Məhkəmə qərarları › İş №1(012)-151/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-151/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-151/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmişin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Əlibayramlı şəhərində anadan olmuş, azərbaycanlı. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə, 09 aprel 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Zahid oğlunun kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 203-də yerləşən 25 saylı mənzildə heç kimin olmamasından istifadə edərək həmin mənzilə əldə etdiyi açarla qapını açıb qanunsuz daxil olaraq yataq otağında saxlanılan Zərərçəkmiş şəxs Zahid oğluna məxsus bir ədəd 800 manat dəyərində “HP” markalı 2199nia modelli, İntel Corel7 nvidia göstəriciləri olan notbuk tipli kompyuteri gizli talayıb Zərərçəkmiş şəxs Zahid oğluna 800 manat ziyan vurmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 29 iyun 2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Şamaxı şossesi 6 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinin plastik pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz binaya daxil olaraq, oradan 01 ədəd 2300 manat dəyərində “Lenova” markalı noutbuku, 01 ədəd 450 manat dəyərində “Epson” markalı H843B modelli videoproyektoru və hər biri 30 manat dəyərində olan ümumi 120 manat dəyərində 04 ədəd üzərində “HİKVİSİON” 01/2013 DS-2CD2012-1 12mm olan 4 ədəd müşahidə kameralarını gizli talayıb zərərçəkmiş şəxs Qafqaz Ticarət” MMC-yə ümumilikdə 2870 manat dəyərində maddi ziyan vurmaqla, binaya qanunsuz daxil olaraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Şirvan şəhəri İ.Qayıbov küçəsi ev 9, mənzil 7-də qeydiyyatda olsa da, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrarayon, Naxçıvani Rezidans, A.Məmmədov küçəsi 11, mənzil 75-də yaşayır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Lənkəran rayon sakinləri Zərərçəkmiş şəxs Zahid oğlunu təxminən 04 ay olar ki, Şahid1 isə 6-7 ay olar ki, tanıyır, Elvar və Ağasəidlə əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Şahid1 ünvan 3 ünvanında yerləşən «Texno galery cesvise» kompyuterlərin təmiri dükanını işlədir. O, özü də hadisəyədək həmin dükanda təxminən 7 ay köməkçi kimi işləmişdir. Elvar da həmin dükana gəlib getmişdir. Elvar Ağasəidlə birlikdə ünvan 4-də yerləşən evdə kirayədə yaşamışılar. O, özü də Elvargillə bir neçə dəfə həmin evə gedib gəlmiş, getdiyi vaxt o, həmin evdə “HP Pavilion 15” markalı, 10-cü nəsil, qara rəngli noutbook kompyuteri görmüşdür. Ağasəiddən kompyuterin kimə məxsus olmasını soruşanda, Ağasəid kömpyuterin Elvara məxsus olduğunu, təzəcə kredit yolu ilə aldığını demişdir. Elvar həmin kompyuteri dizaynerlik işi ilə əlaqədar istifadə etmiş və kompyuterini kirayədə yaşadıqları evdə saxlamışıdr. O, Ağasəidlə Elvarın kirayədə yaşadıqları evlərinə heç vaxt tək halda getməmiş, sadəcə bir dəfə 2021-ci ilin yanvar ayının əvvəllində Ağasəidlə birlikdə evə kompyuter gətirəndə, bir dəfə isə 2021-ci ilin fevral ayının 11-də Ağasəidin ad günündə getmişdir. Həmin evin bir açarı Ağasəiddə, bir açarı da Elvarda olmuşdur. Elvar Bakı şəhəri, Səbail rayonu ərazisində Tarqovi adlanan yerdə yerşəşən “Teatr linc” restoranında ofisiant işləyir, hər səhər işə gedir. 09 aprel 2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı evindən çıxıb dükana getmiş, Ağasəiddə dükanda olmuşdur. Onun pula ehtiyyacı olmuş, lakin heç bir yerdən pul tapa bilməmişdir. Ona görə oğurluq etməyi və əldə etdiyi əşyanı satıb pulunu da maddi ehtiyyaclarına xərclmək qərarına gəlmişdir. Həmin vaxt Elvarın kirayədə qaldığı evin yataq otağında olan komputerin oğurlamağı fikirləşmiş, ona görə də o, Ağasəiddən onu soruşduqda Ağasəid də ona Elvarın səhər saatlarında evdən çıxıb Bakı şəhəri Səbail rayonu ərazisində Tarqovi adlanan yerdə yerşəşən “Teatr linc” restoranına getdiyini, indi işdə olduğunu dedikdə bunu dəqiqləşdirmək üçün Elvara zəng vurmuş və Elvardan bu gün dükana gəlib-gəlməyəcəyini soruşmuş, Elvar isə bu gün işdə olduğunu, axşam işdən çıxıb evə gedəcəyini ona demişdir. O da bundan sonra Elvarla sağollaşmışdır. Cavidan da işdə olduğundan, evdə heç kimin olmadığını, oğurluq etmək üçün əla vaxt olduğunu, lakin bunun üçün əvvəlcə evə hansı şəraitdə daxil olmağın yolunu tapmaq lazım gəldiyini fikirləşmişdir. Sonradan Ağasəidin cibindən evin açarlarını götürməyi, sonra da Ağasəidlə Elvarın kirayədə yaşadığı evinə getməyi qərara almış, o, dükanda ətrafa baxanda, Aqasəidin göləkcəsinin stulun üzərindən asıldığını görüb, əvvəlcə stulda oturmuş, sonra isə ətrafa baxmış, Aqasəidin başı qarışıq olduğundan hiss olunmayacaq dərəcədə Aqasəidin gödəkcəsinin ciblərini axtarmağa başlamış və gödəkcənin cibində açar olduğunu görüb açarı sakitcə götürmüş və öz cibinə qoymuş, sonra heç bir hal baş verməmiş kimi dükanda işləməyə başlamışdır. Həmin tarixdə günorta saat 16 radələrində Ağasəidin kirayədə qaldığı evə gedib oradan Elvarın kompyuterini götürmək istəmiş, ona görə də Ağasəidə yaxınlaşmış, işi olduğuna görə Ağasəiddə icazə istədikdə Ağasəid də ona icazə vermiş, o, işdən çıxıb saat 17 radələrində birbaşa Ağasəidin kirayədə yaşadığı ünvan 4 ünvanında yerləşən evinə getmiş, Ağasəidin gödəkcəsinin cibindən götürdüyü açarla mənzilin qapısını açmış, Ağasəidgildən xəbərsiz və gizli mənzilə daxil olmuşdur. Mənzilin yataq otağında saxlanılan Elvarın kompyuterini götürüb yenidən mənzildən çıxmış, qapını bağlayıb birbaşa Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən kompyuter təmiri servisini işlədən Ağa adlı şəxsə zəng vurmuş və Ağaya demişdir ki, «işlənmiş kompyuter alırsan». Ağa da ona demişdir ki, «alıram, amma kompyuteri gətir, baxım, görüm necədi, burada qiymətləndirərik». O da Ağa ilə razılaşmış, Ağanın işlədiyi dükana gəlmiş, Ağaya yaxınlaşmış və demişdir ki, «pula ehtiyyacım vardır, kompyuterimi satıram». Ağa da ondan soruşmuşdur ki, «kompyuteri neçəyə satırsan». O da Ağaya demişdir ki, «mən kompyuteri 800 manata satıram». Ağa da ona demişdir ki, “baxım görüm kompyuter necədi, sonra qiymət verərəm». Ağa kompyuterə baxıb görmüşdür ki, kompyuter işlək vəziyyətdədir, “HP” markalı, qara rənglidir, lakin bir dəfə də ustaya təmirdən ötrü təqdim edilmiş, çünki kompyuterin arxa rezini olmamışdır. Ağa ona demişdir ki, «sənin satmaq istədiyin kompyuterə mən sadəcə 600 manat verə bilərəm, bunun hazırki qiyməti budur». O da Ağa ilə əvvəlcə razılaşmamış, qiymətin aşağı olmaması üçün ona yalandan demişdir ki, «mən bu kompyuteri lambarda verərəm, məndən istəyib mənə 800 manat pul verir». Ağa da ona demişdir ki, «istəyirsə, apar sat». Lakin o, Ağaya demişdir ki, «yox mən səninlə razılaşıram, ver 600 manatı, satıram». Ağa da onunla razılaşmış, ona 600 manat pulu vermiş, kompyuteri almışdır. Sonra isə o, özümün şəxsiyyət vəsiqəsini Ağaya təqdim etmiş, Ağa şəxsiyyət vəsiqəsinin ksero surətini çıxarmış, şəxsiyyət vəsiqəsinin aşağı hissəsində o, öz xətti ilə yazmışdr ki, «09.04.2021-ci il tarixdə HP-da2199nia markalı, SN:cnd0105zvr seriyalı noutbook kompyuteri 600 manata öz razılığımla satdım və oğurluq olmadığını öz imzamla təsdiq edirəm». Ağa da həmin kağızı özündə saxlamışdır ki, birdən nəsə olar, göstərsin, sonra o, çıxıb getmişdir. Əldə etdiyi pulu öz maddi ehtiyyaclarına xərcləmişdir. Səhəri gün Ağasəid ona zəng vurmuş və ona demişdir ki, “gəl dükana müştəri gəlib, işim çoxdu, mənə komək elə, kompyuterləri təmir edək”. O da razılıq vermiş, axşamüstü saatlarında dükana gəlmişdir. Həmin vaxt Ağasəid və Elvar ondan soruşmuşlar ki, “kompyuteri sən götürmüsən”. O, əvvəlcə boynuna almamış, sonradan Ağasəid və Elvar ona müşahidə kameralarının görüntülərini göstərmiş və orada onun gödəkcəsinin cibindən açarı götürməsi açıq aydın görünmüşdür. O, bunu görəndən sonra, etiraf etmişdir ki, “Ağasəidin gödəkcəsinin cibindən kirayədə qaldıqları evin açarlarını götürdükdən sonra, kirayədə yaşadıqları evlərinə getmiş, oradan Elvarın kompyuterini götürmüş, həmin kompyuteri də Ağaservisə 600 manata satmış, əldə etdiyi pulu da xərcləmişdir. O, qalmağa yeri olmadığı və pula ehtiyacı oluduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 29.06.2021-ci il tarixdə gecə saat 03 radələrində Bakı-Şamaxı şosesinin qırağında yerləşən dönərxanın pəncərəsindən içəriyə daxil olmuş tavanda olan 04 ədəd müşahidə kameralarını söküb özü ilə gətirdiyi selofan torbaya qoymuş, bundan sonra dönərxanın nəfəsliyinin “Azərsunun” həyətinə açıldığını görüb oradan da oğurluq etmək qərarına gəlmiş və “Azərsunun” ərazisinə daxil olmuş həyətə baxan otağın plastik pəncərəsindən içəriyə daxil olmuş və oradan “Epson” markalı video proyektoru götürüb, digər ofisin pəncərəsindən oraya daxil olmuş və oradan “Lenova” markalı noutbuku götürüb oradan uzaqlaşmışdır. 29.06.2021-ci il tarixdə saat 10 radələrində oğurladığı “Lenova” markalı noutbuku Bakı şəhəri, 28 may metrosunun yaxınlığında yerləşən “Vavilon” adlı lombard dükanına qoyub 400 manat pul götürmüşdür. Götürdüyü pulu 29.06.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyası ərazisində yerləşən “Rent A Car Baku 509” adlı avtomobil icarə məntəqəsinə getmiş, oraya olan 240 manat borcundan 70 manatını qaytarmış, 65 manata da İlqar adlı şəxdən “Kia Cerato” markalı avtomobili götürmüş, 2 ədəd müşahidə kameralarını pulsuz vermiş, qalan pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Avtomobilin arxa hissəsinə 1 ədəd video proyektoru və 2 ədəd video müşahidə kamerasını qoymuşdur. Sonda əməlindən peşman olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu, 1 MR A.Məhərrəmov küçəsi ev 37 mənzil 26-da yaşayır. Qafqaz Ticaret MMC-nin hüquqşünası vəzifəsində işləyir. 28.06.2021-ci il tarixdə saat 23 radələrindən 29.06.2021-ci il tarixdə saat 08 radələrinədək olan müddət ərzində Abşeron rayonu, Şamaxı şosesi 6 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinin plastik pəncərəsini açma yolu ilə naməlum şəxs və ya şəxslər ofisə daxil olaraq oradan 1 ədəd 2300 manat dəyərində “Lenovo” markalı noutbuku, 1 ədəd 916 manat dəyərində video proyektoru və 200 manat dəyərində 4 ədəd müşahidə kameralarını oğurlamışlar. Oğurluq nəticəsində şirkətə ümumulikdə 3416 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs Zahid oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Lənkəran rayonu, Gərmətürk kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 203, mənzil 25-də kirayə yaşayır. subaydır, heç bir yerdə işləmir, Memarlıq və İnşaat Kollecinin 4-cü kurs tələbəsidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından etibarən tanıyır. Cavidan tanışı Ağasəidin işlədiyi, ünvan 6 ünvanında yerləşən “Texno service” kompyuter təmiri dükanında usta köməkçismi işləmişdir. O, Ağasəidlə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi ev 203, mənzil 25-də kirayədə yaşayır. O, özü də hərdən Ağasəidin işlədiyi dükana getmiş, orada görmüşdür ki, Cavidan usta köməkçisi kimi işləyir. Onun ailə üzvləri kredit yolu ilə ona Lənkəran şəhəri ərazisindəki dükanların birindən 1700 manata “HP pavilion 15” markalı, 10-cü nəsil noutbook kompyuteri almışlar, lakin kompyuteri 12 aylıq kredit yolu götürdüklərindən həmin kompyuter kredit yolu ilə 2000 manata başa gəlmişdir. O, həmin kompyuteri dizaynerlik işi ilə əlaqədar istifadə etmişdir. O, kompyuterini kirayədə yaşadığı evində saxlamış, Cavidan isə onun kirayədə yaşadığı evinə heç vaxt gəlməmişdir. O da Cavidanın gəlməsini görməmişdir. Evin bir açarı onda, bir açarı da Ağasəiddə olmuşdur. 09 aprel 2021-ci il tarixdə səhər saatlarında o, evdən çıxıb Bakı şəhəri, Səbail rayonu ərazisində Tarqovi adlanan yerdə yerşəşən “Teatr linc” restoranına getmişdir. O, orada afisiant kimi işləyir. Həmin gün axşam saat 23 radələrində o, işdən çıxıb kirayədə yaşadığı evinə gəlmişdir. Evə gələndə görmüşdür ki, onun noutbook kompyuteri yerində yoxdur. O, noutbook kompyuterini həmişə öz yatdığı otaqda çantasında saxlamışdır. Həmin vaxt Ağasəid də evdə olmuş, o, Ağasəiddən soruşmuşdur ki, “mənim noutbook kompyuterimi görməmisən, yerində deyil”. Ağasəid ona demişdir ki, “mən görməmişəm, bilmirəm hardadır”. O, Ağasəiddən soruşmuşdur ki, “sən bu gün evə gəlmisən, mən özüm də gəlməmişəm, evin açarı da yalnız ikimizdədir, bizdən başqa evə heç kim gəlməmişdir, bu kompyuteri kim götürə bilər”. Ağasəid də ona demişdir ki, “mənim xəbərim olmamışdır, mən özüm də işdə olmuşam, axşam saatlarında evə gəlmişəm”. Bundan sonra o, şübhələnmişdir ki, onun kompyuterini kimsə oğurlamışdır, lakin hadisəni törədən şəxs kompyuterin işıq qidalancırıcısını və çantasını götürməmişdir. Sonra O, Ağasəidlə məhəllədə quraşdırılmış müşahidə kameralarına baxmağa getmişlər, lakin heç bir görüntüyə rast gəlməmişlər. Sonra onun ağlına Cavidan gəlmişdir. O, Ağasəiddən soruşmuşdur ki, «Cavidan bu işdən icazə alıb harasa getmişdir və ya səndən icazə almışdırmı». Ağasəiddə ona demişdir ki, “Cavidan bu gün günorta saat 04 radələrində məndən icazə alıb getmişdi, mən də ona demişdim ki, gəlmə, get evə, onsuzda burada usta işləyir”. O, Ağasəidə demişdir ki, “onda səhər gedib sənin iş yerində olan kompyuterlərə baxaq, bəlkə kamera görüntülərindən nəyəsə rast gəldik”. Səhərisi o, Ağasəidlə dükanın müşahidə kameralarının görüntülərinə baxmağa getmişlər, kamera görüntülərinə baxanda, orada Cavidan Ağasəidin üzərində gödəkcəsi olan stulda oturmuşdur, stulda oturduğu vaxt əlini Ağasəidin gödəkcəsinin ciblərinə salır, oradan kirayədə qaldığı evin açarlarını götürür, sonra isə çıxıb gedir”. O, bunu görəndən sonra tam ona aydın olmuşdur ki, Cavidan kompyuteri götürmüşdür. X5 zəng vurmuş və Cavidana demişdir ki, “gəl dükana müştəri gəlib, işim çoxdu, mənə komək elə, kompyuterləri təmir edək”. Cavidan razılıq vermiş, axşamüstü saatlarında Cavidan dükana gəlmişdir. Həmin vaxt o, və Ağasəid Cavidandan soruşmuşlar ki, “kompyuteri sən götürmüsən”, Cavidan da əvvəlcə boynuna almasada, sonradan etiraf etmişdir ki, “Ağasəidin gödəkcəsinin cibindən kirayədə qaldığımız evin açarlarını götürdükdən sonra, kirayədə yaşadığımız evimizə getmiş, oradan mənim kompyuterimi götürmüşdür, həmin kompyuteri də Ağaservisə 600 manata satmışdır, əldə etdiyi pulu da xərcləmişdir”. Sonra o, Ağasəidlə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən Ağaservisə kompyuter təmiri dükanına getmişlər, orada dükanı işlədən Ağa ilə görüşmüşlər. Söhbət zamanı Ağasəid Ağaya dmişdir ki, “sənin dükanına mənim köməkçim olan Cavidan HP markalı kompyuter satmışdır, həmin kompyuter də yanımda olan Elvara məxsusdur, yaxınları həmin kompyuteri kreditə götümüşdür, hazırda da kompyuter kreditdədir, Cavidan dükanda mənim gödəkcəmin cibindən evin açarlarını götürüb kirayədə qaldığımız evə getmiş və həmin kompyuteri bizim kiprayədə qaldığımız evdən oğurlamışdır, əgər səndədirsə bizə qaytar”. Ağa onlara demişdir ki, “mən kompyuteri satmışam, onu qaytara bilmərəm, bilmirəm kimə satmışam, mən özüm də Cavidana 600 manat pul vermişəm, satanda mənə dedi ki, mənimdir, mən nə bilim kompyuter Elvarındır, bilsəydim almazdım”. Ağasəid də Ağaya demişdir ki, “Elvar tələbədir, afisiant işləyir, kompyuteri qohumları almışdır, xahiş edirəm kompyuteri qaytar, bizə ver”. Bundan sonra Ağa onlara demişdir ki, “mən çalışaram ki, kimə satmışamsa, ondan alım qaytarım, sizə xəbər edərəm”. Bundan sonra O, Ağanın dükanından Ağasəidlə çıxmış, öz dükanlarına getmişlər. Səhərisi də Ağasəid Cavidanın evinə getmiş, valideynlərinə demişdir ki, Cavidan onun kirayədə qaldığı evdən Elvar adlı uşağın kompyuterini oğurlamışdır, ona deyin ki, kompyuteri kimə satmışdırsa, gedib dükandan alıb gətirsin”. Cavidanın valideynləri də onlara demişdiir ki, “bilmirəm Cavidan hardadır, evə də gəlmir, gəlsə deyərəm”. Sonradan o, görmüşdür ki, nə Cavidan onun kompyuterini qaytarır, nə də Ağa onun kompyuteri qaytarır. O da məcbur qalıb 102 xidmətinə zəng vurmuş və oraya müraciət edərək, ona məxsus “HP” markalı noutbook kompyuterimin Cavidan adlı şəxs tərəfindən kirayədə yaşadığı evindən oğurlanmasını və ona 1700 manat ziyan vurulmasını bildirmişdir. Sonradan ona Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları zəng vurmuşlar, kirayədə yaşadığı evinə gəlmişlər, yaşadığı evinə baxış keçirmişlər, foto şəkil çəkmişlər. Sonra o, polis əməkdaşları ilə birnlikdə 27-ci PB-nə getmiş, orada ərizə yazaraq Cavidan adlı şəxs tərəfindən ona məxsus “HP” markalı noutbook kompyuterimin oğurlanmasını və ona 1700 manat ziyan vurulmasını bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Kərimli X2 Elvar Zahid oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid2 oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki,o, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, mənzil 69-da yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən «Agacervise» kompyuter təmiri, alışı və satışı dükanını işlədir. Lənkəran rayonu, Gərmətük qəsəbə sakini Zərərçəkmiş şəxs 2021-ci ilin aprel ayının ortalarından etibarən tanıyır, Bakı şəhər sakini Təqsirləndirilən şəxs isə 09 aprel 2021-ci il tarixdən etibarən tanıyır, Elvar və Cavidanı əvvəllər tanımmamışdır. Elvar və Cavidanla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 09.04.2021-ci il tarixdə axşamüstü radələrində Cavidan ona zəng vurmuş və ona demişdir ki, «işlənmiş kompyuter alırsan». O da Cavidana demişdir ki, «alıram, amma kompyuteri gətir, baxım, görüm necədi, burada qiymətləndirərik». Cavidan onunla razılaşmış, onun işlətdiyi dükana gələrək ona demişdir ki, «mənim kompyuterim vardır, pula ehtiyyacım vardır, satıram». O da Cavidandan soruşmuşdur ki, «kompyuteri neçəyə satırsan». Cavidan ona demişdir ki, «mən kompyuteri 800 manata satıram». O da Cavidana demişdir ki, “baxım görüm kompyuter necədi, sonra qiymət verərəm». O, kompyuterə baxıb görmüşdür ki, kompyuter “HP” markalı qara rəngli olmaqla işlək vəziyyətdədir, lakin bir dəfə də ustaya təmirdən ötrü təqdim edilmiş, çünki kompyuterin arxa rezini olmamışdır. O, Cavidana demişdir ki, «sənin satmaq istədiyin kompyuterə mən sadəcə 600 manat verə bilərəm, bunun hazırki qiyməti budur». Cavidan əvvəlcə onunla razılaşmayaraq ona demişdir ki, «mən bu kompyuteri lambarda verərəm, məndən istəyib, mənə 800 manat pul verir». O da Cavidana demişdir ki, «istəyirsən, apar sat». Lakin Cavidan ona demişdir ki, «yox mən səninlə razılaşıram, ver 600 manatı, satıram». O da Cavidanla razılaşmış, Cavidana 600 manat pulu verib kompyuteri almışdır. Sonra isə Cavidan özünün şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o, şəxsiyyət vəsiqəsinin ksero surətini çıxarmış, şəxsiyyət vəsiqəsinin aşağı hissəsində Cavidan öz xətti ilə yazmışdır ki, «09.04.2021-ci il tarixdə HP-da2199nia markalı, SN:cnd0105zvr seriyalı noutbook kompyuteri 600 manata öz razılığımla satdım və oğurluq olmadığını öz imzamla təsdiq edirəm». O da həmin kağızı özündə saxlamışdır ki, “birdən nəsə olarsa, göstərsin. Cavidan da çıxıb getmişdir. Bir müddət sonra Ağa adlı tanışı ona zəng vurmuş və ona demişdir ki, «mənim işçim servisimdən HP markalı noutbook kompyuteri oğurlayıb sənə satmışdır», o da Ağaya demişdir ki, «bəli mənə satmışdır». Ağa da ona demişdir ki, «sənədlə almısan». O da Ağaya demişdir ki, «bəli sənədinin surətini aldım». Sonradan Ağa ona demişdir ki, «bir azdan gəlirəm». Bir az sonra Ağa onun iş yerinə gəlmib ona demişdir ki, «kompyuter hardadır». O da Ağaya demişdir ki, «tanıdığım adama 800 manata satmışam, əgər lazımdırsa, mən ondan geri alaram, saxlayaram». Ağa da ona demişdir ki, «mən Cavidanla danışmışam, o, sənin verdiyin 600 manat pulu düzəldər, mənə verər, məndə sənə verərəm, kompyuteri mənə geri verərsən». O da Ağa ilə razılaşmışdır. Həmin kompyuter onun servisində bir müddət qalmış, sonra o, Ağaya zəng vurmuş və ona demişdir ki, «qardaş nə oldu, pulu gətirirsən, heç kimə satmıram». Ağa da ona demişdir ki, «Cavidan pulu birinci günə kimi gətirəcək, gətirməsə, sat getsin». O da Ağa ilə razılaşmış, Ağa birinci gün pulu gətirmədiyindən, o, kompyuteri onlayn vasitəsilə tanımadığı bir şəxsə 800 manata satmışdır. Sonradan o, dükanda olmadığı vaxr Elvar adlı şəxs onun dükanıma gəlmiş və onun mobil telefonuna zəng vuraraq, ondan soruşmuşdur ki, «mənim kompyuterim eşitmişəm səndədir, Cavidan oğurlamışdır, onu götürməyə gəlmişəm». O da Elvara demişdir ki, «mən həmin kompyuteri satmışam». Elvar ona demişdir ki, «necəyəni satmısan, sən mənim kompyuterimi necə sata bilərsən, oğurluq kompyuteri satmısan». O da Elvara demişdir ki, «mən səni tanımıram, mən Ağa ilə danışmış, Ağa da ona demişdir ki, “sənin pulunu gətirə bilməsək, kompeyuteri sat getsin”. O da məcbur qalıb satmışdır. O, Elvara demişdir ki, “mən artıq neçə vaxtdır ki, kompyuteri satmışam, istəyirsən Ağadan soruşa bilərsən». Elvar da onunla razılaşaraq, çıxıb getmişdir. Bundan sonra onun Elvarla hər hansı bir danışığı olmamışdır. Sonradan bilmişdir ki, Elvar Yasamal RPİ-nə ərizə ilə müraciət edərək Cavidan adlı şəxs tərəfindən ona məxsus noutbook kompyuterinin oğurlanmasını və ona 1700 manat ziyan vurulmasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Hökməli qəsəbəsi M.Müşfiq küçəsi ev 1-də yaşayır. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsində operator işləyir, iş vaxtı iki gün səhər saat 08:30-dan axşam saat 19:30 dək, iki gündə axşam saat 18:00-dan səhər saat 09:00 kimidir. Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanıyır, Cavidanla birlikdə sosial sığınacaqda fəhlə işləmişdir. 29.06.2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində yaşayan qohumugilə qonaq getmiş, təxminən saat 22:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefona ***-***-**-** saylı mobil telefondan Təqsirləndirilən şəxs zəng vurub harada olduğumu soruşmuş, o da olduğu yeri demiş Cavidan da demişdir ki, “taksi ilə getmə gəlib özüm sizi aparacam”. Təxminəm saat 23:15 radələrində Cavidan onun dalınca ağ rəngli “Kia Ceratto” markalı avtomobillə gəlmiş və onu yaşadığı ünvana aparan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi adlanan yerdə Cavidan ona demişdir ki, “gəl avtomobili sür”, bundan sonra o, sükan arxasına keçmişdir. Ekologiya postunu keçəndən sonra “Tosoil” yanacaq doldurma məntəqəsində saxlamışdır ki, yanacaq doldursunlar. O, operatora pul vermişdir ki, yanacaq doldursun, yanacaq doldurandan sonra avtomobili start stopla işə salmaq istəmiş, lakin avtomobil işə düşməmişdir. Avtomobilin açarlarını axtarmışlar tapa bilməmişlər. Onlar avtomobili köməkləşib kənara çəkmişlər. Cavidan isə sükanı dəyişdirdikləri yerə getmişdir ki, açarları tapsın, lakin tapa bilməmişdir. Bundan sonra o, taksi ilə yaşadığı ünvana getmiş, Cavidan isə orada qalmışdır. Evə çatandan sonra Cavidana zəng vurmuş, Cavidandan açarları tapıb tapmadığını soruşmuşdur. Cavidan da açarları tapmadığını demişdir. 30.06.2021-ci il tarixdə təxminən saat 01:30 radələrində Cavidan ona sms yazmışdır ki, Abşeron rayon Polis İdarəsində tutulub, bundan sonra o, Cavidana zəng vurmuş, lakin Cavidanın telefonuna zəng çatmamışdır. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhöəri H.Əliyev pr məhəllə 30 ev 2 mənzil 118- də yaşayır. ünvan 8 ünvanında “Vavilon” adlı lombardı işlədir. Həmin obyekt 2021-ci ildən fəaliyyət göstərir, rəsmi olaraq qeydiyyatdan keçib, vergi ödəyicisidir. Lombardın fəaliyyəti lombard haqqında qanunla tənzimlənir. İş qrafıki səhər 10 radələrindən axşam saat 18 radələrinədəkdir. «Vavilon Lombard” da elektrik avadanlıqlarının girovu həyata keçirilir. Girov qoyulan elektrik avadanlığı qiymətləndirilir və 80 % müştəriyə pul vəsaiti kimi ödənilir. Bildirmişdir ki, təxminən 2021-ci ilin iyun ayının sonlarında X4 işlədiyi yerə gələrək bildirmişdir ki, “pula ehtiyyacı olduğu üçün şəxsi noutbukunu satmaq qərarına gəlib”, O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını və həmin noutbukun özünə məxsus olmasını soruşmuşdur. Cavid Quliyev şəxsiyyət vəsiqəsini təqdim edərək bildirmişdir ki, “noutbuk həqitəndə onundur və qutunun içərisində «Lenovo Thinkpad» markalı noutbuku təqdim etmişdir”. O, noutbuka baxdıqda bildirmişdir ki, həmin noutbuka görə 400 manat pul verə bilər. Cavidan onunla razılaşmış əlavə olaraq qeyd etmişdir ki, “o noutbukun satılmasına etiraz etməyəcəkdir”. Onlar öz aralarında müqavilə tərtib etmişlər, həmin müqavilədə noutbukun qiyməti və girov predmeti qeyd edilmişdir. Həmin vaxt O, Təqsirləndirilən şəxs 400 manat pul vermişdir. Bir neçə gün sonra o, noutbuku tanımadığı şəxsə 500 manata satmışdır. Noutbuku satdıqdan sonra işlədiyi yerə polis əməkdaşları gəlib bildirmişlər ki, “Təqsirləndirilən şəxs ona satdığı noutbuk oğurluqdur”. O da polis əməkdaşlarına bildirmişdir ki, noutbuku tanımadığı şəxsə satmış və noutbukun oğurluq olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, ünvan 10 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Rent a car 509”-da işləyir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Cavidanla münasibəti pis olmamışdır. Cavidan müəyyən vaxtlarda onun işlədiyim “Ren a car 509”-dan avtomobil icarəyə götürmüş, buna görə də Cavidanla münasibəti yaranmışdır. 2021-ci ilin iyul ayında Cavidan onun işlədiyi yerə gələrək, avtomobili icarəyə götürmək istədiyini, lakin, pulunun olmadığını demişdir. Cavidan bildirmişdir ki, “işlədiyi yerdən pulu alıb, avtomobili təhvil verməyə gələndə pulunu ödəyəcəkdir”. O da Cavidanın adına sənədləri tərtib edib, avtomobili Cavidana vermişdir. Cavidan onun işlədiyi yerə gələn zaman, Cavidanın əlində ağ rəngli torbanın içərisində iki ədəd müşahidə kamerası olmuşdur. Cavidan oradan getdikdən sonra həmin kameralar Cavidanın yadından çıxıb orada qalmışdır. O, Cavidana zəng edib bu barədə demiş, Cavidan isə bildirmişdir ki, “maşını təhvil verməyə gələndə kameraları məndən götürəcəkdir”. Həmin günü ona zəng edib məlumat vermişlər ki, Cavidan oğurluq etdiyi üçün həbs olunmuşdur. O da gedib avtomobilini təhvil alıb işlədiyi yerə qayıtmışdır. Bir müddət həmin kameralar onun işlədiyi yerdə qalmış, sonradan kameraların sahibinin olmadığını və istifadəyə yararsız vəziyyətdə olduğunu görərərək həmin kameraları tullamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Şahid2 bir ədəd “HP” markalı notbuk aşkar olunaraq götürülmüşdür. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs bir ədəd video proyektoru və iki ədəd müşahidə kamerası olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 04 noyabr 2021-ci il tarixli 9/7648 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “HP” markalı 2199nia modelli, İntel Corel7 nvidia göstəriciləi olan notbukun 2021-ci ilin aprel ayına orta bazar qiyməti 800 manat, bir ədəd “Epson” markalı H843B modelli videoproyektorun 2021-ci ilin iyun ayına orta bazar qiyməti 450 manat manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 21 dekabr 2021-ci il tarixli 9/8897 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “HİKVİSİON” 01/2013 DS-2CD2012-1 12mm olan 4 ədəd müşahidə kameralarının istifadədə olunması nəzərə alınmaqla bir ədədi hadisə baş verən tarixə yəni 2021-ci ilin aprel ayına orta bazar qiyməti 30 manat olmaqla 4 ədədi 120 manat müəyyən edilir. İstintaq zamanı Şahid2 aşkar olunaraq götürülmüş bir ədəd “HP” markalı notbuk ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs Zahid oğluna təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd video proyektor və iki ədəd müşühidə kamerası iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, dindirilmiş şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 02.07.2021-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, cinayət işi aidiyyatı üzrə Yasamal rayon Pİ-nin İŞ-nə göndərilmiş, o, qətimkan tədbirinin tələblərini pozduğu üçün barəsində 05.07.2021-ci il tarixdə axtarış elan edilmiş, o, 21.07.2021-ci il tarixdə tutularaq Yasamal rayon məhkəməsinin 23.07.2021-ci il tarixli qərarı ilə üç ay müddətinə həbs olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli həbs olunduğu 21.07.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İstintaq zamanı Şahid2 aşkar olunaraq götürülmüş bir ədəd “HP” markalı notbuk ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs Zahid oğluna təhvil verilməsi nəzərə alınmalıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmiş bir ədəd video proyektor və iki ədəd müşühidə kamerası zərərçəkmiş "xxxx" MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun həbs olunduğu 21.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İstintaq zamanı Şahid2 aşkar olunaraq götürülmüş bir ədəd “HP” markalı notbuk ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs Zahid oğluna təhvil verilməsi nəzərə alınsın. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmiş bir ədəd video proyektor və iki ədəd müşühidə kamerası zərərçəkmiş "xxxx" MMC-yə qaytarılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar