Məhkəmə qərarları › İş №1(012)-148/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-148/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-148/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz şəhəri, Sem Zavod, ev 5, mənzil 11-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, bina 8, mənzil 36-da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bazarın yaxınlığındakı avtobus dayanacağında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş bir ədəd sellofan bükümündə ümumi təmiz çəkisi 0,745 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda bükümü 15 manat olmaqla əldə edib, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə daşımaqla üzərində saxlamış, 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində “Xəzər Food” restoranının ətrafında yerləşən parkda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq, Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan paketə bükülmüş 0,745 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz şəhəri, Sem Zavod, ev 5, mənzil 11-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, bina 8, mənzil 36-da yaşayır. Fərdi olaraq işləyib ailəsini dolandırır. Təxminən 2 ildir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən çəkmək yolu ilə qəbul edir. Lakin, narkoloji dispanserdə qeydiyyatı yoxdur. Baş vermiş hadisə ilə bağlı bildirirəm ki, 07 sentyabr 2022ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən bazarın yanında olarkən dayancaqda təxminən 30 yaşlarında olan bir nəfər şəxsin dayandığını görmüşdür. Həmin şəxsin davranışlarından narkotik vasitə istifadəçisinə oxşatmışdır. Həmin şəxsə yaxınlaşıb söhbət etməyə başlamışdır. Sonra həmin şəxsdən onun üçün narkotik vasitə təşkil edib-etməməyi soruşmuşdur. Həmin tanımadığı şəxs isə bükümü 15 manata təşkil edə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Həmin şəxs gedərək onun üçün bir bükümdə narkotik vasitə olan heroin gətirəcəyini bildirmişdir. Təxminən 20 dəqiqədən sonra gəlib 1 ədəd ədəd sellofan bükümü ona vermişdir. O da həmin şəxsə 15 manat pul vermişdir. Həmin bükümü açıb baxdıqdan sonra içərisində həqiqətən də heroin olduğunu görmüşdür. Sonra həmin bükülünü şalvarının sağ yan cibində olan kiçik cibə qoymuşdur. Sonra yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmişdir. Həmin günü təxminən 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinin yaxınlığında “Xəzər Food” restoranının ətrafında yerləşən parkda gəzən zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özlərini Abşeron RPİ-nin əməkdaşı olduğunu bildirmişdilər. Polislər onun narkotik vasitələrin qanunsuz üzərində gəzdirməyində şübhəli olduğunu bildirib, bu barədə əməliyyat məlumatlarının olduqlarını bildirmişdilər. Bundan sonra onu Abşeron RPİ-nə dəvət etmişdilər. Hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişdilər. Üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan üzərində qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşmuşdular. O da səmimi olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibində bir ədəd sellofan bükülü olan narkotik vasitə olan heroin olduğunu bildirib təqdim edə biləcəyini bildirmişdir. Polislərin razılığından sonra şalvarının sağ cibindən bir ədəd sellofan rəngli bükülünü çıxarıb polislərə təqdim etmişdir. Həmçinin, cibində olan alışqanı və 2 manat 70 qəpik pulu masanın üzərinə qoymuşdur. Polislər həmin bükülünün içərisini açıb baxdıqda heroin aşkar etmişdilər. Həmin bükülü polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Alışqan və pullar özünə qaytarılmışdır. Daha sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2015-ci ildən xidmət edir. 2022-ci ildən hal hazırda Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmətimi davam etdirir. Tovuz şəhəri, Sem Zavod, ev 5, mənzil 11-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, bina 8, mənzil 36-da yaşayan yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİnin rəisi vəzifəsini müvəqqəti icra edən, İsa Babaşov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, Şahid2 də qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 07 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinin yaxınlığında yerləşən “Xəzər Food” restoranının ətrafında olan parkda olan zaman Təqsirləndirilən şəxs gəzişdiyini görmüşdülər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olduqlarını bildirmiş və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə dəvət etmişdilər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki kiçik cibdən 1 ədəd sellofana bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülünün içərisinə açılıb baxıldıqda isə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 6/4891 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 56» dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,745 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (qalıq 0,695 qram - 0,05 qram narkotik vasitə - heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 5711 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,695 qram olan narkotik vasitə - heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan paketə bükülmüş heroin polis əməkdaşları tərəfindən aşkar olunması və sorğu zamanı həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Yasamal rayonu, ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü Əsma Zeniyeva adlı 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,695 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,695 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar