Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-146/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan MR-sı, Şərur rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR-sı, Şərur rayonu, Dərvişlər kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə qonşusu Şahid2 evinin həyətində olarkən azyaşlı oğlu 2011-ci il təvəllüdlü X1 qışqırıq səsini eşidib küçəyə çıxdıqda, küçədə sonuncunun əlindəki bel ilə asfalt qırıqlarını təmizləyərkən toz yaratmasına irad olaraq qonşusu Şahid1 oğlu Uğur Məmmədovun boğazından əli ilə tutub sıxdığını və Şahid1 əri Zərərçəkmiş şəxs da azyaşlı oğlunu təpiklə vuraraq yerə yıxıb ona boyun nahiyəsinin sol yan səthinin və sağ budun yuxarı 1\3-nin ön səthinin sıyrıqları, sol budun orta 1\3-nin bayır səthinin qançırı kimi sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirdiyini gördükdə Şahid1 və əri Zərərçəkmiş şəxs ilə arasında bu zəmində mübahisəsi düşmüş, yaranmış mübahisə zamanı Şahid1 sillə ilə sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol said və sol mil-bilək oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığına zərər vurmayan, əlindəki bel ilə Zərərçəkmiş şəxs başından iki dəfə zərbə vuraraq ona alın nahiyəsinin və təpə nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yaraları ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində azyaşlı oğlu Uğura həyətdən lapatka vermişdir ki, evin qarşısında asfalt qırıntılarını təmizləsin. Həmin vaxt qonşuluqda yaşayan Valehgilin həyətində dayanıb onunla söhbət etmiş, bu vaxt oğlu 2011-ci il təvəllüdlü Uğurun çığırtı səsini eşitmiş, dərhal həyətdən çıxaraq Uğurun yanına getmiş, o, qonşuluqda yaşayan Səadət adlı xanımın oğlunun boğazından əli ilə tutub sıxdığını, eyni anda onun əri Əyyubun da oğlunu təpiklə vuraraq yerə yıxdığını görmüşdür. Onlara yaxınlaşmış, Əyyubu sinəsindən tutaraq geri itələmiş, oğlu Uğuru yerdən qaldırmışdır. Bu zaman qonşu Valeh gələrək oğlu Uğuru öz həyətinə aparmış, bu zaman Əyyub onun üstünə gələrək yumruq atmış, o da sonuncunun sifətinə və baş nahiyəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Onun Uğura yolu təmizləmək üçün verdiyi özünə məxsus lapatka Səadətin əlində olmuş, Əyyub ilə yaxalaşan zaman Səadət əlindəki lapatka ilə onu vurmaq istəyən zaman lapatka sonuncunun əri Əyyubun başına dəymiş, həmin vaxt Valeh geri qayıdaraq onları ayırmış və onu sakitləşdirib evinə aparmış, səsküyə ailə üzvləri də küçəyə çıxmış, sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Aralarında mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, Səadət və Əyyubla mübahisə edən zaman ətrafda heç kim olmamış, sonradan oğlu Uğurun səsinə Valeh və yoldaşı Arzu küçəyə çıxmışdır. Əyyubu lapatka ilə vurmamış, sonuncunun baş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurmuş, Səadət onu lapatka ilə vurmaq istəyən zaman lapatka əri Əyyubun başına dəymişdir. Həmçinin mübahisə zamanı Zərərçəkmiş şəxs onun sifətinə bir neçə yumruq zərbəsi vurmuş, onu Əyyubdan başqa heç kim vurmamış, küçəyə çıxan zaman Səadətin onun oğlu Uğurun boğazından əli ilə tutduğunu, həmin vaxt Əyyubun da təpiklə oğlunun ayağından vurduğunu görmüşdür. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində qızı Nübarı qarşılamaq üçün həyat yoldaşı Səadət ilə birlikdə evin həyətindən küçəyə çıxmış, Səadət ondan qabaq evin həyətindən çıxmışdır. Küçəyə çıxan zaman yoldaşı Səadətin «ay uşaq bir az yavaş ol» sözləri dediyini eşitmiş, bu zaman artıq küçəyə çıxmış, orada bir nəfər şəxsin əlində olan lapatka ilə yerdən torpağı qaldırıb göyə atdığını görmüş, o da həmin şəxsə iradını bildirib bir az yavaş olmasını deyərək gözünə toz dolduğunu bildirmiş, bu zaman həmin şəxs ona «get işinlə məşğul ol» sözlərini demişdir. Bundan sonra həmin şəxsdən nə dediyini soruşduqda sonuncu təkrar ona «get işinlə məşğul ol» sözlərini deyərək əlindəki lapatka ilə başına bir dəfə zərbə vurmuş, həmin şəxs onun başına zərbə vuran zaman görmüşdür ki, həmin şəxs qonşuluqda yaşayan Əsgərdir. Zərbədən yerə yıxılmış, həmin zərbədən hüşünü itirmişdir. Bir neçə saniyədən sonra yoldaşı Səadətin səsini eşitmiş, sonuncu qışqıraraq «saçımı yolma» sözlərini demiş, o, yerdən qalxmaq istəyən zaman Əsgər əlindəki lapatka ilə başından zərbə vurmuş, həmin vaxt Valeh gəlmiş, qizi Nübar da həmin anda gəlmişdir. Valeh Əsgəri sakitləşdirib evinə aparmış, qızı başından qan gəldiyini görüb qonşuluqda yaşayan Natiqi çağırmış, Natiq gəlmiş və onu yerdən qaldırıb öz həyətinə aparmışdır. Natiq gələn zaman Valehin Əsgəri aparmasını, Əsgərin əlində lapatka olmasını və onun başından qan gəldiyini görmüş, sonra qızı Nübar DİN-in 102 xidmətinə və təcili tibbi yardım üçün 103 xidmətinə zəng edərək məlumat vermiş, bir neçə dəqiqədən sonra təcili tibbi yardım maşını gələrək onu Bakı şəhəri 3 saylı Sabunçu xəstəxanasına aparmış, xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evinə buraxılmışdır. Aralarında mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, Əsgər onu döyən zaman ətrafda heç kim olmamış, yoldaşı Səadət səs-küy saldıqdan sonra qonşuluqda yaşayan Valeh gəlmişdir. Qızı Nübar da həmin anda gəlmiş, Valeh Əsgəri apardıqdan sonra qızı Nübar qonşuluqda yaşayan Natiqi çağırmışdır. Hadisə vaxtı yoldaşı Səadət Əsgərin azyaşlı uşağı Uğuru döyməmiş, Təqsirləndirilən şəxs vurmamış, ona xəsarət yetirməmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs onun başına əlində olan lapatka ilə iki dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində qızı Nübarı qarşılamaq üçün əri Əyyub ilə birlikdə evin həyətindən küçəyə çıxmış, həmin vaxtı küçədə bir azyaşlı uşaq əlində lapatka ilə yerdən torpağı qaldırıb göyə atdığını görmüş, o da həmin uşağa iradını bildirib bir az yavaş olmasını bildirmiş, bu zaman uşağın yanında olan qonşu Əsgər lapatkanı uşağın əlindən alaraq yerdən torpağı təkrar göyə atmışdır. Bu zaman Əyyub həmin şəxsə bir az yavaş olmasını tozun gözünə dolduğunu demiş, Əsgər isə əri Əyyuba «get işinlə məşğul ol» sözlərini demişdir. Bundan sonra əri Əyyub Əsgərdən nə dediyini soruşduqda sonuncu təkrar ərinə eyni sözləri deyərək əlindəki lapatka ilə ərinin başına bir dəfə zərbə vurmuş, Əyyub ona dəymiş zərbədən yerə yıxılmışdır. Əyyubun başı qanamış, bu zaman ərinin başından qan axdığını görüb Əsgərə «qudurmusanmı» sözünü demiş, Əsgər bundan sonra sillə ilə onun sifətinə, başına bir neçə zərbə vurmuş və saçını yolmuşdur. Bu zaman o, qonşuları səsləmiş, onun səsinə Əyyub özünə gəlib yerdən qalxmış, həmin vaxtı Əsgər əlindəki lapatka ilə Əyyubun başına zərbə ilə vurmuşdur. Onun səsinə Valeh gəlmiş, və Əsgəri sakitləşdirib evinə aparmışdır. Onun səsinə qızı Nübar da gəlib evə çatmış, qızı atasının başından qan gəldiyini görüb qonşuluqda yaşayan Natiqi çağırmış, Natiq gəlmiş və əri Əyyubu yerdən qaldırıb öz həyətinə gətirmiş, daha sonra qızı Nübar DİN-in 102 xidmətinə və təcili tibbi yardım üçün 103 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, Əsgər onu və əri Əyyubu döyən zaman ətrafda heç kim olmamış, o, səs-küy saldıqdan sonra qonşuluqda yaşayan Valeh gəlmiş, Valeh Əsgəri apardıqdan sonra qızı Nübar gəlmiş, sonra sonuncu qonşuluqda yaşayan Natiqi çağırmışdır. Hadisə vaxtı nə o, nə də əri Əyyub Əsgərin azyaşlı uşağı Uğuru döyməmiş, sadəcə torpağı lapatka ilə göyə atdığı üçün sözlə irad bildirmiş, o, Təqsirləndirilən şəxs vurmamış, ona xəsarət yetirməmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs onun başına və sifətinə sillə ilə vurmuş, saçını yolmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində Əsgər onun yaşadığı həyətdə olmuş və birlikdə söhbət etmişlər. Bu vaxt küçədən uşaq qışqırıq səsi gəlmiş, Əsgər dərhal həyətdən küçəyə çıxmış, o da bir neçə saniyədən sonra Əsgərin arxası ilə çıxmışdır. O, artıq küçəyə çıxan zaman Əsgərlə qonşuluqda yaşayan Səadət və əri Əyyubun mübahisə etdiyini görmüş, o, oraya gedib Əsgərin azyaşlı uşağı Uğuru öz həyətinə gətirib su vermiş, yenidən geri küçəyə qayıtmışdır. Küçəyə qayıtdıqda Əyyubun başından qan gəldiyini görmüş, bu zaman Əsgəri də sakitləşdirib öz həyətinə aparmış, sonra qayıdıb Əyyubu qucaqlayıb sakitləşdirmişdir. Bu zaman Natiq və bir nəfər tanımadığı şəxs oraya gəlmiş, o, Natiqin gəldiyini görüb Əyyubu evinə aparmasını demiş, sonra yaşadığı həyətə qayıtmışdır. Həyətdə Əsgərin həyat yoldaşı Arzunun da halının pisləşdiyini görmüş, sonra Əsgər DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər keçdikdən sonra Əsgər və ailəsi öz evlərinə getmişlər. Əlavə olaraq göstərmişdir ki, Əsgərlə Səadət və əri Əyyubun arasında mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, onlar mübahisə edən vaxt orada Əsgər, Səadət və Əyyubdan başqa ətrafda heç kim olmamış, sonradan o, sonuncuların mübahisəsinə çıxmış, ilk olaraq Əsgərin oğlu Uğuru, sonra Əsgərin özünü öz həyətinə aparmış, mübahisədən sonra Əsgərin yoldaşı Arzu da küçəyə çıxmışdır. Mübahisə zamanı orada olmadığı üçün kimin kimə vuraraq xəsarət yetirdiyini görməmiş, ancaq küçəyə çıxan zaman Əyyubun başından qan axdığını görmüş, o, küçəyə çıxan zaman mübahisə edən Əsgər, Əyyub və Səadətin heç birinin əlində lapatka görməmişdir. Məhkəmə iclasında ifdəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində atası Təqsirləndirilən şəxs ona lapatka verərək qapılarının ağzında küçədə asfalt qırıntıları təmizləməyi tapşırmış, o da atası Əsgərin ona verdiyi lapatka ilə küçədə asfalt qırıntılarını təmizləyən zaman qonşusu Səadət ona toz gəldiyini irad bildirərək onun boğazından tutub yerə yıxmış və lapatkanı əlindən almış, həmin vaxt sonuncunun əri Əyyub da onun ayağına təpiklə vurmuşdur. Bu zaman o, qışqıraraq atası Əsgəri çağırmış, onun səsini eşidən kimi atası qonşusu Valehgilin həyətindən çıxaraq ona tərəf gəlmiş, atası onu yıxılmış vəziyyətdə görüb əsəbləşmiş, sonra oraya qonşu Valeh gəlmiş, sonuncu onu öz həyətlərinə aparıb ona su verdikdən sonra geri küçəyə atasının yanına qayıtmış, bir neçə dəqiqədən sonra anası Arzu da onun yanına gəlmiş, bir az keçdikdən sonra Valeh atası Əsgəri gətirmişdir. Əlavə olaraq göstərmişdir ki, Səadət onu əli ilə boğazından tutaraq yerə yıxmış, həmin vaxt əri Əyyub onun ayağından təpiklə vurmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1954 saylı rəyində qeyd olunmuşdur ki, 2011-ci il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin sol yan səthinin və sağ budun yuxarı 1\3-nin ön səthinin sıyrıqları, sol budun orta 1\3-nin bayır səthinin qançırı bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1953 saylı rəyində qeyd olunmuşdur ki, 1970-ci il təvəllüdlü Şahid1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol said və sol mil-bilək oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1952 saylı rəyində qeyd olunmuşdur ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin və təpə nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yaraları bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahid ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-146/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-146/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver