Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-149/2023 13.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “QAZ 3110 101 minik” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ilə üzü AAAF park istiqamətinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq edərək və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs yolun sol tərəfindən sağ tərəfə doğru piyada keçən zaman sonuncunu vurmuş, sol bazu sümüyünün boynunun qapalı yerdəyişən sınığı ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28 iyun 2022-ci il tarixdə saat 11 radələrində tam ayıq vəziyyətdə özünə məxsus olan tam saz vəziyyətdə ** OS *** dövlət qeydiyyat nişanlı QAZ 3110 markalı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ilə üzü AAF park istiqamətinə doğru hərəkətdə idi. «At» heykəlinin qarşısında sfetoforun qırmızı işığı yandığı üçün dayanmış, yaşıl işıq yanandan sonra yolun sağ kənarı ilə saatda 30 km ilə hərəkətə başlamışdır. Mədəniyyət evinə çatmamış hərəkətdə olduğu vaxtı solunda başqa bir maşın da hərəkət edirmiş, solda hərəkətdə olan dövlət nömrə nişanını bilmədiyi xarici bir maşın surətini azaltmış bu zaman yolun sol tərəfindən sağa doğru piyadanın qəflətən yola çıxdığını görən kimi tormoz əyləcinə basmış və maşın tam dayanmışdır. Həmin qadın da sağ əlini maşının kapotuna qoymuş və müvazinətini itirib yerə yıxılmışdır. O, maşından düşüb və ətrafda olanların köməkliyi ilə həmin adını sonradan bildiyi Zərərçəkmiş şəxs yerdən qaldırıb Mərkəzi xəstəxanaya aparmışdır. Orada Pərvanəyə lazımı tibbi yardım göstərilmiş, Pərvanə ona yolda oğlu olduğunu, ondan şikayəti olmadığını ona görə də xəstəxanada yıxılmasını bildirmişdir. Həmin günün gecəsi o, anası ilə Zərərçəkmiş şəxs yaşadığı evini tapıb getmişlər. Lakin evdə anası və onunla çox kobud davranmışlar, sonra pərvanəni başqa xəstəxanaya aparmış, lakin Pərvanə başqa xəstəxana ilə danışdığını, həmin xəstəxanada isə onun əlini əməliyyat etdirmək üçün çoxlu pul istənildiyi üçün və onun o qədər imkanı olmadığı üçün razılaşmamışlar. Bir daha o, Zərərçəkmiş şəxs ilə əlaqə saxlamamışdır. Hazırda dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə evdən çıxmış və avtobusa minmiş, saat 11 radələrində Xırdalan şəhəri, mədəniyyət evi ilə üzbəüz yolda avtobusdan düşmüşdür. Biraz irəlidə piyada keçidinə çatmamış sola maşınlar olub olmadığına baxmış, ona görə yolu adi yerişlə keçməyə başlamış, yolun ortasında olan qoşa xəttə çatmış və sağa hərəkətdə olan maşınlar saxladıqlarını görmüşdür. Ona görə də həmin yolu yenə də adi yerişlə keçməyə başlamış və demək olarki yarıdan çoxunu keçmişdir ki,qəflətən yolun sağ tərəfdən gələn avtomobillə vurulmuş və yerə yıxılmışdır. Bundan sonra həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs və orada olan tanımadığı şəxslər ona kömək edib maşına otuzdurmuş və onu xəstəxanaya aparmışdır. Onun Təqsirləndirilən şəxs yazığı gəldiyi üçün xəstəxanada yıxılmağı barədə bildirmişdir. Lakin bundan bir neçə gün sonra sürücü Fərhad ona heç bir maddi yardım göstərməmiş, xəstəxanada çəkdiyi xərci ödəməmiş, ümumiyyətlə çəkdiyi əziyyətə görə bir dəfə də olsun maraqlanmamış ona görə də oğlu X4-nin 102 xidmətinə zəng vurmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, buna görə də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan 08 iyul 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertin 30 iyul 2022-ci il tarixli 1490 nömrəli rəydən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyünün boynunun qapalı yerdəyişən sınığı bərk əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli 8/2116 nömrəli rəyindən görünür ki, QAZ 3110 markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan arayışdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİnin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən xx.xx.1983-cü il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə “BC” dərəcəli AC 510585 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 24 sentyabr 2022-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Yəni Təqsirləndirilən şəxs əvvəllər heç vaxt məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-149/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-149/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver