Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-145/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Zəngilan rayon 33 nömrəli tam orta məktəbdə fiziki hazırlıq müəlliməsi işləyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Xumarlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 4, mənzil 51-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən, Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının birinci mərtəbəsinin dəhlizində ətrafda olan şəxslərə məhəl qoymayıb, gücünü nümayiş etdirmək, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ucadan qışqırıb səs-küy salaraq söyüşlər söyüb qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmuş, həmçinin ondan 4-5 metr kənarda dayanmış Zərərçəkmiş şəxs üzərinə gedərək əl və ayaq zərbələri ilə vurmaqla sonuncuya boyun nahiyyəsinin sol yan səthinin sıyrıqları ilə müşayiət edilən, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 4, mənzil 51-də yaşayır. Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə tam olaraq xx.xx.2023-cü il tarixdə iş yeri olan Zəngilan rayon, 33 saylı tam orta məktəbin dəhlizində baş vermişdir. Aralarında olan münaqişənin başlamasına səbəb Zərərçəkmiş şəxs direktorla birgə bufeti işlətməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə tədbirlə bağlı məktəbə dəvət olunmuş, orada Elnarədən hansı səbəbə görə ailə üzvünə zəng etdiyini soruşmuş, Elnarə cavabında ona təhqiredici nalayiq sözlərlə yaxşı elemişəm demişdir. O, Elnarəyə ictimai yer olduğu üçün pis söz danışmamasını bildirmişdir. Elnarə ilə mübahisə edən zaman Elnarə onun saçına əl atmış, qulağında olan qızıl sırğanı dartıb qulağını cırmışdır. Ondan sonra onlar əlbəyaxa olmuşlar. Daha sonra məktəbin direktoru Səadət müəllimə gəlib qulağının qanamasını görmüşdür. Elnarənin anası və gəlini məktəbə gəlib yalvarmışlar ki, polisə şikayət ərizəsi verməsin, bütün xərci özləri çəkəcəklər. Elnarənin anasının ağbirçək bilib həmdə xəstə olduğunu bilib söz vermişdir ki, nə polisə nədə həkimə məlumat verməyəcək. 10 gün bayram olmuş və daha sonra Zəngilan polisindən ona zəng gələrək Elnarənin onun barəsində şikayət etdiyini bildirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində rayon polis şöbəsinə şikayət verdiyini bildirmişdir. Məktəbdə baş vermiş hadisənin videoçəkilişində qeydlərin əvvəldən olmamış, əslində videoçəkilişdə görünənin əksinə, birinci onun saçından tutanın Elnarə olmuş, özünü daha sonra müdafiə məqsədilə Elnarəyə fiziki zor tətbiq etmiş, videoçəkilişdə ilk olaraq özünün fiziki zor tətbiq etdiyinin görünməsinin səbəbi çəkilişin əvvəlinin götürülməməsidir. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, o cümlədən bütün göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 8, mənzil 20-də övladı ilə birlikdə yaşayır. 2013-cü il tarixdən Zəngilan rayonu, 33 saylı tam orta məktəbdə xadiməçi vəzifəsində işləyir. Bundan başqa məktəbin bufetində də işləyir. Təqsirləndirilən şəxs da həmin məktəbdə fiziki hazırlıq müəlliməsi vəzifəsində işləyir. Aralarında olan mübahisə onun bufeti işlətdiyi ilə bağlı olmuş və hər dəfə Pərvanə ona nalayiq sözlər işlədərək bufeti işlətməməyini tələb etmişdir. Pərvanənin yeznəsi Turala zəng edib qaynanasının etdiyi hərəkətləri ona bildirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə novruz bayramı ilə əlaqədar olacaq tədbirə gələn zaman məktəbin dəhlizində Pərvanə ilə qarşılaşan zaman Pərvanə yeznəsinə zəng etdiyinə görə ona nalayiq sözlər işlədərək onu təhqir etmişdir. Pərvanəyə cavab qaytaran zaman Pərvanə onun boyun nahiyəsindən vurmuş, onları məktəbin təsərrüfat müdiri Şahid2 və musiqi məktəbinin xadiməçisi Yeganə onları ayırmağa çalışmışdı. Pərvanə ayrılqdıqdan sonra yenidən ətrafdakı insanların yanında onun üzərinə gələrək saçından tutub onu yerə yıxıb təpiklə bir neçə zərbə vurmuşdur. Daha sonra o, polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdı. Pərvanə ilə aralarında mühabisə olan zaman Pərvanə ona söyüşlər söymüş, həmin vaxt səs-küy olmuş, səsə bir neçə nəfər gəlib onları ayırmış, həmin hadisə təxminən 15 dəqiqə davam etmişdir. Ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 5, mənzil 6-da ailə üzvləri ilə birlikdə yaşayır. 2016-cı il tarixdən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən Zəngilan rayon 33 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs də onunla birlikdə həmin məktəbdə işləyirlər. Pərvanə fiziki hazırlıq müəlliməsi, Elnarə xanım isə xadiməçi işləyir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində məktəbin inzibati binasının həyətində “Novruz Bayramı” şənliyi keçirilmiş, məktəbin dəhlizində dayanaraq tədbir iştirakçılarının geyimlərinin dəyişməli olduğu otağı göstərmişdir. Həmin vaxt Pərvanə yanına gələrək yaxın qohumu rəhmətə getdiyi üçün ona baş sağlığı verib, xonça qabını götürmək üçün idman zalına getmişdir. Sonradan dəhlizdə Pərvanə və Elnarə qarşılaşarkən Pərvanə “nə üçün qızımın həyat yoldaşına zəng etmisən, o sənin həyat yoldaşındır?” deyə soruşduqda Elnarə “yaxşı elemişəm” deyə cavab vermiş, Pərvanə isə Elnarənin boyun hissəsindən əli ilə zərbə vurmuş və aralarında mübahisə başlamışdır. Pərvanə ilə Elnarəni ayırmış, Elnarə və Pərvanə qarşılıqlı olaraq uca səslə bir-birlərinə nalayiq sözlər işlədərək bir-birlərini təhqir etmişlər. Səs-küyə məktəbdə oxuyan bir neçə uşaq, musiqi məktəbinin xadiməçisi Yeganə və tədbirlə əlaqədar gələn qonaqlar gəlmişlər. Dalaşmamaları üçün Pərvanəni məktəbin giriş qapısına tərəf çəkmişdir. Pərvanə ilə Elnarə yenidən bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Aralarında sözlə mübahisə olan zaman 4-5 metr məsafə olmuş, Pərvanə qəflətən Elnarənin üzərinə gedərək onun saçından tutub dartmış və daşalmağa başlamışlar. Pərvanə və Elnarə bir-birlərinin saçını yolub nalayiq sözlər işlətmişlər. Həmin yerə gələn Yeganə ilə onları ayırmağa çalışmış, lakin ayıra bilməmişdir. Sonra ayrılmadıqları üçün əsəbləşib xadimələr üçün nəzərdə tutulmuş otağa keçmiş, onların səs-küyünün gəldiuyini eşidib yenidən geri qayıdaraq Pərvanənin Elnarəni yerə yıxaraq təpiklə vurduğunu görüb onları ayırmışdır. Daha sonra Pərvanənin yerdə nə isə axtardığını görüb soruşanda Pərvanə ona sırğasını axtardığını demişdir. Pərvanənin qulağına baxanda qulağının qanadığını görmüşdür. Baş vermiş hadisədən bir müddət sonra xadimələr üçün nəzərdə tutulmuş otaqda Elnarənin anası Zeynəb və gəlinləri Nərmin, məktəbin direktoru Səadətin söhbət etdiyini görüb öz xidməti otağına getmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının dəhlizində baş vermişdir. Aralarında mübahisə olan zaman ilk öncə Pərvanə Elnarənin boyun nahiyəsinə yumruqla zərbə vurmuş, onları ayırdıqdan sonra ikinci dəfə onlar mübahisə edən zaman da Pərvanə 4-5 metr Elnarəyə tərəf gedib Elnarənin saçından tutmuş, daha sonra Elnarənin yerə yıxıldığını, Pərvanənin ona təpiklə zərbələr vurduğunu görmüşdür. Daha sonra Pərvanə yerdən sırğasını axtaran zaman onun qulağının sırğa yerinin cırıldığını, oradan qan gəldiyini görmüş, Pərvanə həmin xəsarəti ona Elnarənin yetirdiyini demişdir. Elnarə ilə Pərvanənin arasında olan münaqişə, dava təxminən 15 dəqiqə davam etmiş, səs-küy olmuş, onlar məktəbin inzibati binasında ətrafda olan adamların yanında, heç kimə fikir vermədən bir-birlərinə ucadan nalayiq söyüşlər söymüşlər, onları ayırmaq istəsələr də əhəmiyyət vermədən öz hərəkətlərin davam etdirmişlər. Onların səs-küyünə ətrafdan bir neçə şəxs gəlmiş, hətda novruz şənliyi üçün gəlmiş tanımadığı bir neçə qonaq da onların hərəkətlərinə baxıb “ayıb olsun bura məktəbdir” demişlər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə 18.303.2023-cü il tarixdə saat 13:00 radələrində Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının dəhlizində baş vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında baş verən münaqişənin başlanmasına səbəb Pərvanənin Elnarəni görən zaman yüksək səslə ondan qohumuna zəng etməsinə etirazını bildirməsi, həmin səbəbdən aralarında yaranmış mübahisə zamanı Pərvanənin Elnarənin boyun nahiyəsinə yumruqla zərbə vurmasıdır. Həmin dava zamanı səs-küyə gəlmiş şəxslər bayram tədbirində olan şəxslər olmuş, bir neçə tanımadığı şəxs isə dava olan vaxt gəlib qıraqdan baxıb müdaxilə etməmişlər, “ayıb olsun bura məktəbdir” demişlər. Həmin mübahisə, dava təxminən 15 dəqiqə davam etmiş, səs-küy olmuş, onlar məktəbin inzibati binasında ətrafda olan adamların yanında, heç kimə fikir vermədən bir-birlərinə ucadan nalayiq söyüşlər söymüş, onları ayırmaq istəsələr də onlara əhəmiyyət vermədən öz hərəkətlərin davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi bina 11, mənzil 28-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2023-cü il tarixdə Pərvanə ona zəng edərək qızı Elnarə tərəfindən döyülməsini, qulağının cırılmasını və bu barədə Elnarədən polisə şikayət edəcəyini bildirdikdə narahat olub dərhal gəlini Nərminlə birlikdə 33 saylı tam orta məktəbə getmişdir. Orada onları Pərvanə və məktəbin direktoru Səadət Səfquluyeva qarşılamış və Pərvanə ona qızı Elnarə tərəfindən döyülməsini və qulağının cırılmasını bildirib və qulağındakı yaranı ona göstərmişdir. Onun səhhətinin pisləşdiyi üçün gəlini Nərmin onu evə gətirmişdir. Daha sonra Pərvanənin polisə şikayət etməməsi üçün gəlini Nərminlə digər qızı Xeyrənsədən Pərvanənin evinə getmələrini, hazırladığı bayram xonçasını və əlavə olaraq aldığı xəsarətləri müalicə etməsi üçün onlara verdiyi 100 manat pulu Pərvanəyə vermələrini xahiş etmişdir. Bir müddət sonra Nərmin və Xeyrənsə Pərvanəgildən evə qayıdaraq Pərvanədən üzrxahlıq etdiklərini, verdiyi 100 manatı və bayram xonçasını Pərvanəyə verdiklərini bildirmişlər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dalaşan zaman orda olmamış, sonradan Pərvanə ilə Elnarənin dalaşıb bir-birlərinə xəsarətlər yetirdiklərin öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 şahid Zeynəb Hüseynovanın ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi bina 6, mənzil 4-də ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci il tarixdən Zəngilan rayonu, 33 saylı tam orta məktəbin inzibati binasında fəaliyyət göstərən 1 saylı Ağdam musiqi məktəbində xadiməçi işləyir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində 2020-ci il təvəllüdlü nəvəsi X3 evdən götürüb bayram konsertinə baxmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən 33 saylı tam orta məktəbə gəlmişdir. Nəvəsi ilə məktəbin inzibati binasına daxil olan zaman məktəbin dəhlizində 33 saylı məktəbin müəlliməsi Təqsirləndirilən şəxs ilə məktəbin xadiməçisi Zərərçəkmiş şəxs uca səslə nalayiq sözlər işlədərək bir-birlərini təhqir etdiklərini və əlbəyaxa dalaşdıqlarını görüb məktəbin təsərrüfat işləri üzrə direktor müavini Talehlə onları ayırmaq istəmiş, lakin onları sakitləşdirə bilməmiş, Elnarə ilə Pərvanənin dalaşmasından azyaşlı nəvəsi Zülfiqarın qorxaraq ağladığını görüb oradan getmişdir. Həmin hadisədə təxminən 5 dəqiqə olmuş, daha sonra getmişdir. Elnarə ilə Pərvanənin yanına gələn zaman onlar bir-birinin saçından tutub dartıb dalaşırmışlar, onları ayırmaq istəsə də onları ayıra bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 İsgəndər oğlu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi bina 3, mənzil 10-da ailə üzvləri ilə birlikdə yaşayır. Zəngilan rayonu, 33 nömrəli tam orta məktəbin 8-ci sinifində oxuyur. X8 oxuduğu tam orta məktəbdə xadimə işləyir. xx.xx.2023-cü il tarixdə məktəbdə dərs olmasa da Novruz bayramı ilə bağlı tədbir keçirildiyi üçün məktəbə gəlmişdir. Bayram tədbiri məktəbin inzibati binasının qarşısında keçirilirmiş və təxminən saat 14:30 radələrində tədbirdən götürdüyü səmənini anasına vermək üçün anasını axtarmış, anasının məkətbin inzibati binasında olduğunu düşündüyü üçün məktəbin inzibati binasına xadimələrin otağına getmişdir. Xadimələrin otağına gedən zaman məktəbdə idman müəllimi işləyən Pərvanə də həmin otaqda olmuşdur. Əlində olan səmənini həmin otaqda qoyub anasını tapmaq istəmişdir. Pərvanə ondan əvvəl otaqdan çıxmış, Pərvanə çıxdıqdan sonra səs gəldiyini eşidib o da dəhlizə çıxıb Taleh müəllimin yanına yaxınlaşmışdır. Həmin vaxt Pərvanə ilə məktəbdə xadimə işləyən Elnarə uca səslə mübahisə edib bir-birlərinə söyüşlər söyərək dalaşmaq istəmişlər, Taleh onları sakitləşdirmişdir. Sonra yenidən xadimələrin otağına getmiş, ondan sonra Pərvanə də həmin otağa getmişdir. Pərvanə otaqdan özünə aid əşyaları götürüb yenidən dəhlizə çıxmış, dəhlizə çıxan zaman Pərvanə ilə Elnarənin arasında olan mübahisə davam etmiş, onların arasında mübahisə olan zaman da Talehə yaxınlaşıb anasının harda olduğunu soruşmuşdur. Pərvaə ilə Elnarənin arasında olan mübahisə daha çox artmış və Pərvanə Elnarəyə tərəf gedərək Elnarənin saçından tutmuş, Həmin vaxt Elnarə də Pərvaənin saçından tutumuş və dalaşmışlar. Taleh və xadimə işləyən Yeganə onları aralaşdırmaq istəmiş, lakin onları aralaşdıra bilməmişdir. Həmin vaxt yenidən xadimələrin otağına getmiş, ondan bir qədər sonra Taleh də həmin otağa gəlmişdir. Sonra otaqda olan səmənini götürüb yenidən dəhlizə çıxmış, həmin vaxt Taleh Elnarə ilə Pərvanəni ayırmışdı. Həmin yerdən çıxıb həyətə getmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan mübahisə, dava təxminən 10 dəqiqə davam etmiş, səs-küy olmuş, Pərvanə ilə Elnarə dalaşaraq ucadan bir-birlərinə söyüşlər söymüşlər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birlərinin saçından tutub dartıb dalaşmışlar, onlar dalaşan zaman sonradan xadimlərin otağına getmiş, bir-birlərinə necə xəsarət yetirmələrin görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, Elnarə oxuduğu məktəbin xadiməçisi, Pərvanə isə həmin məktəbin fiziki hazırlıq müəlliməsidir. xx.xx.2023-cü il tarixdə oxuduğu Zəngilan rayonu 33 saylı tam orta məktəbdə keçirilən novruz bayramı şənliyində iştirak etdikdən sonra su almaq və paltarlarını dəyişmək üçün məktəbin bufetinə getmişdir. Daha sonra məktəbin dəhlizində səs-küy eşitdiyi üçün ora getmiş və Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə etdiklərini, məktəbdə işləyən Taleh müəllimin isə onları ayırdığını görmüşdür. Elnarə ilə Pərvanə bir-birlərinə nalayiq söyüşlər söyərək bir-birlərini təhqir etmişlər. Elnarə ilə Pərvanəyə əhəmiyyət verməyərək idman zalına getmiş, lakin səs-küyün artdığını görüb məktəbin dəhlizinə tərəf qayıtmışdır. Dəhlizə qayıdan zaman Pərvanə ilə Elnarənin dalaşmasını və Taleh müəllimin onları ayırdığını görmüşdür. Elnarə ilə Pərvanə dava bitdikdən sonra da bir-birlərini küçə söyüşləri ilə təhqir etmişlər. Elnarə ilə Pərvanənin birbirlərinə necə xəsarət yetirmələrin görməmiş, lakin davadan sonra Pərvanənin qulağının qanamasını və Elnarənin üzündə qızartılar olduğunu görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, Elnarə oxuduğu 33 saylı tam orta məktəbdə xadiməçi, Pərvanə isə həmin məktəbin fiziki hazırlıq müəlliməsi işləyir. xx.xx.2023-cü il tarixdə oxuduğu Zəngilan rayonu 33 saylı tam orta məktəbdə keçirilən novruz bayramı şənliyində iştirak etdikdən sonra həmin məktəbdə 11ci sinifdə oxuyan Hikmətlə paltarlarını dəyişmək üçün məktəbin idman zalına getmiş və məktəbin dəhlizində olan zaman orda Elnarə ilə Pərvanin bir-birlərini uca səslə təhqir etdiklərini görmüş, lakin əhəmiyyət verməyərək idman zalına getmişdir. İdman zalında olan zaman səs-küyün daha da artdığını görüb, paltarlarını orda qoyub dəhlizə qayıtmışdır. Dəhlizdə olan zaman Pərvanə ilə Elnarənin bir-birlərinin saçından tutduqlarını və dalaşdıqlarını görmüşdür. Elnarə ilə Pərvanənin bir-birlərinə necə xəsrət yetirmələrinə fikir verməmiş, lakin sonradan Pərvanənin sırğasının yerdə olduğunu görmüşdür. Həmin dava təxminən 5-10 dəqiqə davam etmiş, səs-küy olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 551 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində, yəni boyun nahiyəsinin sol yan səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində insan bədəninin hissəsinin təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisənin baş verdiyi yer Zəngilan rayonu 33 saylı tam orta məktəbin dəhlizidir, ictimai yerdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə bir ədəd DVD diskinə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan münaqişə ictimai yer olan Zəngilan rayonu, 33 saylı tam orta məktəbin inzibati binasının birinci mərtəbəsində, məktəbə giriş qapısının yanında baş vermiş və həmin vaxt ətrafda adamlar olmuşdur. Video görüntüyə baxan zaman görünür ki, həmin münaqişə və dava Təqsirləndirilən şəxs təşəbbüsü ilə başlamış və Təqsirləndirilən şəxs özünü ictimai qaydaya qarşı qoymuş, gücünü nümayiş etdirmiş, qalmaqal salaraq bir neçə metr qarşı tərəfdə dayanmış Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncuya əl və ayaq zərbələri ilə xəsarətlər yetirmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, hadisənin video görüntüsü olan bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə, eyni zamanda barəsində bəraət hökmünün çıxarılmasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində hadisə zamanı ona qarşı əvvəlcə Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək saçından tutduğunu, özünü müdafiə etmək məqsədilə Elnarəyə qarşılıq verdiyini göstərdiyi xüsusatla bağlı qeyd edir ki, videogörüntülərdə hadisənin başlanmasının səbəbinin məhz Təqsirləndirilən şəxs təhqiredici hərəkətlərinin olması, həmçinin ilk olaraq onun Zərərçəkmiş şəxs sillə vurmaqla ona fiziki zor tətbiq etdiyi, həmçinin ictimai yerdə olmalarının, ətrafda kənar şəxslərin olmasını nəzərə almadan özünü ətrafdakıların fövqündə qoyaraq hərərkətlərini davam etdirməklə xuliqanlıq etməsi öz əslini tapmışdır. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 551 saylı rəyi, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolu ilə müəyyən edilir ki, təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni hadisə ictimai yer sayılan Zəngilan rayonu 33 saylı tam orta məktəbin dəhlizində baş vermiş, təqsirləndirilən şəxsin hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadələri özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadəsinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış hadisənin video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-145/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-145/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver