Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-144/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən yaşadığı 5C saylı binanın komendantı vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə mübahisə etmiş, daha sonra sonuncunu həmin yaşayış kompleksində yerləşən 5A saylı binanın qarşısına dəvət edib, orada sonuncunu münaqişəyə cəlb edərək bu zaman ətrafda olan çoxsaylı vətəndaşlara əhəmiyyət vermədən yaşayış binalarının qarşısında ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib onların rahatlığını pozaraq digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs yerə yıxaraq ona sağ çiyin qurşağının üst səthinin, sağ əlin İ barmağının orta falqasının üst səthinin sıyrıqları, döş qəfəsinin sağ yarısının yuxarı hissəsinin ön səthinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə özünü təqsirli bilmir. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir və tam aydındır. 2012-ci ildə Qafqaz universitetini bitirib, hərbi xidmətə getmiş, müddətli hərbi xidməti bitirdikdən sonra leytenant rütbəsi ilə Qazax rayonu “n” saylı hərbi hissədə iki il xidmət etdikdən sonra ehtiyata buraxılmışdır. 2020-ci ilin sentyabr ayı ikinci Qarabağ müharibəsi başlayan zaman müharibədə iştirak etmişdir. ünvan 1 ünvanında yerləşən mənzili 2015-ci il tarixdə alsa da orada 2016-cı ildən yaşayır. Yaşadığı binanın komendantı işləyən İsrafil adlı şəxs 2021-ci ildən bu vaxta qədər mütəmadi olaraq ondan həmin mənzildə yaşamadığı müddət ərzində olan kommunal borcunu istəmişdir. O isə hər ay əsassız olaraq yığıldığını bildiyi halda 36 manat kommunal xərcləri ödəsə də, yaşamadığı dövrə görə pul ödəməkdən imtina etmişdir. Ona görə də İsrafil mütəmadi olaraq binanın girişindən onun yaşadığı mənzilə gələn elektrik xətlərini kəsmişdir. Bu səbəbdən aralarında bir neçə dəfə mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı məhəllədə özünə məxsus avtomobili yudurdarkən İsrafil yenə də onun isttifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək kommunal xərcləri ödəməyini tələb etmişdir. O da Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə kommunal xərclərini ödədiyini bildirsə də, Zərərçəkmiş şəxs köhnə borclarını nəzərdə tutduğunu demişdir. Bundan sonra onlar bir neçə dəqiqə telefonda mübahisə etdikdən sonra o, telefonu söndürmüşdür. Təxminən beş dəqiqədən o, İsrafillə danışıb harda olduğun soruşmuş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Sonra binanın həyətində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında mübahisə edən zaman İsrafil onun əynində olan paltarın yaxasından yapışmış, o da İsrafilin yaxasından tutmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs qəflətən sağ əli ilə onun burnunun üstündən yumruqla zərbə vurmuş, həmin zərbənin təsirindən o müvazinətini itirib arxa tərəfə sol çiyin üstə yıxılmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs yaxasından yapışdığı üçün İsrafil də onun üstünə yıxılmışdır. O yerdən qalxdıqdan sonra burnunun üstündən qan gəldiyini hiss etmiş, İsrafil də bunu gördükdə qorxub sakitləşmişdir.Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 1988-2016-cı il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İ Qarabağ müharibəsi veteranıdır. 2020-ci ilin sentyabr ayından X4 MMC-yə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksində komendant vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərindən irəli gələrək hər ay sakinlərin kommunal xidmətlərin ödənilməsi məsələsinə nəzarət edir. Lakin heç vaxt onunla sakinlər arasında problem yaşanmamışdır. 05 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Yeni ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs adlı sakin yaşadığı mənzilə kondisioner quraşdırırkən o, Təqsirləndirilən şəxs irad bildirmiş, betonu yarmamağı, kondisionerin çıxışını pəncərənin altından qoymağı xahiş etmişdir. Bu səbəbə görə də ilk dəfə aralarında mübahisə baş vermişdir. Bundan sonra aralarında soyuqluq yaranmışdır. Bir həftə sonra o, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə zəng edərək kommunal borcunu ödəməsi barədə xahiş etmiş, buna görə də aralarında telefon vasitəsi ilə yenə də mübahisə yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona qarşı nalayiq söyüşlər söyməyə başlamış, o da telefonu söndürmüşdür. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs təkrarən ona zəng edərək onu Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən 5A saylı binanın qarşısında gözlədiyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs yanına getmiş, Samirin yanına çatdıqda Təqsirləndirilən şəxs təkrarən nalayiq ifadələr işlətməyə başlamışdır. O Samiri sakitləşdirməyə çalışdıqda Təqsirləndirilən şəxs onun üstünə hücum çəkərək onu qucaqlamış və hər ikisi müvazinətlərini itirərək yerə yıxılmışlar. Bu vaxt o sol çiyin üstə, Samir isə üzü üstə yerə yıxılmışdır. Hadisələr qəfil baş verdiyindən prosesin necə inkişaf etdiyini tam dəqiq xatırlamır. Onların arasında baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxt orada bir neçə nəfər sakinlər də olmuşdur. Onlar yerə yıxıldıqdan sonra Samir qalxaraq oradan uzaqlaşmış, o da baş vermiş hadisə barədə Abşeron rayon polis idarəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs burnunun qanamasını isə sonradan sakinlərdən öyrənmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı binanın yaxınlığında piyada gəzişərkən möhkəm səslər eşitməyə başlamışdır. Həmin vaxt aralıqda bina olduğu üçün heç nə görməmiş, lakin səsin binanın komendantı İsrafilə məxsus olduğunu başa düşdükdə səs gələn tərəfə yaxınlaşmağa başlamışdır. Daha sonra İsrafilin bir nəfər şəxslə münaqişə etdiyini görmüşdür. Bu zaman o, münaqişə edən şəxslərdən təxminən 40-50 metr uzaqda olmuşdur. Həmin vaxt o, həmin şəxslərin qucaqlaşaraq hər ikisinin yerə yıxıldığını görmüşdür. Daha sonra həmin şəxslər yerdən qalxaraq hər ikisi oradan uzaqlaşmışlar. Bundan sonra o da oradan uzaqlaşmışdır. Həmin gün qonşulardan İsrafil adlı komendantın həmin şəxslə aralarında olan pul haqq-hesabına görə münaqişə etdiyini eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər: burun sümüyünün sınığı,burun çəpərinin travmatik əyriliyi və burun tənəfüssünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı və səthi əzilmiş yarası, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol diz oynağı və baldır nahiyələrinin qançırı küt əşyanın (əşyaların) təsirindən ilkin müayinədən bir neçə saat əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən burun sümüyünün sınığı, burun çəpərinin travmatik əyriliyi və burun tənəfüssünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı və səthi əzilmiş yarası, sol diz oynağı və baldır nahiyələrinin qançırı qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruq və təpiklə vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər. Sol dirsək oynağı nahiyəsinin sıyrığının isə Təqsirləndirilən şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində yetirilməsi inkar edilmir. Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Toplanmış materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1249 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ çiyin qurşağının üst səthinin, sağ əlin İ barmağının orta falqasının üst səthinin sıyrıqları, döş qəfəsinin sağ yarısının yuxarı hissəsinin ön səthinin qançırı – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, 1-ci Qarabağ müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-144/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-144/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver