Məhkəmə qərarları › İş №1(012)-155/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-155/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-155/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 1(060)-666/2024 saylı hökmü ilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstinaq Təcridxanasında azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına»(Siyahı İ) daxil olan 1,030 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşıyaraq saxlamış, 20 yanvar 2024-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayon polis idarəsinin X3 əməkdaşları tərəfindən Saray qəsəbəsi ərazisində saxlanılıb Saray polis bölməsinə gətirilərək, həmin günü saat 03:30-dan 03:50yə kimi bölmənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümündə 1,030 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, 15 ildən artıq müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. O, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində olarkən tanımadığı şəxsdən 1 bükümdən ibarət narkotik vasitə olan heroini 20 manata əldə edərək, öz şəxsi istifadəsi üçün geyindiyi şalvarın cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə, təxminən gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etməklə ondan narkotik vasitə qəbul edib–etmədiyini soruşulduqda o, narkotik vasitə qəbul etdiyini etraf edərək, hazırda üzərində də olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Saray PB-nə gəlmiş, orada ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə geyindiyi göy cins şalvarının yan cibində olan 01 ədəd içərisində heroin olan bükümü təqdim etmişdir. Həmin büküm zərfə qoyulub, qablaşdırlaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilmədiyini, əməlindən peşman olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin X3 CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, 20 yanvar 2024-cü il tarixdə saat 02.00 radələrində bölmənin polis nəfəri Şahid2 ilə birlikdə Saray qəsəbəsi ərazisində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etməkıə xidməti vəsiqəsini göstərmişdir. Bundan sonra həmin şəxsə özünü təqdim etməsi bildirilmiş o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Söhbət zamanı həmin şəxsin özünü qeyri-adekvat aparmasından və onun xarici görünüşündən həmin şəxsin narkotik vasitə və ya psixotrop maddələrin istifadəçisi olmasından şübhələnmişlər. Ona görədə ona, üzərində qanunla qadagan edilmiş hər hansı əşya olub-olmadığını soruşduqda o, narkotik vasitə heron istifadə etdiyini və hazırda özü qəbul etmək üçün üzərində narkotik vasitə olan heroin saxladığını etraf etmişdir. Həmin səbəbdən də onu Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib və onunla birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə bölmə rəhbərliyinə raportla məruzə etmiş, X3 inzibati binasında təhqiqatçı ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edildi. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs vəkili arasında konfidensial görüş təmin edilmiş, daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulduqda, həmin vaxt Vüqar əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədədə şəffaf selofan bükümdə olan kütləni təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin sellofan büklü açılıb içərisinə baxıldı və içərisində narkotik vasitə heroinə bənzər qəhfəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, həmin kütlə narkotik vasitə heroin olduğu və özü qəbul etmək üçün Sumqayıt şəhərindən tanımadığı şəxsdən 20 (iyirmi) manata almışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Vüqarın üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərində qanunla qadağan olunmuş başqa digər əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə olan heroinə bənzər kütlə təhqiqtçı tərəfindən zərfə yerləşdirilib qablaşdırılmışdırılarq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi həmin protokolun doğruluğunu öz imzası ilətəsdiq etmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin psixotrop maddəni haradan və nə məqsədlə əldə etdiyi barədə məlumatı olmamış, həmçinin tərəflərindən sonuncu saxlanılan və bölmədə olan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin X3 polis nəfəri Şahid2 digər şahid Abşeron RPİ-nin X3 cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2024-cü il tarixli, 3-16-16-2-6/386 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 246” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri , soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,030 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 1,030 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,980 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (alltmış beş) manat təşkil edir;

3. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbiri seçilməsi barədə” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

6. “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 (bir) ədəd şəffafa bükümdə 1,030 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir;

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 22 fevral 2024-cü il tarixli, 1211 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 1997-ci il tarixli Sumqayıt şəhər Xalq Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra o, yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək, Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2005-ci il tarixli hökmünə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 10 may 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisin 08 may 2007-ci il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən sonuncu ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yenidən cinayət əməli törədərək, Sumqayıt şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 25 noyabr 2021-ci ildə ona Sumqayıt şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkamaniyadan məcburi müalicə ləğv edildikdən sonra əsas cəzadan azad edilməsinə dair Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 36-cı bəndinin tətbiq edilməsi qərarı alınmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir;

9. “Sübutların qiymətləndirilməsi” haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, sonuncuya məxsus təmiz çəkisi 1,030 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatına sərf etdikdən sonra qalıq bir ədəd zərfdə 0,980 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 20 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübit kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokol, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir;

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş 24 oktyabr 2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş narkamaniyadan məcburi müalicə tədbirinin tamamlanması üçün zəruri olan 6 ay müalicə kursunu keçə bilmədiyi üçün barəsində 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilməmiş və o, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur.

Şəxsi axtarış və götürmə aparılması barədə 20 yanvar 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən çıxartdığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində spesifik iyə malik qəhvəyi rəngli kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə olmasını, həmin vasitəni Sumqayıt şəhərində tanımadığı şəxsdən almasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin barəsində Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 36-cı bəndinin tətbiq edilməsi üçün zəruri olan narkamaniyadan məcburi müalicə ləğv edilmədiyindən, həmin amnistiya aktı tətbiq olunmamış, nəticədə sonuncu 17 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhkumluğun ödənilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət keçmədən yəni 20 yanvar 2024-cü il tarixdə qəsdən törətməklə, cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini, həmin vaxt üçün məhkumluğunun ödənilməməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini, eyni zamanda onun törətdiyi əməldə cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cinayət əməli ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 1(060)-666/2024 saylı hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 19 yanvar 2024-cü il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasına məhkum edilməli və onun hazırki cinayət işi üzrə ittiham olunduğu əməli Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli hökmü qanuni quvvəsini almamışdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 1(060)-666/2024 saylı hökmü ilə müəyyən edilmiş 07 noyabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 Ekspert komissiyasının 22 fevral 2024-cü il tarixli, 1211 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,980 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur.

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 1(060)-666/2024 saylı hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 1(060)-666/2024 saylı hökmü ilə müəyyən edilmiş 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,980 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar