Məhkəmə qərarları › İş №1(012)-156/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-156/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-156/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs Əhmədova Nüşabə Qəşəm qızının və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 3, mənzil 81-də qeydiyyatda olan, Abşeron rayonu, “Kristal Abşeron 1” yaşayış kompleksi, bina 22, mənzil 65-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Əhmədova Nüşabə Qəşəm qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Əhmədova Nüşabə Qəşəm qızı 28.07.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal- Abşeron 1” yaşayış kompleksində yerləşən “Bahar-Çiçəyim” adlı gül mağazasının qarşısında olarkən mağazaya gələn müştərilərin toplaşdığı yerdə Zərərçəkmiş şəxs1 onun qızı Şahid4 vurmasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə, yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz-ətrafı yumşaq toxumaların, sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyədə əhatə olmaqla qançır şişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin ön səthinin və qarın nahiyəsinin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, o, bu hərəkətlərini 10 dəqiqə davam etdirməklə ətrafda olan obyektlərin normal iş fəaliyyətini və hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əhmədova Nüşabə Qəşəm qızı ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərmişdir ki, Abşeron rayonu, “Kristal Abşeron 1” yaşayış kompleksi, bina 22, mənzil 65-də ailəsi ilə birlikdə yaşayır. 28.07.2020-ci il tarixdə təxminən saat 18 radələrində bacısı Qərənfil ilə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan qohumlarına qonaq getmişlər. Qohumu ilə olarkən əri Vüsal Əhmədov mobil telefonuma zəng vuraraq qızı Təranənin harada olmasını soruşmuşdur. Mobil telefonu vasitəsi ilə qızı Təranəyə zəng vurmuş və qızından harada olmasını soruşan vaxtı qızının yaxınlığında səs-küy olduğunu eşitmişdir. Qızı Təranədən səs-küyün nə olduğunu soruşduqda Təranədə Baharın onu vurduğunu demiş, ona evə getməsinixahiş etmiş və özünün də evə gələcəyini demişdir. Bundan sonra təxminən saat 21 radələrində bacısı Qərənfil ilə birlikdə qohumlarının evindən çıxaraq öz evinə gələrkən qızı Təranəyə zəng vurmuş və demişdir ki, Baharın işlədiyi mağazanın qarşısına gəl və səni hansı səbəbə vurmağını Bahardan soruşacaq. Bundan sonra bacısı Qərənfil ilə Baharın bacısı Lalənin işlətdiyi “Bahar Çiçəyim” adlı mağazanın qarşısına gəlmişlər. Onlar həmin yerə gəldikdə mağazanın qarşısında qızı Təranə, İlahə, bacısı Qərənfilin qızı Türkan Məmmədova və qardaşı Namiqin arvadı Gül də orada olmuşdur. Bundan sonra Laləni mağazadan çölə çağırmış və bacısı Baharı soruşmuşdur. Həmin vaxtı Lalənin anası Leyla arxadan gələrək mağazanın qabağından onların getmələrin bildirmişdir. Bundan sonra mağazaya keçmək və Baharı axtarıb tapmaq istədikdə həmin vaxt Lalə və adını bilmədiyi işçisi onları mağazaya buraxmamışdır. Həmin vaxtı Bahar əlləri ilə onun bel nahiyəsindən vurmuşdur. Bahar onu vurduqdan mağazadan kənara getmişdir. Mağazadan bir qədər kənarda dayanan Bahara yaxınlaşmış və yumruq ilə Baharın sağ gözündən vurmuşdur. Daha sonra Baharı orada olan mühafizəçilər kənara aparmışlar. Baharı vurduqdan sonra Baharın anası Leyla arxadan əlləri ilə onun baş nahiyəsindən vurmuşdur. Daha sonra orada olan adamlar onları sakitləşdirmişlər. Onunla birlikdə olan adamlar bundan sonra həmin yerdən çıxaraq evlərinə getmişlər. Sonradan zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış kompleksi, bina 14, mənzil 141-də ailəsi ilə birlikdə yaşayır. 28.07.2020-ci il tarixdə təxminən saat 18 radələrində Nüşabənin qızı Təranə bacısına məxsus “Bahar Çiçəyim” adlı mağazanın qarşısında bacısı Laləni nalayiq ifadələrlə təhqir etdikdə o, bacısına tərəf yaxınlaşmışdır. O, həmin yerə yaxınlaşdıqda Təranəyə hansı səbəbə görə bacısını söyməsini soruşduqda Təranə həmin vaxtı onu da pis söyüşlərlə təhqir etməyə başlamış və əlində olan “Hell” butulkasını ona tərəf atdıqda o da Təranəni əli ilə itələmişdir. Bundan sonra həmin günü, yəni 28.07.2020-ci il tarixdə təxminən saat 21 radələrində o, işlətdiyi “Pepee” mağazasının qarşısında olarkən “Kristal-Abşeron-1” yaşayış kompleksində yerləşən binada yaşayan Təqsirləndirilən şəxs, Nüşabənin bacısı Qərənfil, Qərənfilin adını bilmədiyi və video görünüşlərdə yaşıl paltarlı olan qızı, Nüşabənin qızı İlahə və Təranə, Nüşabənin qardaşı Namiqin adını bilmədiyi arvadı bacısının işlətdiyi “Bahar Çiçəyim” adlı mağazasının qarşısına gələrək bacısını söyüb təhqir etmişlər və daha sonra Nüşabənin bacısı Qərənfilin qızı həmin vaxtı mağazanın içərisinə girərək mağazanının içərisində olan oyuncaqları sındırmışdır. Həmin vaxtı mağazadan çöldə dayanmışdır. Daha sonra Qərənfilin qızı bacısı Laləni təpiklə ayağına vurmuş və Lalədə yerə yıxılanda belinə təpiklə vurmuş daha sonra əlləri ilə qolunu və sinəsini cırmaxlamışdır. Bundan sonra Qərənfilin qızı mağazada işləyən Rüqəyyanı da əlləri ilə belinə vurmuş və belini cırmaqlamışdır. Bundan sonra onların hamısı, yəni Nüşabə, Nüşabənin qızı Təranə və İlahə, Qərənfil, Qərənfilin qızı və Nüşabənin qardaşı Namiqin arvadı bacısının mağazasının qarşısında çıxaraq onun tərəfə gəlmişlər və Nüşabə həmin vaxtı heç bir əsaslı səbəb olmadan ona yaxınlaşaraq yumruqla onun sağ gözündən vurmuşdur. Nüşabə onu vurduqdan sonra orada tanımadığı şəxs onları aralamışdır. Daha sonra o, özündə olmadığı üçün heçnə xatırlamamışdır. Həmin vaxtı ətrafa xeyli sayda adamlar toplaşmışdır. Hazırda Əhmədova Nüşabə Qəşəm qızı ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış kompleksi, bina 14, mənzil 141-də ailəsi ilə birlikdə yaşayır. 28.07.2020-ci il tarixdə təxminən saat 21 radələrində mən özümə məxsus “Bahar Çiçəyim” adlı mağazasında olarkən “Kristal-Abşeron-1” yaşayış kompleksində yerləşən binada yaşayan Təqsirləndirilən şəxs, Nüşabənin bacısı Qərənfil, Qərənfilin adını bilmədiyim və video görüntülərdə yaşıl paltarlı olan qızı, Nüşabənin qızı İlahə və Təranə, Nüşabənin qardaşı Namiqin adını bilmədiyi arvadı mağazaya gələrək onu söyüb təhqir etmişlər və Qərənfilin qızı həmin vaxtı mağazanın içərisinə girərək mağazanın içərisində olan oyuncaqları sındırmışdır. Daha sonra Qərənfilin qızı onu təpiklə ayağına vurmuş və o da yerə yıxılanda belinə təpiklıə vurmuş daha sonra əlləri ilə qolumu və sinəni cırmaqladı. Bundan sonra Qərənfilin qızı onun mağazasında işləyən Rüqəyyanı da əlləri ilə belini cırmaqlamışdır. Bundan sonra onların hamısı, yəni Nüşabə, Nüşabənin qızı Təranə və İlahə, Qərənfil, Qərənfilin qızı və Nüşabənin qardaşı Namiqin arvadı mağazadan çıxaraq mağazanın qarşısında olarkən həmin vaxtı bacısı Bahar mağazanın qarşısında olarkən Nüşabə anidən bacısı Baharın sağ gözündən yumruqlarla vuraraq bacına xəsarət yetirmişdir. Daha sonra orada olan vətəndaşlar və “Kristal-Abşeronun” mühafizəçiləri bacısını və Nüşabəni aralamışlar. Həmin vaxtı ətrafa xeyli sayda adamlar toplaşmışdır. Baş vermiş dava-dalaş nəticəsində Qərənfilin qızı onun mağazasına təxminən 1500-2000 manat dəyərində maddi ziyan vurmuşdur. Hazırda Əhmədova Nüşabə Qəşəm qızı ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron 1, bina 1, mənzil 67-də ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, 28.07.2020-ci il tarixdə təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus “Bahar Çiçəyim” adlı mağazada olarkən “Kristal-Abşeron-1” yaşayış kompleksindı yerləşən binada yaşayan Təqsirləndirilən şəxs, Nüşabənin bacısı Qərənfil, Qərənfilin adını bilmədiyi və video görüntülərdə yaşıl paltarlı olan qızı, Nüşabənin qızı İlahə və Təranə, Nüşabənin qardaşı Namiqin adını bilmədiyi arvadı mağazaya gələrək Laləni söyüb təhqir etmişlər və Qərənfilin qızı həmin vaxtı mağazamın içərisinə girərək mağazamın içərisində olan oyuncaqları sındırmış, daha sonra Qərənfilin qızı Lalənin təpiklə ayağına vurmuş və Lalə də yerə yıxılanda onun belinə təpiklə vuraraq daha sonra əlləri ilə Lalənin qolunu və sinəsini cırmaqlamışdır. Bundan sonra Qərənfilin qızı əlləri ilə onun belini də cırmaqlayaraq təpiklə belindən də vurmuşdur. Bundan sonra onların hamısı, yəni Nüşabə, Nüşabənin qızı Təranə və İlahə, Qərənfil, Qərənfilin qızı və Nüşabənin qardaşı Namiqin arvadı mağazadan çıxaraq mağazanın qarşısında olarkən həmin vaxtı Lalənin bacısı Bahar mağazanın qarşısında olarkən Nüşabə anidən Baharın sağ gözündən yumruqlarla vuraraq Bahara xəsarət yetirmişdir. Daha sonra orada olan vətəndaşlar və “Kristal-Abşeron 1” yaşayış kompleksinin mühafizəçiləri Baharı və Nüşabəni aralamışlar. Həmin vaxtı ətrafa xeyli sayda adamlar toplaşmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal- Abşeron 1” yaşayış kompleksi,, bina 14, mənzil 141-də ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, 28.07.2020-ci il tarixdə təxminən saat 21 radələrində o, qızı Baharın işlətdiyi “Pepee” adlı mağazasında olarkən Təqsirləndirilən şəxs, Nüşabənin bacısı Qərənfil, Qərənfilin qızı Türkanın, Nüşabənin qızı İlahə və Təranənin, Nüşabənin qardaşı Namiqin adını bilmədiyim arvadı mağazanın qarşısından keçərək digər qızı Lalənin işlətdiyi “Bahar Çiçəyim” adlı mağazanın qarşısında dayandığını və qızı Lalənin çölə çıxmasını tələb etdiyini eşidəndə o, Rüqayyənin anası Elnarə ilə mağazaya tərəf yaxınlaşmışdır. Bundan sonra həmin şəxslər mağazanın qarşısında qızlarını söyüb təhqir etmiş və Qərənfilin qızı Türkan həmin vaxtı mağazanın içərisinə girərək mağazanın içərisində olan oyuncaqları sındırmışdır. Daha sonra Türkan mağazanın qapısının qarşısında qızı Laləni təpiklə ayağına vurmuşdur və qızı Lalə də yerə yıxılanda belinə təpiklə vurmuş, daha sonra Türkan əlləri ilə Lalənin qolunu və sinəsini cırmaqlamışdır. Bundan sonra Qərənfilin qızı Türkan qızının mağazasında işləyən Rüqəyyanı da əlləri ilə belini cırmaqlamışdır. Əraziyə yığışan adamlar və “Kristal-Abşeron-1” yaşayış kompleksinin mühafizəçiləri Türkanı və Nüşabəni mağazadan kənara uzaqlaşdırmışlar. Lakin bundan sonra Nüşabə digər qızı Baharın mağazanın qarşısında olarkən heç bir əsaslı səbəb olmadan anidən qızı Baharın sağ gözündən yumruqlarla vuraraq qızına xəsarət yetirmişdir. Daha sonra orada olan vətəndaşlar və “Kristal-Abşeronun” yaşayış kompleksinin mühafizəçiləri qızını və Nüşabəni aralamışlar. O, Nüşabənin qızı Baharı vurmasını gördükdə o da özünü saxlaya bilməmiş və bir ana kimi əli ilə Nüşabənin başına sillə ilə vurmuşdur. Daha sonra orada olanlar onları da aralaşdırmışlar. Həmin vaxtı ətrafa xeyli sayda adamlar toplaşmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış kompleksi, bina 22, mənzil 65-də valideynləri ilə birlikdə yaşayır. 28.07.2020-ci il tarixdə təxminən saat 17 radələrində o, bacısı İlahə Əhmədova və xalam qızı Türkan Məmmədova ilə birlikdə “Kristal-Abşeron-1” yaşayış kompleksinin parkına getmişlər. O, bacısı İlahə ilə birlikdə Zərərçəkmiş şəxs2 işlətdiyi “Pepee” adlı mağazasının qarşısından keçərkən Lalə onu bacısı İlahəni nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra o, bacısı ilə birlikdə mağazaya getmişlər və hərəsinə bir ədəd “Hell” almışlar. Bundan sonra o, bacısı ilə birlikdə yenidən parka tərəf getmişlər. Həmin vaxtı xalası qızı Türkan da parkda olmuşdur. Onlar parkda olarkən Lalə anidən onların arxasınca gələrək onun arxa tərəfdən saçından tutaraq darmışdır. O da həmin vaxt Laləyə tərəf çevrildikdə Lalənin anasının Lalənin yanında olduğunu görmüşdür. Daha sonra Lalənin bacısı Bahar kənardan gələrək onun sifətindən yumruqla təpiklə isə ayağından vurmuşdur. Bundan sonra parkda olan mühafizəçilər onları aralamağa başlamışdır. Anası Nüşabə ona mobil telefon vasitəsi ilə zəng vurduqda o, da öz növbəsində anasına Bahar və Lalənin onu vurduqlarını demişdir. Anası da xalası Qərənfil ilə evə gəlmiş və Bahar və Lalənin onu hansı səbəbə vurmağını aydınlaşdırmaq məqsədi ilə anası, xalası Qərənfil, dayısı arvadı Gül, xalası qızı Türkan və bacısı İlahə ilə birlikdə Lalənin işlətdiyi mağazanın qarşısına getmişlər. X12 çağırmış lakin Lalə mağazadan çıxmamışdır. Daha sonra xalası qızı Türkan mağazanın qarşısına getmiş və Laləni mağazadan çölə çağırmış lakin Lalə yenə də mağazadan çölə çıxmamışdır. Bundan sonra Bahar qaça-qaça gələrək anası Nüşabəni arxadan yumruqla vurmuşdur. Anası Nüşabə də Bahar yumruqla Baharın gözündən vurmuşdur. Anası Baharı vurduqdan sonra Baharın anası Leyla da həmin vaxt anası Nüşabəni arxadan yumruqla başına vurmuşdur. Həmin vaxt orada xeyli sayda adamlar toplaşmış və orada olan adamlar hadisəni sakitləşdirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, DİN-nin X11 Alayının 12-ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki, 28.07.2020-ci il tarixdə saat 20:30-da Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksinin yaxınlığında xidmət aparan zaman Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksində yerləşən “Bahar-Çiçəyim” adlı gül mağazasının qarşısında xanımlar arasında münaqişə olması ilə bağlı vətəndaşlar tərəfindən məlumat alıb həmin yerə getmişdir. Orada olan xanımların qollarında sifətində xəsarətlər görüb bununla bağlı nə baş verməsini xanımlardan soruşduqda xanımlardan biri bir nəfər Vüsal adlı şəxsin ailə üzvləri tərəfindən döyüldüklərini bildirmişdir. Həmin qadının bədən nahiyyələrində xəsarətlər olduğunu görmüşdür. Həmin xanmları Abşeron rayon polis idarəsinə dəvət etmişdir. İdarədə həmin xanımların X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X4 və Şahid3 olduğu müəyyən olunmuşdur. Bununla bağlı raport yazaraq İdarə rəhbəliyinə müraciət etmiş, sonra isə xidmətini davam etmək üçün xidməti əraziyə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə Şahid3 Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə baxışı zamanı qeyd olunan Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim olunan iki ədəd DVD diskə, işdə iştirak edən şəxslərin iştirakı ilə baxış keçirilmiş, 28.07.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “ Kristal- Abşeron 1” yaşayış kompleksində yerləşən “Bahar-Çiçəyim” adlı gül mağazasının qapısının girişində olan və mağazanın içərisinə hücüm çəkərək girən bir nəfər ağ köynəkli qara cins şalvarlı qadın onun Təqsirləndirilən şəxs digər bir nəfər yaşıl köynəkli qara şalvarlı qadın isə bacısı qızı X2r. Məhkəmə-tibbi ekspertizasının 11.08.2020-ci il tarixli, 1450 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ gözətrafı yumşaq toğumaların, sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyə də əhatə olunmaqla qançır şişkinliyi, alın nahiyyəsinin dərialtı hematoması, döş qəfəsinin ön səthinin və qarın nahiyyəsinin sıyrıqları, bərk küt əşya(əşyalar) tərəfindən törönmişdir,qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 28.07.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 11.08.2020-ci il tarixli, 1451 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər-hər iki bazu, sağ süd vəzisi, döş qəfəsinin sağ yan səthinin sıyrıqları, bel nahiyyəsinin sağ yan səthinin qançırı, bərk küt əşya(əşyalar) tərəfindən törönmişdir,qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 28.07.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə-tibbi ekspertizasının 11.08.2020-ci il tarixli, 1452 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunan xəsarətlər-sol kürək nahiyyəsinin sıyrıqları, bel nahiyyəsinin qançırı bərk küt əşya(əşyalar) tərəfindən törönmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 28.07.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 22.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim olunan iki ədəd 28.07.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “ Kristal-Abşeron 1” yaşayış kompleksində yerləşən “Bahar-Çiçəyim” adlı gül mağazasının qarşısında baş vermiş münaqişəni əks etdirən ağ rənglu üzərəində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işindən yeni icraatın ayrılması haqqında 19.11.2020-ci il tarixli qərardan görünür ki, Məmmədova Türkan Ceyhun qızı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərk ona nəzərdə tutulan ittiham elan etmək üçün barəsində axtarış elan edilmiş və bununla bağlı ********* nömrəli cinayət işindən X5 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında 01.02.2021-ci il tarixli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə, yəni bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən şəxsə qarşı silah qismində istifadə edilən əşyadan istifadə etməklə təkrar qərəzli xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq əməli onu nəzərdə tutur ki, törədilən əməl bir qrup şəxs tərəfindən törədilsin. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxs qeyd olunan əməli tək törətmiş, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsləri döyülməsi, onlara xəsarət yetirməsi aralarında baş vermiş mübahisə zamanı anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini bir qurup şəxs tərəfindən törədilməsini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin tanışı Məmmədova Türkan Ceyhun qızı ilə bir qrup şəxs halında xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Təqsirləndirilən şəxs Əhmədova Nüşabə Qəşəm qızının tanışı Məmmədova Türkan Ceyhun qızı ilə bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxsləri döyülməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, X5 barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə əməl sübuta yetmədiyinə görə icraata xitam verilmişdir. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsinə görə məsuliyyət nəzərdə tutan 221.1-ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni tanışı Məmmədova Türkan Ceyhun qızı ilə bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxslərə xəsarət yetirməklə törədilməsi olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxsin törətdiyi hərəkətləri aralarında baş vermiş mübahisə zamanı anidən formalaşan şəraitdən qaynaqlanmış və onun törətdiyi hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.2.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Mustafayeva Şəlalə İman qızı cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs tanışı Məmmədova Türkan Ceyhun qızı ilə bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmələrini sübut etmək mümkün olmamışdır və ümumiyyətlə, onların əməlində həmin cinayətin əlamətləri mövcud deyildir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biridigərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, vətəndanlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsinə tövsif olunmalı və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə aza ağır cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, nəzərə alınmalıdır ki, iş üzrə mülki iddia verilməmişdir, görüntülərin olduğu və maddi sübut qismində tanınmış iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 izah edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351, 352, 353, 356, 357 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsindən CM-in 221.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar