Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-154/2021 11.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlunun və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1976-ci ildə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 mənzil 26-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Əzimzadə Ramin Böyükağa oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əzimzadə Ramin Böyükağa oğlu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Dənizkənarı Bulvarda istintaqa məlum olmayan şəxsdən 60 manata özü istifadə etmək üçün bir ədəd kibrit qutusunun içərisində üç ədəd şəffaf polietilen büküm halında cəmi 1,960 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində saxlayaraq Abşeron rayonu, Masazır kəndində yaşadığı ünvana daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonu, Masazır kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki “Palma” şadlıq sarayının yaxınlığında saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və 109 nömrəli xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda üç ədəd şəffaf polietilen bükümdə, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq saxladığı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan, ağ rəngli kristal hissəciklərdən ibarət, ayrıayrılıqda təmiz çəkiləri 0,253 qram, 0,297 qram və 1,410 qram, ümumi təmiz çəkisi 1,960 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsülla hazırlanmış psixotrop maddə olan metamfetamini aşkar edib götürmüşlər. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əzimzadə Ramin Böyükağa oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 8-9 ildir ki narkotik vasitələrdən istifadə edir. Lənkəran şəhərində qeydiyyatda olsa da bir neçə il olar ki, qardaşı Çingizin Abşeron rayonu, Masazır qəsəbəsindəki evində yaşayır. xx.xx.2020-ci il tarixdə axşam hava qaraldıqdan sonra Bakı şəhərində Dənizkənarı Bulvarda olarkən tanımadığı şəxsdən 60 manata özü istifadə etmək üçün bir ədəd kibrit qutusunun içərisində şəffaf sellofan kəsiyində 3 büküm metamfetamin alıb şalvarının cibinə qoymuş, ertəsi günü evdə qardaşı ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yarandığına görə həmin evindən çıxıb kirayədə yaşamaq qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır körpüsünün yaxınlığında kirayə ev axtardığı vaxtı, saat təxminən 16:35 radələrində oradakı “Palma” şadlıq sarayının yanındakı poçtun binasının qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və psixotrop maddə olan metamfetamini istifadə etməkdə, həmçinin üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, Abşeron RPİ-nə dəvət etmişlər. Bu səbəbdən o, polislərin idarə etdiyi avtomaşına əyləşib onlarla birlikdə Abşeron RPİ-nə getmiş, bundan sonra polislər oradakı xidməti otaqlardan birinə vəkil dəvət edib, videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirəcəklərini bildirib, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edərək üzərində saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşub, əgər belə bir əşya varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Üzərində bir gün əvvəl Bakı şəhəri, Dənizkənarı Bulvarda tanımadığı şəxsdən özü istifadə etmək üçün 60 manata aldığı 3 büküm psixotrop maddə metamfetamin olduğunu bildirib, əlini əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə salıb oradakı 1 ədəd kibrit qutusunun içərisindəki 3 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan metamfetamini masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları yenə onun üzərində axtarış aparmışlar. Həmin vaxtı onun üzərindən özünə məxsus 2 ədəd qara rəngli mobil telefon, içərisində şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik kart olan qara rəngli pul qabı və çəhrayı rəngli alışqan aşkar edilmişdir. Bundan sonra polislər onun təqdim etdiyi bükümlərə baxış keçirib, içərisində 3 büküm psixotrop maddə metamfetamin olan kibrit qutusunu kağız zərfə qoyub qablaşdırıb, 2 ədəd mobil telefonunu, alışqanını və pul qabını özünə qaytararaq bu barədə protokol tərtib etmişlər. Oradakı digər iştirakçılar kimi özü həmin protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddə qəbulu ilə məşğul olması, bir qədər sonra “Masazır dairəsi”ndəki “Palma” restoranının yaxınlığında küçədə olacağı və üstündə psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edərək, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkklili polis leytenantı X3 ilə birlikdə həmin ünvana gedib gözləməyə başlamış, bir neçə dəqiqədən sonra sonuncunun piyada gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, psixotrop maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmiş, bundan sonra onlar rayon polis idarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir kibrit qutusunda 3 büküm metamfitamin olduğunu bildirmiş və əlini əynindəki tünd göy rəngli şalvarının sağ yan cibinə salıb oradakı 1 ədəd kibrit qutusunun içərisindəki 3 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan metamfetamini masanın üzərinə qoymuş və həmin psixotrop maddəni bir gün əvvəl Bakı şəhəri, Dənizkənarı Bulvarda tanımadığı şəxsdən özü istifadə etmək üçün 60 manata aldığını bildirmişdir. Bundan sonra onlar yenə Arzumanın üzərində axtarış aparmışlar. Həmin vaxtı sonuncunun üzərindən özünə məxsus 2 ədəd qara rəngli mobil telefon, içərisində şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik kart olan qara rəngli pul qabı və çəhrayı rəngli alışqan aşkar edilmişdir. Bundan sonra onlar Arzumanın təqdim etdiyi kibrit qutusundakı bükümlərə baxış keçirib, həmin 3 büküm psixotrop maddə metamfetamini kağız zərfə qoyaraq qablaşdırıb, 2 ədəd mobil telefonu, alışqanı və pul qabını Arzumana qaytararaq bu barədə protokol tərtib etmişlər. Arzumanda oradakı digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1855 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kibrit qutusundakı 03 ədəd şəffaf polietillen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,253 qram, 0,297 qram və 1,410 qram, ümumi təmiz çəkisi 1,960 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (qalıq 1,810 qram - 0,15 qram metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3213 №li rəyindən görünür ki, Əzimzadə Ramin Böyükağa oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Əzimzadə Ramin Böyükağa oğlunun üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Əzimzadə Ramin Böyükağa oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 05 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Əzimzadə Ramin Böyükağa oğlu xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Əzimzadə Ramin Böyükağa oğlu barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Əzimzadə Ramin Böyükağa oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd kibrit qutusunun içərisində, 3 ədəd şəffaf sellofan kəsiyi bükümündə, ümumi təmiz çəkisi 1,960 qram olan ağ rəngli kristallardan ibarət maddə aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Əzimzadə Ramin Böyükağa oğlunun törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Əzimzadə Ramin Böyükağa oğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Əzimzadə Ramin Böyükağa oğlunun məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Əzimzadə Ramin Böyükağa oğlu məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üç ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlu cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Əzimzadə Ramin Böyükağa oğlunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,810 qram metamfetamin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Əzimzadə Ramin Böyükağa oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlu Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlu cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1,810 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs Əzimzadə Ramin Böyükağa oğlu ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-154/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-154/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver