Məhkəmə qərarları › İş №1(012)-153/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-153/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-153/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/26, mənzil 23-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 3562E nömrəli bağ evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərəə maddi ziyan vurmaqla oğurluqlar etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 may 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Mübariz İbrahimov küçəsində yerləşən fərdi evin hasarlanmış həyətinə daş hasarın üstündən keçərək qanunsuz daxil olmuş, fərdi evin plastik pəncərənin üzərindəki dəmir barmaqlığı bərkidildiyi yerdən dəmir parçası ilə qırıb, üzərində olan vintaçanla plastik pəncərəni sıxıb açaraq içəri girmiş və evin yataq otağında olan taxtın üzərindəki döşəyin altında saxlanılan 1000 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 may 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni yaşayış massivində yerləşən tikintisi başa çatmamış fərdi evin həyətinə daş hasarından üstündən keçərək qanunsuz daxil olmuş, sonra isə zirzəmidən keçərək evə daxil olub evin zal otağında olan bir ədəd 350 manat dəyərində 11 kq-lıq pereferatoru, bir ədəd 80 manat dəyərində tikinti ütünü, bir ədəd 200 manat dəyərində böyük laqondanı, bir ədəd 150 manat dəyərində kiçik laqondanı, hər birinin dəyəri 150 manat olan, ümumi 300 manat dəyərində iki ədəd dreli, bir ədəd 300 manat dəyərində taxta kəsən aləti, hər metrinin dəyəri 3 manat olan ümumi 90 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilini və bir ədəd 30 manat dəyərində 30 metr uzunluğunda elektrik uzadıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 iyun 2021-ci il tarixdə saat 03 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Elşən Hüseynov küçəsində yerləşən tikintisi başa çatmamış fərdi evin həyətinə daş hasarın üstündən keçərək qanunsuz daxil olmuş, fərdi evin yan tərəfində olan plastik pəncərəni üzərində olan vintaçanla sıxıb açaraq içəri girib hamam otağından bir ədədinin qiyməti 5 manat olmaqla ümumi 120 manat dəyərində 24 ədəd rekoru, hər birinin dəyəri 6 manat olmaqla ümumi 144 manat dəyərində 24 ədəd vintili, hər birinin dəyəri 75 manat olmaqla ümumi 375 manat dəyərində 5 top elektrik naqilini, hər birinin dəyəri 5,50 manat olmaqla ümumi 220 manat dəyərində 40 ədəd elektrik açarını və evin divarına çəkilmiş 141 manat dəyərində elektrik naqillərini kəsib çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələr istifadəçisidir. Onun narkotik vasitə almaq üçün maddi sıxıntıları olmuş, lakin oğurluq cinayətləri törətməmişdir. O, hadisə yerinə baxış keçirilərkən polis əməkdaşların təkidi ilə cinayəti necə törətməsini bildirmişdir. Onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsində isə o, göstərmişdir ki, onun narkotik vasitələr istifadəçisi kimi narkotik vasitə almaq üçün maddi sıxıntıları olmuşdur. Bu səbəbdən də işləmədiyi üçün evlərdən oğurluq etməyi qərara almışdır. Belə ki, 29 may 2021-ci il tarixdə gecə radələrində Sumqayıt şəhərində olarkın yol maşını ilə Saray qəsəbəsi ərazisinə gəlmiş və orada yaşayış olmayan evlərin birindən oğurluq etməyi qərara almış, gecə təxminən saat 02 radələri olmuş, Saray qəsəbəsində gəzərkən Mübariz İbrahimov küçəsində olan fərdi evin işıqlarının yanmadığını görüb qapısını döymüş, qapını açan olmamış, qapını açan olmadığı üçün hasara çıxıb oradan həyətə tullanmış, həyətdə olan fərdi evin qapısını açmağa cəhd etmiş, lakin aça bilməmişdir. Belə olduqda evin plastikdən olan pəncərəsinin üzərindəki dəmir barmaqlığı sındırıb içəri girməyi qərara almış, bu məqsədlə həyətdə olan təxminən bir metr uzunluğunda dəmir parçasını götürüb dəmir çərçivəni yerindən qoparmış və özündə olan vintaçanla plastik pəncərəni sıxıb açaraq içəri girmişdir. Bundan sonra evləri axtarmağa baxlamış, evdən pul, qiymətli əşya axtarmış, lakin evdəki otaqları, yorğandöşək yığılan yeri axtarsa da, heç nə tapa bilməmiş, bundan sonra evin yataq otağında olan taxtın üzərindəki döşəyi qaldırdıqda orada 100-lük, 50-lik və digər əskinazlardan ibarət pul olduğunu görmüş, həmin pulu götürüb pəncərədən evi tərk edib getmiş, yolda oğurladığı pulu saymış, təxminən 800-850 manat olmuş, bundan sonra əldə etdiyi pulu öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa, 14 iyun 2021-ci il tarixdə gecə radələrində Sumqayıt şəhərində olarkən yol maşını ilə Saray qəsəbəsi ərazisinə gəlmiş və orada yaşayış olmayan evlərin birindən oğurluq etməyi qərara almışdır. Gecə təxminən saat 03 radələri olmuş, Saray qəsəbəsində gəzərkən Elşən Hüseynov küçəsində olan tikintisi başa çatmayan fərdi evdən oğurluq etməyi qərara almış, belə ki, oğurluq etmək istədiyi fərdi ev qamışlıq tərəfdə yerləmişdir. Həmin evin həyətinə arxadan hasardan keçməklə girmiş, sonra evin yan tərəfdən olan plastik pəncərəsini özündə olan vintaçanla sıxıb açaraq içəri girmiş, bundan sonra evləri axtarmağa baxlamış, evin içərisində olan elektrik naqilləri götürmüş, bundan əlavə evin divarlarına çəkilmiş elektrik naqilləri dartıb yerindən çıxarmış, daha sonra istilik sistemlərinin vintillərini və elektrik açarlarını götürmüş, həmin əşyaları götürdükdən sonra evi tərk etmişdir. Oğurladığı əşyaları yaşadığı evin yaxınlığında yerləşən boş bir tikilidə gizlətmiş, həmin günün səhərisi yaşadığı ərazidə oğurladığı mis kabelləri yandırmış və bağlarda metal qəbul yığan maşının sürücüsünə, həmçinin oğurladığı vintilləri və elektrik açarlarını Sumqayıt şəhər Daş bazarında olan fəhlələrə dəyərindən aşağı qiymətə satmış, misin və digər oğurluduğu əşyaların satışından əldə etdiyi pulları isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa, 30 may 2021-ci il tarixdə gecə radələrində Sumqayıt şəhərində olarkən yol maşını ilə Saray qəsəbəsi ərazisinə gəlmiş və orada yaşayış olmayan evlərin birindən oğurluq etməyi qərara almışdır. Gecə təxminən saat 03 radələri olmuş, yeni massivdə olan tikintisi başa çatmamış fərdi evin zirzəmisində pəncərə yerindən keçərək evin içərisinə girmişdir. Evin zal hissəsində çoxlu sayda tikinti materialları və alətləri olmuş, orada olan perefaratorları, ütünü, laqondaları, dreli, stanoku meşoklara yığmış, bundan sonra evin divarına çəkilmiş elektrik naqilini kəsib çıxarmış və götürdüyü hər bir əşyanı torbaya yığıb götürmüş və evə girdiyi zirzəmidən evi tərk edib getmişdir. Oğurladığı əşyaları yaşadığı evin yaxınlığında yerləşən boş bir tikilidə gizlətmiş, həmin günün səhərisi yaşadığı ərazidə oğurladığı mis kabelləri yandırmış və bağlarda metal qəbul yığan maşının sürücüsünə satmış, həmçinin oğurladığı tikinti alətlərini isə hissə-hissə Sumqayıt şəhər Daş bazarında olan tanımadığı fəhlələrə dəyərindən aşağı qiymətə satmış, misin və tikinti alətlərinin satışından əldə etdiyi pulları isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 33 nömrəli yataqxana qeydiyyatda olsa da, Abşeron rayonu, Saray qəsəbəsi, Mübariz İbrahimov küçəsində yerləşən fərdi evdə yaşayır. Yaşadığı fərdi ev öz mülkiyyətidir və həmin evdə 2014-cü ildən ailəsi ilə birlikdə yaşayır. 26 may 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə Neftçala rayonuna getmiş və təxminən 5 gün rayonda qaldıqdan sonra 31 may 2021-ci il tarixdə yaşadığı ünvana qayıtmışdır. Həyətə daxil olduqda girişdə olan evin pəncərəsinin üzərindəki dəmir barmaqlığın yerindən qoparılaraq yerə qoyulduğunun və yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evin içərisinə daxil olub yataq otağına keçdikdə otağın içərisində olan şəxsi əşyalarının, geyim əşyalarının, yorğan-döşəyin dağıldığının şahidi olmuşdur. Həmçinin yataq otağında taxtda döşəyin altına qoyduğu 1000 manat pulun yerində olub-olmadığını yoxladıqda pulu yerində olmadığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, onun məlumatından sora polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Sonradan Təqsirləndirilən şəxs evinə gətirilərkən oğurluq hadisəsini necə törətməsi, haradan evinə daxil olmasını özü göstərmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan ona ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Abşeron rayonu, Saray qəsəbəsi, yeni yaşayış massivində torpaq sahəsi vardır və həmin torpaq sahəsində özü üçün fərdi evin tikintisi ilə məşğul olur. Həmin fərdi evi təxminən iki ilə yaxındır ki, tikir. Hazırda evin damını vurmuş, lakin evin təmir tamamlanma işləri hələ qurtarmamışdır. Sonuncu dəfə həmin tikintisi başa çatmamış evində 25 may 2021-ci il tarixdə olmuş, 31 may 2021-ci il tarixdə tikintisi başa çatmamış fərdi evinə getdikdə evin böyük zal otağında saxladığı 350 manat dəyərində 11 kq-lıq perefarator, bir ədəd 80 manat dəyərində tikinti ütüsü, bir ədəd 200 manat dəyərində böyük laqonda, bir ədəd 150 manat dəyərində kiçik laqonda, hər birinin dəyəri 150 manat olan, ümumi 300 manat dəyərində iki ədəd drel, bir ədəd 300 manat dəyərində taxta kəsən alət, hər metrinin dəyəri 3 manat olan ümumi 90 manat dəyərində 30 metr uzunluğunda elektrik naqili və bir ədəd 30 manat dəyərində 30 metr uzunluğunda elektrik uzadığıcı oğurlanmışdır. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Sonradan Təqsirləndirilən şəxs evinə gətirilərkən oğurluq hadisəsini necə törətməsi, haradan evinə daxil olmasını özü göstərmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1500 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan ona ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Abşeron rayonu, Saray qəsəbəsi Elşən Hüseynov küçəsinedə 5 sot torpaq sahəsi vardır, həmin torpaq sahəsində özü üçün fərdi evin tikintisi ilə məşğul olur. Həmin tikilini 2020-ci ilin may ayından başlayaraq aparır, evin ölçüləri 11,20 x 11,20 metr ölçüdədir. Hazırda evin damını vurmuş, lakin evin təmir tamamlanma işləri hələ qurtarmamışdır, evin içərisində elektrik işləri və alçipan işləri görülmüşdür. Fərdi evinin qonşuluğunda qaynı da ev tikdirmiş və ailəsi ilə həmin evdə yaşayır. 13 iyun 2021-ci il tarixdə ailə üzvləri ilə evində olmuş və ailə üzvləri evdə təmizlik işləri ilə məşğul olmuşlar. Həmin günü saat 18 radələrində oradan çıxıb kirayə yaşadığı evə getmiş, səhəri günü yəni 14 iyun 2021-ci il tarixdə saat 09:00 radələrində qaynı ona zəng vuraraq evin pəncərəsinin nə səbəb açıq qoyduğumu soruşduqda o, axşam evdən çıxarkən pəncərəni açıq qoymadığını demiş, sabahıtəxminən saat 09:30 radələrində fərdi evinə gəlib baxdıqda evin yan tərəfdən pəncərəsini açıq vəziyyətdə olduğunu, evin divarına çəkdiyi elektrik naqillərinin çıxarılaraq oğurlandığının şahidi olmuş, daha sonra evin hamam otağına baxdıqda orada olan 5 top elektrik naqilinin, 24 ədəd qızdırıcı sistemin vintilinin, 24 ədəd istilik sisteminin rekorlarının və 40 ədəd elektrik açarlarının oğurlanıdığını görüb baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Sonradan Təqsirləndirilən şəxs evinə gətirilərkən oğurluq hadisəsini necə törətməsi, haradan evinə daxil olmasını özü göstərmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1500 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan ona ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı tərtib olunmuş protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Mübariz İbrahimov küçəsindəki fərdi evinə pəncərədən qanunsuz daxil olaraq oradan şəxsi əmlakını taladığını, vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni yaşayış massivində yerləşən tikintisi başa çatmamış fərdi evin həyətinə daş hasarından üstündən keçərək qanunsuz daxil olaraq oradan şəxsi əmlakını taladığını və vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Elşən Hüseynov küçəsində yerləşən tikintisi başa çatmamış fərdi evin həyətinə daş hasarından üstündən keçərək qanunsuz daxil olaraq oradan şəxsi əmlakını taladığını hadisə yerlərində əyani olaraq göstərmiş və istintaqa analoji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 14.09.2021-ci il tarixli 21/549R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 25.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi, yeni yaşayış massivində yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək təhqiqata təqdim edilmiş 01 ədəd şəffaf yapışqan lent kəsiyin üzərində olan əl izlərindən 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 20.09.2021-ci il tarixli 21/562R nömrəli rəyindən görünür ki, 26.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi, Mübariz İbrahimov küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək təhqiqata təqdim edilmiş 03 ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1985-ci il tarixdə Lerik rayonunda anadan olmuş Zərərçəkmiş şəxs1 sol əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim olunmuş ərizələrindən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs valideyni tərəfindən ödənilmişdir. Onların təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 –cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü təqsirli bilməməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 11.11.2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Perinatal Mərkəzin həkimi G.Cəfərovanın verdiyi 17.01.2022-ci il tarixli arayışından görünür ki, X5 8-9 həftə inkişafdan qalmış hamilədir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının və arvadının hamilə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən halları hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatıüzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 18.10.2020-ci il tarixdə saat 20-30-da şübhəli şəxs qismində tutulmuş, barəsində 20.10.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin istintaq orqanının çağrışın gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, 25.11.2021-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsi tərəfindən barəsində 27.11.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı həbsdə olduğu cəmi 02 (iki) ay, 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 05 (beş) ay 08 (səkkiz) gün çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Sumqayıt şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay, 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 05 (beş) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, məhkəmə zalından azad edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar