişdir. Sonra Şükürün yanından işdən çıxmış və idarə etdiyi avtomobili Şükürə təhvil vermişdir. Ondan sonra qaynı İlkin isə Şükürin yanında işləmişdir. Şükür ona verdiyi QAZ-24 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili İlkinə idarə etməyə vermişdir. 02 yanvar 2022-ci il tarixdə İlkinin uşağının ad günündı olduğu vaxt İlkin QAZ-24 markalı ** BA *** dövlət nömrə nişanlı avtomobili başqa metal qəbulu məntəqəsində işləyən Rövşənə satacağını ona demişdir. İlkindən avtomobili hansı səbəbdən satmasını soruşduqda, İlkin ona Qazel markalı avtomobil almaq istədiklərini, Qaz 24 markalı avtomobilin onlara sərf etmədiyini, demişdir. Sonra İlkinlə birlikdə Rövşənin işlədiyi yerə getmiş, avtomobilin yaxşı vəziyyətdə olduğunu demişdir. Həmin vaxt Rövşən avtomobili almaq üçün 100 manat beh İlkinə vermişdir. Bundan sonra İlkinin QAZ 24 markalı avtomobili Rövşənə satdığını eşitmişdir.İlkinin Şükürə məxsus həmin avtomobili Şükürdən xəbərsiz satmasından xəbəri olmamışdır. İlkin avtomobili satdıqdan 3-4 gündən sonra avtomobili satmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Binəqədi rayonu, Binəqədi şossesində yerləşən metal qəbulu məntəqəsini işlədir. Şahid3 onunla birlikdə işləyir. Pərviz və qaynı İlkini uzun müddətdir metal yığan kimi, Zərərçəkmiş şəxs isə metal qəbulu məntəqəsini işlədən kimi tanıyır. Şükür yanında işləyən Pərvizə melat daşımaq üçün QAZ-24 markalı avtomaşın verdiyini, sonradan Pərvizin oradan işdən çıxdığını və qaynı İlkinin, Şükürün yanında işlədiyini bilmişdir. 04 yanvar 2022-ci il tarixdə Rövşən ilə işdə olduğu vaxt Pərviz ilə İlkin onların yanına QAZ- 2411 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmişlər.İlkin gəldiyi həmin avtomaşının Şükürə məxsus olduğunu, ona satmağa verdiyini, onun pulu ilə Şükürün nasaz olan “Qazel” markalı avtomaşını təmir etdirəcəyini demişdir. Rövşən metal daşımaq üçün avtomaşını almaq qərarına gəldiyini demişdir. Rövşən avtomaşının sənədi olubolmadığını İlkindən soruşduqda İlkin , Şükür avtomaşını satmaq üçün Pərvizə baş etibarnamə verdiyini, demiş və Pərvizdə etibarnaməni Rövşənə göstərmişdir. Rövşən avtomaşını almaq barədə İlkin ilə razılığa gəlmiş, İlkin avtomaşına görə Pərvizin etibarnamə Rövşənə verəcəyini, demişdir. Rövşən avtomaşını almağa görə İlkinə 100 manat beh vermiş, qalan pulu sabah verəcəyini demişdir. Sabahı günü yəni, 05 yanvar 2022-ci il tarixdə saat 18 radələrində İlkin idarə etdiyi həmin QAZ-2411 markalı avtomaşınla onların iş yerinə tək gəlmişdir.Avtomaşında metal qırıntıları olmuşdur.Rövşən pulu olmadığına görə ondan borca aldığı 670 manat pulu İlkinə həmin avtomaşını almaq üçün, avtomaşındakı metal qırıntıları üçün isə İlkinə 100 manat vermişdir. Beləliklə İlkin satmağa gətirdiyi QAZ-2411 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını Rövşənə 770 manata, avtomaşındakı metal qırıntılarını isə 100 manata satıb, getmişdir. Təxminən 2 saatdan sonra onların iş yerinə gəlmiş Zərərçəkmiş şəxs həmin QAZ-2411 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını göstərib, ona məxsus olduğunu, yoldan keçəndə avtomaşını gördüyünə görə gəldiyini demişdir. Rövşən isə avtomaşını İlkinin gətirib ona 770 manata satdığını Şükürə demişdir. Şükür yanında İlkinin işlədiyini, həmin gün İlkinə metal alıb gətirməsi üçün 300 manat və metalı daşıyıb gətirməsi üçün isə həmin avtomaşını verdiyini, demişdir. Şükür avtomaşını aparmaq istədiyini Rövşənə dedikdə, Rövşən avtomaşını almaq üçün verdiyi 770 manat pulunu ona qaytardıqdan sonra, avtomaşını aparmasına razılıq verəcəyini dedikdə, Şükür buna görə pul verməyəcəyini və avtomaşını aparacağını deyib, getmişdir. Rövşən bunu aydınlaşdırmaq üçün dəfələrlə İlkinə zəng etməsinə baxmayaraq, ona zəng çatmamışdır. Sonradan bu barədə Şükürün polisə şikayət etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs satdığı QAZ-2411 markalı avtomaşının dövlət qeydiyyat nömrəsinin yerinə, baqa avtomaşının ** BA *** dövlət qeydiyyat nömrəsinin bağlanması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində metal qəbulu məntəqəsində Şahid2 ilə işləyir. Pərviz və onun qaynı İlkini uzun müddətdir tanıyır belə ki, onlar metal qəbulu məntəqəsində işləyən Zərərçəkmiş şəxs yanında işləmişlər.Şükür yanında işləmiş Pərvizə verdiyi QAZ-24 markalı avtomaşınla Pərvizin metal daşımasını görmüşdür. Sonradan ona məlum olmayan səbəbdən Pərviz işdən çıxdıqdan sonra, Şükürün yanında İlkin işləmişdir. 04 yanvar 2022-ci il tarixdə işdə olduğu vaxt, yanına Pərviz ilə İlkin gəlmiş, İlkin Şükürün “Qazel” markalı avtomaşını nasaz olduğundan, onu təmir etdirmək üçün idarə etdiyi QAZ- 2411 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını Şükürün ona satmağa verdiyini demişdir. Ona işləri ilə əlaqədar metal daşımaq üçün avtomaşın lazım olduğundan həmin avtomaşını almaq qərarına gəlmiş və avtomaşının sənədi olub-olmadığını soruşduqda, İlkin avtomaşının satılması üçün Pərvizə baş etibarnamə verdiyini bildirmişdir. Şükürün, Pərvizə verdiyi etibarnaməyə baxdıqda, həmin etibarnamə ilə avtomaşını satmaq səlahiyyəti olduğunu görmüşdüsr. İlkin avtomaşını satması barədə Pərvizin ona etibarnamə verəcəyini, bildirmişdir. Avtomaşını 800 manata alması barədə İlkin ilə razılığa gəlmişdir. Həmin vaxt avtomaşını alması ilə əlaqədar İlkinə 100 manat beh vermiş və qalan pulu sabah verəcəyini demişdir. Həmin vaxt onunla işləyən Şahid2 yanında olmuşdur. Sabahı günü yəni, 05 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində İlkin idarə etdiyi həmin QAZ-2411 markalı avtomaşınla işlədiyi məntəqəyə tək gəlmiş və avtomaşında metal qırıntıları olmuşdur. Mürşüddən borca aldığı 670 manat pulu avtomaşını almaq üçün, avtomaşında olan metal qırıntıları üçün isə 100 manat İlkinə vermişdir. Beləliklə İlkin satmağa gətirdiyi QAZ-2411 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını ona 770 manata, avtomaşındakı metal qırıntılarını isə 100 manata satıb getdikdən, təxminən 2 saatdan sonra Zərərçəkmiş şəxs iş yerinə gəlmiş və İlkinin ona satdığı QAZ-2411 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını göstərib, ona məxsus olduğunu, yoldan keçəndə avtomaşını gördüyünə görə gəldiyini, demişdir. İlkinin həmin avtomaşını 770 manata ona satdığını Şükürə demişdir.Şükür yanında İlkinin işlədiyini, həmin gün İlkinə metal alıb gətirməsi üçün 300 manat və metalı daşıyıb gətirməsi üçün isə həmin avtomaşını verdiyini demişdir. Şükür avtomaşını aparmaq istədiyini dedikdə, ona avtomaşını almaq üçün 770 manat pulunu qaytardıqdan sonra, avtomaşını aparmasına razı olacağını bildirmişdir. Şükür isə pulu verməyəcəyini deyib, getmişdir. Buna görə İlkinə dəfələrlə zəng etməsinə baxmayaraq, ona zəng çatmamışdır. Avtomaşının onda olduğunu, avtomaşından istifadə etmədiyini, avtomaşını almaq üçün verdiyi 770 manat pulu ona qaytarıldıqdan sonra, avtomaşını qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ona satdığı QAZ-2411 markalı avtomaşının dövlət qeydiyyat nömrəsinin yerinə, baqa avtomaşının ** BA *** dövlət qeydiyyat nömrəsinin bağlanması barədə məlumatı olmamışdır, bu barədə polisdə eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilərək 500 manat cərimə olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasdı CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il azadlıqdan məhrum etmə cəzası 01 il şərti sınaq müddəti ilə əvəz edilmiş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ** BA *** dövlət qeydiyyat nömrəsi altında satılmış QAZ-2411 minik markalı avtomobil Şahid3 işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində metal qəbulu məntəqəsində saxlanılır. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.1992-ci il təvvəllüdlü Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilldir. İş materiallarından gürünür ki, xx.xx.2019-cu il təvvəllüdlü X3 Mirzəyevin himayəsindədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması, o cümlədən İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətdikdən sonrakı davranışına, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınaraq, Şahid3 işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində metal qəbulu məntəqəsində saxlanılan ** BA *** dövlət qeydiyyat nömrəsi altında QAZ-2411 markalı minik avtomobil Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilməlidir. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 357, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Şahid3 işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində metal qəbulu məntəqəsində saxlanılan ** BA *** dövlət qeydiyyat nömrəsi altında QAZ-2411 markalı minik avtomobil Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-142/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-142/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver