Məhkəmə qərarları › İş №1(012)-147/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-147/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-147/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X9 iştirakı ilə xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Qarıkaha kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli habelə alimentin miqdarı azaldılaraq qətnamə qanuni qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 100 manat olimaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin alınaraq Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızına ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 532/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 3(012)-447/2022 saylı, xx.xx.2022-il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 13770,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə el adəti ilə Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızı ilə ailə qurmuş, nikahları isə sonra xx.xx.2014-cü il tarixdə rəsmi qeydiyyatdan keçmişdir. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 adlı uşaqları dünyaya gəlmişlər. Günayla birlikdə atasının evində təxminən 7 il yaşamış, əvvəl münasibətləri normal olsada, sonra xasiyyətləri düz gəlməmişdir. Bu səbəbdən evlərində narazılıqlar olmuş, Günay əşyalarını yığıb anası evinə getmiş, bu zaman uşaqların heç birini özü ilə aparmamışdır. O, fəhləlik edərək özü uşaqlarına maddi cəhətdən baxmışdır. Lakin Günay uşaqların saxlanılması üçün ondan aliment alınmasından ötrü məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-1507/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2014-cü il təvəllüdlü Rasim Qəhrəmanzadənin, xx.xx.2016-cı il təvəllüdlü Amin Qəhrəmanzadənin və xx.xx.2017-ci il təvəllüdlü Adəm Qəhrəmanzadənin xx.xx.2020-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi isə 510 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızına verilməsi qət edilmişdir. Məhkəmə ərəfəsində Günay onun evinə gələrək kiçik oğlu Adəmi götürmüş, lakin 2 oğlu - Amin və Rasim - onda qalmışlar. Bundan sonra o, həmin alimentin azaldılması üçün apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən aliment miqdarı dəyişdirilərək ondan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızına verilməsi qət edilmişdir. Günaya bir uşağın alimentini hissə-hissə ödəmək istəmiş, çünki faktiki olaraq 2 oğlu özündə qalırlar. O, Günaya bir uşağın alimentini ödəmək istəsə də, Günay pulu tam şəkildə 3 uşağa görə istəmişdir. Onun barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, lakin ümumi razılığa gələ bilmədikləri üçün alimenti ödəməmişdir. Günayın təkidi ilə icra məmurunun tələbinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, hazırda tikinti materialları bazarında fəhləlik edir, qazancı hər ay üçün 550 manat təşkil edir, əvvəl avtoyuma məntəqəsində də müvəqqəti işləmiş, orada da günə 10-15 manat qazanmışdır. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimat əsasında onun xx.xx.2022-cü il tarixədək ödənilməmiş aliment borcu 13770,00 manat təşkil edir. Lakin hesab edir ki, o, ancaq 1 uşağın aliment pulunu ödəməlidir, çünki faktiki olaraq 2 oğlu onunla yaşamış və anası ilə qalmaq istəməmişlər. O, 2 uşağını saxladığı üçün alimentin silinməsinə dair məhkəməyə müraciət etsə də, məhkəmə bununla bağlı onun iddiasını təmin etməmişdir. Hazırda zərərçəkmiş şəxsə 9180 manat məbləğində aliment pulu ödəmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızı ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə el adəti ilə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, nikahları isə xx.xx.2014-cü il tarixdə rəsmi qeydiyyatdan keçmişdir. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 adlı uşaqları dünyaya gəlmişlər. O, Təqsirləndirilən şəxs ilə sonuncunun atasının evində birlikdə təxminən 7 il yaşamış, əvvəl münasibətləri normal olsada, sonra xasiyyətləri düz gəlməmiş, onunla çox çətin illər keçirmiş, Atəş özü və anası ona qarşı çox kobud davranmış, onu əsassız incitmişlər. Atəş uşaqlara və ailəyə baxmamış, müxtəlif fərdi əməklə məşğul olmaqla ona qazancı barədə heç bir söz deməmiş, qazandığını öz ehtiyacları üçün və yeyib-içməyə xərcləmişdir. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış və uşaqların böyüdülməsi üçün maddi dəstək göstərməmişdir. O, ailənin dağılmasını istəmədiyi üçün bu qədər vaxt dözmüşdür. Lakin görmüşdür ki, Təqsirləndirilən şəxs son dərəcə uşaqlarına laqeyiddir və bu səbəbdən uşaqların saxlanılması üçün aliment alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)- 1507/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Rasim Qəhrəmanzadənin, xx.xx.2016-cı il təvəllüdlü Amin Qəhrəmanzadənin və xx.xx.2017-ci il təvəllüdlü Adəm Qəhrəmanzadənin xx.xx.2020-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi isə 510 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə prosesi gedən zaman Təqsirləndirilən şəxs və onun ailəsi 3 uşağı da ondan zorla almış, sonradan isə polisin köməkliyi ilə kiçik oğlu Adəmi götürə bilmiş, lakin 2 oğlu - Amin və Rasim isə Atəşdə qalmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs alimentin azaldılması üçün apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən aliment miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs açıq şəkildə bildirmişdir ki, aliment ödəməyəcəkdir. Sonuncunun barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, lakin Təqsirləndirilən şəxs alimenti ödəməmiş, bu səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 3(012)-447/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdır. İcra üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin alimenti ödəməkdən yayınmış, heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs hazırda fərdi əməklə məşğuldur, fəhləlik edir və avtoyuma məntəqəsində də işləyir. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək ödənilməmiş aliment borcu 13770 (on üç min yeddi yüz yetmiş) manat təşkil edir. O və oğlu Adəm qardaşı və anasının hesabına yaşayırlar. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəsin əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş ciddi cəza tədbirləri görülsün. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli qətnaməsi çıxarılarkən iki uşağı Təqsirləndirilən şəxs evindədir, uşaqlar ona verilmir, bununla bağlı bir neçə dəfə konfliktlər olmuşdur. Təqsirləndirilən şəxs alimentin silinməsinə dair məhkəməyə müraciət etsə də, məhkəmə bununla bağlı sonuncunun iddiasını təmin etməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 13770 (on üç min yeddi yüz yetmiş) manat aliment borcundan 9180 (doqquz min yüz səksən) manat hisəsini ona ödəmişdir. Bu hissədə şikayətçi deyil. Qalan bir uşağa görə ödənilməli olan 4590 (dörd min beş yüz doxsan) manat olan hissəsinin ödənilməsini istəyir. Həmin 4590 (dörd min beş yüz doxsan) manat olan hissəsini ödəmədiyi təqdirdə azdlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Rasim Qəhrəmanzadənin, xx.xx.2016-cı il təvəllüdlü Amin Qəhrəmanzadənin və xx.xx.2017-ci il təvəllüdlü Adəm Qəhrəmanzadənin yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 510 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs (Qəhrəmanzadəyə) ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinn 2(105)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməklə, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Rasim Qəhrəmanzadənin, xx.xx.2016-cı il təvəllüdlü Amin Qəhrəmanzadənin və xx.xx.2017-ci il təvəllüdlü Adəm Qəhrəmanzadənin yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızına verilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən hesablanması qeyd edilmişdir. Qeyd edilən icra vərəqələri xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixlərdə icra məmuru tərəfindən icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş iş üzrə borclu Təqsirləndirilən şəxs göndərilmiş, həmçinin Abşeron rayon icra və probasiya şöbəsində şəxsən imza etməklə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs borclu olduğu qeyd olunan icra sənədləri bir icraatda birləşmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində xx.xx.2022-ci il tarixdə AR İXM-nın 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə borclu şəxs Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinn 2(105)-532/2021 saylı və Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı qətnamələrində alimentin hesablanması tarixlərində uyğunsuzluq olduğundan icra məmuru tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı qətnaməsinə izah verilməsilə bağlı müvafiq ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsində müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron rayon Məhkəməsinin icra sənədinə əsasən tutulmalı olan alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi günə qədər, yəni xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövrə hər uşaq üçün 170 manat olmaqla 510 manat tutulmalı, xx.xx.2021-ci il tarixdən isə hər bir uşaq üçün 100 manat olmaqla 300 manat aliment tutulmalı olması kimi başa düşülməlidir. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə X8 X3 filialına müraciət olunmuş, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatı aşkarlanmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün borcluya 10 (on) gün müddət verilmiş, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-cı maddəsinin məsuliyyəti növbəti dəfə borcluya bildirilmişdir. Yekun olaraq borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən və dəfələrlə edilən xəbərdarlıqlardan qərəzli şəkildə heç bir nəticə çıxarmamış və icra sənədi üzrə borcun ödənilməsindən qəsdən yayınmışdır. Hazırkı günədək borclu icra sənədi üzrə alimentlə bağlı heç bir ödəniş etməmiş və nəticədə 13770,00 (17 ay x 510 manat=8670 manat, 17 ay x 300 manat= 5100 manat; 8670+5100=13770) manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs faktiki olaraq 2 uşağı özündə saxlayır və məqsədi alimentin silinməsidir, belə ki, bununla bağlı Abşeron Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 8(012)-688/2022 saylı qərardadında göstərmişdir ki, Təqsirləndirilən şəxs «tələbkarın iradəsi əleyhinə uşaqları öz himayəsində saxlaması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment ödənişinin edilməsindən azad edilməsi üçün əsas deyildir». Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə qərarlarını icra etməkdən qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin İcra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-1507/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Rasim Qəhrəmanzadənin, xx.xx.2016-cı il təvəllüdlü Amin Qəhrəmanzadənin və xx.xx.2017-ci il təvəllüdlü Adəm Qəhrəmanzadənin xx.xx.2020-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi isə 510 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızına verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, aliment miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızına verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-46/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, məhkəmə alimentin vaxtı və miqdarı barədə Abşeron Rayon Məhkəməsinin icra sənədinə əsasən tutulmalı olan alimentin məbləği, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövrə hər uşaq üçün 170 manat olmaqla 510 manat tutulmalı, xx.xx.2021-ci il tarixdən isə hər bir uşaq üçün 100 manat olmaqla 300 manat aliment tutulmalı olması barədə izah verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(012)-447/2022 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən «08 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzasının müddəti 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində X8 X3 Filialının xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyatda deyildir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli qərarından görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs Məmmədova (Qəhrəmanzadə) Günay Məhərrəm qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs aliment borcundan hissə-hissə olmaqla 9180 (doqquz min yüz səksən) manat ödənildiyinə görə həmin hissədə şikayətçi deyil, lakin 1 uşaq üçün ödənilməli olan 4590 (dörd min beş yüz doxsan) manat alimenti tələb edir Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (hazırkı 528.1) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 04 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar