Məhkəmə qərarları › İş №1(012)-152/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-152/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-152/2021 18.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi, məhəllə 6, ev 19C-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi, ev 21 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 20 manat müqabilində bir büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 03:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində Abşeron RPİ-nın əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilərək xidməti otaqda saat 04:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 1,109 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir neçə il öncə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. xx xxxxxxx 2020-ci il tarixə keçən gecə narkotik vasitə almaq üçün əvvəllər yaşadığı Sumqayıt şəhərinə getmişdir. Orada tanımadığı bir nəfər şəxsdən 20 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alıb yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə qayıdan zaman , xx.xx.2020-ci il tarixdə saat 03:30 radələrində əvvəllər tanımadığı iki nəfər şəxs yaşadığı küçədə ona yaxınlaşaraq polis əməkdaşlarının olduqlarını bildirmişlər. Sonra polislər ona üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bildirərək, Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-nin inzibati binasında vəkilin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə video çəklişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş olan narkotik vasitə heroini könüllü olaraq çıxarıb təqdim etmişdir. Dah sonra aşkar edilmiş narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş maddənin çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Yaşadığı ünvanda və başqa yerlərdə narkotik vasitə və ya pisixotrop maddələr saxlamır, həmçinin narkotik vasitələri əldə edərkən heç kimin bu barədə məlumatı olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olduğu zaman xx.xx.1976-cı il təvəllüdlü Sumqayıt şəhəri, Nizami küçəsi ev 19C 6-cı məhəllədə qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və o, dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başlamışdır. Daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Hüseyn oğlu ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsinə gəlmişlər. Şahid2 əməliyyat xəttini izah edərək, keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən ünvana yaxınlaşaraq, qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduğuqları Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduqları şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etmişlər. Onlar həmin şəxsi Polis idarəsinə gətirmişlər və yol boyu üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru İlkin Ağayevə həvalə olunmuşdur. Həmin vaxt video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən onun hüquq vəzifələri izah olundu, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması Təqsirləndirilən şəxs təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümə onların iştirakları və video çəkilişlə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, toz şəkilli, iyli narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirilməsi sual verilərkən, Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Sumqayıt şəri, Corat qəsəbəsindən tanmıadığı şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edildi, protokol ucadan oxunmuş, daha sonra Təqsirləndirilən şəxs və onların iştirakıları ilə həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin ə/m polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2188 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs üzərindən….» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,109 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir(qalıq 1,059 qram - 0,050 qram heroin tədqiqata sərf edilmişdir). Müqayisəli tədqiqat üçün nümunə təqdim olunmadığından eyniliklə bağlı qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2930 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui – istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təsirli bilinib, 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Abşeron RPİ-nin inzibati binasında videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 1,109 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən yaranan məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, Sumqayıt şəhər X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,059 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 81 manat 82 qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul və məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, o, Sumqayıt şəhər X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon polis idarəsində saxlanılan qalıq çəkisi 1,059 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 manat 82 qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon Vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul və məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar