Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-157/2024 04.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X1 iştirakı ilə xx xxxxxx 1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,295 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib, Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımaqla üzərində saxlamış, 29 may 2023-cü il tarixdə saat 18 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə həmin 0,295 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Lakin, 20 gündür ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan qardaşı Elman Nağıyevin evinə qonaq gəlmişdir. Heç bir yerdə işləmir. Uzun müddətdir ki, bədənindəki ağrılar səbəbindən narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. Məhz buna görə də gündəlik olaraq narkotik vasitədə heroindən istifadə etmişdir. 28 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olarkən təsadüfən orada bir nəfər şəxsdən 20 manat müqabilində bir bükümdə narkotik vasitə heroin almışdır. O, bükülünü açıb baxmış və içərisində həqiqətən də heroin olduğunu görüb həmin bükümü cibinə qoymuşdur. Həmin narkotik vasitənin bir hissəsini həmin günü istifadə etmişdir. 29 may 2023-cü il tarixdə saat 18 radələrində həmin bükülünü şalvarının sağ cibinə qoyub Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmışdır. Bu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmişdilər. Həmin polis əməkdaşları ona narkotik vasitədən istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün polis idarəsinə getməli olduğunu bildirmişdilər. Onun üzərində qanunla qadağan olunan əşya olub-olmamasını soruşmuşdular. O isə şalvarının cibində 1 ədəd bir gün əvvəl şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroin olduğunu polislərə bildirmişdir. Buna görə də polislər onu rayon polis idarəsinə dəvət etmişdilər. O da polislərlə birlikdə polis idarəsinə gəlməyə etiraz etməmişdir. Polis idarəsinə gəldikdən sonra Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra ona narkotik vasitədən istifadə etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmağı barədə məlumat verilmişdir. Vəkilin iştirakı ilə video çəkilişlə xidməti otaqda üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri barədə məlumat verildikdən sonra üzərində qanunla qadağan olunmuş hər nə varsa təqdim etməyi təklif olunmuşdur. O, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kütləni çıxarıb təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları üzərində axtarış aparmış, bundan başqa hər hansı bir əşya aşkar etməmişdilər. Təqdim etdiyi gümüşü rəngli kağız bükülünü açıb içərisinə baxmışdılar və narkotik vasitə heroinə bənzər kütlə olduğu üçün həmin bükülünü kağız zərfdə qablaşdırıb 56 saylı möhürlə möhürləmişdilər. Həmin qablaşdırma üzərində o, axtarışda iştirak edən şəxslər ilə birlikdə imza edərək təsdiq etmişdilər. Bundan sonra axtarış başa çatdırılmış və üzərimdə şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuş və imzalarla təsdiq etmişdilər. O, həmçinin Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmadığını bildirmişdir. O, narkotik vasitəni heç kimə satmamış və verməmişdir. Özü istifadə etmək üçün alıb üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2021-ci ildən xidmət edir. 2023-cü ildən də hal hazırda Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir və polis baş leytenantı rütbəsindədir. Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 29 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə CAŞnin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi polis polkovniki, Musa Musayev tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, polis serjantı Şahid2 də qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 29 may 2023-cü il tarixdə saat 18 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs dayandığını görmüşdülər. Tez Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olduğunu bildirmiş və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə dəvət etmişdilər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülünün içərisinə açılıb baxıldıqda isə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli 6/3089 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 56» möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (qalıq 0,245 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 01 iyun 2023-cü il tarixli 3386 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,245 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Nağıyev X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə kütləni çıxarıb stola qoyaraq, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; hazırkı iş üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmk haqqında iltizam növündə qətimkan ləğv edilməli, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,245 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan ləğv edilsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə 110 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,245 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-157/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-157/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver