Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-143/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci, 147.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır.Uzun illər dövlət və yerli özünüidarə orqanlarında müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır. Hal- hazırda bələdiyyə sədrinin müavini işləyir. X3 hansısa işinin həll edilməsi məqsədi ilə pul aldığını bildirərək ona böhtan atmaqla məşğuldur.Halbuki, bu şəxsi tanımır və onunla hər hansı ünsiyyəti də olmamışdır. Buna baxmayaraq X3 böhtan xarakterli çıxışlarından və yazılarından əl çəkmir. Adı çəkilən şəxsin şikayəti əsasında aparılan araşdırmalar çərçivəsində o, Abşeron rayon Prokurorluğuna dəvət edilmiş və onun şikayət ərizəsində göstərilənlərlə bağlı izahatını da vermişdir.Verdiyi izahatda da bir daha qeyd etmişdir ki, o, X3 adında şəxsi tanımır və onun barəsində yazdıqları həqiqəti əks etdirməməklə böhtan xarakteri daşıyır. Onun yazılı müraciətinə Abşeron rayon prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Aslan Surxayevin imzası ilə verilmiş xx xxxxxx 2020-ci il tarixli,265-C-20 saylı cavab məktubunda X1 müraciəti ilə əlaqədar Səbail rayon Prokurorluğundan Abşeron rayon Prokurorluğuna daxil olmuş toplanmış material üzrə aparılmış araşdırma zamanı vətəndaş X1 göstərdiyi xüsusatlar alınmış izahatlar və toplanmış materiallarla tam təkzib olunaraq öz təsdiqini tapmadığından, toplanmış material üzrə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdə cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul edildiyi bildirilmişdir. Bununla da X1 onun barəsində bildirdiklərinin həqiqətə uyğun olmadığı və böhtan xarakteri daşıdığı bir daha öz təsdiqini tapmışdır. Ancaq sadalanan hala baxmayaraq, hesab edir ki, X1 onun barəsində böhtan xarakterli ərizələrlə hüquqmühafizə orqanlarına şikayətlər etməsi, kütləvi çıxışlarında belə məlumatlar yayması cəzasız qalmamalı və onun bu hərəkətləri hüquqi müstəvidə öz qiymətini tapmalıdır. Belə ki, M.Həsənovun bu əməli onun şərəf və ləyaqətimi ləkələməklə yanaşı, Sumqayıt şəhərinin seçkili yerli özünüidarə orqanı olan bələdiyyənin rəhbərlərindən biri kimi onun işgüzar nüfuzuna da ciddi şəkildə xələl gətirməkdədir. Qeyd edilənləri nəzərə alaraq o, xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 onun barəsində böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətinə, habelə seçkili olan yerli özünüidarə orqanının rəhbərlərindən biri kimi işgüzar nüfuzuna xələl gətirdiyindən, onun qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsluyyətinə cəlb edilməsini tələb etməyi zəruri sayır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və müdafiəçisi xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu bildirməklə şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət bu məhkəməyə aiddir. Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğundur. Buna baxmayaraq məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar məhkəmədə müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respöublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” qərarında qeyd olunur ki, Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən və xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin hesab etdiyi ləkələyici məlumatlar konkret faktlarla bağlı olmadığından, habelə belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmaqla müvafiq dövlət orqanına ünvanlanmış ərizə və şikayətlərdə əks olunduğundan, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin əməlində AR CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi yaratmadığına görə, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-143/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-143/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver