Məhkəmə qərarları › İş №1(012)-153/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-153/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-153/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla,şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “mərkəz” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 20 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı İ) əsasən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızı bükümdə çəkisi 0,589 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və Abşeron Rayonu, Mehdiabad qəsəbəsinə daşımış, 24 yanvar 2024-cü il tarixdə saat 20:30 radələrində X4 əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində Tağıyev küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılmaqla A X4 inzibati binasına gətirilərək həmin gün saat 22:40-dan 22:55-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 0,589 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə özünü təqsirli bildi və izahatında bildirdi ki, əməlindən peşimandır, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayır. Heç bir yerdə işləmir. İş düşəndə karyerlərdə fəhlə kimi və taksi şirkətlərində işləyir. Narkotik vasitələr istifadə etdiyinə görə məhkum olunmuşdur.xx.xx.2023-cü il tarixdə narkotik vasitələrdən istifadə etdiyinə görə Nərimanov Rayon Məhkəməsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək məhkəmə zalından azad olunmuşdur. O, təxminən 5-6 il müddət ərzində müxtəlif narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Əsasən də narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Bədənində ağrılar olduğu üçün narkotik vasitələrin adətən ona sakitləşdirici təsir göstərdiyini bildirmişdir. Narkotik vasitə və psixotrop maddələrdən adətən folqa adlanan kağız üzərində çəkməklə istifadə edirmiş. Narkotik vasitəni adətən tanımadığı ərazilərdə və tanımadığı şəxslərdən almışdır. xx.xx.2024-cü il tarixdə özünə iş axtarmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, “Mərkəz Binəqədi” adlanan ərazidə piyada şəkildə hərəkət edirmiş. Həmin vaxt tanımadığı bir nəfər ona yaxınlaşmış və saatın neçə olduğunu ondan soruşmuşdur. O da həmin şəxsə saatı demişdir. Daha sonra həmin tanımadığı şəxslə söhbət etməyə başlamışlar. O, həmin şəxslə söhbət edən zaman narkotik vasitə aludəçisi olduğunu görmüşdür. O da həmin şəxsə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona pul müqabilində narkotik vasitə təşkil edə biləcəyini demişdir. O da həmin şəxslə razılaşmışdır. Həmin şəxsə 20 manat pul vermişdir. Tanımadığı şəxs oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs də dayanacaqda oturub onu gözləmişdir. Həmin şəxs təxminən 20 dəqiqə sonra oraya geri qayıtmış, ona yaxınlaşıb şalvarının cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroin çıxarıb vermişdir. O da həmin bükümün içərisini açıb baxaraq heroin olduğunu görmüşdür. Daha sonra həmin bükümü alıb istifadə etmək üçün əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra həmin şəxsdən uzaqlaşıb bir neçə dəqiqə orada gəzdikdən sonra yaşadığı Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən mənzilinə gəlmişdir.Bir neçə saat mənzildə istirahət etdikdən sonra xx.xx.2024-cü il tarixdə axşam saat 20:30 radələrində yaşadığı Abşeron Rayonu, Mehdiabad qəsəbəsində Tağıyev küçəsində həyətə özünə siqaret almağa çıxmışdır. Həmin vaxt üzərində həmin tarixdə səhər saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən aldığı narkotik vasitə heroin var imiş. Həmin vaxt o, arxasından iki nəfər mülki geyimli şəxsin gəldiyini hiss etmişdir. Arxaya baxan zaman həqiqətən də iki nəfər şəxsin gəldiyini görmüşdür. Onun cibində narkotik vasitə olduğundan dərhal gizlənmək üçün yer axtarmağa və həmin şəxslərdən uzaqlaşmağa başlamışdır. Həmin şəxslər isə ona çataraq onu saxlamışlar. Daha sonra həmin şəxslər xidməti vəsiqələrini çıxardaraq polis əıməkdaşları olduqlarını bildirmiş və özlərini təqdim etmişlər. Onlar ona narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Mehdiabad PBnə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə X6 getmişdir. Polis bölməsində o, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və hal hazırda üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirir. Daha sonra polis bölməsində ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. O da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra X4 inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngdə, spesifik qoxuya malik narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi gümüşü rəngli kağız bükümünə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulmuşdur. O, həmin bükülüdə narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitəni hardan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 24 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona narkotik vasitə satmış şəxsin adını, mobil telefon nömrəsini və digər heç bir əlaqə vasitəsi haqqında məlumatı olmamışdır. O, üzərində narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün saxlamışdır. O, heç vaxt kiməsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, və heç vaxt belə bir niyyəti olmadığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, 24 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılan və X1 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir. 24 yanvar 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin X4 cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləmiş polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X4 Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirkən 24 yanvar 2024-cü il tarixdə məxfi mənbədən ona ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hal hazırda üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Polis Bölməsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis Bölməsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Mehdiabad PB-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Tağıyev küçəsində təxminən saat 20:30 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində narkotik vasitə heroin olmasında şübhəli olduğunu bildirib, onu X6 dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşmışdır. Polis əməkdaşlarına üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs X6 dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Həmin şəxsi təhqiqatçı Nəsimi Musayevin otağına aparmışlar. Orada təhqiqatçı Nəsimi Musayevin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təklif edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 24 yanvar 2024-cü il tarixdə təxminən bir neçə saat bundan əvvəl yani saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə dayanacaqda tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır.Bundan başqa Şahid1 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə heroini Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən aldığını əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 24 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılan və Abşeron rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin X4 cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Mehdiabad polis bölməsini cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsindədir. Polis mayoru xüsusi rütbəsindədir. «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində narkotik vasitələri üzərində daşıması, istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və X4 cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakı ilə Şahid1 rəhbərliyi ilə 24 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində o və əməliyyat qrupunun rəhbəri Şahid1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində olan zaman orada piyada şəkildə hərəkət edən xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini xidməti vəsiqlərini çıxradıb özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişdirlər. Daha sonra barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etdikdən sonra Mehdiabad PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyib razılaşaraq polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin polis əməkdaşlarının və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu səmimi şəkildə etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli folqa adlanan büküm açılmış və oradan qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan bükümü hardan aldığı soruşulmuşdur.Təqsirləndirilən şəxs də həmin bükümü 24 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır.Bundan başqa Şahid2 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümü 20 manat pul müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adalanan ərazidə dayanacaqda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 24 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılan və X1 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 25 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/515 nömrəli rəyində göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 246” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,589 qram, olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-Heroindir. Heroin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi – 0,589 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,539 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1461 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli folqaya bükülmüş içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin olan büküm aşkar edilərək götürülmüşdür. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2024-cü iltarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli, cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağzına folqaya bülkülmüş içərisində qəhvəyi rəngli, tozşəkilli, narktoik vasitə heroinə bənzər maddə olan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin olan 0,589 qram heroin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,539 qram heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Piriyev X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1. və 69.3. maddələri ilə təqsirli bilinərək barəsində həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 02(iki) il 04(dörd) ay 16(on altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 12 mart 2025-ci il tarixli arayışından görünür ki, Piriyev X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1. və 69.3. maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasından 12 mart 2025-ci il tarixə 01 il 12 gün hissəsini çəkmiş, 01 il 03 ay 26 gün hissəsi isə çəkilməmiş qalmışdır. İş üzrə təqsirləndirilən şəxs X2 ona elan edilmiş ittiham üzrə təqsirliliyi özünün etirafı, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri, maddi sübutlar, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməi düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1. maddəsinə əsasən barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1. və 69.3. maddələri ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasından 12 mart 2025-ci il tarixə çəkilməmiş qalan 01 il 03 ay 26 gün hissəsi CM-nin 68.1.1-1. maddəsinə əsasən bir günə iki gün hesabı ilə 07 ay 28 gün azadlıqdan məhrum etməyə bərabər olmaqla həmin müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə çəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 12 mart 2025-ci il tarixdən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,539 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1. və 69.3. maddələri ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasından 12 mart 2025-ci il tarixə çəkilməmiş qalan 01 il 03 ay 26 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə 07 ay 28 gün azadlıqdan məhrum etməyə bərabər olmaqla həmin müddətdə azadlıqdan məhrum etmə cəzasıilə qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 12 mart 2025-ci il tarixdən hesablansın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,539 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar