Məhkəmə qərarları › İş №1(012)-145/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-145/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-145/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 81-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar sahəsi, Novxanı bağları, ev 146-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Masazır-Novxanı yolu ilə Novxanı bağları istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimüm sürətin məhdudlaşdırılması» yol nişanının) tələbini pozaraq avtomobilini hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq sürətlə idarə edərək Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsində «Oskar» Yanacaqdoldurma Məntəqəsinin qarşısındakı ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, yolu soldan sağa keçən piyada X12 avtomobilin sol qabaq hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya baş beyinin yumşaq toxumalarına qansızmalar, ənsə, sağ təpə nahiyəsinin, sol kürək nahiyəsinin əzilmişcırılmış yaraları, alının, sağ almacıq nahiyələrinin sıyrıqları kimi həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək Elşən Qasımlının baş beyinin yumşaq toxumalarına diffuz qansızmalarla və ənsə və sağ təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan açıq kəllə beyin travması nəticəsində hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özünə məxsus olan Opel Astra markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, həmin avtomobili təxminən 1 ildir ki, almış və həmin avtomobil onun şəxsi mülkiyyətindədir. Avtomobili “X6 Verilməsi haqqında” etibarnamə ilə idarə edir. 24 sentyabr 2022-ci il tarixdə təxminən 21 radələrində sonuncu müştərini düşürdükdən sonra Abşeron rayonu, Masazır-Novxanı avtomobil yolunun sağ kənarında Duz gölünün yanında yerləşən yanacaq doldurma məntəqəsindən avtomobilinə yanacaq doldurmuş, sonra ünvan 1 ünvana getməyə başlamışdır. “Oskar” X5rşısına çatan zaman həmin məntəqədən bir neçə maşınların çıxdığını görmüş, ona görə həmin avtomobillərin yola çıxmasına şərait yaratmaq üçün öz hərəkət istiqamətini dəyişərək sol hərəkət zolağına tərəf keçmişdir. Həmin yol iki tərəfli olmaqla qoşa xəttlə ayrılır. Hər bir hərəkət istiqamətində də iki hərəkət zolağı vardır. X5rşısında yolu dönmək üçün qırıq xətlər vardır. O, sol hərəkət zolağı ilə gedən zaman YDM-dən çıxan avtomobillərin biri onunla paralel sağ tərəfi ilə hərəkətdə olmuş, bu zaman əks tərəfli yol ilə başqa bir maşının gəlməsini görmüş, həmin vaxt qarşıdan gələn maşının öz işıqlarını bir neçə dəfə uzaq işıqlarını yandırıb keçirmiş, həmin vaxt hava həm qaranlıq, həm yağışlı, həm də qarşıdan gələn avtomobil bir neçə dəfə uzaq işıqlarını yandırıb keçirdiyinə görə o tam olaraq qarşısını görə bilməmiş, təxminən 4-5 metr qabağı görə bilmişdir. Həmin anda yolun sol tərəfindən qoşa xəttin üzərindən bir nəfər şəxsin qaçaraq onun yoluna çıxdığını görmüş, piyadanı gördüyü anda aralarında təxminən 2-3 metr ara məsafəsi qalmış, o ani anda əyləci basmaq istəsə də, bunu bacara bilməmiş, hadisə baş verən anda həm əks tərəfli hərəkət yolundan avtomobilin gəlməsinə, həmdə onun sağ tərəfindən onunla paralel formada avtomobil getməsinə görə avtomobili nə sağ tərəfə, nədə ki, sol tərəfə qaçırda bilməmiş, piyadanı gördüyü anda öz hərəkət yolunda onu vurmuşdur. Piyada maşının sol tərəfindən, baş nahiyəsi isə maşının sol tərəfdən alın şüşəsinə dəymiş, piyada maşının qabaq sol hissəsinə dəydikdən sonra maşını yolun hərəkət hissəsində əyləci basıb saxlamışdır. Bu vaxt həmin piyada yolun əkstərəfli yolunda təxminən 4-5 metr avtomobildən uzağa tullanmış, o, maşından düşüb piyadanın yanına tərəf getmiş, həmin şəxs yolun əks tərəfli istiqamətində uzanıqlı vəziyyətdə qalmış, xəsarət almış piyadanın başından qan axmış, o, özünü həmin anda itirmiş, sonra yolun hərəkət hissəsində qalan avtomobilini çəkib yolun kənarında saxlamışdır. Bir neçə dəqiqədən sonra isə hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Hadisə zamanı avtomobili idarə edən zaman spirtli içki qəbul etməmiş, hadisə yerində avtomobilini 60-70 km/saat sürətlə idarə etmiş, həmin yolda maksimal surət həddi 60 km/saat olmuşdur. O, təhlükəni gördüyü anda piyada ilə arasında təxminən 2-3 metr ara məsafəsi olmuşdur. Piyada yolun sol tərəfindən sağ tərəfinə qaçaraq keçmək istədiyi anda özünü itirdiyi üçün hər hansı təhlükəsizlik tədbiri görə bilməmiş, yəni avtomobilin əyləcini basmağa şəraiti olmamış və piyadanı bir anda vurmuşdur. Mərhumun ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, oğlu X16 və digər övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayə yaşamışdır. Belə ki, oğlu məktəbdən çıxaraq bu il kollecə daxil olmuş və eyni zamanda “Oskar” YDM-də operator kimi işə düzəlmişdir. O, həmin yanacaq doldurma məntəqəsində aylıq 450 manat maaş almış, o, təhsili ilə əlaqədar axşam saat 20 radələrində işə gedərək, gecə növbəsində işləyir və səhəri günü isə kollecə getmişdir. Mərhu oğlu X16 24 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində eyni qayda ilə gecə növbəsinə işə getmiş, o isə həmin günü evdə olmuşdur. Həmin günü təxminən saat 23 radələrində qohumlarından bir nəfər ona zəng vuraraq, oğlunun maşınla vurulduğunu bildirmiş, o, dərhal evdən çıxaraq hadisə yerinə gəlmək istəmiş, bu zaman oğlunu artıq xəstəxanaya apardıqlarını bildirmiş, o, yenidən xəstəxana istiqamətində geri qayıtmış, oğlu artıq ölmüşdür. Bundan sonra polis əməkdaşları oğlunun meyitinin MTE və PA birliyinə məhkəmə-tibbi ekspertizasında müayinə olunması üçün aparmış, meyit müayinə olunduqdan sonra səhərisi günü ona təhvil verilmiş, 25 sentyabr 2022-ci il tarixdə mərhum oğlunu qohumlarının olduğu Yardımlı rayonu, Alçabulaq kəndinə aparmış və orada dəfin etmişdir. Göstərmişdir ki, hadisəni konkret olaraq görməmiş, ona görə də bu barədə konkret olaraq heç nə deyə bilmir, oğlu aldığı xəsarətlərdən hadisə yerində də ölmüşdür. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 149 saylı rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X10 meyitinin məhkəmə tibbi müayinəsinə və laborator müayinənin cavabına əsasən aşağıdakı nəticəyə gəlirəm:

1. X3 meyitində aşağıdakı xəsarətlər aşkar edildi - baş beyinin yumşaq toxumalarına qansızmalar, ənsə, sağ təpə nahiyəsinin, sol kürək nahiyəsinin əzilmişcırılmış yaraları, alının, sağ almacıq nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, həyatı əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstiərilən şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. X3 ölümünə səbəb – baş beyinin yumşaq toxumalarına diffuz qansızmalarla və ənsə və sağ təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan açıq kəllə beyin travması olmuşdur. Lakin meyit əlamətlərin inkişaf dərəcəsinə görə əsasın onu demək olar ki, ölüm onun meyitxanadakı (xx.xx.2022, saat 00:30) müayinəsindən 2-4 saat əvvəl baş vermişdir.

3. X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 04 noyabr 2022ci il tarixli 8/2850 saylı rəyindən görünür ki, Opel Astra markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq sürətlə idarə etməsi şəraitində, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimüm sürətin məhdudlaşdırılması» yol nişanının) tələbinə uyğunsuzluq olmuşdur. X18 və Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022-ci il tarixli, 1851 saylı tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Abşeron rayon Pİ-nin DYPŞ-in xx.xx.2022-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına BC dərəcəli AE 036828 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2018-ci il tarixə kimi etibarlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X1 Ədalət Tahir oğlunun himayəsindədirlər. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar