Məhkəmə qərarları › İş №1(012)-148/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-148/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-148/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu Kosalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləmiyən, məhkumluğu olan, Ağdam rayonu, Göytəpə ərazi dairəsi, Kosalar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində kirayədə yaşamış, barəsində Abşeron rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 may 2023-ci il tarixdə saat 20 radələrində axşam vaxtı usta kimi işlədiyi Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, Çıraqlı məhəlləsində yerləşən yaşayış evinə qanunsuz daxil olaraq mənzildə olan 1 ədəd dəyəri 490 manat olan “Beko” markalı paltaryuyan maşını və ədəd 160 manat dəyərində qaz sobasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 650 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 oktyabr 2023-cü il tarixdə saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 11 ünvanında yerləşən 17 saylı körpələr evi uşaq baxçasının plastik pəncərəsini açmaq yolu ilə mətbəxə qanunsuz daxil olaraq orada olan həmin körpələr evinin müdiri X2 məxsus 01 ədəd 400 manat dəyərində «Panasonic» markalı ətçəkən maşınını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 23 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01ədəd şəffaf sellofan bükümdə 0,635 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 24 oktyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbiri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində saxlanılaraq polis idarəsinə gətirilib, orada həmin gün saat 18:40-dan saat 18:49-kimi üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şaffaf sellofan bükümdə 0,635 qram çəkidə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil edilən kustar üsulla nazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 maddləri üzrə təqsirli bilmiş, CM-nin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilmədi və izahatında bildirdi ki,narkotik vasitənin ona aidiyyatı yoxdur. «Panasonic» markalı ətçəkən maşını zərərçəkən Günay Hüseynovaya qaytarılmışdır,həmin zərərçəkən də ondan şikayətçi deyildir.Əməlindən peşimandır,cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, sənəti ev ustasıdır, iş düşəndə müxtəlif evlərdə usta kimi işləyir.Zərərçəkmiş şəxs2 təxminən 13-14 il olar ki, tanıyır, Arzu ilə onun bu müddət ərzində get-gəlişi olmuşdur.Onunla aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. O, təxminən 1 ay olar ki, Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsində olan evində təmir işləri görmüşdür.Həmin evin açarını Arzu özü ona vermişdir ki, evə gedib-gəlsin və lazımı işləri görsün. 12 may 2023-cü il tarixdə tarixində pulu olmadığından və maddi vəziyyəti aşağı olduğundan o, pul axtarmışdır.Birdən Arzunun evinin açarı onda olduğu ağlına gəlmiş, həmin evdə təmir işləri getdiyindən yaşayış olmadığını bilmişdir. Bidən fikrindən Zərərçəkmiş şəxs2 evində paltaryuyan maşın və qaz sobası olduğu ağlına gəlmiş, həmin əşyaları satıb özünə gəlir əldə etməyi fikirləşmişdir. Buna görə də həmin gün saat 20 radələrində Arzunun yaşadığı Masazır qəsəbəsində olan evə gəlmişdir.O, həmin Arzunun evinə gedib oradan həmin paltaryuyan maşın və qaz sobasını oğurlayıb satmağı qərara almışdır. Evə əlində olan Arzunun ona verdiyi açarla daxil olmuş, evə daxil olub həmin paltaryuyan maşını və qaz sobasını evdən çıxarmışdır. Taksi şirkətlərindən birinə zəng edib sifariş vermiş, bir qədər sonra markasını və nömrəsini tanımadığı bir taksi sürücüsü yaxınlaşmışdır. O, həmin taksi sürücüsünə bu paltaryuyan maşının və qaz sobasının özünə məxsus olduğunu bildirmişdir.Daha sonra həmin paltaryuyan maşını və qaz sobasını Xırdalan şəhərində tanımadığı şəxsə 250 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa o, pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, oğurluq edib pul əldə etsin.Bu məqsədlə 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 17 saylı uşaq bağçasının qarşısından mətbəxtin pəncərəsinin aralı olduğunu görüb qərara gəlmişdir ki, həmin bağcadan oğurluq etsin. O, bağçanının mətbəxinin pəcərəsinindən içəri daxil olmaq istədikdə içəridə müşahidə kamerasını görüb kameraya düşməmək üçün həmin kameranının üzərinə əski paçası atmışdır.Daha sonra içəri daxil olub şkafda olan ətçəkən maşını götürüb oranı tərk edib evinə gəlmişdir. Düşünmüşdür ki, sonra müştəri tapıb həmin ətçəkəni satar. 25 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları onun evinə gəldikdə o, etdiyi oğurluğu etiraf edərək ət çəkən maşını təqdim etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində piyada hərəkətlə yaşadığı evə gedən zaman mülki geyim formasında olan iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər.Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis idarəsinə dəvət etmişlər.O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir.Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir.Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da könüllü olaraq qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində heroin olmasını bildirmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat satıb həmin məbləği öz şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ildən Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 17 saylı körpələr evi uşaq baxçasının müdiri vəzifəsində işləyir. İş qrafiki həftədə 5 gün saat 08:00-dən saat 16:00-radələrinə kimidir. Təxminən 2023-cü ilin əvəllərində baxçanın mətbəxi üçün öz vəsaiti hesabına 01 ədəd 400 manat dəyərində «Panasonik» markalı ət çəkən maşını alıb istifadəyə vermişdir.xx.xx.2023-cü il tarixdə saat 08 radələrində baxçaya gələn zaman baxçanın mətbəxinin plastik pəncərəsinin açılaraq mətbəxə daxil olunduğunu və orada olan 01 ədəd 400 manat dəyərində «Panasonik» markalı ət çəkən maşınının oğurlandığını və mətbəxdə olan müşahidə kamerasının sındırıldığını aşkar etmişdir.O,müşahidə kamerasının video yazılarına baxdıqda görmüşdür ki, bir nəfər şəxs baxçanın müşahidə kamerasını qırır, sonra nə baş verdiyini görməmişdir.Bundan sonra, Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə oğurluq barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər.Hadisə nəticəsində ona 400 manat maddi zərər dəymişdir. «Panasonik» markalı ət çəkən maşını ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibəti olmuş, düşmənçiliyi və ya ədavəti olmamışdır. Abşeron rayonu Masazır qəsəbəsi Çıraqlı məhəlləsində özünə məxsus fərdi yaşayış evi vardır. Təxminən 2023-cü ilin iyun ayında qaz sayğacından evə qaz borusunun çəkilməsi üçün usta axtarırmış, həmin vaxt Səxavətin usta işlədiyini bildiyi üçün ona müraciət etmişdir. Səxavət də ona demişdir ki, zəhmət haqqı olaraq 40 manat müqabilində həmin işi görə bilər.O,özü orada yaşamdığı üçün evin açarlarını Səxavətə vermiş, həmin vaxt evində bütün məişət əşyaları olmuşdur.O,uzun müddət Səxavəti tanıdığı üçün ona etibar etdiyindən evin açarlarını Səxavətə vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində özünə məxsus Abşeron rayonu Masazır qəsəbəsi Çıraqlı adlanan ərazidə yerləşən evinə getmiş və həmin vaxt evindən 01 ədəd 500 manat dəyərində «Beko» markalı paltar yuyan maşınının və 01 ədəd 150 manat dəyərində qaz sobasının oğurlandığını aşkar etmişdir. Evinin qapı pəncərəsində hər hansı bir iz aşkar etmədiyimdən başa düşmüşdür ki, evindən oğurluğu Səxavət etmişdir. Bundan sonra o, Səxavətə zəng vurmuş, lakin Səxavət zənglərinə cavab vermədiyi üçün başa düşmüşdür ki, oğurluğu Səxavət etmişdir. Hadisə nəticəsində ona 650 manat maddi zərər dəymişdir.Ona dəymiş maddi ziyanı həmin məbləğ ilə qiymətləndirilməsini, gələcəkdə keçiriləcək əmtəəşünaslıq ekspertizasının verəcəyi rəy və məbləğdən asılı olmayaraq ona dəymiş maddi ziyanı 650 manat olaraq qiymətləndirməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinin CAŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 24 oktyabr 2023-cü il tarixdə o, CAŞ-nin kiçik inispektoru, polis serjantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 05:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 23 oktyabr 2023cü il tarixdə Bakı şəhər 20 yanvar metrosunun yaxınlığından tanımadığı şəxsdən 20 manat pulun müqabilində alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə oxşar kütlə qablaşdırılmış və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir.Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməkdaşı Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5720 nömrəli rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: « Azərbaycan Respublikası DİN-nin zərflər üçün « 56» dairəvi möhür əksləri, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,635 qram olan qəhfəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X4 verdiyi 23 yanvar 2024-cü il tarixli 390 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş “əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında” protktoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 ədəd ağ rəngli “Panasonik” markalı ətçəkən maşını təqdim etmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş 24 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Nurlan Məmmədov tərəfindən tərtib olunmuş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümündə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş və tərəfimdən tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli, elektron məlumatların əks olunduğu 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan videoçəkilşdə göstərilənlər şəxsi axtarış və götürmə aparılmasına dair protokolunda qeyd edilənlər bir daha təsdiq etmişdir. Cinayət işi üzrə X1 təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı 17 oktyabr 2023-cü il tarixində bir nəfər şəxsin mətbəxtin pəncərəsini açıb əlində fənərlə içəri baxması,daha sonra müşahidə kamerasını görüb əhmin kameranının üzərinə əski paçası atması aşkar edililmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,635 qram kustar üsulla hazrlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,585 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə 01 ədəd “Panasonik” markalı ət çəkən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə iş üzrə oğurluğu əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə qismində» qətikan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. 24 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Barəsində Abşeron rayon Məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qəimkan tədbiri seçilmişdir. Məhkəmənin sonuncu 19 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə olma müddəti 13 aprel 2024-cü il tarixədək uzadılmış, bundan sonra onun həbsdə olma müddətinin uzadılması barədə məhkəmə qərarı olmamışdır. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 gün tutulmuş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar 05 ay 19 gün həbsdə olmuşdur. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa bir cinayət işi üzrə ”həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda həbsdədir. Cinayət işi üzrə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs Abşeron rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 11 mart 2025-ci il tarixli, 1935 saylı məktubundan görünür ki, həbsdə olmamüddətləri də nəzərə alınmaqla Təqsirləndirilən şəxs Abşeron rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzasından 09 ay 14 gün hissəsini çəkmiş,01 il 04 ay 22 gün hissəsini isə çəkməmiş qalmışdır. İş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirliliyi özünün qismən etirafı, zərərçəkənlərin və şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri, maddi sübutlar, baxış keçirilməsi protokolları, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sübutlarla təsdiq olunmuşdur. Məhkəmə prosesində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü CMnin 234.1 maddəsi üzrə təqsirli bilməməsi halına hüquqi qiymət verərək məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərkən onun ifadəsinə özünü müdafiə xarakterli ifadə kimi hüquqi qiymət verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməlləri düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-177.2.2,177.2.3 və 234.1 maddələri ilə tövsif edilmişdir.Ona görə də, o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkənlərdən biri Zərərçəkmiş şəxs1 şikayətçi olmaması, maddi ziyann naturada qaytarılması halı və himayəsində Tagı və Yusif adlı 2011 və 2012-ci il təvəllüdlü iki azyaşlı uşaqlarının olması müəyyən edilmişdir. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, həmçinin Təqsirləndirilən şəxs cəza təyin edərkən hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə Abşeron rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzasından çəkilməmiş qalan 01 il 04 ay 22 gün hissəsi CM-nin 68.1.1-1 maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 08 ay 11 gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, başqa bir cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir, hal-hazırdada həbsdədir ki, cəza təyinində bu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 05 ay 19 gün və şübhəli şəxs kimi tutulduğu 02 gün, cəmi 05 ay 21 gün müddət ona təyin olunacaq cəza müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,585 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 130 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə onun barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzasından çəkilməmiş qalan 01 il 04 ay 22 gün hissəsi CM-nin 68.1.1-1 maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 08 ay 11 gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən birləşdirilsin və ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 05 ay 19 gün və şübhəli şəxs kimi tutulduğu 02 gün, cəmi 05 ay 21 gün müddət ona təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 il 06 ay 09 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi və hal-hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,585 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 130 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar