Məhkəmə qərarları › İş №1(012)-151/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-151/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-151/2024 11.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanında yaşamış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 02 may 2023-cü il tarixdə saat 11:22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində yerləşən “Ay Store” marketin qarşısına quraşdırılmış "xxxx" ASC-yə aid bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs, özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 9646 0821 nömrəli plastik kartı bankomatda istifadə edərək pulu çıxarıb oradan uzaqlaşandan sonra, sonuncunun kartı ATM-in elektron oxuyucusunda saxlamasından və ATM-in kartı oxumasından istifadə edib daha öncədən görərək yaddaşında saxladığı Zərərçəkmiş şəxs məxsus plastik kartın şifrəsini yazaraq həmin kartın balasında qalan 497 manat puldan 150 manatını elektron məlumat daşıyıcısından istifadə etməklə çıxarıb gizli talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs 150 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, alçipan ustası işləyib pul qazanaraq ailəsini dolandırır. O, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanında kirayədə yaşayır. Kirayə pulu 280 manat edir. 04 may 2023-cü il tarixdə kirayə pulu ödəməyinin vaxtı çatmışdır. O, pulun 130 manatın düzəltsə də, 150 manatın tapa bilməmişdir. Pul tapmaq məqsədi ilə o düşünmüşdür ki, Masazır qəsəbəsi ərazisində yerləşən bankomatların birinin yanında durub bankomata gələn şəxslərin kartından pul oğurlasın. 02 may 2023-cü il tarixdə saat 11 radələrində Masazır qəsəbəsi, Qurtuluş-93 Y/K-də yerləşən “Ay Store” mağazasına girib mağazanın çölündə olan Kapital Bankın bankomatını izləmişdir. Bir az keçdikdən sonra ora bir qadın gəlmişdir. O, dərhal mağazadan çıxıb həmin qadına yaxınlaşmış və qadının kartı bankomata sala bilmədiyini görmüşdür. O həmin vaxt qadına kartı bankomatın “skan” edən hissəsinə yerləşdirməsini demiş, qadın da o dediyi kimi edib kartın təhlükəsizlik kodunu daxil etmişdir. O, sonradan adının Teyyubə olduğunu öyrəndiyi qadının daxil etdiyi bank kartının kodunu baxıb yadında saxlamış. Belə ki, kartın kodu 9999 olmuşdur. O, Teyyubəni aldadıb kartı skan olan hissədən götürməməmisini bildirmişdir. Onun bunu etməkdə məqsədi Teyyubənin kartdan pulu çıxarandan sonra da bankomat yenidən kartı skan etməsi və Teyyubə gedəndən sonra yenidən həmin kartdan pulu çıxarmaq olmuşdur. Teyyubə də onun dediyi kimi kartını skan olan hissədən götürməyib orada saxlamışdır. Teyyubə balansında olan puldan 348 manat pulu çıxarmışdır. Pulu çıxaran zaman da kart skan olan hissədə qalmışdır. Elə ona görə də bankomat yenidən kartı skan etmişdir. Teyyubə pulu bankomatdan götürəndən sonra bankomatın yanından uzaqlaşmışdır. Teyyubə uzaqlaşan kimi o, həmin qadının bankomatın “skan” girişində yaddaşda saxladığı kartın təhlükəsizlik şifrəsini daxil etmiş və Teyyubə adlı qadına aid kart hesabında olan onun ehtiyacı olan 150 manat pulu çıxarıb dərhal oradan uzaqlaşmışdır. Səhəri gün isə həmin pulu kirayə puluna ödəmişdir. O, ümumilikdə kartdan 150 manat pul çıxarmışdır. O, bu barədə əvvəlcədən başqa şəxsdən bankomatın qarşısında məlumat almış və kənar şəxslərin kart hesabına həmin şəkildə müdaxilə edərək pul çıxarmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində bankomatın qarşısında yaxınlaşmışdır. O, bundan əvvəl iki dəfə də oxşar hadisələrə və qanun pozuntusuna yol vermiş, bu barədə Sumqayıt ŞPİ-də və Abşeron RPİ-də araşdırılmalar davam etdirilmişdir. O, Masazır qəsəbəsində kirayə qaldığı evin aylıq kirayə pulunu ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nizam qızı ifadəsində göstərmişdir ki, onun adına olan Kapital Banka məxsus 5103 0714 9646 0821 nömrəli maaş kartı vardır. 02 may 2023cü il tarixdə saat 11 radələrində maaş kartından pul çıxarmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində yerləşən “Ay Store” mağazasında çöl hissəsində yerləşən bankomata yaxınlaşmışdır. O, kartını bankomatın kart qəbul edicisinə salmaq istəsə də, bankomatın kart qəbul edicisi kartı qəbul etməmişdir. Elə bu vaxtı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq köməklik etmək istəmişdir. Rövşən ona bildirmişdir ki, kartı bankomatın kartı skan edən hissəsinə qoysun. Rövşən ona demişdir ki, pulu tam çıxarana qədər kartını bankomatın skan edən hissəsindən götürməsin, əks halda bankomat pulu verməyəcək. O da Rövşənin dediyi kimi etmiş və bankomat skan olan hissədən onun kartını oxumuşdur. Ondan sonra o, kartın 4 rəqəmli şifrəsi olan 9999 rəqəmlərini yığıb kartında olan ümumi 845 manat puldan 348 manatını nağdlaşdırmış və pulu bankomatdan götürüb oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşandan təxminən 1 dəqiqə sonra mobil telefonunda olan “Birbank” mobil tətbiqinə bildiriş gəlmişdir. Əvvəlcə o həmin bildirişin kartdan pul çıxardığı üçün gəldiyini düşünüb əhəmiyyət verməmişdir. O, artıq taksiyə minib işə gedəndə yolda telefona baxan zaman bildiriş sayının 2 dənə olduğunu görmüş və bildirişə daxil olmuşdur. O bildirişə baxdıqda birində özünün 348 manat pul çıxarmağı barədə, digərində isə əlavə kartından 150 manat pul çıxarılması ilə bağlı bildirişlər olduğunu müəyyən etmişdir. Bildirişdən də görünmüşdür ki, hər iki nağdılaşdırma “Ay Store” mağazasının yanında olan bankomatdan olmuşdur. O, dərhal başa düşmüşdür ki, ona kömək edən həmin Rövşən adlı şəxs kartından 150 manat pul oğurlamışdır. Ona görə də bu barədə 102-yə zəng edib məlumat vermişdir. O, kartdan oğurluğu aşkar edən zaman taksidə olduğu və həmin bankomatdan uzaq olduğu üçün geri qayıda bilməmişdir. Həmin vaxt maaş kartında 347 manat pul qalmış, həmin pulun da oğurlanmaması üçün o, həmin 347 manat pulun 345 manatını digər kartına göndərmişdir. 2 manat isə pul göndərdiyi üçün komissiyaya tutulmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbs olunaraq barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqi aparılan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəmə göndərilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə həbs olunaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib istintaqı aparılan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş xx.xx.2023-cü il tarixli 59/2-676/2 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2023-cü il tarixdən 14 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-699/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, hadisə yerinə baxış zamanı götürülmüş müşahidə kameralarının qeydə aldığı video görüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, video görüntünün ilk saniyəsindən Zərərçəkmiş şəxs Kapital Bank ASC-yə məxsus ATM-in qarşısında dayanıb ATM-də əməliyyat apardığı görünür. Videogörüntünün 00:00:06-cı saniyəsində Təqsirləndirilən şəxs “Ay Store” mağazasından çıxaraq ATM-ə yaxınlaşdığı və əli ilə Zərərçəkmiş şəxs əməliyyatların edilməsinə köməklik göstərdiyi görünür. Bundan sonra görüntünün 00:00:52-ci saniyəsində Zərərçəkmiş şəxs ATM-dən uzaqlaşdığı, lakin Təqsirləndirilən şəxs dərhal ATM-ə yaxınlaşaraq əməliyyat apardığı və daha sonra ATMdən pul əsginasları götürərək oradan uzaqlaşdığı görünür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar