Məhkəmə qərarları › İş №1(012)-152/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-152/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-152/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1982-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Ağdam şəhəri, 20 yanvar küçəsi döngə 2, ev 115-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5, 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində ünvan 3 ünvanda yerləşən “Kukla Teatrı”-nın qarşısında 88 nömrəli xətt marşrutu avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs3 çiynindən asılmış çantasının içərisindən sonuncuya məxsus 10 manat dəyərində içərisində rəsmi sənəd hesab edilən adına olan Yeni Azərbaycan Partiyasına məxsus vəsiqə, müxtəlif bank kartları, müxtəlif mağazalara məxsus plastik kartlar, sığorta şəhadətnaməsi və 200 manat nağd pul olan pul kisəsini çıxardıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 210 manat ziyan vurub oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 4 ünvanının qarşısında 211 nömrəli xətt marşrutu avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs2 üzərindəki çantadan içərisində 220 manat məbləğində pul olan 5 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 225 manat ziyan vurub oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində 119 nömrəli marşrut avtobusunun içərisində Bakı-Sumqayıt yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində 8.7ci kilometrliyində yerləşən yerüstü piyada keçidinə çatmamış həmin avtobusda olan sərnişin Zərərçəkmiş şəxs1 əl çantasından içərisində 01 ədəd sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd "xxxx" ASC-yə məxsus əmək haqqı kartı, 01 ədəd "xxxx" ASC-yə məxsus “Tam kart” kredit kartı və müxtəlif əsginaslarla 500 manat nağd pul olan 8 manat dəyərindəki pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 508 manat ziyan vurub oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 326.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə 28 May metrostansiyası yaxınlığında gəzişirmiş. Orada olan ərzaq mağazalarının birindən 3-4 ədəd “Go” adlı spirtli içki alıb qəbul etmişdir. Bundan sonra həmin gün saat 18 radələrində “Tarqovu” adlanan yerə getmək üçün orada 88 nömrəli avtobusa minmişdir. Avtobusda sıxlıq olduğundan ayaqüstə dayanmışdır. Bakı şəhəri, Səbail rayonu ərazisində “Kukla teatrı”-nın qarşısına yaxınlaşan zaman təxminən saat 19:30 radələri imiş. Avtobusun içərisində onun yanında dayanmış bir nəfər qadın cinsli şəxsin çiynində olan əl çantasının ağzı açıq olduğunu və içərisində pul kisəsi olduğunu görmüşdür. Həddən artıq içkili olduğundan o, həmin pul kisəsini oğurlamaq qərarına gəlmiş və pul kisəsini gizlincə oğurlayıb “Kukla teatn”-nın qarşısında avtobusdan enmişdir. Orada pul kisəsinin içərisinə baxan zaman 200 manat nağd pul və bir neçə bank kartı olduğunu görmüşdür. Həmin vaxt içkili olduğundan pul kisəsinin içərisində dəqiq nələrin olduğunu xatırlamamışdır. O, 200 manat pulu götürüb pul kisəsini orada olan zibil qutularının birinə tullamış, 200 manatı isə şəxsi xərclərinə xərcləmişdir. Bundan başqa 24 sentyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən Bazarstore marketin qarşısında 211 nömrəli avtobusa minmişdir. Həmin zaman avtobusda sıxlıq olmuşdur. Qarşısında dayanmış qadının çantası açıq vəziyyətdə olduğundan o, qərara gəlmişdir ki, həmin çantada olan pul kisəsini gizli şəkildə oğurlasın. O, ətrafa baxmış və heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra həmin qadının üzərində olan çantadan pul kisəsini gizli şəkildə oğurlamışdır. O, növbət dayanacaqda, yəni Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında avtobusdan düşmüşdür. O, cəld pul kisəsini açmış və orada olan 220 manat pulu gizli şəkildə oğurlayıb pul kisəsini zibil qutularından birinə atmışdır. Bundan sonra o, həmin 220 manat pulu şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. O, qeyd olunan cinayət hadisəsini tək törətmişdir. 220 manat puldan başqa heç bir əşya oğurlamamışdır. O, oğurluq yolu ilə əldə olunmuş pulu istifadə edən zaman oğurluq olması barədə heç kimə məlumat verməmişdir. O, polis şöbəsinə aparıldığı zaman ona heç bir zor tətbiq edilməmişdir. Həmçinin o, heç bir ruhi əsəb dispanserdə qeydiyyatda olmamış və hər hansı bir psixi xəstəliyi yoxdur. Bundan başqa o, əvvələr bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2018-cin tarixdə Almaniya Federativ Respublikasına getmiş və xx.xx.2023-cü il tarixədək orada yaşamışdır. O, Almaniyada yaşadığı müddət ərzində də bir neçə dəfə talama cinayətlərinə görə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə məcburi qaydada Azərbaycan Respublikasına deportasiya olunduqdan sonra ünvan 6 ünvanında yaşlı anasıyla birlikdə yaşamağa başlamışdır. O, Bakı şəhərinə gəldikdən sonra bir müddət heç bir yerdə işləməyərək cəmiyyətə uyğunlaşmağa çalışmışdır. Həmin ərəfələrdə o, iş tapa bilmədiyi üçün maddi çətinliyə düşmüşdür. Həmçinin xəstə anasının dərmanlarını almaq üçün onda pula ehtiyac yaranmışdır. Bundan sonra o, heç bir yerdən pul tapa bilməyib qərar vermişdir ki oğurluq edərək qazanc əldə edib maddi ehdiyaclarını ödəsin. Bu məqsədlə o, əsasən insanların sıx olduğu avtobus marşurutlarına minərək həmin avtobusda olan sıxlıqdan istifadə edib insanların onun hərəkətlərini hiss etməyəcəyini düşünərək tanımadığı bir neçə şəxsin cibindən və əl çantasından pullarını gizli yolla oğurlamışdır. Belə ki sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, anasının adına olan **-BN-*** dövlət qeydiyyat nişanlı nömrənin satılıb-satılmamasını öyrənmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə getmişdir. Bir qədər orada işlərini həll etdikdən sonra piyada şəkildə hərəkət edərək Xırdalan dairəsinə gəlib orada "X5" restoranının qarşısında dayanıb Bakı şəhərinə qayıtmaq üçün avtobus gözləməyə başlamışdır. Həmin gün təxminən saat 13 radələrində qeyd etdiyi dayanacaqda hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı 119 saylı marşurut avtobusuna başqa sərnişinlərlə birikdə orta qapıdan minmişdir. Həmin vaxt o, avtobusda sıxlıq olduğunu görüb qərar vermişdir ki oğurluq etsin. Çünki düşünmüşdür ki, bu sıxlıq şəraitində onun oğurluğunu heç kim görə bilməz. Həmin vaxt avtobus Bakı- Sumqayıt yoluna daxil olaraq bir dəfədə "Ekologiya" postuna çatmamış yolun Bakı şəhəri istiqamətində yerləşən avtobus dayanacağında saxlayıb orada da sərnişin mindirmiş və bununlada avtobusun içərisindəki sıxlıq dahada artmışdır. Həmin dayanacaqdan "20 Yanvar" metrosu istiqamətində hərəkətə başladıqdan sonra o, bir nəfər tanımadığı qadının çiynindən asdığı qara rəngli dəri materiallı çantasının özündən arxa tərəfə çıxdığını görüb qərar vermişdir ki həmin çantadan oğurluq etsin. Bu məqsədlə o, həmin qadına dahada yaxınlaşıb ətrafa baxaraq heç kimin onu görmədiyinə və izləmədiyinə əmin olduqdan sonra qadının çiynindən asdığı qara rəngli çantasının sepli kildini təxminən 10 sm açaraq oradan əlini salıb çantanın içərisindən heç kimə hiss etdirmədən bir ədəd çəhrayı rəngli pul kisəsini götürüb cibinə qoyaraq dərhal əlini avtobusun orta qapısının şüşəsinə vurub sürücüdən avtobusu saxlamasını və düşmək istədiyini bildirmişdir. Bu zaman sürücü avtobusu Bakı-Sumqayıt yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində 8.7-ci kilometirliyində yerləşən yerüstü piyada keçidinin altında saxlamış və o, avtobusdan düşüb sürətli şəkildə oradan uzaqlaşaraq keçidin yanındakı şam ağacları olan hissəyə getmişdir. Orada oğurladığı pul kisəsini açan zaman həmin kisənin içərisində 01 ədəd qadın cinsli adını xatırlamadığı bir şəxsə məxsus şəxsiyyət vəsiqəsi, 02 ədəd "Beynəlxalq Banka" aid bank kartları və müxtəlif əskinaslarla 500 manat nağd pul olduğunu görmüşdür. O, dərhal pulları götürüb, həmin pul qabısını içərisində olan şəxsiyyət vəsiqəsi və bank kartları ilə birlikdə həmin əraziyə ataraq oradan uzaqlaşıb yaşadığı Nərimanov rayonuna gəlmişdi. O, oğurladığı pulla şəhərdə hazırda adını xatırlamadığı bir restorana gedib orada spirtli içki qəbul edib hesab ödəmiş, yerdə qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə günün ikinci yarısı polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PS-nə gətirilmişdir. O, Zərərçəkmiş şəxs1m əvvəllər tanımamışdır. Həmin qadını ilk dəfə xx.xx.2023-ci il tarixdə saat 13 radələrində Bakı-Sumqayıt yolunda 119 saylı marşurut avtobusunda görmüşdür. Onun oğurladığı Zərərçəkmiş şəxs1 məxsus çəhrayı rəngli pul kisəsinin içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "Beynəlxalq Banka" aid kart, 01 ədəd "Tam kart" kredit kartı və 500 manat nağd pul olmuşdur. O da həmin 500 manat pulu götürüb pul kisəsini içərisində olan digər kart və sənədlərlə birlikdə Bakı-Sumqayıt yolunun 8.7-ci kilometirliyində yerləşən yerüstü piyada keçidinin arxasındakı şam ağacları olan yerə atmışdır. Onun xx.xx.2023-cü il tarixdə saat 13 radələrində 119 nömrəli marşurut avtobusunda Zərərçəkmiş şəxs1 məxsus oğurladığı pul kisəsinin içərisində "Beynəlxalq Banka" aid "Tam kart" kredit kartı olsa da, o, həmin kartın balansına daxil olaraq oradan pul çıxartmağa çalışmamışdır. O, qeyd olunan kartında içərisində olduğu pul kisəsini Bakı-Sumqayıt yolunun 8.7-ci kilometirliyində yerləşən metro stansiyasının arxasındakı şam ağacları olan yerə atmışdır. Ola bilsinki kimsə orda tapıb həmin kartın balansına daxil olmağa çalışmışdır. O, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində 119 nömrəli marşurut avtobusun içərisində Bak-Sumqayıt yolunda 20 Yanvar metro stansiyası istiqamətində hərəkətdə olan zaman həmin yolun Abşeron rayonunun ərazisindən keçən bhissəsində 8.7-ci kilometirliyində yerləşən yerüstü piyada keçidinə çatmamış Zərərçəkmiş şəxs1 çantasına daxil olub pul kisəsini götürmüş və dərhal həmin keçidin altında avtobusu saxlatdırıb düşərək oradan uzaqlaşmışdır. Həmin vaxt o, ətrafa baxıb onu heç kimin görmədiyin əmin olduqdan sonra qeyd olunan oğurluq hadisəsini törətmişdir. Əgər onu görən olsaydı yəqin ki səs-küy salacaqlarını bildirmişdir. O, qeyd olunan oğurluq hadisəsi barədə heç kimə məlumat verməmişdir. Həmçinin ailə üzvülərinin və yaxud başqa bir şəxsin onun həmin oğurluq hadisəsini törətməyindən xəbəri olmamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində 119 nömrəli marşurut avtobusunda törətmiş olduğu cinayət əməlindən əvvəldə bir neçə dəfə müxtəlif marşurutlarda vətəndaşların cibindən və ya çantasından oğurluq etsə də, xx.xx.2023-cü il tarixdən sonra heç bir cinayət əməli törətməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində “28 May” metrostansiyası yaxınlığında bacısı Aygünlə birlikdə 88 saylı marşrut avtobusuna Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan əraziyə getmək üçün minmişdir. Avtobusun içərisində sıxlıq olduğu üçün ayaqüstə dayanmış və ona məxsus əl çantasını sağ çiynindən asmışdır. Ona məxsus içərisində müxtəlif bank kartları, müxtəlif mağazalara məxsus plastik kartlar, siğorta şəhadətnaməsi, YAP partiyasına məxsus vəsiqə və 200 manat nağd pul olan pul kisəsi də əl çantasının içərisində olmuşdur. Avtobusla hərəkət edib Səbail rayonu ərazisində “Dəniz Mail” ticarət mərkəzinin qarşısında olan zaman avtobusda boş yer olduğunu görüb əyləşmişdir. Həmin vaxt əl çantasının ağzının açıq olduğunu görüb dərhal çantanın içərisinə baxanda pul kisəsinin olmadığını və oğurlandığını görmüşdür. O, dərhal bacısı Aygünə bu barədə demiş və Aygün də xalası oğlu Mehdiyə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan sonra Mehdi də oraya gəlmiş və DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həmin pul kisəsinin içərisində müxtəlif bank kartları, müxtəlif mağazalara məxsus plastik kartlar, siğorta şəhadətnaməsi, YAP partiyasına məxsus vəsiqə və 200 manat nağd pul olmuşdur və pul kisəsinin dəyəri 10 manat olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 210 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən mağazalardan alış-veriş etdikdən sonra Ə.Əhmədov küçəsi 24 ünvanının qarşısında olan avtobus dayanacağında 211 saylı avtobusa minmişdir. Həmin zaman avtobusda adam çox olduğundan sıxlıq olmuşdur. Həmin zaman o, avtobusun gediş haqqını ödəmiş və əl çantasına baxdıqda çantanın açıq olduğunu, pul kisəsinin isə orada olmadığını görmüşdür. O, həmin zaman nə baş verdiyini başa düşməmiş və avtobusdan düşmüşdür. Əlində olan çantalara baxmış, lakin pul kisəsini tapa bilməmişdir. O, dərhal baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, çantasına baxmış və ona məlum olmuşdur ki, pul kisəsində 220 manat pul yoxdur. Bank kartları və digər sənədlər isə çantasında olmuşdur. Onun pul kisəsi isə təxminən 5 manat dəyərində imiş. O, sonradan yenidən taksiyə minmiş və avtobusun axrasınca getmişdir. Lakin o, pul kisəsini tapa bilməmişdir. Baş vermiş hadisə zamanı ona 225 manat maddi ziyan dəymişdir. O, çantasından oğurluq olmasını görməmiş, sonradan bu barədə xəbərdar olmuşdur. Baş vermiş hadisə zamanı ona 225 manat maddi ziyan dəymişdir. Ona məxsus çantadan 220 manat pul və 5 manat pul kisəsindən başqa heç bir əşya oğurlanmamışdır. Bank kartlarını ilk əvvəl oğurlandığını zənn etsə də, sonradan kartları çantanın cibindən aşkar edib tapmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində anasın dərman almaq məqsədi ilə "20 Yanvar" diarəsi adlanan əraziyə getmək üçün yaşadığı ünvan 8 ünvanının yaxınlığında dövlət qeydiyyat nişanını xatırımadığı 119 saylı marşurut avtobusuna qabaq qapıdan minmişdir. O, həmin avtobusa minən zaman içəridə çoxlu sayda sərnişin olduğu üçün oturmağa yer tapmayaraq ayaq üstə getmək məcburiyyətində qalmışdır. Həmin marşurut avtobusu Xırdalan şəhərinin içərisindən Bakı-Sumqayıt yoluna çıxana kimi əlavə sərnişinlərdə götürdüyü üçün avtobusun içi olduqca sıxlıq olmuş və o, düşəndə rahat olsun deyə orta qapıya doğru irəliləmişdir. Onlar avtobusda Bakı-Sumqayıt yoluna daxil olduqdan sonra "Ekologiya Postu" adlanan ərziyə çatmamış şəhər istiqamətində yolun sağ kənarında yerləşən avtobus dayanacağında marşurut saxladığı üçün orada da avtobusa bir neçə nəfər şəxs minmiş və bununlada avtobusun içərisində dahada sıxlıq yaranmışdır. Bundan sonra həmin marşurut növbəti dəfə "Ekologiya Postu" nu keçdikdən sonra yerüstü piyada keçidinin yanında saxlamış və orada da sərnişin götürmüşdür. Bu zaman artıq avtobusun içərisnda elə bir sıxlıq yaranmışdır ki, hərəkət etmək olmurmuş. Daha sonra onlar avtobusda şəhərə doğru hərəkət edən zaman Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin başlanğıcında sərnişinlər sürücüdən avtobusu saxlamasını xahiş etmiş və orada bir neçə sərnişin avtobusdan düşmüş, onlar isə yoluna davam etmişlər. Avtobus növbəti dəfə "Şamaxinka" adlanan yerdə dayanacaqda saxlamış və orada da bir neçə sərnişin avtobusdan düşmüşdür. Bundan sonra isə 119 saylı marşurut avtobusu "20 Yanvar" metrosuna çatmamış Moskva prospekti 69A ünvanın qarşısında saxlamış və o, həmin dayanacaqda avtobusdan düşüb metroya tərəf piyada şəkildə hərəkət etməyə başlamışdır. Bir qədər getdikdən sonra o, çiynindən asdığı qara rəngli çantasının yüngül olduğunu hiss edib çantanın içərisinə baxmaq istəyərkən görmüşdür ki, çantanın dəmir sepli kilidi bir qədər açıqdır. Həmin vaxt çantanın içərisinə baxan zaman görmüşdür ki, çantasında olan çəhrayı rəngli, dəri materiallı, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, "Beynəlxalq Banka" aid əmək haqqı kartı, "Beynəlxalq Banka" aid "Tam kart" kredit kartı və 500 manat nağd pulu olan pul kisəsi oğurlanmışdır. O, pul kisəsinin oğurlanmasını aşkar etdikdən sonra yenidən Abşeron rayonuna qayıdaraq bu barədə müraciət etmək üçün Abşeron RPİ-nə getmişdir. Orada ona çantasından pul kisəsinin oğurlanması hadisəsini Yasamal rayonuda aşkar etməyi izah olunaraq bununla bağlı Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra o, şəhərə qayıdaraq Yasamal RPİ-nin 29-cu PŞ-n yaxınlaşıb qeyd olunan hadisə barədə ərizə vermişdir. Həmin gün o, evə qayıtdıqdan sonra saat 16:04-də iki dəfə, 16:05-də isə bir dəfə olmaqla ona ümumiikdə üç dəfə "Tam Kart" kredit kartına səhv kodla daxil olunmağa çalışılması barədə xəbərdaredici mesajlar gəlmişdir. Bundan sonra o, dərhal "xxxx"a müraciət edərək özünə məxsus əməkhaqqı kartını və tam kart kredit kartını bağlatmışdır. O, başına gələn hadisə barədə anası X2 telefon vasitəsi ilə məlumat verdikdən sonra anası da DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, çantasında olan pul kisəsinin içərisindəkilərlə birlikdə oğurlanmasını xx.xx.2023-cü il tarixdə saat 13:51-də Yasamal rayonu, Moskva prospekti 69A ünvanında yerləşən "Badi Səba" şadlıq sarayının qarşısında aşkar etmişdir. O, əl çantasında olan pul kisəsini sonuncu dəfə yaşadığı evin yaxınlığında avtobus dayanacağında 119 saylı marşurut avtobusuna minmədən öncə əl çantasında görmüşdür. Həmin 119 saylı avtobusun içərisi sərnişinlərlə dolu olduğu üçün düşünmüşdür ki, pul kisəsi Bakı-Sumqayıt yolu ilə şəhər istiqamətində hərəkətdə olan zaman həmin avtobusun içərisindəki sərnişinlərdən biri tərəfindən oğurlanmışdır. Lakin həmin vaxt o, ətrafında olan şəxslərə fikir vermədiyi üçün çantasından edilmiş oğurluqla bağlı şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Həmin oğurluq hadisəsi zamanı əl çantasından oğrulanmış 8 manat dəyərində çəhrayı rəngli, dəri materiallı, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, hazırda üzərindəki 16 rəqəmli kodları xatırlamadığı "Beynəlxalq Banka" aid əmək haqqı kartı, "Beynəlxalq Banka" aid "Tam kart" kredit kartı və 500 manat nağd pulu olan pul kisəsi oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 508 (beş yüz səkkiz) manat maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaqa təqdim edilmiş ərizədən görünü ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünü ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 326.1 və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödəməklə aradan qaldırılması, iki zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasının yüngülləşdiriən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 326.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar