Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-150/2023 07.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin aprel ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 15 saylı küçədə yerləşən xadiməçi işlədiyi 18 nömrəli evin qonaq otağında dolabın içərisində olan kitab şəkilli seyfdən Zərərçəkmiş şəxs məxsus 5000 ABŞ dollarından 1500 ABŞ dollarını, bundan sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs həmin evdən qonaq otağında dolabın içərisində olan kitabşəkilli seyfdən 1700 ABŞ dollarını vahid niyyətlə gizli talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2022-ci ilin aprel ayına olan Azərbaycan manatının məzənnəsi ilə 5440 (beş min dörd yüz qırx) manat təşkil edən 3200 (üç min iki yüz) ABŞ dolları xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında “Vatsap” sosial şəbəkəsində iş elanları qrupunda xadimə işi olduğunu görüb elanda olan nömrəyə zəng edib xadimə işləmək istədiyini bildirmişdir. Cavab verən şəxs Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində fərdi evdə xadimə işləyəcəyini və aylıq əmək haqqının 300 manat olacağını bildirmişdir. O, razılaşmış və Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində Zərərçəkmiş şəxs evində xadimə işləməyə başlamışdır. Aynur xanımın həyat yoldaşı Türkiyə Respublikası vətəndaşıdır və adı Qüdrət olmuşdur. Hər gün saat 10-da Aynurgilin evlərinə işə gedib saat 19-da işdən çıxmışdır. O, evdə uşağa baxıb, təmizlik işləri aparmış və yemək bişirmişdir. Evdə pulların qonaq otağında dolabda dəmir qabın içində olduğunu görmüşdür. Həmin evdə işləyən zaman ikinci mətəbədən 1-ci mətəbə arasında olan pilləkəndə yıxılıb xəsarət almışdır. Müalicə pulu lazım olduğu üçün o, dolabda Aynura məxsus olan bir topa dollardan oğurlamaq qərarına gəlmiş və 2022-ci ilin aprel ayının ortalarında dolabda olan Aynur xanıma məxsus dollarların arasından 1500 ABŞ dollarını götürmüş və pulu hissə-hissə manata çevirib müalicəsi üçün dərmanlar almışdır. xx.xx.2022-ci il tarixdə Aynur xanımın doğum günü olduğu üçün qohumları Aynurgilə gələcəkmişlər. Həmin gün səhər saatlarında Aynurgilin evində qonaq otağını təmizləyən zaman həmin dəmir qabın içindən 1700 ABŞ dollarını oğurlayıb xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 18-də Aynurgilin evlərindən çıxıb getmişdir. Həmin gündən Aynurgilə getməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tərəfindən ödənilmişdir, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, ailəlidir, işləmədiyi üçün bütün günü evdə olur və səhəti ilə əlaqədar azyaşlı uşağına baxması və ev işlərində ona kömək etməsi üçün bir nəfər xadiməçi hər gün saat 10-da evinə gəlmiş və saat 18 radələrində çıxıb getmişdir. Həmin xadiməçi xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2022-ci il tarixdə o, evinin qonaq otağında olan dolaba baxmış və həmin vaxtı dolabın içərisinə qoyduğu kiçik kitab şəkilli seyfdə olan 5000 (beş min) ABŞ dollarından 3200 (üç min iki yüz) ABŞ dollarının olmadığını aşkar etmişdir. 1800 ABŞ dolları və 3000 manat pul isə seyfdə yerində olmuşdur. Seyfin açarıda dolabın içərisində seyfin yanında olmuşdur. xx.xx.2022-ci il tarixdə onun doğum günü olduğu üçün Aytən onların evində olmuşdur, həmçinin evlərinə yaşlı anası atası Ağababa, anası X4, bacısı X5, bacısı Aygünün qızı X7, Fidanın tələbə yoldaşı Elvin, bacısının əri Vahid Əliyev onlarda olmuşlar. Həmin şəxslərdən başqa evdə heç kim olmamış, həmin şəxslərin hamısı xx.xx.2022-ci il tarixdə qonaq otağında, yəni oğurluq olan otaqda olmuşlar. O, isə pulunun oğurlandığını xx.xx.2022-ci il tarixdə aşkar etmişdir. Oğurluq nəticəsində ona 3200 ABŞ dolları, yəni 2022ci ilin aprel ayına olan məzənnə ilə 5440 manat ziyan dəymişdir. Dəymiş ziyan ödənilsə də, güman edir ki, əvvəllər də Təqsirləndirilən şəxs oğurluq etmişdir, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kudret Demircioğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs doğum gününü qeyd etmişlər. Ona görə bu münasibətlə həyat yoldaşı Aynurun qohumları yəni qayınatası Ağababa, qayınanası Gülsüm və digər qohumları onlara gəlmişlər. Həmin gün evlərində xadiməçi işləyən Aytən adlı qadın Aynurdan icazə alıb evdən tez getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Aynur qonaq otağında dolabda olan kitab şəkilli seyfin içərisində olan 5000 ABŞ dollarından 3200 ABŞ dollarının yerində olmadığını bildirmişdir. Həmçinin Aytənin həmin gündən onlara gəlməməsi Aytənin pulu oğurlamasından şübhələnmişlər. Buna görə də polisə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 15 saylı küçədə yerləşən Zərərçəkmiş şəxs məxsus 18 saylı evdən 3200 ABŞ dollarının oğurlanması ilə bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində evdən 3200 ABŞ dollarını həmin evdə xadiməçi işləmiş Təqsirləndirilən şəxs oğurlaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs RPİ-nə dəvət edilmiş və onunla söhbət zamanı Aynur Demirci oğlunun evində xadiməçi işlədiyi müddətdə yəni 2022-ci ilin aprel ayının ortasında evin qonaq otağında dolabda olan kitabşəkilli seyfdən 1500 ABŞ dollarını, aprel ayının 29-da isə həmin yerdən 1700 ABŞ dollarını oğurladığını etiraf etmişdir. Bundan sonra o, bu barədə raportla idarə rəisinə müraciət etmiş və Təqsirləndirilən şəxs istintaq şöbəsinə təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü Rəsul Qafarov adlı 1 azyaşlı, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü İslam Qafarov adlı 1 yetkinlik yaşına çatmayan övlaının olmasını və Azərbaycan Respublikası CMin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-150/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-150/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver