Məhkəmə qərarları › İş №1(012)-15/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-15/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-15/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Neftçilər (2 mədən) küçəsində fərdi həyət evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayəti törətdiyinə görə hazırda barəsində Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlu X4 xidməti iş yerinin Naxçıvan Muxtar Respublikasının hərbi hissəsindən Azərbaycan Respublikasının rayonlarında yerləşən hərbi hissələrdən birinə dəyişdirlməsində kömək edəcəyi adı ilə vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında 8000 (səkkiz min) manat pulunu, 11 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 252 saylı evin 251 saylı mənzilində olarkan “Beynəlxalq” bank kartının hesabndan onun “Leo” bank kart hesabına köçürtdüyü 400 (dörd yüz) manat, cəmi 8400 (səkkiz min dörd yüz) manat pulunu Zərərçəkmiş şəxs etibarından sui- istifadə etməklə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tanışı Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, Fəzail əmlak alqı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olmuşdur. Fəzail 2022-ci ilin aprel ayında Bakı şəhərində onunla görüşərkən demişdir ki, tanışı Rəbiyə adlı qadın Naxçıvan Muxtar Respublikasında hərbidə işləyən oğlu Əli İsmayılovun xidməti iş yerini Azərbaycan Respublikasının rayonlarından birinə dəyişmək istəyir. Həmin işdə Rəbiyəyə kömək edə bilməsi barədə soruşmuş, imkan olsa, bu işdə ona kömək etməyi xahiş etmişdir. Bu işdə kömək edəcəyini bildirmiş və Fəzaildən Rəbiyənin mobil telefonunun nömrəsini istəmişdir. Fəzail Rəbiyənin mobil nömrəsini ona vermiş, o da Rəbiyəyəyə zəng etmiş və onun nömrəsini Fəzailin verdiyini demişdir. Rəbiyəyə telefonla danışarkan oğlunun iş yerinin dəyişdirilməsində kömək edəcəyini vəd etmiş, işin həlli üçün 8000 (səkkiz min) manat pul lazım olduğunu ona bildirmişdir. Rəbiyə həmin məbləğdə pulu verməyə razılaşmış, lakin pulu ona notarial qaydada müqavilə əsasında verəcəyini demiş, o da razılşmışdır. 26 aprel 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhərində H.Aslanov metrostansiyasının yaxınlığında yerləşən 40 saylı notariat kontorunda Rəbiyə ilə görüşüb, aralarında borc müqaviləsi tərtib edərək ondan 8000(səkkiz min) manat pulu almışdır. Borc müqaviləsində güya onun Rəbiyədən borc aldığı göstərilmiş, əslində isə ondan 8000 min manat pulu oğlu Əli İsmayılovun iş yerinin dəyişdirilməsi üçün almışdır. Təxminən on gün sonra Rəbiyəyə sənədlərin toplanması üçün əlavə olaraq 400(dörd yüz) manat pul lazım olduğunu demiş, Rəbiyə onun “Leobank” kartına öz kartından 2022-ci ilin may ayınnın əvvəllərində 400 manat pul göndərmişdir. Sonra Rəbiyə ona tez-tez zəng edib işin nə yerdə olduğunu soruşduqda, o da hər dəfə işin düzələcəyini bildirmişdir. O, Rəbiyənin oğlunun xidməti iş yerini dəyişirə bilmədiyi üçün sonradan telefonunun nömrəsini dəyişmiş və Rəbiyənin ona verdiyi 8400 manat pulu özünün şəxsi ehtiyaclarıma xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onu iş yoldaşı, yəni Bakı şəhər 1 sayli təcili və təxərəsalınmaz tibbi yardım stansiyasında sürücü işləyən Hümbətov Mehti tanış etmişdir. O, Mehtiyə hərbidə işləyən oğlunun xidməti iş yerinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının rayonlarında yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyi barədə bildirdikdə Mehti ona kömək edəcəyini bildirmişdir. 25 aprel 2022-ci il tarixdə, 055 604- 68- 65 mobil nömrəsindən onun istifadəsində olan 055 282- 47-09 mobil nömrəsinə zəng olunmuş, telefonda danışan şəxs adının Türkan olduğunu və onun nömrəsini Fəzail adlı şəxsin verdiyini bildirmişdir. Türkan Fəzailin kim olduğunu ona izah etməmişdir. Türkan ona oğlunun Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının rayonlarına xidməti iş yerinin yerinin dəyşdirilməsi üçün 8000 manat pul lazım olacağını demiş, o da bu barədə Türkanla razılaşmışdır. Həmin pulu qabaqcadan razılaşdıqlarına uyğun olaraq 26 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhərində, “H.Aslanov metrostansiyasının” yaxınlığında 40 saylı notariat kontorunda görüşüb kredit müqaviləsi tərtib edərək Təqsirləndirilən şəxs vermişdir. Notariat kontorunda Türkana borc verməyi barədə müqavilə ona görə tərtib etmişdir ki, o, Türkana etibar etməmişdir. Ona görə də, Türkana pulu borc müqaviləsi əsasında vermişdir ki, vədinə əməl etməsə pulunu qaytarmağı tələb edə bilsin. O, əslində 8000 (səkkiz min) manat pulu Türkana borc deyil, oğlunun xidmət yerini dəyişməsi üçün vermişdir. Xətai rayonu ərazisində 40 saylı Notariat kontorunda Türkanla görüşərkən ondan harada işləməsini soruşmuş, Turkan ona şirkətdə işlədiyini, şirkətin adının məxfi olduğunu bildirərək hansı şirkətdə işlədiyini deməmişdir. Türkana 8000 manat pulu verdikdən təxminən bir ay sonra Türkan ona zəng edib sənədlərin topölanması üçün pul lazım olduğunu bildirərək 800 manat pul istəmiş, o da maddi imkanı olmadığı üçün özünə məxsus “Beynəlxalq” bank kartının hesabndan Türkana məxsus “Leo” bank kart hesabına 400 (dörd yüz) manat pulu yaşadığı evdən mobil tətbiq vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 və X7 onun tanışıdırlar. 2022-ci ilin yaz aylarında Balaxan Əliyev onun istifadəsində olan mobil telefonuna zəng edib bir nəfər tanış qadının oğlunun hərbi xidməti işini Naxçıvandan Bakı şəhərinə ya Gəncə şəhərinə dəyişdirmək istədiyini, bu işdə ona kömək etmək lazım olduğunu bildirmişdir. O, Balaxana bu işdə kömək edə biləcək tanışı olmadığını, lakin bir nəfər tanışına deyəcəyini söyləmişdir. O, “bir nəfər tanış var”deyəndə tanışı Şahid2 nəzərdə tutmuşdur. Ona görə də o, Fəzailə zəng edib bu barədə ona bildirmiş və tanışı varsa kömək etməsini xahiş etmişdir. Fəzail bu işlə maraqlanacağını demişdir. Bir neçə gün sonra Fəzail ona zəng vurub oğlunun iş yerini dəyişmək istəyən qadının mobil nömrəsini onun telefonuna göndərməsini istəmiş, o da bu barədə Balaxanla danışmışdır. Balaxan Rəbiyyə adlı qadının adını və telefon nömrəsini onun mobil telefonuna göndərmiş, o da həmin telefon nömrəsini və Rəbiyyənin adını Fəzailin telefonuna göndərmişdir. Bir neçə ay keçəndən sonra Balaxan Əliyev ona zəng edib, Rəbiyyənin notarial qaydada pul verdiyini, lakin oğlunun işinin düzəlmədiyini bildirmişdir. Ona görə də o, Fəzailə zəng edib bu barədə soruşmuşdur. Bundan sonra Fəzail dəfələrlə Rəbiyənin iş düzəltmək üçün pul verdiyi şəxs olan Türkanla görüşüb, ondan Rəbiyədən aldığı pulun qaytarmasını tələb etmiş, Türkan Fəzailə aldığı pulu Rəbiyəyə qaytaracağına söz versə də, Rəbiyənin pulunu qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs iş yoldaşı kimi tanıyır. Rəbiyə iş yerində söhbət zamanı oğlu X6 Muxtar Respublikasında hərbidə işlədiyini, onun iş yerini Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının rayonlarından birinə dəyişməyə kömək edəcək adam axtardığını bilıdirmişdir. O, tanışı, əvvəllər yüngül sənaye üzrə elmi tədqiqat institutunun direktoru işləmiş X7 ilə görüşüb bu barədə ona demiş və kömək etməyi xahiş etmişdir. Bir neçə gündən sonra Balaxan Əliyev onun mobil telefonuna zəng edib Rəbiyənin nömrəsini istəmiş və demişdir ki, Rəbiyənin nömrəsini ona kömək edəcək şəxsə verəcək, həmin şəxs Rəbiyə ilə telepfonla danışıb ona kömək edəcəkdir. O da Rəbiyədən icazə alıb onun mobil nömrəsini əvvəllər tanıdığı Balaxana vermişdir. Sonradan Rəbiyə ona demişdir ki, o, Türkan adlı şəxslə görüşmüş və işin həlli üçün Türkana 2022-ci ilin aprel ayının axırlarında notarial qaydada borc müqaviləsi tərtib etdirərək borc adı ilə 8000 (səkkiz min) manat pul vermişdir. Sonradan Türkan işi həll edə bilmədiyi üçün Rəbiyə ondan pulun qaytarılmasını tələb etmiş, lakin Türkandan pulunu ala bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində olarkan tanışı Şahid3 istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən onun istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə zəng edərək tanışı olan Rəbiyə adlı qadının hərbidə xidmət edən oğlunun iş yerinin Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə hərbi hissələrin birinə dəyişmək istədiyini bildirmiş, tanışı varsa ona kömək etməyi xahiş etmişdir. O da telefonda Şahid3 tanışı olmadığını, lakin bu işlə maraqlanacağını demişdir. Bir neçə gündən sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanışı Təqsirləndirilən şəxs ilə təsadüfən görüşmüşlər. O, Türkaan Abdullayevin əslən X1 bildiyi üçün Naxçıvan MR-dan Bakı şəhərinədə yerləşən hərbi hissələrdən birinə bir nəfər şəxsin iş yerinin dəyişilməsində kömək edə bilib-bilməmsini soruşmuş, Təqsirləndirilən şəxs ona demişdir ki, onun Naxçıanda hərbi hissədə əlaqələri vardır, tanışlarının vasitəsi ilə orada hərbi xidmətdə olan istənilən şəxsi Bakı şəhərinə hərbi hissələrin birinə iş yerini dəyişə biləcəyini söyləmişdir. O, Türkana inanmış, onun yanında Şahid3 zəng edib bu barədə ona bildirmişdir. Şahid3 ona iş düzəltdirmək iustəyən şəxsin mobil nömrəsini vermiş, o da həmin mobil nömrəni Türkana vermiş, Türkana demişdir ki, Nahidənin verdiyi həmin nömrəyə zəng vurub özü danışsın. Aradan iki gün keçəndən sonra o, Türkana zəng edib, ondan mənim verdiyim nömrəyə zəng edib danışıbdanışmadığını soruşdum. Türkan telefonla həmin nömrəyə zəng edib Rəbiyə adlı qadınla danışdığını, sonra onunla görüşüb oğlunun işini düzəltməkdən ötrü 8000 (səkkiz min) manat pul istədiyini, lakin pulu hələ almadığını bildirmişdir. Türkan, Rəbiyyə adlı qadınla səhəri gün görüşəcəyini və ondan pulu notarial qayda alaraq işi düzəltmək üçün Naxçıvan şəhərinə gedəcəyini bildirmişdir. Bir neçə gün keçəndən sonra Türkan ona zəng edib Naxçıvan Muxtar Respublikasında olduğunu, Rəbiyyə xanımın oğlunun işini danışdığını, iki ay müddətində işin həllediləcəyini demişdir. Onun həmin işdə heç bir maddi marağı olmamış, sadəcə tanışı Şahid3 ondan Türkan adlı qadına oğlunun iş yerinin dəyişilməsində kömək etməyi xahiş etdiyi üçün o da bu işdə kömək etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Beynəlxalq Bankının Xırdalan filialının çıxarışından görünür ki, pul göndərişlərinə dair məlumatlar içində Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə mobil tətbiq vasitəsilə 400 manat pulun Təqsirləndirilən şəxs məxsus “Leo bank” pul kartına göndərilməsi müəyyən olunmuşdur. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsdən pul aldığını əks etdirən mobil telefondan çıxarılmış mesaj mətnləri, fotoşəkil və Azərbaycan Beynəlxalq Bankının pul vəsaitlərinin göndərilməsi barədə təqdim etdiyi sənədlər cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Səbail RPİ-nin İŞ-də ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3cü maddəsinə əsasən qəti olaraq 08 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ibtidai istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Naxçıvan Muxtar Respublikası Babək rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməsi üçün xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixində cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən digər cinayət işi üzrə törədilmiş cinayət əməlinə görə 178.2.4-cü maddəsi ilə cinayət işinin istintaqı baxılması üçün ittiham aktı ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 69.3-cü maddələri ilə 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək olan müdət ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayət əməlinə görə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır . Buna görə də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək olan müdət ərzində təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə görə CM-in 178.2.2-ci maddəsi ilə (təkrar törətmə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə ittihamdan CM-in 178.2.2-ci maddəsi xaric edilməli, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-və 61-ci maddəsinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona 03 il müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam çəkib qurtarması nəzərə alınmalı və azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; bir zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsdən pul aldığını əks etdirən mobil telefondan çıxarılmış mesaj mətnləri, fotoşəkil və Azərbaycan Beynəlxalq Bankının pul vəsaitlərinin göndərilməsi barədə təqdim etdiyi sənədlər cinayət işmateriallarında saxlanılmalıdır, ; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir, digər zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış xx.xx.2024-cü il tarixli hökmü ilə ona 03 il müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam çəkib qurtarması nəzərə alınsın və azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsdən pul aldığını əks etdirən mobil telefondan çıxarılmış mesaj mətnləri, fotoşəkil və Azərbaycan Beynəlxalq Bankının pul vəsaitlərinin göndərilməsi barədə təqdim etdiyi sənədlər cinayət işmateriallarında saxlanılsın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar