Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-157/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 İlyas qızının iştirakı ilə xx.xx.1991-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 184A – da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Şahid2 «xxxx» MMC şirkəti ilə arasında bağladığı xx.xx.20919cu il tarixli müqavilə əsasında 27863,32 manat pula öhdəlik daşıyaraq daxili kredit şərtləri ilə götürüb ona məxsus «xxxx» MMC-də gündəlik icarəyə verdiyi 2008-ci il buraxılışlı, gümüşü rəngli Hunday Sonata markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili 2019cu ilin dekabr ayında tanışı X2 16.500 manata satacağı adı ilə 2020-ci ilin yanvar ayının əvəllərində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 1800 manat, fevral ayında eyni ünvanda 800 manat və 2020-ci ilin aprel ayında eyni ünvanda 2150 manat olmaqla ümumilikdə 4750 manat pulu ələ keçirərək, zərərçəkmiş şəxs Nobatəli Ağamalıyevə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən «xxxx» MMC adlı ofisdə avtomobillərin kirayəsi ilə məşğul olduğu zaman Nobatəli ilə tanış olmuş, Nobatəli bir neçə dəfə işlədiyi ofisə gələrək gündəlik 50 manata icarə olmaqla Hunday Elentra və Niva markalı avtomobillər kirayələyib götürmüş və istifadə etdikdən sonra ofisə qaytarmışdır. Bundan sonra Nobatəli ilə aralarında yaxın münasibət yaranmış və Nobatəli onu, həm də onunla ofisdə işləyən İsmayıl adlı şəxsi bir neçə dəfə qonaqlığa dəvət etmişdir. Buna görə də sonrakı dövrdə Nobatəlidən ondan kirayələdiyi avtomobillərə görə ondan kirayə haqqı almamış, sonuncu da ona kirayələdiyi avtomobillərin pulunu verməmişdir. Həmin ərəfədə şirkətdə olan Hunday Elantra markalı avtomobili təmir etdirmək üçün avtomobil təmiri sexinə qoymuş, həmin vaxtı Nobatəli özü onun ehtiyat hissələri almağa və ustaya verməyə pulu olmadığını bilmiş və özü ehtiyat hissələrinin alınması, həmçinin ustanın pulunun verilməsi üçün ona 500 manat pul vermişdir. Həmin ərəfədə Nobatəli dəfələrlə şirkətdə maşın kirayələyib götürürmüş və kirayə pulunu verməmiş, belə olduqda bir müddət sonra onun kirayələdiyi Hunday markalı avtomobili təmir adı ilə bəhanə edib ondan almış və sonrakı günlərdə bəhanələr gətirməklə avtomobili verməmişdir. Nobatəlinin həmin avtomobildən xoşu gəldiyi üçün həmin avtomobili ondan almağı planlaşdırmış, bu ərəfədə maddi imkanı olmadığından qərara gəlmişdir ki, Nobatəli ondan həmin avtomobili istədiyi üçün sonuncudan hissə-hissə pullar götürsün, gələcəkdə imkan olarsa, avtomobilin pulunu ödəyib ona satılmasında köməklik etsin. Bu məqsədlə Nobatəli ilə bir neçə dəfə avtomobillə bağlı söhbəti olduqda ona avtomobilin dəyərinin 16.500 manat olduğunu bildirmiş və demişdir ki, «əlinə pul düşdükcə ver, maşının sənədlərini hazırlayıb sənə satılmasında köməklik edərəm». Onun fikrini İsmayıl bilməmiş və sonuncu ilə avtomobilin Nobatəliyə satmaq istəyi ilə bağlı heç bir fikir bölgüsü aparmamışdır. Bu minvalla 2020-ci ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində Nobatəli ona hissə hissə pullar vermiş, o cümlədən yeyib içməklərinin pulunu da maşının pulunun üstünə hesablamışdır. Bu minvalla Nobatəli ona əvvəlcə hissə-hissə 1800 manat pul vermiş, üstündən bir ay keçmiş Kamranın vasitəsi ilə ona 800 manat pul göndərmiş, aprel ayında isə İsmayılın vasitəsi ilə Nobatəli ona 2150 manat pul göndərmişdir. Bu minvalla Nobatəli ona ümumilikdə 4750 manat pul göndərmiş, lakin maşın bank girovunda olduğu üçün maşını satmaq qeyri mümkün olmuşdur. Buna görə də qərara almışdır ki, bir müddət sonra ondan aldığı pulları işləyib hissə-hissə də onun özünə qaytarsın. Lakin aprel ayında Nobatəli avtomobilin bank girovunda olduğunu öyrənmiş və ondan pulunu tələb etməyə başlamış, Nobatəliyə «narahat olma, səndən borc götürmüşəm, işləyib pulunu qaytaracam» demiş, lakin Nobatəli təkidlə pulunu tələb etdiyi üçün telefonda aralarında mübahisələri olmuş, sonradan isə Nobatəlinin onun barəsində polisə şikayət etməsi barədə məlumat almışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İmanı Abşeron rayonu Masazır qəsəbəsində xxxx MMC-də işlədiyi vaxtlardan tanımış, belə ki, bir neçə dəfə gündəlik 50 manat olmaqla həmin şirkətdən icarəyə Hyundai Elantra və Niva markalı avtomobillər icarəyə götürərək sürmüş, 2019-cu ilin dekabr aylarında, tarix dəqiq yadında deyil, İman və İsmayıldan avtomobil icarəyə götürərəkən bu zaman İman demişdir ki, əlində qəzalı vəziyyədə olan Hyundai Sonata markalı avtomobil var və həmin avtomobili təmir edib satmaq istəyir. Həmin vaxtı avtomobili olmadığı üçün həmin avtomobillə maraqlanmış, İman ona avomobili Abşeron rayonu Masazır qəsəbəsində yerləşən servisdə göstərmişdir. Avtomobilə baxdıqan sonra xoşuna gəldiyi üçün qərara gəlmişdir ki, həmin avtomobili alsın. İman avtomobili 16500 manata satdığını demiş və bildirmişdir ki, «bir az pul ver avtomobili düzəltdirim, qalan pulu isə təmir edib qurtarandan sonra verərəsən». Razılaşıb həmin vaxtdan hissə-hissə olmaqla 2020-ci ilin yanvar ayının əvəlindən 2020-ci ilin aprel ayının əvəllərinədək hissə-hissə Masazır qəsəbəsində 1800 manat pulu İmanın özünə vermiş, 800 manatını Kamranın vasitəsi ilə, 2150 manatını isə İsmayılın vasitəsi ilə İmana göndərmişdir ki, maşını düzəldib ona versin. Həmin pulların hamısı İmana çatmış, belə ki, İmanla onun danışığı olmuşdur. «Rent-A-Car»ın müdiri İman olmuş, İmana 4750 manat pulu verdikdən sonra təxminən 2020-ci ilin aprel ayının axırlarında sonuncunun ona satılması üçün vəd etdiyi avtomobilin bank girovunda olduğunu bilmiş, maşının girovda olmasını bildikdən sonra İmana demişdir ki, «nəyə görə məni aldadırsan pulumu qaytar». İman da ona demişdir ki, 10 gün sonra sənin pulunu qaytaracam. Bundan sonra həmin avtomobil yenidən müştəriyə kirayə verilmiş və avtomobil yenidən müştəri tərəfindən əzilmişdir. Lakin onun pulunu İman vermədiyi üçün İsmayıla zəng vurmuş, İsmayıl isə pulları İmana verdiyini bildirib, sonuncudan pulunu geri istəməsini demişdir. X7 Kamarının vasitəçiliyi ilə cümlədən birbaşa özünə vermiş, həmin vaxtı yanlarında heç kim olmamış, 4750 manatın 650 manatını da Bakı şəhəri Nərimanov rayonunda bacısı Atlas İsmayıla vermiş, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.500 manata İmanla razılaşmış, sonuncuya 4750 manat pulu verdikdən sonra məlum olmuşdur ki, ona satılması üçün vəd olunan avtomobil bankın girovundadır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydır ki, Masazır qəsəbəsində yerləşən «xxxx» MMC ofisində avtomobil kirayəsi ilə məşğul olduğu zaman Nobatəli adlı şəxslə tanış olmuş, sonuncu bir neçə dəfə onların işlədiyi ofisdən gündəlik 50 manat kirayə olmaqla avtomobil kirayələyib götürmüş və şəxsi işləri ilə məşğul olub sonra avtomobili qaytarmışdır. Bundan sonra Nobatəli ilə aralarında münasibət yaranmış, bir neçə dəfə Nobatəli ona və onunla birlikdə işləyən İmana qonaqlıq vermiş, sonradan aralarında yaxın münasibət yarandığı üçün Nobatəliyə dəfələrlə gündəlik icarəyə verdikləri avtomobilin icarə haqqını almamışlar. Həmin ərəfədə işlədiyi «xxxx» MMC-də icarəyə götürdüyü Hunday Sonata markalı avtomobil təmirə ehtiyacı olduğu üçün təmir sexinə qoyulmuş, Nobatəli avtomobilin təmiri ilə bağlı ustaya verilməsi üçün pulları olmadığını bilmiş və özü ustanın xərclərini qarşılamış, belə ki, bu barədə İmandan sonradan məlumat almış, avtomobilin təmirinə lazım olan ilkin 500 manat pulu Nobatəli özü İmana vermiş, sonrakı dövrdə isə Nobatəli dəfələrlə avtomobili kirayə etsə də, kirayə pulunu verməmişdir. Buna görə də icarəyə götürdüyü Hunday markalı avtomobilin təmirə ehtiyacı olması adı ilə Nobatəlidən alıb bir daha ona verməmiş, sonrakı müddətdə Nobatəlinin İmandan verdiyi pulları geri tələb etməsi barədə eşitmiş, lakin bilavasitə onun iştirakı ilə İmana 500 manat pul verilməsindən xəbəri olmuş, başqa pulların İmana verilməsini bilməmiş, sonrakı müddətdə Elvin adlı şəxs həmin Hunday markalı avtomobillə qəza törətdiyi üçün Nobatəlidən alınmış pulu İman ona qaytara bilməmişdir. Nobatəli də dəfələrlə telefonda danışıb verdiyi pulları tələb etmiş, sonnucunun İmanla telefonla danışığı zamanı aralarında mübahisə yaranmış və bir-birlərini telefonda söyüb təhqir etmişlər. xx xxxx 2020-ci il tarixdə isə Nobatəlinin polisə şikayət etməsi barədə məlumat almışdır. Nobatəli özü qəzaya düşmüş maşının təmiri üçün pul verməyi təklif etdiyi üçün ona borc pulla bağlı müraciət etmiş və sonuncu da bacısının vasitəsi ilə pul göndərdiyi üçün həmin pulu götürüb İmana vermiş ki, maşının təmirinə xərcləsin. Ümumiyyətlə Nobatəliyə şirkətdə olan avtomobili satmağı vəd etməmiş və bu məqsədlə də sonuncudan hər hansı miqdarda pul almamış, belə ki, şirkətdə olan Hunday markalı avtomobilin qəzalı olduğu və təmirə pul olmadığı üçün Nobatəli özü 500 manat İmana verib yardım etmişdir. Nobatəli həqiqətən onun vasitəsi ilə bir dəfə İmana 2150 manat pul göndərmiş, lakin həmin pulun onların öz aralarında borc məsələsi olduğunu bilmiş, Nobatəli şirkətdəki maşının ona satılması barədə İmanla razılaşma etməsi barədə bir söz deməmiş, nə də ki, İmandan bu barədə bir məlumat almamış, sonuncuların öz aralarında hər hansı razılaşma etdiklərindən məlumatsız olmuş, lakin son dövrdə İmanın özündən məlumat almışdır ki, pula ehtiyacı olduğu üçün Nobatəlidən hissə-hissə pullar almış və əvəzində şirkətdə olan maşını ona satılmasına şərait yaradacağını bildirmiş, şirkətdə olan həmin avtomobil özü icarəyə götürülmüş avtomobildir və həmin avtomobil nə şirkətə, nə də İmana məxsus olmadığından onun satılması qeyri mümkündür. Belə ki, Nobatəli ilə aralarında avtomobil alqı-satqısı ilə bağlı heç bir razılaşması olmamış və bu məqsədlə də sonuncudan pullar almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İman və İsmayıl adlı şəxsləri tanıyır, sonuncular Masazır qəsəbəsində yerləşən «xxxx» MMC ofisində avtomobil kirayəsi ilə məşğul olurlar. Mmüqavilə əsasında icarəyə götürdüyü Hunday Sonata markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verilməsi üçün İman və İsmayıl adlı şəxslərə vermiş, sonuncular onlara verilmiş avtomobili kirayə verib əldə etdikləri qazancı onunla yarı bölmüşülər. Təxminən 5-6 ay əvvəl avtomobil qəzaya düşdüyü üçün təmir sexinə yerləşdiril, avtomobil təxminən 2 ay təmir sexində qaldıqdan sonra İman və İsmayılla köməkləşib hissə-hissə avtomobili təmir etdirməyə başlamış, həmin ərəfədə Nobatəli adlı şəxslə tanış olmuş, sonuncu İmangilin yanına gəlib getdiy üçün və həmin dövrdə maddi sıxıntılar olduğu üçün təmirlə bağlı maddi yardım etmək istədiyini bildirmişdir. Bir dəfə İsmayıl telefonda Nobatəli ilə danışıb ondan vəd etdiyi pulu verməsini demiş, bundan sonra İsmayıl ilə birlikdə gedib Novbatəlinin bacısı ilə görüşmüş, İsmayıl Nobatəlinin bacısından 180 manat pul aldığını bildirmiş, sonra Masazır qəsəbəsində olarkən İsmayıl həmin aldığı pulu avtomobilin təmirinə xərclədiyini bilmiş, bundan başqa İmana və yaxud İsmayıla onun iştirakı ilə hər hansı miqdarda pul Novbatəlinin verdiyini görməmiş, lakin son dövrlər Nobatəli ona zəng edib İmana verdiyi pulu geri ala bilmədiyindən şikayətlənmiş, özü isə onların aralarında yaranmış münasibətdən xəbərsiz olduğunu bildirmiş və ona bu işdə bir yardımçı ola bilməyəcəyini demişdir. Sonradan İsmayılla telefonda danışan zaman Nobatəlinin narazılığını bildirmiş, İsmayıl da ona İmanla Nobatəli özü öz aralarında razılaşacaqlarını demişdir. Ümumiyyətlə Nobatəliyə şirkətdə olan avtomobilin satılmasını barədə razılaşmadan xəbəri yoxdur, bu məqsədlə də Nobatəli ona hər hansı miqdarda pul verməmiş, belə ki, şirkətdə olan Hunday markalı avtomobil qəzaya düşdüyü üçün və təmirə pul olmadığı üçün Nobatəli özü İmana pul verib yardım etmişdir. Nobatəli həqiqətən onun vasitəsi ilə bir dəfə İmana 800 manat pul göndərib, lakin həmin pulun onların öz aralarında borc məsələsi olduğunu bilmiş, Nobatəli ona şirkətdəki maşının ona satılması barədə İmanla razılaşma etməsi barədə bir söz deməmiş, nə də ki, İmandan bu barədə bir məlumat almamışdır. Onların öz aralarında hər hansı razılaşma etdiklərindən məlumatsız olmuş, lakin son dövrdə İmanın özündən məlumat almışdır ki, pula ehtiyacı olduğu üçün Nobatəlidən hissə-hissə pullar almış və əvəzində şirkətdə olan maşını ona satılmasına şərait yaradacağını bildirmiş, bunu İman özü ona etiraf etmişdir. Şirkətdə olan həmin avtomobili bilavasitə o, icarəyə götürüb İmangilə icarə işlədib gəlir gətirmələri üçün vermiş, həmin avtomobil icarəyə götürülmüş avtomobildir və həmin avtomobilin nə şirkətə, nə də İmana aidiyyətı olmadığı üçün onun satılması qeyri mümkündür. Bir daha göstərmişdir ki, Nobatəli ilə arasında avtomobil alqı-satqısı ilə bağlı heç bir razılaşması olmayıb və bu məqsədlə də sonuncudan hər hansı miqdarda pul almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X3 qardaşıdır. Bir müddət olar ki, qardaşı Nobatəliyə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «xxxx» MMC-də müdir işləyən İman adlı şəxs maşın satmaq istədiyini bilmiş, belə ki, 2020-ci ilin mart ayında qardaşı Nobatəli ona zəng edərək təcili borc pul lazım olduğunu bildirmiş, o da köməklik edə biləcəyini demişdir. Bundan sonra qardaşı Nobatəli ona bildirmişdir ki, İman adlı şəxsə pul çatdırmaq üçün İsmayıl adlı şəxs gələcək və ona 650 manat pul vermək lazımdır. Razılaşmış və İsmayıl adlı şəxs Bakı şəhəri, Nərimanov rayonunda yerşəşən «Gilavar» şadlıq sarayının qarşısına avtomobillə gəlmiş, o da 650 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs də təşəkkür edib çıxıb getmiş, bir qədər sonra qardaşı Nobatəliyə zəng vurab pulu çatdırdığını demiş, qardaşı da ona məlumatlı olduğunu bildirib həmin pulun İman adlı şəxsə verildiyini demişdir. Sonradan məlum olmuşdur ki, həmin İman adlı şəxs qardaşına maşını satacağını vəd edib onu aldadıb və qardaşına borc verdiyi 650 manat pulla birlikdə ümumilikdə 4750 manat pulunu ələ keçirmişlər. Qardaşı Nobatəliyə maşın alması üçün borc verdiyi 650 manat pulu bir ay sonra qardaşı ona tam ödəmiş və sonuncunun ona hər hansı miqdarda pul borcu qalmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İman və İsmayıl adlı şəxsləri əvvəllər tanımamış, təxminən 2020-ci ilin yaz aylarında, İman və İsmayıl onun işlədiyi avtomobil təmiri sexinə gəlmiş və özləri ilə Hunday markalı avtomobili gətirib həmin avtomobili təmir etməyi xahiş etmişlər, həmin avtomobil qəzaya düşmüş vəziyyətdə olmuş, onların gətirdiyi avtomobili təmir etməyi öhdəsinə götürmüş və işi onlarla 75 manata razılaşmışdır. Bundan sonra avtomobil üçün ehtiyat hissələri alıb ona verilmiş və o da həmin ehtiyat hissələrini dəyişib avtomobili təmir etmiş, onlardan razılaşdığı pulu alıb avtomobili onlara təhvil vermiş, sonra isə avtomobil rənglənməsi üçün rəngsaza təhvil verilmişdir. Avtomobilin ehtiyat hissələrini ona İman özü alıb gətirib vermiş və o da hissələri dəyişmiş, avtomobili təmir edib qurtardıqdan sonra zəhmət haqqını da İman özü ona vermişdir. Nobatəlini bir dəfə İmanla işlədiyi sexə gəldiyi zaman görmüş, Nobatəli həmin avtomobillə maraqlanmış, lakin İmanın Nobatəliyə avtomobil satmaq adı ilə hər hansı miqdarda pul almasından xəbəri yoxdur, həmçinin onlar arasında olmuş razılaşma barədə məlumat almamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X2 vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan 4750 manat pul məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 ödənilmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi, vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi, vəkili Müdafiəçi2 İlyas qızının göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi, vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi, vəkili Müdafiəçi2 İlyas qızının göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-157/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-157/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver