Məhkəmə qərarları › İş №1(012)-147/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-147/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-147/2023 03.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, hazırda Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 37-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi, nömrəsiz fərdi yaşayış sahəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Lake” otelin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş bir ədəd sellofan bükümündə ümumi təmiz çəkisi 0,312 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı2) daxil edilmiş bir ədəd sellofan bükümündə ümumi təmiz çəkisi 0,382 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda hər bir bükümü 10 manat olmaqla ümumilikdə 20 manata əldə edib, Abşeron rayonu, Masazır qəsəbəsinə daşımaqla üzərində saxlamış, 23 avqust 2022-ci il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq, Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindən 1 ədəd sellofan paketə bükülmüş 0,312 qram olan narkotik vasitə heroin və 1 ədəd sellofan paketə bükülmüş 0,382 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, o, ailə üzvləri ilə birlikdə Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 37-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi, nömrəsiz fərdi yaşayış sahəsində kirayə yaşayır. Fərdi olaraq işləyib ailəsini dolandırır. Təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə qəbul edir. Lakin, narkoloji dispanserdə qeydiyyatı yoxdur. Baş vermiş hadisə ilə bağlı bildirirəm ki, 23 avqust 2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Lake” otelin qarşısında olan zaman tanımadığı şəxsdən hər bükümü 10 manat olmaqla 20 manat dəyərində iki büküm narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır. Həmin bükümləri içərisi boş olan “Sobranie” markalı siqaret qutusunun içərisinə qoyaraq, axşam istifadə etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü təxminən 17 radələrində evinin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özünü Abşeron RPİ-nin əməkdaşı olduğunu bildirmişdir. Polislər onun narkotik vasitələrin qanunsuz üzərində gəzdirməyində şübhəli olduğunu bildirib, bu barədə əməliyyat məlumatlarının olduqlarını bildirmişdilər. Bundan sonra onu Abşeron RPİ-nə dəvət etmişdilər. Hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişdilər. Üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan üzərində qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşmuşdular. O da səmimi olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd siqaret qutusunun olmasını və içərisində 1 büküm narkotik vasitə olan heorin və 1 büküm psixotrop maddə olan metamfetamin olduğunu bildirib təqdim edə biləcəyini bildirmişdir. Polislərin razılığından sonra cibindən bir ədəd qara rəngli siqaret qutusunu çıxarıb polislərə təqdim etmişdir. Polislər həmin qutunu açdıqda içərisindən sellofan bükümündə 1 ədəd heroin və 1 ədəd metamfetamin aşkar etmişdilər. Həmin bükülü polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Daha sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları ona qarşı zor tətbiq etməmiş, hər hansı psixi təziqə məruz qalmamışdır. O, narkotik vasitə istifadəçisi olmuş, hazırda da istifadə edir. Narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə istifadə edir. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, DİO-da 2003-cü ildən xidmət edir. 2020-ci ildən hal hazırda Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 37-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik leytenantı İsa Babaşov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 da qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 23 avqust 2022-ci il tarixdə saat 17 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsinə İsmayılın yaşadığı evin yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs dayandığını görmüşdülər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olduqlarını bildirmiş və İsmayılın barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə dəvət etmişdilər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya və predmet olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunun olmasını və içərisində 1 ədəd bükümdə narkotik vasitə olan heroin və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu deyib könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu tərəflərindən açılmışdır. Qutunun içərisində 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd sellofan bükülüdə psixotrop maddəyə bənzər metamfetamin aşkar edilərək götürülmüşdür. Ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 avqust 2022-ci il tarixli 6/4486 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «....İştirakçılar 3) imza Təqsirləndirilən şəxs....» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,312 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,382 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Respublika Narkoloji Mərkəzin 21 sentyabr 2022-ci il tarixli 5379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən çəkilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışıdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,312 qram narkotik vasitə olan heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,262 qram heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,382 qram psixotrop maddə olan metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,332 qram metamfetamin iş üzrə xx.xx.2022-ci il tarixdə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə istintaqında iş materiallarında olan diskə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 17 radələrində radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində DİN-nin Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb idarənin inzibati binasına gətirilmiş və saat 18:30 radələrindən saat 18:55 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Sobranie” markalı siqaret qutusu aşkar edilmiş, həmin qutunun içərisindən isə iki ədəd sellofan kağızına bükülmüş 1 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə olan heroini və metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, ərazisində yerləşən “Lake” otelin qarşısında tanımadığı şəxsdən 20 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 25 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair 25 avqust 2022-ci il tarixli vəsatət Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təmin edilməmişdir. Buna görə də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 25 avqust 2022-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,262 qram olan narkotik vasitə heroin və 0,332 qram metamfetamin məhv edilməlidir. İş üzrə 88 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,262 qram olan narkotik vasitə heroin və 0,332 qram metamfetamin məhv edilsin. İş üzrə 88 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar