Məhkəmə qərarları › İş №1(012)-158/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-158/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-158/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuşməhkumluğu ödənilməmiş, Sumqayıt şəhər, Nizami küçəsi 19C, məhəllə 6 ünvanda daimi qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində 10.09.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən əvvəli 08.09.2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 06.12.2021-ci il tarixdə “həbs” qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətədək, yəni 08 fevral 2022-ci il tarixədək uzadılmış və hazırda ƏN-i Bakı İT-da həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08.09.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində “Romi” otelin qarşısında Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində 535 saylı marşrut xəttində hərəkətdə olan avtobusda sərnişin Zərərçəkmiş şəxs əynindəki şalvarının sağ yan cibindən 1237 (bir min iki yüz otuz yeddi) manat pulunu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət məcəlləsini müxtəlif maddələri ilə məhkum olunmuşdur. ünvan 3 ünvanda yaşamışdır. Uzun müddətdir narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri əldə etmək üçün oğurluq etməklə əldə etdiyi pulla Sumqayıt və Bakı şəhərində tanımadığı şəxslərdən narkotik vasitə alaraq istifadə etmişdir. Abşeron rayon Xırdalan şəhərində və Masazır qəsəbəsi ərazilərində bir neçə dəfə avtobuslarda cibgirlik etmiş, sərnişinlərin pullarını və mobil telefonlarını oğurlamışdır. Axırıncı dəfə 08.09.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Masazır qəsəbəsindən, Saray qəsəbəsi istiqüamətində hərəkət edən 535 saylı avtobusda olarkən cibgirlik etmək üçün fürsət axtarmışdır. Həmin vaxt bir nəfər orta yaşlı, dolu bədənli avtobusa minən kişinin əynindəki şalvarının cibində qatlanan pulun olmasını müşahidə etmiş, avtobusda oturduğu yerdən sağ yana çəkilmiş və həmin şəxsə oturmaq üçün yer göstərmiş, həmin kişi onun sol yanında oturmuşdur. 2-3 dayanacaqdan sonra “Romi” otelin yaxınlığında fürsət tapıb həmin şəxsin şalvarının sağ cibindən qatlanmış və rezinlə bağlanmış vəziyyətdə olan pulunu çıxartmış, dayanacaqda avtobusun arxa qapısından düşüb, təxminən 5-10 metr uzaqlaşdıqdan sonra, yolun əks tərəfinə keçmək istəmişdir. Lakin pulunu oğurladığı kişi onun ardınca avtobusdan düşüb qaçaraq, uca səsələ ətrafdakı adamlara -“qoymayın qaçsın, tutun onu, mənim pulumu oğurladı” dediyini eşitdikdə oradan təxminən 10-15 metr qaçmış, lakin həmin kişi onu tutaraq- “mənim pulumu ver, pulumu sən götürdün” - deyərək qışqırmışdır. Həmin kişinin əlindən çıxıb qaçmaq istəməsinə baxmayaraq onu buraxmamışdır. Kişinin onu buraxması üçün ondan oğurladığı pulu yerə atmışdır. Bunu görən kişi əyilib yerdən pulunu götürdükdə tez onun əlindən çıxaraq qaçmış, avtomobillərin arası ilə yolu əks istiqamətə keçəndə yolda hərəkətdə olan markasını və nömrə nişanın xatırlamadığı bir avtomobilə dəyərək, yıxılmış və tez özü yerdən qalxıb yolun əks tərəfinə qaçmışdır. Lakin onun ardınca qaçan şəxslər ondan əl çəkməmiş, qışqıraraq- “tutun onu, oğrudur, cibgirdir, saxlayın onu” demişlər. Ardınca qaçan tamadığı şəxslər və polis onu tutub saxlamışlar. Bundan sonra polislər onu Abşeron RPİ-nə aparmışlar. Oğurladığı pulların miqdarını bilməmişdir, çünkü pulları saymağa imkan tapmamışdır. Hazırda əməlindən peçmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ünvan 4 ünvanda ailə üzvləri ilə yaşayır. Avtomobilinin bank kredit borcunu 2 ay ödəyə bilməmiş, 08.09.2021-ci il tarixdə 2 aylıq kredit plunu toplayıb cəmi 1237 (bir min iki yüz otuz yeddi) manat pulu cibinə qoyaraq, banka ödəməyə getmək üçün Masazır qəsəbəsində 535 saylı avtobusa minmişdir. Avtobusda təxminən 40-45 yaşında olan kişi oturduğu yerdən yana çəkilərək ona oturmaq üçün yer göstərmiş və onun yanında oturmuşdur. 2-3 dayanacaqdan sonra Masazır qəsəbəsindəki “Romi” otelin qarşısında həmin şəxs durduqda cibindən pulların çıxarıldığını hiss etmiş və tez əlini cibinə saldıqda cibindəki 1237 manat pulun olmadığını, oğurlandığını bilmişdir. Tez sürücüyə demiş və avtobusdan düşərək həmin şəxsin ardınca getmişdir. Pulunu oğurlayan şəxs ondan uzaqlaşmaq üçün qaçmasına baxmayaraq, təxminən 20 mert onun ardınça qaçaraq onu tutmuş və pulunun qaytarmasını tələb etmişdir. Lakin həmin şəxs oğurladığı pulu qaytarmaq istəməmiş, hər vasitə ilə onun əlindən çıxmağa və qaçmağa fürsət axtarmasına baxmayaraq, onu buraxmamışdır. Həmin şəxsin pulu yerə atdığını görmüş və pulu yerdən götürdükə o, əlindən çıxaraq asfalt yola tərəf qaçmış və özünü yolla hərəkətdə olan Opel markalı avtomobilə çırparaq yerə yıxılmışdır. Lakin həmin şəxsdən əl çəkməmiş, qışqıraraq ətrafdakılara “tutun onu, oğrudur, cibgirdir, saxlayın onu” demişdir. Onun səsini eşidən yolda gedən tamadığı adamlar həmin şəxsi tutub saxlamışlar. Bunu görən yol polisi köməyə gəlmiş və post patrul xidmətinin polis nəfərlərini çağırmışdır. Polis nəfərlərinə cibindəki pullarının həmin şəxs tərəfindən çıxarılaraq oğurlandığını bildirmişdir. Polis nəfərləri həmin şəxsi, onu və Opel markalı avtomobilin sürücüsünü Abşeron RPİ-nə aparmışlar. Cibindəki pullarının oğurlanması barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Cibindən oğurlanmış 1237 (bir min iki yüz otuz yeddi) manat pullar, yüzlük, əllilik, iyirmilik, onluq, beşlik və bir manatlıq əskinaslardan ibarət olmuş, pulu qatlayaraq cəm halda rezinlə bağlayaraq cibinə qoymuş, həmin vəziyyətdə də oğru pulları cibindən çıxartmış, oğurluq edən şəxsi tutduqda pulları həmin vəziyyətdə yerə atmış və yerdən pulunu tam şəkildə götürmüşdür. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nın polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 08.09.2021-ci il tarixdə, saat 14:10 radələrində polis serjantları Nuhbala Cavadov və Şahid2 ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində xidmətdə olduqları vaxt, orada yerləşən “Romi” otelin qarşısında vətəndaşların toplaşdığını görmüş və buna görə tez onlara yaxınlaşıb nə hadisə baş verdiyini soruşmuşlar. Orada olan şəxslərdən sonradan adını müəyyən etdikləri Təqsirləndirilən şəxs adlı şəxsin vətəndaşlar tərəfindən saxlandıını görmüşlər. Sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs tutub saxladığı Təqsirləndirilən şəxs göstərmiş və avtobusda olduğu vaxt onun cibindəki 1237 manat pulunu çıxarıb, oğurlayıb qaçdığına görə onun tutub saxladığını bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs cibgirlik cinayəti törətməsindən şübhələndiklərinə görə Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarsində Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini etiraf etmişdir. Xəqani Qasımovu Polis İdarəsinə təhvil verdikdən sonra xidməti ərazilərinə, xidmətlərini davam etdirmək üçün qayıtmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nın polis serjantı Şahid2, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə maddi sübut olan 2 ədəd 50 manat, 9 ədəd 100 manat, 5 ədəd 20 manat, 10 ədəd 10 manat, 7 ədəd 5 manat və 2 ədəd 1 manatlıq əskinazlardan ibarət olan, ümumilikdə 1237 manat Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan 08.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 10.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 05.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1-cü madddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 22.10.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmədən Sumqayıt Şəhər Məhkəməsinin 11.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25.03.2020-ci il tarixli qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və 19.06.2020-ci ildə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu məhkumluğu ödənilməmiş şəxs hesab edilir. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Sumqayı şəhəri, 18 saylı məhəllə, H.Əliyev küçəsi, ev 32-də qeydiyyatdadır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı şıkayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 08.09.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 2 ədəd 50 manat, 9 ədəd 100 manat, 5 ədəd 20 manat, 10 ədəd 10 manat, 7 ədəd 5 manat və 2 ədəd 1 manatlıq əskinazlardan ibarət olan, ümumilikdə 1237 manatın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08.09.2021-c il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 2 ədəd 50 manat, 9 ədəd 100 manat, 5 ədəd 20 manat, 10 ədəd 10 manat, 7 ədəd 5 manat və 2 ədəd 1 manatlıq əskinazlardan ibarət olan, ümumilikdə 1237 manatın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar