Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-15/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx.xx.1995-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 2-ci küçə, döngə-2, ev 60-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Abşeron rayon məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə Azərbayacan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1993-cü ildə Naxçıvan MR, Şərur rayonu, Aşağı Daşarx kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, işsiz, Şərur rayonu, Aşağı Daşarx kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, M.Araz küçəsi-11, ev 8-də yaşayan, Abşeron Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 02.06.2021-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 04.04.2020-ci il tarixdə saat 19:55 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən velosiped satışı mağazasına plastik qapının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, oradan 550 manat dəyərində 01 ədəd qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş «Connandale 27.5», 350 manat dəyərində 01 ədəd qırmızı-ağ rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş «Giant XTC» və 600 manat dəyərində qırmızıqara-ağ rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş «Trek Alfa 1.2» markalı velosipedləri oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 04.04.2020-ci il tarixdə saat 19:55 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən velosiped satışı mağazasına plastik qapının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, oradan 550 manat dəyərində 01 ədəd qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş «Connandale 27.5», 350 manat dəyərində 01 ədəd qırmızı-ağ rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş «Giant XTC» və 600 manat dəyərində qırmızıqara-ağ rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş «Trek Alfa 1.2» markalı velosipedləri oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslər göstərilən cinayət əməlini aşağıdakı qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhərindəki evində yaşayır. Əvvəllər cinayət əməli törətdiynə görə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2019-cu ilin dekabr ayında azadlığa buraxılmış, bundan az sonra dövlət tərəfindən ona verilən müavinəti alıb, icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs2 Kənan kimi təxminən 3-4 ay olar ki tanıyır. Onunla yaşadığı Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən kafedə bir neçə dəfə təsadüfən görüşdükdən sonra əvvəllər cinayət əməli törətdiyinə görə məhkum olunduğunu və həbsdən az müddət əvvəl buraxıldığını bilmiş, bundan sonra münasibətləri daha da yaxınlaşmağa başlamışdır. Boş vaxtı olanda görüşüb çayxana və kafelərdə birlikdə vaxt keçirmişlər. Şahidi idarə etdiyi avtomobilə sərnişin kimi sifariş etdiyi ünvanlara da aparmışdır. 2019cu ilin aprel ayının əvvəlində idarə etdiyi avtomobilin gündəlik icarə pulunu verə bilmədiyinə görə avtomobil sahibi maşını müvəqqəti olaraq ondan alıb, icarə pulunu verdikdən sonra qaytaracağını bildirmiş, eyni zamanda həmin vaxtı azyaşlı uşağına dərman almaq üçün pulu olmadığına görə o, maddi sıxıntı keçirmişdir. Buna görə 04.04.2020-ci il tarixdə saat təxminən 18 radələrində Şahidə zəng edib onunla görüşüb bir az söhbət etmək istədiyini bildirmiş, sonuncu da razılaşıb Xırdalan şəhəri 27-ci məhəllədə onunla görüşmüşdür. Həmin vaxtı Şahid onun piyada olduğunu görüb maşınının harada olduğunu soruşmuş, o da icarə haqqını verə bilmədiyinə görə avtomobilin sahibinin maşını müvəqqəti olaraq ondan aldığını söyləmiş və həm icarə haqqı üçün, həm də uşağına dəriman almağa pul axtardığını bildirmişdir. Bu barədə söhbət edə-edə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ilə gəzişdikləri vaxtı oradakı işıqforun yaxınlığındakı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki, bağlı olan velosiped satılan mağaza diqqətlərini cəlb etdiklərinə görə həmin mağazadan velosiped oğurlayıb satmaq və əldə etdikləri pulu yarı bölmək qərarına gəlib, birlikdə yolun əks tərəfindən həmin mağazaın qarşısına keçmişlər. Mağazanın plastik qapısının asma qıfılla bağlı olduğunu və içəridə xeyli velosipedələrin olduğunu görüb, qapını sındırıb içəriyə daxil olmaq mümkün olduğunu hiss edib geri qayıtmışlar. Sonra yaxınlıqda bir az gəzişərək mağazaya kiminsə gəlib-getməsini müşahidə edib, heç kimin onları görmədiyini yəqin edib, yenidən həmin mağazanın qarşısına gedib, plastik qapını zərblə itələyərək açıb içəriyə daxil olub, giriş qapısından sağ tərəfdə qoyulmuş “Trek” markalı, “Cannandale” markalı və “Giant” markalı velosipedləri götürüb tez mağazadan küçəyə çıxmışlar. Şahid götürdüyü velosipedi minib sürməyə başlamış, o da götürdüyü velosipedlərdən birini minib sürmüş, digərini isə əlində tutaraq yanında aparmışdır. Velosipedləri sürərək Xırdalan şəhəri, “Sultan” şadlıq sarayının yaxınlığındakı çoxmərtəbəli binanın əvvəlcədən bildikləri zirzəmisinə aparıb orada gizlətdikdən sonra o, Xırdalan şəhərində velosiped satışı və təmiri ilə məşğul olan mağazanı işlədən Cəlilə zəng edib 3 ədəd satmaq istədiyi velosipedi olduğunu bildirib, həmin velosipedləri almasını təklif etmiş, Cəlil də almaq istədiyini söyləmiş və 30-40 dəqiqədən sonra onun mobil telefonuna zəng edib, “Sultan” şadlıq sarayının yanında olduğunu bildirmişdir. Cəlilin telefon zəngindən sonra o, Şahiddən ayrılıb Cəlili həmin yerə gətirməyə getmiş, Şahid isə zirzəmidə gizlətdikləri velosipedlərin yanına getmişdir. Bir neçə dəqiqədən sonra o, Cəlillə görüşüb, onu maşını ilə birlikdə velosipedləri gizlətdikləri binanın qarşısına aparmış, sonra Cəlili binanın qarşısında maşınının yanında qoyub zirzəmiyə Şahidin yanına gedib Cəlilin gəldiyini bildirib, birlikdə oğurladıqları 3 ədəd velosiopedi Cəlilin binanın qarşısında dayanmış qara rəngli, “Opel” markalı avtomobilinin yanına aparmışlar. Cəlil velosipedlərə baxıb, neçiyə satmaq istədiklərini soruşmuş, o da cəmini 250 manata satmaq istədiyini bildirmiş, Cəlil isə 170 manat pul verə biləcəyini söyləmişdir. Onlar da razılaşmışlar. O, Cəlildən 170 manat pulu aldıqdan sonra velosipedləri birlikdə onun maşınına yükləmişlər. Cəlil maşınını sürüb getdikdən sonra o, Cəlildən aldığı pulun yarısını Şahidə vermiş, sonra ayrılıb evlərinə getmişdir. Həmin oğurluqdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Cəlil onlartdan aldığı velosipedlərin oğurlanmış velosipedlər olduğunu bilməmiş, çünki o, Cəlilə həmin velosipedləri qohumlarının satmaq üçün ona verdiyini söyləmişdir. Zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhərindəki evlərində yaşayır. Əvvəllər cinayət əməli törətdiynə görə Abşeron rayon məhkəməsinin 30.11.2019-cu il tarixli hökmü ilə 14 ay, 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Rəsmi sənədlərdə adı Şahid olsa da tanışları onu Kənan kimi tanıyırlar. Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi təxminən 5 ay olar ki, tanıyır. Onunla yaşadığı Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən kafedə bir neçə dəfə təsadüfən görüşdükdən sonra əvvəllər cinayət əməli törətdiyinə görə məhkum olunduğunu və həbsdən az müddət əvvəl buraxıldığını bilmiş, bundan sonra münasibətləri daha da yaxınlaşmağa başlamış, boş vaxtları olanda görüşüb çayxana və kafelərdə birlikdə vaxt keçirmişlər. 04.04.2020-ci il tarixdə saat təxminən 18 radələrində evdə olduğu vaxtı Samir ona zəng edib görüşməyi təklif etmiş, o da razılaşıb Xırdalan şəhəri 27-ci məhəllədə Samirlə görüşmüş, həmin vaxtı sonuncunun piyada olduğunu görüb maşınının harada olduğunu soruşmuş, Samir də icarə haqqını verə bilmədiyinə görə avtomobilin sahibi maşını müvəqqəti olaraq ondan aldığını söyləyib, həm icarə haqqını ödəmək üçün həm də uşağına dəriman almağa pul axtardığını bildirmişdir. Bu barədə söhbət edəedə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ilə gəzişdikləri vaxt oradakı işıqforun yaxınlığındakı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki, bağlı olan velosiped satılan mağaza diqqətlərini cəlb etdiyinə görə həmin mağazadan velosiped oğurlayıb satmaq və əldə etdikləri pulu yarı bölmək qərarına gəlib birlikdə yolun əks tərəfindən həmin mağazanın qarşısına getmişlər. Mağazanın plastik qapısının asma qıfılla bağlı olduğunu və içəridə xeyli velosipedələrin olduğunu görüb, içriyə daxil olmaq üçün qapını sındırmaq lazım olduğunu düşünmüşlər. Sonra geri qayıdıb yaxınlıqda bir az gəzişərək mağazaya kiminsə gəlib-getməsini müşahidə edib, heç kimin gəlmədiyini və onları görmədiyini yəqin edib yenidən həmin mağazanın qarşısına gedib, plastik qapını zərblə itələyərək açıb içəriyə daxil olmuşlar. Sonra giriş qapısından sağ tərəfdə qoyulmuş “Trek” markalı, “Cannandale” markalı və “Giant” markalı velosipedləri götürüb tez mağazadan küçəyə çıxmışlar. O, götürdüyü velosipedi minib sürməyə başlamış, Samir də velosipedlərdən birini minib sürmüş, digərini isə əlində saxlayaraq yanı ilə aparmışdır. Bir neçə dəqiqədən sonra velosipedləri sürərək Xırdalan şəhəri, “Sultan” şadlıq sarayının yaxınlığındakı çoxmərtəbəli binanın əvvəlcədən bildikləri zirzəmisinə aparıb orada gizlətmişlər. X6 şəhərində velosiped satışı və təmiri mağazası işlədən, onun da tanıdığı Cəlilə zəng edib 3 ədəd satmaq istədiyi velosipedi olduğunu bildirib, həmin velosipedləri almağı təklif etmiş, Cəlil də almaq istədiyini bildirdikdən təxminən 40 dəqiqədən sonra Samirin mobil telefonuna zəng edib “Sultan” şadlıq sarayının yanında olduğunu söyləmiş, bundan sonra Samir ondan ayrılıb Cəlili gətirməyə getmiş, o da zirzəmiyə gizlətdikləri velosipedlərin yanına getmişdir. Təxminən 10 dəqiqədən sonra Samir zirzəmiyə onun yanıma gəlib Samirin gəldiyini söyləmiş və onunla birlikdə oğurladıqları 3 ədəd velosipedi Cəlilin binanın qarşısında saxladığı qara rəngli, “Opel” markalı avtomobilinin yanına aparmışdır. Cəlil velosipedlərə baxıb, velosipedlərin kimə məxsus olduğunu, oğurlanmış velosipedələr olubolmadığını və neçiyə satmaq istədiklərini soruşmuş, Samir də həmin velosipedləri oğurluq olmadığını, qohumlarının onlara satmaq üçün verdiklərini və cəmini 250 manata satmaq istədiyimizi bildirmiş, Cəlil də 170 manat pul verə biləcəyini söyləmişdir. Onlar da razılaşdıqdan sonra Samir Cəlildən 170 manat pulu almış və onunla birlikdə həmin velosipedləri Cəlilin maşınına yükləmişdir. Cəlil maşınını sürüb getdikdən sonra Samir Cəlildən aldığı pulun yarısını ona verib ayrılıb evlərinə getmişdir. Həmin oğurluqdan əldə etdiyi pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədəki 12A nömrəli evində yaşayır. Təxminən 4 ay olar ki, Xırdalan şəhər sakini Elşad adlı şəxsin evinin qarşısında, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci mərtəbəsindəki mağazanı icarəyə götürüb orada müxtəlif markalardan olan velosipedlər və həmin velosipedlərə aid ehtiyat hissələrini satır. Mağazası hər gün səhər saat 11 radələrindən saat 19 radələrindək açıq olur. 2020-ci ilin aprel ayının əvvələrindən mövcud olan karantin vəziyyəti ilə bağlı mağazanı açmamış, 04 aprel 2020-ci il tarixdə saat təxminən 19:20 rasdələrində mağazanın sahibi Elşad onun mobil telefonuna zəng edib, karantin vəziyyətində işləyib-işləmədiyini soruşmuş, o da işləmədiyini söylədikdən sonra Elşad mağazanın giriş qapısının açıq olduğunu bildirmiş, o bunu eşidən kimi tez mağazaya getmiş və plastik materialdan olan qapının qıfılının sındırıldığını görüb mağazadan oğurluq olduğunu hiss edib, tez mobil telefonu ilə zəng edib bu barədə polisə məlumat vermiş, sonra mağazadan nəyin oğurlanmasını yoxlamağa başlamış, həmin vaxtı mağazanın içərisində satmaq üçün qoyduğu velosipedlərin yanındakı 1500 manat dəyərində olan 1 ədəd “ Trek Alfa 1.2” markalı, 700 manat dəyərində olan 1 ədəd “Cannandale” markalı və 350 manat dəyərində 1 ədəd “Giant” markalı velosipedlərin yerində olmadığını görüb oğurlandığını yəqin etmişdir. Əvvəllər həmin mağazadan oğurluq halları olmamış, oğurluq nəticəsində ona ümumilikdə 2550 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayır. Təxminən 2 il olar ki, Xırdalan şəhəri, H.Əliyev adına parkın girişinə yaxın yerdə yerləşən velosiped təmiri və satışı mağazasını icarə əsasında işlədir. Eyni zamanda satmaq istədiyi velosipedlərin şəkllərini internet sosial şəbəkəsindəki “Tap.az” saytına da yerləşdirir. Təxminən 3 ay əvvəl nahar fasiləsindən sonra mağazada olduğu vaxt sonradan adının Samir olduğunu bildiyi cavan oğlan onun yanına gəlib, əlində sürərək gətirdiyi 28 ölçülü nasaz velosipedini pula ehtiyacı olduğuna görə 30 manata satmaq istədiyini bildirib, ondan həmin velosipedi almasını xahiş etmiş, o da velosipedin çox xərci olduğunu hiss edib 20 manat pul verə biləcəyini söyləmiş, Samir əvvəl razılaşmasa da sonradan razı olmuş, bundan sonra o, Samirdən velosipedin kimə məxsus olduğunu soruşmuş, sonuncu da özünə məxsus olduğunu söyləmişdir. Bundan sonra o, Samirdən səxsiyyət vəsiqəsini istəmiş, sonuncu vəsiqəsinin üstündə olmadığını sonra gətirib ona verəcəyini bildirmişdir. O da razılaşıb 20 manat pul verib, həmin nasaz velosipedi Samirdən almış və sonra həmin velosipedin ehtiyat hissələrini alıb, təmir etmək istəsə də velosiped köhnə modelli olduğuna görə ehtiyyat hissə tapa bilmədiyi üçün velosipedi təmir edə bilməyib, lazımı hissələrini söküb qalan hissəsini zibilliyə tullamışdır. Bundan sonra Samir bir neçə dəfə mağazasının qarşısından keçib salamlaşsa da ona başqa velosiped gətirməmişdir. 2020ci ilin aprel ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə «Koronovirus» pandemiyası ilə bağlı karantin tədbirlərinin keçirildiyi müddətdə evdə olduğu vaxtı saat təxminən 21 radələrində həmin Samir ona zəng edib satmaq istədiyi 3 ədəd velesipedi olduğunu bildirib, ona həmin velosipedləri almağı təklif etmişdir. O da həmin velosipedləri alıb sonra bir az baha qiymətə satmağı düşünüb, Samirin təklifi ilə razılaşmış və mağazası bağlı olduğuna görə velosipedləri haradan götürəcəyini soruşmuş, sonuncu da Xırdalan şəhərindəki “Sultan” şadlıq sarayının yanına gəlməsini söyləmiş, bundan sonra o da “Opel” markalı avtomobilinə minib onun dediyi ünvana gedib, Samirə zəng etmiş, sonuncu bİr neçə dəqədən sonra gəlib onun maşınına minib, binaların arası ilə təxminən 200 metr sürdürdükdən sonra çoxmərtəbəli binanın qaşısında saxladaraq maşından düşüb həmin binanın yan tərəfinə getmiş və təxminən 15 dəqiqədən sonra adının sonradan Kənan olduğunu bildiyi şəxslə birlikdə 3 ədəd, biri “Giant” markalı, idman modelli, ikincisi “Trek” markalı, idman modelli, digəri isə “Canandale” markalı, sadə modelli olan velosipedləri maşınının yanına gətirmişdir. O, Samirdən həmin velosipedlərin kimə məxsus olduğunu, oğurluq olub- olmadığını və neçiyə satdığını soruşmuş, sonuncu da həmin velosipedlərin oğurluq olmadığını, qohmumlarının onlara satmaq üçün verdiklərini bildirib, cəminə 250 manat pul istəmiş, o isə 170 manatdan artıq pul verə bilməyəcəyini söylədikdən sonra Samir razılaşmış, o da həmin məbləğdə pulu Samirə verib velosipedləri onların köməkliyi ilə maşınına yükləyib yaşadığı evin həyətinə aparmışdır. 23.04.2020-ci il tarixdə nahar fasiləsi vaxtı mağazada olarkən ***-***-**-** mobil nömrəsindən tanımadığı şəxs ona zəng edib “Tap.az” saytına satmaq üçün qoyduğu velosipedlərdən biri ilə maraqlanmış, o da həmin velosipedin satıldığını, amma satmaq üçün başqa velosipedlərinin olduğunu bildirmiş, həmin şəxs də mağazasının harada yerləşdiyini soruşmuş və 30-40 dəqiqədən sonra onun yanına gəlib, mağazada olan velosipedlərə baxmış və onun Samirdən aldığı “Canandale” markalı velosipedi bəyəndiyini bildirib, neçiyə satmaq istədiyini soruşmuş, o da 160 manata satdığını bildirmiş, həmin müştəri də 150 manat verəcəyini söyləmiş, o da razılaşıb həmin məbləğdə pulu alıb velosipedi müştəriyə vermiş, həmin şəxs də velosipedi “Tofaş” markalı avtomobilinə qoyub sürüb getmişdir. Ertəsi günü, yəni 24.04.2020-ci ildə axşamüstü mağazada olduğu vaxt ***-***-**-** nömrəsindən tanımadığı şəxs ona zəng edərək, “Tap.az” saytına satmaq üçün qoyduğu velosipedlərdən biri ilə maraqlanmış, o da həmin velosipedin satıldığını, amma satmaq üçün başqa velosipedlərinin olduğunu bildirib, Samirdən aldığı “Giant” markalı velosipedin şəkilini mobil telefonunun “Whatsapp” xidməti vasitəsi ilə həmin şəxsin mobil nömrəsinə göndərmiş, həmin müştəri şəklilə baxıb, velosipedi bəyəndiyini bildirib, ondan həmin velosipedi neçiyə satmaq istədiyini soruşmuş, o da 170 manata satmaq istədiyini bildirmiş, həmin müştəri də velosipedi bir az ucuz qiymətə satmasını xahiş etmiş, o da 160 manata sata biləcəyini söylədikdən sonra müştəri taksiyə pul verəcəyini bildirib, velosipedi bir az da aşağı qiymətə satmasını xahiş etmiş, o da taksiyə ehtiyac olmayacağını, velosipedi öz maşını ilə onun dediyi ünvüna apara biləcəyini bildirmiş, həmin müştəri də razılaşmışdır. Bundan sonra o, həmin velosipedi maşınına qoyub razılaşdıqları kimi Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Sentralnı” deyilən yerə aparıb həmin müştəriyə verib ondan 160 manat pul alıb geri qayıtmışdır. Həmin velosipedlərdən əldə etdiyi pulları işlətdiyi mağazadakı velosipedlərə ehtiyat hissələri almağa xərcləmişdir. Samirdən aldığı “Trek” markalı velosipedin isə nasaz yerləri olduğuna görə təmir etmək üçün mağazada saxlamışdır. Samirin Xırdalan şəhərindəki “Sultan” şadlıq sarayının yaxınlığındakı yatqxanada yaşadığını bilsə də onun soyadını və atasının adını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus-100, ev 350-də yaşayır. Azərbaycan Dövlət Texniki Univerisitetinin 2-ci kurs tələbəsidir. Boş vaxtlarında velosiped sürmək həvəskarıdır. Buna görə də özünə velosiped almaq qərarına gəlib internet sosial şəbəkəsində “Tap.az” saytını mütəmadi izləyib orada satışa qoyulan velosipedlərə baxmışdır. 25.04.2020-ci il tarixdə axşam vaxtı mobil telefonunda yenə həmin saytda velosiped axtardığı vaxtı Cəlil adlı şəxsin yaşıl rəngli velosipedi 130 manata satmaq istədiyini görüb ona mesaj yazmış, Cəlil də həmin velosipedin artıq satıldığını bildirmiş, o da sonuncudan başqa satmaq istədiyi velosipedi olduğunu soruşmuş, Cəlil də əlavə 3 ədəd velosipedin şəkllini telefon vasitəsi ilə ona göndərmiş, o, həmin velosipedlərin içərisindən “Giant” markalı, ağ və albalı rəngli, idman modelli velosipedi bəyənib neçiyə satdığını soruşmuş, Cəlil 170 manata satmaq istədiyini bildirmişdir. O da bir az ucuz qiymətə satmasını xahiş etmiş, Cəlil də 160 mantdan aşağı satmayacağını bildirmiş, bundan sonra o, Cəlildən taksi pulunu çıxmasını xahiş etmiş, sonuncu taksiyə ehtiyacı olmayacağını, velosipedi öz maşını ilə onun yaşadığı ünvana gətirəcəyini bildirmiş, o da razılaşmış və ertəsi günü axşam Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki, yaşadığı yerin yaxınlıqda yerləşən “Sentralnı” deyilən yerdə Cəlillə görüşmüş və həmin velosipedi alıb, sonuncuya 160 manat pulu vermiş, sonra velosipedi sürüb yaşadığı məhəlləyə getmiş, həmin vaxtı qonşuları və dostları onun velosipedini görmüşlər. Həmin velosipedin oğurluq olduğunu o, bilməmiş, velosipedin oğurluq yolu ilə əldə edilməsini o, polis əməkdaşlarından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində yaşayır. Tikinti-təmir ustası işləyir. Oğluna velosiped almaq məqsədi ilə internet sosial şəbəkəsindəki “Tap.az” saytına baxarkən Cəlil adlı şəxsin həmin saytda satmaq üçün qoyduğu velosipedlərə baxmış və oradakı velosipedlərdən birini bəyəndiyi üçün Cəlilə zəng etmişdir. Cəlil ona mağazasının Xırdalan şəhərindəki “Bravo” süpermarketinin yanında yerləşdiyini söyləmiş, avtomobilinə minib həmin mağazaya getmişdir. Cəlil ona “Connandale” markalı velosipedi göstərmiş və o, həmin velosipedi bəyənərək hansı qiymətə satdığını soruşmuşdur. Cəlildə həmin velosipedi 200 manata satmaq istədiyini bildirsə də onun əziyyət çəkib mağazasına gəldiyimi qiymətləndirdiyini bildirib həmin velosipedi ona 150 manata satacağını söyləmişdir. O, Cəlilə razılaşaraq, 150 manat məbləğində pul verib həmin velosipedi “Tofaş” markalı avtomobilinə qoyub həmin yeri tərk etmişdir. Həmin velosipedin oğurlanmış əmlak olduğunu polisə çağırıldığı vaxtı bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə baxış iclasında 05 ədəd SD diskə baxış keçirlmiş, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 04 aprel 2020-ci il tarixdə saat 19:55 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi-10 ünvanında yerləşən velosiped satışı mağazasına plastik qapının qıfılını sındırmaqla qanunsuz daxil olub oradan 03 ədəd velosiopedi oğurlayaraq mağazadan çıxmaları müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.07.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 30.06.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 27.10.2015-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə 04.03.2015-ci il tarixli qərar ləğv edilərək yeni Apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 04.03.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilib CM-nin 221.3-cü maddəsinə dair müddəa xaric edilib, CM-nin 126.2.4-cü maddəsi CM-nin 128-ci maddəsinə tövsif olunub qəti 01 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 17.06.2016-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 221.3-cü maddəsinə əsasən 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. 17.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 30.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02.05.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında 06.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin şərtlərini pozduğuna görə, barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. 18.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa gəldiyindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnməklə istintaqı davam etdirilmişdir. Abşeron rayon məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbayacan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.2, 69.3-cü maddələri tətbiq edilməklə 01 il, 02 ay, 12 gün müddətinə azasdlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin 12.01.2021-ci il tarixli, 249 saylı məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin 17.06.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1000 manat məbləğində cərimə cəzası 250 saat müddətinə ictimai işləri cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən ictimai işlər cəzası ica edilməmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə 22 dekabr 2021-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs2 250 saat ictimai işlər cəzasından azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Şübhəli şəxsin tutulması haqqında 30.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02.05.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqından yayındığına görə barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in 02.06.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02.06.2021-ci il tarixdə tutularaq, Abşeron RPİ-in MSY-yə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 03 ədəd velosiped iş üzrə maddi sübut tanınmış və sahiblərinə qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30.04.2020-ci il tarixdən 02.05.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində olan Abşeron Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30.04.2020-ci il tarixdən 02.05.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 02.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Abşeron Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsində istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut tanınmış Zərərçəkmiş şəxs məxsus 03 ədəd velosipedin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30.04.2020-ci il tarixdən 02.05.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31.01.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Abşeron Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs1 aid hissəsində ləğv edilsin. Abşeron Rayon Məhkəməsində istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30.04.2020-ci il tarixdən 02.05.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02.06.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut tanınmış Zərərçəkmiş şəxs məxsus 03 ədəd velosipedin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxslər onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-15/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-15/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver