Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-153/2020 07.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisi toxumunu 2019-cu ilin iyun ayının əvvəllərində yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində özü istifadə etmək məqsədi ilə əkmiş və həmin bitki toxumlarından əmələ gəlmiş 03 ədəd çətənə bitkisi kolunu dibini belləməklə, mineral gübrə verməklə və suvarmaqla aqrotexniki qaydada qulluq göstərib qanunsuz olaraq kultivasiya etməklə yetişdirmiş və yetişmiş yarpaqlarını toplayıb qurudaraq 1 ədəd sellofan torbaya yığaraq yaşadığı evin yataq otağındakı dolabda qanunsuz olaraq satış məqsədi olmadan saxlamış və bundan sonra da həmin 03 ədəd çətənə bitkisi kollarını qanunsuz olaraq kultivasiya etmiş, xx xxxxxxxx 2019-cü il tarixdə saat 16:25 radələrində Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı evə və həyətyani sahəsinə baxış keçirərkən Təqsirləndirilən şəxs məxsus həyətyani sahədən qanunsuz olaraq kultivasiya edilməklə əkilib-becərilmiş, 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2545,0 qram olan xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisi və yaşadığı evin yataq otağındakı dolabda qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı, 1 ədəd sellofan torbada, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 100,04 qram şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı aşkar edərək götürmüşlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Əvvəllər alıb istifadə etdiyi qurudulmuş marixuanaların içərisindən aşkar etdiyi 3 ədəd çətənə toxumunu 2019-cu ilin iyun ayının əvvəllərində yaşadığı evin həyətyani sahəsində özü istifadə etmək üçün torpağa basdırmış, həmin toxumlar cücərdikdən sonra bitkilərin dibini belləyib, mineral gübrə verib, mütəmadi sulayaraq qulluq göstərmişdir. Təxminən bir həftə əvvəl həmin çətənə kollarının yarpaqlarını sellofan torbaya yığaraq yaşadığı evin yataq otağındakı şkafa qoymuşdur. Buna baxmayaraq yenə həyətyani sahəsində əkdiyi həmin 3 ədəd çətənə kollarına qulluq etməkdə davam etmişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin əməkdaşları tanımadığı mülki geyimli şəxslə onun yaşadığı evin həyətinə gəlib, həyətyani sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumatları olduğunu bildirmişlər. Sonra onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, üzərində narkotik tərkibli hər hansı maddə varsa təqdim etməsini təklif etmişlər. O da üzərində heç bir narkotik vasitə olmadığını bildirdikdən sonra polis əməkdaşlarına həyatyani sahəsində özü istifadə etmək üçün 03 ədəd narkotik tərkibli çətənə kolu əkib-becərdiyini söyləmiş, bundan sonra polis əməkdaşlarını və tanımadığı bir nəfər mülki geyimli şəxsi həmin çətənə kolunu əkib-becərdiyi yerə aparıb göstərmiş, sonra yaşadığı evin yataq otağına gedib, həmin çətənə kollarının yarpaqlarını qurudub saxladığı sellofan torbanı şkafdan çıxarıb polis əməkdaşlarına vermişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə və həyətyani sahəsinə baxış keçirmişlər. Lakin heç nə tapmayıb videoçəkilişlə onun təqdim etdiyi 3 ədəd çətənə kolunu torpaqdan çıxarmışlar. Sonra onun təqdim etdiyi sellofan torbadakı qurudulmuş marixuanaya baxış keçirib, həmin çətənə kollarını və qurudulmuş marixuananı qablaşdıraraq götürüb, bu barədə protokol tərtib etmişlər. O da orada olan digər iştirakçılar kimi həmin protokolu imzaladıqdan sonra polis əməkdaşları onu Mehdiabad Polis Bölməsinə aparmışlar. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin Cinayət-Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cü il tarixdə nahar fasiləsində məxfi əməkdaş tərəfindən ona Abşeron rayonu Məmmədli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbul etməsi və yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitki əkib-becərməsi barədə verilmiş məlumatı dərhal Mehdiabad Polis Bölməsinin rəhbərliyinə məruzə etmiş və müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, baş təhqiqatçısı Rafael Əskərovu və Xırdalan şəhərində yaşayan, ixtisasça aqranom olan Şahid1 İsrafil oğlunu götürüb, təxminən saat 16 radələrində Abşeron rayonu Məmmədli kəndi, yeni məhəlləyə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə baxış keçirməyə getmiş, həyətə daxil olub, onu çağırmış, Təqsirləndirilən şəxs onlarla görüşdükdən sonra sonuncuya gəlişlərinin məqsədini izah edib, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək, üzərində narkotik tərkibli hər hansı maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da üzərində heç bir narkotik vasitə olmadığını, lakin özü istifadə etmək üçün həyatyani sahəsində 03 ədəd narkotik tərkibli çətənə kolu əkib-becərdiyini və həmin çətənə kollarından yığıb qurutduğu, yarpaqları sellofan torbada yaşadığı evin yataq otağındakı şkafda saxladığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs videoçəkilişlə həyətyani sahəsinə və evinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etmədiyini bildirdikdən sonra onlar ev sahibindən bu barədə ərizə almışlar. Bundan sonra Təqsirləndirilən şəxs əvvəl onları çətənə kollarını əkib-becərdiyi yerə, sonra isə həmin kolların yarpaqlarını yığıb saxladığı sellofan torbanın olduğu yerə, yəni yaşadığı evin yataq otağına aparıb oradakı içərisində qurudulmuş marixuana olan 1 ədəd sellofan torbanı götürüb onlara təqdim etmişdir. Bundan sonra onlar həmin 03 ədəd kola və sellofan torbadakı qurudulmuş marixuana videoçəkilişlə baxış keçirərək, qablaşdırıb götürmüşlər. Bu barədə protokol tərtib olunmuş, o da oradakı digər iştirakçılar kimi həmin protokolu imzaladıqdan sonra onlar çətənə kollarını və qurudulmuş marixuana olan sellofan torbanı götürüb Təqsirləndirilən şəxsla birlikdə Mehdiabad Polis Bölməsinə gəlmişlər. Təqsirləndirilən şəxs qeyd olunan narkotik tərkibli çətənə bitkisinin toxumlarını haradan əldə etdiyini bilmir, bununla bağlı tədbirlər keçirsə də Nərimanın həmin toxumu haradan əldə etməsi barədə dəqiq məlumat əldə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 digər Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İsrafil oğlu digər Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində aqronom mütəxəssis kimi Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin əməkdaşları ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndi, yeni məhəllədə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə baxış keçirərkən sonuncunun təqdim etdiyi torpağa əkilmiş 03 ədəd, yəni biri 1.5 metr, digər ikisi isə 70 sm hündürlükdə olan narkotik xassəli bitkiyə oxşar çətənə kollarına baxmış və həmin kolların narkotik xassəli bitki növü olan çətənə bitkisi olduğunu, həmçinin həmin kollara aqrotexniki qaydada qulluq olunduğunu müəyyən etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyani sahəsindən aşkar olunmuş 1 ədəd 1,5 metr, 2 ədəd 70 sm hündürlükdə olan, torpağa əkilmiş kollar narkotik xassəli bitki növü olan çətənə bitkisidir, həmin bitkilərə aqrotexniki qulluq olunmaqla kultivasiya edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında olan dolabda 1 ədəd ağ şəffaf sellofanda aşkar olunmuş bitki narkotik vasitə hesab olunan qurudulmuş çətənə yarpaqlarıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 22777 saylı, xx xxxxxxxx 2019-cu il tarixli rəydən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs evində aşkarlanmış...” sözləri yazılmış skoçla bağlanmış sellofan torbada təmiz çəkisi 100,04 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkarlanmış...” sğzləri yazılmış sintetik torbada yaş vəziyyətdə 03 (üç) ədəd, ümumi çəkisi 2kq 545 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatlardan sonra qalıq qalan marixuananın xalis çəkisi 100 qram, çətənə (kannabis) bitkisinin xalis çəkisi 2544,85 qramdır. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 2828 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan maddi sübut kimi tanınma haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 03 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 2545 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi kolları və 01 ədəd sellofan torbada olan 100,04 qram çəkidə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlandığı anbara təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizanın rəyi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni qəsdən törədilməsini, həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən təqsirləndirildiyi cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Cinayət işi materiallarında olan Abşeron RİHB-nin Məmmədli kənd İƏD üzrə İcra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2003-cü il təvəllüdlü Nəzrin adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş təyin ediləcək cəzalar qismən toplanmaqla, qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-260/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə tutma altında saxlandığı 02 gün müddətin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla, ümumilikdə 04 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzanın müddətindən çıxılmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı göstərilsə də, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 100 qram marixuana və 2544,85 qram çətənə (kannabis) bitkisi Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə və Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzalar qismən toplanılsın və üzərində qəti olaraq, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddətinbir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırki hökmdə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 100 qram qurudulmuş marixuana və yaş vəziyyətdəümumi çəkisi 2544,85 qram çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Sevinc Quluyeva
Məhkəmə qərarları › İş №1(012)-153/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-153/2020
07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver