Məhkəmə qərarları › İş №1(012)-153/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-153/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-153/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə xx.xx.1992-ci il təvəllüdlü, Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yaşayan, Abşeron Rayon Məhkəməsinin 05.04.2021ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 21.04.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən “Kibrit” kafesində ofisiant işləyən tanışı Zərərçəkmiş şəxs ilə həmin kafenin kabinetində spirtli içki qəbul etdikdən sonra, həmin tarixdə saat 19 radələrində sonuncunun həmin kafedə işləməməsinə narazı olduğunu cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə kafenin iş rejimini pozmuş, Zərərçəkmiş şəxs qolundan tutub kafedən aparmaq istədikdə, sonuncu razı olmadığından onun saçından tutub pilləkən ilə aşağı mərtəbəyə salmış, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək təyinatı istintaqa məlum olmayan silah qismində üstündə gəzdirdiyi bıçaqdan istifadə etməklə zor tətbiq edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən bıçağın arxa hissəsi ilə bir dəfə zərbə vurub ona təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol aşıq-baldır oynağı nahiyəsinin bayır səthinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hamı onu Yusif kimi tanısa da, əsl adı Ricatdır. Təxminən 2020-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs tanıyır və Ülfanə ilə ilk dəfə ofisiant işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində, Xırdalan dairəsində yerləşən “Kibrit” kafesində tanış olmuş, münasibətləri həmişə normal olmuşdur. Ülfanəyə iki azyaşlı uşağı olduğu üçün imkanı daxilində maddi dəstək olmuş, ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar Ülfanə ilə görüşə bilməmiş, sadəcə onunla telefon vasitəsi ilə əlaqə saxlayıb bir-biri ilə hal-əhval tutmuşlar. O, Ülfanənin işlədiyi “Kibrit” kafesinə tez-tez müştəri qismində gedib oturmuş və dostluq münasibətində olmuşlar. 20.09.2020-ci il tarixdə Ülfanə ilə telefonda vatçapla danışan zaman sonnucu həmin işlədiyi “Kibrit” kafesinə işə qayıtdığını bildirmiş, 21.09.2020-ci il tarixdə saat təxminən 15 radələrində dostu Ülfanənin işlədiyi Xırdalan dairəsində yerləşən “Kibrit” kafesinə getdim. Orada Ülfanə görüşüb bir az söhbət etmiş, o, Ülfanə və həmin kafedə işləyən digər bir nəfər tanımadığı qızla eyni masada oturub özü ilə apardığı çaxırı meyvə ilə içmişlər. Ülfanəyə söhbət əsnasında dost kimi bir nəfər normal insanla münasibət qurmasını, azyaşlı uşaqlarına həmin şəxsin sahib çıxmasını məsləhət görmüş, bir neçə dəqiqədən sonra kafedən çıxıb getmişdir. Həmin gün, yəni 21.09.2020-ci il tarixdə saat təxminən 19 radələrində yenidən Ülfanənin işlədiyi “Kibrit” kafesinə getmiş, kafenin qarşısında olan tanımadığı şəxsdən xahiş etmişdir ki, içəri daxil olub Ülfanə adlı qızı çölə çağırsın. Həmin şəxs içəri girib qayıtsa da, Ülfanənin gəlmədiyini görüb içəri kafeyə daxil olmaq istəyən zaman kafenin pilləkəninin yanında Ülfanəni görüb ona yaxınlaşmış, Ülfanəyə düzgün yolda olmadığını deyib saçından tutaraq pilləkən ilə aşağı salmış, həmin vaxt ayağı pilləkənə ilişdiyi üçün hər ikisi pilləkəndən yıxılmış, o, yerdən qalxıb cibində olan bıçağı çıxarıb sağ əlində tutaraq bıçağın arxası ilə Ülfanənin başından bir dəfə zərbə vurmuş, sonra Ülfanə pilləkəndə ağlamağa başlamış, o da oradan çıxıb getmiş, həmin vaxt spirtli içki qəbul etdiyi üçün içkili olmuş, etdiyi əməldən çox peşmandır. Əlavə olaraq göstərmişdir ki, Ülfanə ilə mübahisə edən zaman ətrafda heç kim olmamış, onun Ülfanə ilə arasında mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, Ülfanə ona heç bir xəsarət yetirməmiş, Ülfanə ilə mübahisə zamanı sonuncunun saçından tutaraq pilləkəndən salmış və baş nahiyəsinə bir dəfə özündə olan bıçağın arxa hissəsi ilə zərbə vurmuş, hadisə zamanı içkili olduğu üçün bıçağı hara atdığını xatırlamır. Həmin bıçağı təxminən 1 il əvvəl xatırlamadığı dükandan almış, həmin bıçağı suvenir kimi xoşladığı üçün almış, arada üzərində özünü müdafiə etmək üçün saxlamışdır. Həmin tarixdə tanışı Ülfanə ilə dalaşan zaman onun saçından tutub işlədiyi kafenin pilləkənindən aşağı salmaq istəyən zaman Ülfanə ilə birlikdə pilləkəndən yıxılaraq xəsarət almış, həmin xəsarəti ona heç kim yetirməmiş və xəsarət almağı ilə bağlı heç kimdən şikayəti və tələbi yoxdur. Sonradan zərəçəkmiş şəxslərlə barışmış və törətdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart-aprel aylarında həyat yoldaşından ayrılmış, onun evlilikdən bir qız övladı vardır. Maddi sıxıntıları olduğu üçün bir müddət Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsində yerləşən “Kibrit” adlı kafedə ofisiant işləmiş, qızı Fatma dünyaya gəldiyi üçün sonra işdən çıxmışdır. Bir neçə ay işsiz qalmış, əvvəllər “Kibrit” kafesində işlədiyi müddət ərzində Yusif adlı şəxslə tanış olmuş, Yusif işlədiyi kafeyə tez-tez müştəri qismində gəlmişdir. Bir müddət sonra Yusif ilə dostluq münasibətləri yaranmışdır. 21.09.2020-ci tarixdə saat 12 radələrində əvvəl işlədiyi “Kibrit” kafesinə işləmək üçün getmiş, elə həmin gün də işləməyə başlamış, telefonda Yusif ilə yazışan zaman ona əvvəlki işlədiyi yerə qayıtdığını bildirmiş, həmin gün saat 16 radələrində Yusif müştəri qismində işlədiyi “Kibrit” kafesinə gəlmişdir. Yusif onunla görüşüb masada əyləşmiş, bir qədər spirtli içki qəbul etdikdən sonra Yusif ona söhbət əsnasında kafedə işləməməsini məsləhət görmüş və ona hər gün özü işləməməsi üçün pul verəcəyini demiş, o, sonuncu ilə razılaşmadıqda aralarında sözlə münahisələri olmuş, sonra Yusif hesabını ödəyərək çıxıb getmişdir. Aradan təxminən bir neçə saat keçdikdən sonra tanımadığı bir nəfər şəxs ona Yusif adlı şəxsin onu bayırda gözlədiyini demiş, o da işinin olduğu üçün gedə bilməyəcəyini həmin şəxsə demiş, bir neçə dəqiqədən sonra Yusif özü işlədiyi kafenin giriş qapısına yaxınlaşıb onu çağırmış, o da sonuncuya yaxınlaşmışdır. Yusif onunla birlikdə getməyi dedikdə, onunla razılaşmamış, Yusif onunla razılaşmadığı üçün onun qolundan tutub özü ilə aparmaq istəyən zaman sonuncunun sinəsindən itələmiş, o, arxaya çevrilib kafeyə girmək istəyəndə Yusif onun saçından tutub pilləkən ilə aşağı salmış, pilləkəndən düşən zaman Yusif də onunla birlikdə yerə yıxılmış, sonra Yusif ayağa qalxıb belindən bıçaq çıxarmış və onun baş nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. O, zərbənin təsirindən huşunu itirib yerə yıxılmış, sonra özünə gələn zaman kafenin içərisində mətbəxdə olduğunu görmış, həmin vaxt yanında kafedə işləyən digər qızları görmüş, bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək onu ambulans maşını gec gəldiyi üçün patrul maşınına mindirib Xırdalan şəhərində yerləşən təcili tibbi yardım şöbəsinə aparmışlar. Əlavə olaraq göstərmişdir ki, Yusif ilə mübahisə edən zaman ətrafda heç kim olmamış, Yusif onu işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsində yerləşən “Kibrit” kafesinin girişində olan pilləkəndə vuraraq xəsarət yetirmiş, Yusif ilə arasında mübahisə təxminən 5-10 dəqiqə olmuş, həmin vaxt huşumu itirdiyi üçün kimin onu kafenin içərisinə apardığını bilmir. Yusif mübahisə zamanı sifətinə bir ədəd sillə və başına bir ədəd bıçaqla zərbə vurmuş, Yusif ilə mübahisə edən zaman yalnız onuncunun sinəsindən bir dəfə itələmiş, ona başqa zərbə vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan dairəsinin yaxınlığında “Kibrit” kafesində 2020-ci ilin sentyabr ayının əvvəllərindən ofisiant işləyir. Zərərçəkmiş şəxs işlədiyi kafedən tanıyır və iş yoldaşı kimi münasibəti normaldır. 21.09.2020-ci il tarixdə təxminən saat 13 radələrində bir nəfər tanımadığı sonradan adını Yusif kimi bildiyi şəxs kafeyə gəlmiş, Ülfanə ona dostunun qonaq gəldiyini demiş, Ülfanə Yusif ilə kafenin kabinetində oturmuşlar. Onların kabinetinə digər ofisiant Lamiyə qulluq etmiş və spirtli içki qəbul etmişlər. Təxminən 2 saat kabinetdə oturduqdan sonra Yusif kafedən çıxıb getmiş, həmin vaxt Ülfanə Yusifi yola salmış və aradan bir neçə saat keçdikdən sonra təxminən 19 radələrində kafenin giriş hissəsində stolda əyləşmiş, bu zaman Ülfanə ilə bir az əvvəl kabinetdə oturan Yusif adlı şəxs kafeyə gəlmiş və Ülfanəni bayıra çağırmış, sonuncu onunla bayıra çıxmışdır. Aradan bir neçə dəqiqə keçdikdən sonra Ülfanə yüksək səslə qışqırmağa başlamış, o, tez kafenin giriş qapısından bayıra çıxmış və kafenin pilləkəninin aşağı hissəsində Ülfanənin yerə yıxıldığını və başından qan gəldiyini görmüş, həmin vaxt tanımadığı bir nəfər şəxs onları ayırmış, sonra Lamiyəni çağırmış və Lamiyə gəldikdən sonra onlar Ülfanəni kafeyə içəri aparmışlar. Ülfanə həmin vaxt onlara Yusifin onun başına bıçaq vurduğunu demiş, içəridə mətbəxdə Ülfanə huşunu itirmiş, bir qədər sonra polis əməkdaşları gəlmiş və onu polis maşını ilə xəstəxanaya aparmışlar. Əlavə olaraq göstərmişdir ki, Ülfanə ilə Yusif kabinetdə oturan zaman onların sözlə mübahisə etdiyini eşitmiş, həmin vaxt Yusif Ülfanəni ona xəyanət etməkdə günahlandırmış, Zərərçəkmiş şəxs tanışı Yusif kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığını görmüş, Ricat kafenin giriş qapısının pilləkəninin aşağı küçəyə çıxan tərəfində Ülfanəni vurmuş, Ülfanəni vuran Ricat adlı şəxsin hər hansı şəxs və ya şəxslər tərəfindən vurulduğunu görməmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə təxminən 10 dəqiqə davam etmiş, Ülfanə ilə Ricat kafenin girişində olan pilləkəndə mübahisə edən zaman kafedə təxminən 7-8 nəfər müştəri olmuş, Ülfanə qışqıran zaman həmin müştərilər onun səsini eşidib bir qədər sonra çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan dairəsinin yaxınlığında “Kibrit” kafesində 2020-ci ilin avqust ayından qabyuyan işləyir, işlədiyi kafe Araz marketin üst mərtəbəsində, yəni ikinci mərtəbədə yerləşir. Kafeyə marketin yan tərəfindən pilləkən vasitəsilə daxil olunur. Zərərçəkmiş şəxs işlədiyi kafedən tanıyır, iş yoldaşı kimi münasibəti normaldır. 21.09.2020-ci il tarixdə təxminən saat 13 radələrində bir nəfər tanımadığı sonradan adını Yusif kimi bildiyi şəxs kafeyə gəlmiş, Ülfanə ona dostunun qonaq gəldiyini demiş, Ülfanə Yusif ilə kafenin kabinetində oturmuşlar. Onların kabinetinə ofisiant Sevinc ilə qulluq etmiş, təxminən 2 saat kabinetdə oturduqdan sonra Yusif kafedən çıxıb getmişdir. Həmin vaxt Ülfanə Yusifi yola salmış, aradan bir neçə saat keçdikdən sonra təxminən 19 radələrində kafenin mətbəxində iş görən zaman Ülfanə ilə bir az əvvəl kabinetdə oturan Yusif adlı şəxsin kafeyə gəldiyini görmüş və sonuncu Ülfanəni bayıra çağırmışdır. Ülfanə də bayıra çıxmış, aradan bir neçə dəqiqə keçdikdən sonra Ülfanə yüksək səslə qışqırmağa başlamış, bu zaman o, mətbəxdən çıxıb kafenin giriş qapısına tərəf gedərək kafenin zalından səs gələn tərəfə, yəni pilləkənə tərəf getmiş, zalin qapısından çölə çıxaraq pilləkəndə sonradan adını Yusif kimi bildiyi şəxsin Ülfanənin saçından tutduğunu və aşağı apardığını görmüş, sonra qorxduğu üçün zala qayıdıb zalda olan müştərilərə kömək etmələrini bildirmiş, bu zaman zalda olan müştərilər də Ülfanənin səsini eşitdikləri üçün zaldan çıxıb onlara tərəf getmiş, sonra o, çölə çıxmış və görmüşdür ki, müştərilər Yusifi Ülfanədən ayırmışlar, o, Sevinc ilə köməkləşib Ülfanənin qolundan tutaraq kafenin mətbəxinə aparmış, içəridə mətbəxdə Ülfanə huşunu itirmiş, bir qədər sonra polis əməkdaşları gəlmiş və onu polis maşını ilə xəstəxanaya aparmışlar. Əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs qışqırıq səsini eşidib zaldan pilləkənə çıxan zaman Yusif kimi tanıdığı Təqsirləndirilən şəxs Ülfanənin saçından tutub aşağı pilləkənə tərəf apardığını görmüş, lakin onu vurduğunu görməmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə təxminən 10 dəqiqə davam etmiş, Ülfanə ilə Ricat kafenin girişində olan pilləkəndə mübahisə edən zaman kafedə təxminən 7-8 nəfər müştəri olmuş, Ülfanə qışqıran zaman həmin müştərilər onun səsini eşidib zaldan çıxmış, həmin müştərilər Ricatı Ülfanədən ayırdıqdan sonra çıxıb getmişlər. Həmin hadisənin səbəbindən kafedə olan müştərilər də çıxıb getmiş və onlar da sonra kafeni bağlayaraq işdən getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nin 12-ci PB-nin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, DİN-in X7 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edir və Abşeron rayonu, Xırdalan şəhərində hər gün gecə növbəsində polis serjantı Şahid3 ilə birlikdə piyada xidmət aparır. 21 sentyabr 2020-ci il tarixdə Abşeron rayon Pİ-nin ərazisində 9681 çağırışlı avtopatrul ilə xidmətə başlamış, ərazidə xidmət aparan zaman saat 20 radələrində Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən yerdən keçən zaman bir qrup vətəndaşın toplaşdığını görüb onlara yaxınlaşdıqda bir nəfər oğlanın qulağında və ağzında qan ləkəsi olduğunu və yerə uzandığını görmüş, həmin şəxsdən nə olduğunu soruşduqda sonuncu Kibrit çay evində pilləkənlərdən yıxıldığını bildirmiş və çay evində bir qadınla dalaşdığını demişdir. Onlar çay evinə daxil olduğu zaman bir nəfər qadının xəsarət aldığını görüb hadisə yerinə təcili tibbi yardımı çağırıb rayon polis idarəsinə növbətçi hissəsinə məlumat vermiş, təcili tibbi yardım gecikdiyindən xəsarət almış vətəndaşları 9681 çağırışlı avtopatrul ilə təcili tibbi yardıma aparıb təhvil verdikdə çay evinin icarədarı və işçisini rayon polis idarəsinə gətirib növbətçi hissəyə raportla təhvil vermiş, xəsarət alanlardan xanımın adı X4, xəsarət alan oğlan X2 məlum olmuşdur. Əlavə olaraq göstərmişdir ki, onlar hadisə yerinə yaxınlaşdıqda dava dalaş qurtarmış və ətrafa çoxlu adam toplaşmışdır. Yalnız pilləkənlərdən yıxılaraq xəsarət alan oğlanın yerə uzanıqlı vəziyyətdə qadının isə huşsuz vəziyyətdə kafedə olduğunu görmüş, oraya yaxınlaşdıqda xəsarət almış oğlanın əlində və yaxud üstündə bıçaq olduğunu görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nin 12-ci PB-nin polis nəfəri Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 30.09.2020-ci il tarixli 1987 saylı rəyində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol aşıq-baldır oynağı nahiyəsinin bayır səthinin qançırı bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 21.09.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Abşeron Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in 29.04.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 21.04.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Azərbaycan Respublikası ƏN-in PX-in Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 19.10.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək silah qismində bıçaqdan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, ekspertiza rəyi, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən cinayət törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsi, cinayət nəticəsində dəymiş zərəri bir qismini könüllü ödəməsi, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin şikayətçi olmaması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, məhkumluğunun olunmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.04.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək, yəni 4 (dörd) ay 25 (iyirmi beş) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla, onun üzərində qəti cəza saxlanılmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 240 manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.04.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək, yəni 4 (dörd) ay 25 (iyirmi beş) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 07 (yeddi) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir iseçilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar