Məhkəmə qərarları › İş №1(012)-143/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-143/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-143/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Bulduğ kəndində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanının yataq otağındakı paltar dolabından keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus bir ədəd, çəkisi 10 qram, 583 əyarlı, 600 manat dəyərində qızıl qol bilərziyini, bir ədəd çəkisi 2 qram, 585 əyarlı 120 manat dəyərində tac formalı qızıl üzüyü, bir ədəd 150 manat dəyərində qızıl sepi və 200 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1070 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 20 dekabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olmuş və rəsmi nikahdan 2 azyaşlı övladları var. Keçmiş həyat yoldaşı Qəndabın valideyinləri İmişli rayonunda yaşayır və həyat yoldaşı Qəndab demək olar ki, iki-üç aydan bir İmişli rayonuna valideynlərini ziyarətə gedir. Zərərçəkmiş şəxs hal-hazırda Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayır. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs İmişli rayonuna getdiyi üçün və müvəqqəti yaşadığı ev sahibsiz qalmaması üçün ondan müvəqqəti evdə qalmağı xahiş etmişdir. Ona görə də Qəndabın evinə getmiş və sonuncu evin açarlarını ona vermiş, Zərərçəkmiş şəxs getdikdən sonra onun evdə saxladığı qızılları və evin pulunun yerini bildiyi və pula ehtiyacı olduğu üçün evdən bir ədəd qızıl bilərziyi, bir ədəd qızıl üzüyü, bir ədəd qızıl sepi və 200 manat nəğd pulu oğurlayıb evi tərk etmiş, oğurladığı qızıl-zinət əşyalarından bilərziyi, üzüyü və qızıl sepi özündə saxlamış, 200 manat nəğd pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. 2022-ci il iyul ayının əvvəlində Qəndab onunla əlaqə saxlayaraq oğurladığı qızılları və 200 manat pulu geri qaytarmağı tələb etmiş və ona qızılları qaytaracağını, pulu isə xərclədiyini bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hal-hazırda ünvan 2 ünvanında 9 yaşlı qızı və 5 yaşlı oğlu ilə bir yerdə yaşayır, fərdi işlə məşğul olur. 20 dekabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikahda olub və rəsmi nikahdan 2 azyaşlı övladları var. Valideyinləri İmişli rayonunda yaşayırlar və o, demək olar ki, iki-üç aydan bir onları ziyarətə gedir. 2022-ci ilin iyun ayının əvvələrinə qədər keçmiş həyat yoldaşı Vüsalla yaşamasa da, sonradan uşaqlarına görə ona mənzilində qalmağa icazə vermişdir. 26 iyun 2022-ci il tarixdə uşaqları ilə bir yerdə İmişli rayonuna valideynlərinin yanına getmiş, getməzdən əvvəl ev yiyəsiz qalmasın deyə rayondan gələnə qədər Vüsalın evdə qalmasını xahiş etmiş və mənzilin açarını ona vermişdir. Bu səbəbdən 26 iyun 2022-ci il tarixdə saat 18 radələrində evdən çıxmış və 05 iyul 2022-ci il tarixdə İmişli rayonundan Xırdalan şəhərinə qayıtmışdır. Yaşadığı mənzilin qapısını döymüş, lakin qapını açan olmadığı üçün öz açarı ilə qapını açıb içəri daxil olmuşdur. İçəri daxil olduqda evin dağınıq olduğunu görüb və tez yataq otağında olan paltar dolabının aşağı hissəsinə baxmış və 1 ədəd, 10 qram çəkidə, 583 əyarlı 600 manat dəyərində qol bilərziyinin, 1 ədəd, 2 qram çəkidə, 585 əyarlı 120 manat dəyərində tac formalı qızıl üzüyün, 1 ədəd, 150 manat dəyərində qızıl sepin və 200 manat nəğd pulun yerində olmadığını görmüşdür. Oğurluğu müəyyən etdikdən sonra Vüsala zəng etmiş, lakin ona zəng çatmamışdır. Oğurluğun onun tərəfindən edilməsinə əmin olduqdan sonra DİN-n 102 xidməti-zəng mərkəzi sisteminə bu barədə məlumat vermişdir. Daha sonra Vüsalı tapmış və o, oğurluq etdiyini etiraf etmişdir. Vüsal ona qızılları lombarda qoyaraq pul götürdüyünü, 200 manat nəğd pulu xərclədiyini və geri qaytaracağını bildirmiş, lakin indiyədək Vüsal ona dəymiş ziyanı ödəməmişdir. Əlavə olaraq o, yaşadığı mənzilin yataq otağında olan paltar dolabından aşağı hissəsindən 1 ədəd, 10 qram çəkidə, 583 əyarlı 600 manat dəyərində qol bilərziyinin, 1 ədəd, 2 qram çəkidə, 585 əyarlı 120 manat dəyərində tac formalı qızıl üzüyün, 1 ədəd, 150 manat dəyərində qızıl sepin və 200 manat nəğd pulun oğurlanması nəticəsində ona ümumilikdə 1070 manat ziyan dəydiyini bildirmişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və ona dəymiş maddi ziyanın ödənildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Brend” adlı lombardda kredit mütəxəssisi kimi işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi lombarda müraciət edərək bir ədəd qızıl sep klounu lombarda qoyaraq 150 manat nəğd pul almışdır. Təqsirləndirilən şəxs həmin qızılı götürərəkən onun şəxsiyyət vəsiqəsinin surətini alaraq müvafiq sənədləşmə aparmışlar, sonradan onlara Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl oğurluq olduğunu məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan bir ədəd qızıl sep klounun oğurluq olduğunu bilməmişlər və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən sonrakı müddət ərzində onun işlədiyi lombarda hər hansı bir qızıl-zinət əşyası təqdim etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “Lombard №1” də kredit mütəxəssisi kimi fəaliyyət göstərir. 26 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi lombarda müraciət edərək 1 ədəd qızıl bilərziyi girov qoymaqla 150 manat pul almış, daha sonra o, 28 iyun 2022-ci il tarixdə yenidən həmin lombarda yaxınlaşaraq 1 ədəd qızıl üzüyü girov qoymaqla 60 manat pul almışdır. 06 iyul 2022-ci il tarixdə o, yenidən həmin lombarda yaxınlaşaraq təqdim etdiyi qızıl bilərziyin tam lombard dəyərinin qalıq hissəsi olan 67 manat 50 qəpik pulu almış, həmin qızıl-zinət əşyaları qəbul edilərkən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti alınmış və bu barədə müvafiq sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs onlara təqdim etdiyi qızıl-zinət əşyalarının oğurluq olması barədə məlumatları olmamışdır. İş materillarında olan X2 19 oktyabr 2022-ci il tarixli 118 saylı ekspert rəyindən görünür ki, fotoşəkilləri təqdim edilmiş qızıl zinət əşyalarının istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti 01 ədəd, 10 qram olan, 583 əyarlı qızıl qol bilərziyi üçün 580 manat, 01 ədəd, 2 qram, 585 əyarlı qızıl üzük üçün 116 manat, ümumi dəyəri isə 696 manat müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış çəkisi 10 qram olan, 583 əyarlı, qızıl qol bilərziyi, çəkisi 2 qram olan, 585 əyarlı, tac formalı qızıl üzük Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq dilir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş, onun barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 03 (üç) ay 10 (on) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 03 (üç) ay 10 (on) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sabirabad İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar