Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-144/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 25.08.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə, 21.04.2020-ci il saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllədə yerləşən hasara alınmayan torpaq sahəsinə gələrək oradan 1 ədəd 3000 manat dəyərində 8.5 tonluq su tutumlu olan dəmir çəni, ümumi 3000 manat dəyərində olan 3 ton dəmir armaturu, 1500 manat dəyərində taxta və 1 ədəd 200 manat dəyərində kislorod balonunu oğurlayaraq, Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 7700 (yeddi min yeddi yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 10-cu korpus, ev 125A-da yaşamışdır. Bildirmişdir ki, heç bir yerdə işləməmişdir. Maddi imkanı olmadığı üçün 21.04.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ərazi ilə qonşu olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində zibilxanalardan dəmir yığıb satmaq istəmişdir. Həmin vaxtı Mehdiabad qəsəbəsi, yeni məhəllədə hasarı olmayan torpaq sahəsində 2 metr enində və 1 metr uzunluğunda dəmir çən olduğunu görmüş və həmin çəni oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə 156 xidmətinə zəng edib evakuator sifariş etmişdir. Günorta saatlarında evukatorla həmin dəmir çəni götürüb, Bakı şəhəri Binəqədi rayonu, “Baksol” yolu deyilən ünvanda yerləşən qara metal qəbulu məntəqəsinə gətirib satmaq istədiyini bildirmişdir. Dəmir çən çəkilmiş və 410 manat dəyərində qiymətləndirilmişdir. 410 manat pulu metal qəbulu məntqəsindən almış və 50 manat evakuator sürücüsünə vermişdir. Qalan 360 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, o, təxminən 5 il bundan əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivində 0.12 ha torpaq sahəsi almışdır. Lakin həmin torpaq sahəsini hasara almamışdır. Torpaq sahəsini aldıqdan sonra tikinti aparmaq üçün oraya 2 ədəd 6.5 tonluq su çənini, 3 ton ağırlığında armatur tikinti materialı, 1 ədəd kislorod balonu və 150 kvadrat metrlik taxta məmulatları yığmışdır. Torpaq sahəsinə hərdən gedib baş çəkmişdir. 21.03.2020-ci il tarixdə torpaq sahəsində gedib baş çəkən zaman hər şey qaydasında olmuşdur. 24.04.2020-ci il tarixdə həmin torpaq sahəsi ilə qonşuluqda torpaq sahəsi olan Şirindil Rəhimov ona zəng edib Abşeron rayonu, Mehdiabad qəsəbəsində ona məxsus olan torpaq sahəsində olan 2 ədəd dəmir su çənin 1 ədədinin, 3 ton ağırlığında armatur tikinti materialı, 1 ədəd kislorod balonu və 150 kvadrat metrlik taxta məmulatının yerində olmadığını və oğurlandığını bildirmişdir. O, bundan sonra Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. O, polisə müraciət etdikdən sonra torpaq sahəsi ilə qonşuluqda yaşayan İlham adlı şəxs ona məxsus olan torpaq sahəsindən Evakuator 156, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələn şəxsin və sürücüsünün 1 ədəd çəni avtomobilə yükləyib apardığını bildirmişdir. Həmin avtomobillə gələn şəxslər 21.03.2020-ci il tarixdən 24.04.2020-ci il tarixdək olan müddətdə hissə-hissə torpaq sahəsindən ona məxsus olan 3 ton ağırlığında, təxminən 4 ton ağırlığında 6.5 ton su tutumu olan emalirovınnıy su çənini, 1 ədəd kislorod balonunu və 150 metr kvadrat sahədə tikinti aparmaq üçün lazım olan taxta məmulatlarının xeyli hissəsini oğurlayıb aparmışlar. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Tərtər rayonu, Süsəndi kəndində yaşayır. 2020-ci ilin may ayına qədər Abşeron rayonu Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşamışdır. May ayından ailəsi ilə birlikdə Tərtər rayonuna köçüb orada yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evin qarşısındakı torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Məhərrəm torpaq sahəsinə 1 ədəd dəmir çən, armatur və taxta məmulatları yığmışdır. 2020-ci ilin aprel ayının əvvəllərində günorta saatlarında orta boylu dolu bədən quruluşlu bir nəfər şəxs evakuatorla Məhərrəmin torpaq sahəsinə gəlib dəmir çəni evakuatora yüklətdirmişdir. O, evakuatorun qeydiyyat nömrə nişanını yazmış və bu barədə Məhərrəmə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 15, mənzil 35-də yaşayır. Bildirmişdir ki, o, 25.10.2019-cu ildən Bakı şəhərində fəaliyyət göstərən 156 evakuasiya xidmətində sürücü işləyir. Xidmətə məxsus “İsuzu” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 2020-ci ilin aprel ayının əvvəllərində Abşeron rayonu, Mehdiabad qəsəbəsində 1 ədəd çən dşımaqla bağlı xidmətdən sifariş qəbul edib, sifarişçi ilə əlaqə saxlamış, sifarişçi onu Baksol yolundan götürməsini bildirmiş və o, həmin ünvana gedib sifarişçi olan şəxsi götürüb Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə boş torpaq sahəsində dəmir çəni göstərib evakuatora yükləməsini bildirmişdir. O, da həmin dəmir çəni evakuatora yükləmiş və sifariş edən şəxs dəmir çəni Bakı şəhəri, Binəqədi rayonu Baksol yolu deyilən ünvanda metal qəbulu məntəqəsinə aparmasını bildirmişdir. O, həmin şəxslə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu deyilən ünvanda metal qəbulu məntəqəsinə aparmış və qəbul məntəqəsində dəmir çən çəkildikdən sonra o, çəni evakuatordan düşürmüşdür. Sifariş edən şəxs ona 50 manat ödəniş etmiş və o, oradan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/5058, Vidadi küçəsi 6, mənzil 14-də yaşayır. Bildirmişdir ki, o, 2018-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” deyilən ünvanda qara metal qəbulu məntəqəsini işlədir. Qara metalın tonunu hazırda 260 manata almışlar. 21.04.2020-ci il tarixdə Etibar adlı şəxs evakuatorla qəbul məntəqəsinə yararsız 1 ədəd su çəni gətirmişdir. Həmin çən çəkilmiş və həmin vaxta uyğun qiyməti 410 manat etmişdir. O da Etibar adlı şəxsə 410 manat pul ödəmiş, həmçinin çəni alarkən Etibardan şəxsiyyət vəsiqəsinin surətini qəbul etmişdir. Bundan bir neçə gün sonra polis əməkdaşları məntəqəyə gəlib həmin su çəninin oğurluq olduğunu bildirmişlər. Qeyd etmişdir ki, Etibar adlı şəxsin məntəqəyə satdığı 1 ədəd su çənini aldıqdan 1 gün sonra emal üçün Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən metal zavoduna təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 16.09.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. 25.08.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 25.08.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25.08.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25.08.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-144/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-144/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver