Məhkəmə qərarları › İş №1(012)-154/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-154/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-154/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, “14 İyul” küçəsində yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən həbs olunmaqla Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə ziyan vurmuşdur. Belə ki, Abşeron rayonu Masazır bələdiyyəsinin “Vergi və Ödənişlər sektor”unun müfəttişi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs yaşadığı evin torpaq vergisini ödəmək, yaşadığı evə və həmin torpaq sahəsinə çıxarış düzəldəcəyini yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxa küçəsində yerləşən yeni məhəllədə sonuncunun yaşadığı evin qarşısında 120 manat, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində 300 manat, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində 300 manat, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində 250 manat, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 18 radələrində 150 manat olmaqla, ümumilikdə 1120 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır, heç bir yerdə işləmir. Əvvəllər Abşeron rayonu, Masazır bələdiyyəsində vergi pullarını yığmaqla məşğul olurmuş. 2021-ci ilin may ayında ərazidə bələdiyyənin işçisi Zöhrabla birlikdə evlərdən vergi pulunu yığan zaman Nəzər adlı şəxsin evinə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxsla tanış olmuşdur. O, Nəzərə uzun müddətdir ki, bələdiyyəyə torpaq vergisi ödəmədiyini və hazırda 300 manat borcunun olduğunu demişdir. Nəzər də üzərində həmin məbləğdə pul olmadığını, 250 manat pulunun olduğunu demişdir. Bundan sonra Nəzər 250 manat pulu ona torpaq vergisini bələdiyyənin büdcəsinə ödəmək üçün vermişdir. O, da həmin pulu götürmüşdür. Söhbət əsnasında Nəzər ona yaşadığı evə və torpaq sahəsinə sənəd düzəltmək istədiyini demişdir. O, da Nəzərə yaşadığı evə və torpaq sahəsinə ilkin olaraq eskiz layihəsi çəkilməli olduğunu, bunun üçün 400-500 manat pul lazım olduğunu demişdir. Nəzər də ona bir neçə gündən sonra xəbər edəcəyini demişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. Aradan bir gün keçdikdən sonra səhər saatlarında Nəzər ona zəng edərək 300 manat pul hazırladığını deyərək həmin pulu götürmək üçün onu evinə dəvət etmişdir. O, da Nəzərin evinə getmişdir. Nəzər yaşadığı evin qarşısında ona yaşadığı evə və torpaq sahəsinə eskiz layihə düzəltmək üçün 300 manat pul vermişdir. Aradan iki gün keçdikdən sonra adını xatırlamadığı mühəndislə birlikdə Nəzərin evinə getmişdir. Mühəndis Nəzərin evinin eskiz layihəsini çəkmişdir. Bundan sonra o, Nəzərə 20 gün müddətində yaşadığı evə və torpaq sahəsinə dair eskiz layihəsini hazırlayıb verəcəyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra o, işdən çıxmışdır. Bu səbəbdən Nəzərin sənədlərini hazırlaya bilməmişdir. Bunqan sonra Nəzər ona zəng edərək sənədlərinin hazır olub-olmamasını soruşduqda, o, Nəzərə narahat olmamağını, sənədlərini hazırlayıb verəcəyini demişdir. Lakin Nəzərin sənədlərini hazırlayıb təhvil verə bilməmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək onlarla barışdığını, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evin həyətində heyvandarlıqla məşğul olur. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində evdə olan zaman Masazır bələdiyyəsinin işçisi Ceyhun adlı şəxs evinə gəlmişdir. Ceyhunun yanında bələdiyyənin işçisi Zöhrab adlı şəxs də olmuşdur. Ceyhun ona uzun müddətdir ki, yaşadığı evə görə bələdiyyəyə torpaq vergisini ödəmədiyini və hazırda 300 manat vergi borcunun olduğunu bildirmişdir. O, da Ceyhuna hələ evinin sənədlərinin hazır olmadığını demişdir. Söhbət əsnasında Ceyhuna üzərində 270 manat pul olduğunu bildirərək həmin məbləği Ceyhuna bələdiyyəyə ödəməsi üçün verə biləcəyini demişdir. Ceyhun da onunla razılaşıb 270 manat pulu işlədiyi Masazır bələdiyyəsinin büdcəsinə ödəmək üçün ondan almışdır. Bir qədər söhbət etdikdən sonra Ceyhun ona yaşadığı evin torpağının çıxarışını düzəldə biləcəyini demişdir. O, Ceyhuna bu işi neçəyə düzəldə biləcəyini soruşduqda, Ceyhun təxminən 1500 manat pul lazım olduğunu bildirmişdir. O, da Ceyhuna bu qədər pulunun olmadığını dedikdə, Ceyhun ona nə qədər pulu varsa verməyini, qalan məbləği də sonra ödəyə biləcəyini bildirmişdir. O, da Ceyhunla razılaşmışdır. Daha sonra sağollaşmışlar. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Ceyhun ona zəng edərək torpağına çıxarış almaq üçün pul hazırlayıb-hazırlamadığını soruşmuşdur. O, da Ceyhuna 300 manat pul düzəltdiyini demişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Ceyhun yaşadığı evə gəlmişdir. Ceyhun onunla görüşüb 300 manat pulu ondan almışdır. Aradan iki gün keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Ceyhun ona zəng edərək sənədləşmə üçün pul lazım olduğunu demişdir. O, da Ceyhuna yaşadığı evə gəlməsini bildirmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Ceyhun yaşadığı evə gəlmişdir. O, da evinin giriş qapısının yanında Ceyhunla görüşüb 300 manat pul vermişdir. Aradan üç gün keçdikdən sonra, yəni xx.xx.2021ci il tarixdə saat 17 radələrində Ceyhun ona zəng edərək işlə əlaqədar Masazır qəsəbəsi ərazisində olduğunu, evinin qapısına çıxmağını bildirmişdir. O, da evin həyətindən küçəyə çıxıb Ceyhunla görüşmüşdür. Ceyhun sənədlərin hazırlandığını və pul lazım olduğunu bildirmişdir. O, da evə daxil olub 250 manat pul gətirib Ceyhuna vermişdir. Ceyhun pulu aldıqdan sonra çıxıb getmişdir. Arada o, Ceyhuna zəng edib torpağının çıxarışının nə vaxt hazır olacağını soruşduqda, Ceyhun hər dəfə ona narahat olmamağını, qısa zaman ərzində həll edəcəyini deyirmiş. Aradan bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Ceyhun ona zəng edərək sənədləşməyə pul lazım olduğunu demişdir. O, da Ceyhunu evə çağırmışdır. Bir az keçdikdən sonra Ceyhun evinə gəlmişdir. O, Ceyhuna 150 manat pul vermiş və daha pulunun olmadığını demişdir. Ceyhun da heç bir söz deməyərək pulu alıb sağollaşaraq çıxıb getmişdir. Bundan sonra o, mütəmadi olaraq Ceyhuna zəng edərək məsələnin nə yerdə olduğunu soruşsa da, Ceyhun hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldadırmış. O, artıq aldadıldığını başa düşdüb Ceyhundan pulunu istəsə də, Ceyhun pulu qaytaracağına söz versə də heç bir məbləğdə pulunu qaytarmamışdır. O, artıq Ceyhunun onun pulunu qaytarmadığını görüb bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evin qarşısında bələdiyyənin işçisi Zöhrab adlı şəxsin yanında torpaq vergisini ödəmək üçün 270 manat pul vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Ceyhuna yaşadığı evin qarşısında 300 manat, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında 300 manat, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında 250 manat, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında 150 manat olmaqla, ümumilikdə torpağına çıxarış almaq üçün 1000 manat pul vermiş, vergini ödəmək üçün isə 270 manat pul vermiş. Sonradan bələdiyyədən soruşduqda ona məlum olmuşdur ki, Ceyhun vergi pulu kimi ödədiyi 270 manat pulun 150 manatını ödəsə də, 120 manatını ödəməmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əri Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində heyvandarlıqla məşğul olur, o, da Nəzərə köməklik edir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində evdə olmuşdur. Həmin vaxt Masazır bələdiyyəsinin işçisi Ceyhun adlı şəxs onlara gəlmişdir. Ceyhunun yanında tanımadığı bir nəfər şəxs də olmuşdur. Ceyhun əri Nəzərə uzun müddətdir ki, yaşadıqları evə görə bələdiyyəyə torpaq vergisini ödəmədiklərini və hazırda 300 manat vergi borclarının olduğunu bildirmişdir. Nəzər də Ceyhuna hələ evin sənədlərinin hazır olmadığını demişdir. Söhbət əsnasında Nəzər Ceyhuna 270 manat pul olduğunu bildirərək həmin məbləği ona bələdiyyəyə ödəməsi üçün vermişdir. Ceyhun da pulu Nəzərdən almışdır. Söhbət əsnasında Ceyhun Nəzərə yaşadıqları evin torpağının çıxarışını düzəldə biləcəyini demişdir. Nəzər də Ceyhuna bu işi neçəyə düzəldə biləcəyini soruşduqda, Ceyhun təxminən 1500 manat pul lazım olduğunu bildirmişdir. Nəzər də Ceyhuna bu qədər pulunun olmadığını dedikdə, Ceyhun nə qədər pul varsa verməyini, qalan məbləği də sonra ödəyə biləcəyini bildirmişdir. Onlar da Ceyhunla razılaşmışlar. Daha sonra Ceyhun çıxıb getmişdir. O, evdə əri Nəzərlə evin sənədlərini düzəltməyə razılaşmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Ceyhun yaşadıqları evə gəlmişdir. Nəzər Ceyhunla evin həyətində görüşmüşdür. Nəzər Ceyhuna 300 manat pul vermişdir. Ceyhun da pulu alıb getmişdir. Aradan iki gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 15 radələrində onlar həyətdə işləyən zaman Ceyhun Nəzərə zəng edərək sənədləşmə üçün pul lazım olduğunu demişdir. Bir qədər keçdikdən sonra Ceyhun gəlmişdir. Nəzər evin giriş qapısının yanında Ceyhunla görüşüb 300 manat pul vermişdir. Aradan üç gün keçdikdən sonra, yəni xx.xx.2022ci il tarixdə saat 17 radələrində Ceyhun zəng edərək Nəzəri çölə çağırmışdır. Bir qədər söhbət etdikdən sonra Nəzər evə gəlib 250 manat pul götürərək çıxıb Ceyhuna vermişdir. X2 zəng edərək torpağın çıxarışının nə vaxt hazır olacağını soruşduqda, Ceyhun hər dəfə narahat olmamağını, qısa zaman ərzində həll edəcəyini deyirmiş. Aradan bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ceyhun Nəzərə zəng edərək sənədləşməyə pul lazım olduğunu demişdir. Nəzər də Ceyhunu evə çağırmışdır. Bir az keçdikdən sonra Ceyhun evə gəlmişdir. Nəzər yenə evin həyətində Ceyhuna 150 manat pul vermişdir. Bundan sonra Nəzər mütəmadi olaraq Ceyhuna zəng edərək məsələnin nə yerdə olduğunu soruşsa da, Ceyhun hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadırmış. Nəzər artıq aldadıldığını başa düşüb Ceyhundan pulu istəsə də, Ceyhun pulu qaytaracağına söz versə də heç bir məbləğdə pul qaytarmamışdır. Bundan sonra Ceyhunun artıq onu aldatdığını başa düşüb Nəzər bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, əri Nəzər Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 13 radələrində yaşadıqları evin qarşısında torpaq vergisini ödəmək üçün 270 manat pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Ceyhuna yaşadıqları evin qarşısında 300 manat, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində evin həyətində 300 manat, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində evin qarşısında 250 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində evin qarşısında 150 manat olmaqla, ümumilikdə torpağa çıxarış almaq üçün 1000 manat, vergini ödəmək üçün isə 270 manat pul vermişdir. Sonradan bələdiyyədən soruşduqda məlum olmuşdur ki, Ceyhun vergi pulu kimi Nəzərin ödədiyi 270 manat pulun 150 manatını ödəsə də, 120 manatını ödəməmişdir. Əri Nəzər həmişə Ceyhuna pul verən zaman məlumatı olmuşdur. Ceyhun hazırda əri Nəzərə dəymiş ziyanı qaytarmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 280 (iki yüz səksən) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinə əlavə olunmuş, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə icraata Azərbaycan Respublikası CM-nin 39.1.11-ci maddəsilə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 11-ci fəslinə 2017-ci il 20 oktyabr tarixli Qanunla dəyişiklik edilənədək cinayət məsuliyyətindən azad etmə Məcəllənin 72-ci (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə), 73-cü (zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə), 74-cü (şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) və 75-ci (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddələri ilə tənzimlənirdi və müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə istisna olmaqla, həmin maddələrlə məsuliyyətdən azad etmə yalnız ilk dəfə böyük ictimai təhlükə törətməyən (şəraitin dəyişməsi ilə bağlı, həmçinin az ağır) cinayət törətmiş şəxslərə tətbiq edilirdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydi tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş, zərərçəkmiş şəxs məhkəməyə ərizə verməklə, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün ittihamı elan etmək mümkün olmamışdır. Ona görə də, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyi üçün, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və hazırda istintaq aparılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında yayındığı üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri məhkəməninxx.xx.2023-cü il tariixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən həbsdədir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal həbsdən azad edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar