Məhkəmə qərarları › İş №1(012)-158/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-158/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-158/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Zəngilan rayonu, Alıbəyli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Stansiya ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş 5 ədəd bükümdə, ayrı-ayrılıqda 0.051 qram, 0,092 qram, 0.035 qram, 0.346 qram, 0.207 qram ümumi 0.732 qram çəkidə psixotrop maddə metamfetamini 80 manata və 03 ədəd bükümdə ayrı-ayrılıqda 0.140 qram, 0.546 qram və 0.07 qram ümumi 0.756 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 20 manata əldə edib «Rothmans» markalı siqaret qutusunun içərisinə qoyaraq Abşeron rayonu st.Sumqayıt qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, həmin tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin və Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, st.Sumqayıt qəsəbəsi ərazisində birgə keçirilmiş əməliyyat tədbirləri zamanı şübhəli şəxs qismində saxlanacağından ehtiyat edib yaşadığı həmin ərazidə yerləşən Məcburi köçkünlər şəhərciyi 33 saylı binanın blokuna girərək 4-cü mərtəbəyə çıxmış və içərisində həmin narkotik vasitə və psixotrop maddə olan bir ədəd Rothmans siqaret qutusunu pəncərədən binanın həyətinə atmış, binanın həyətinə 05 sentyabr 2023-cü il tarixdə saat 19:50-dən saat 20:15-dək keçirilmiş baxış zamanı həmin 1 ədəd Rothmans markalı siqaret qutusu və onun içərisindən yerə dağılmış 1 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi bükümündə çəkisi 0.140 qram, 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə çəkisi 0.546 qram və 1 ədəd gümüşü kağız bükümündə çəkisi 0.07 qram olan, ümumi 0.756 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 5 ədəd bükümlərdə çəkiləri 0.051 qram, 0.092 qram, 0.035 qram, 0,346 qram, 0.207 qram ümumi çəkisi 0.732 qram olan ağ rəngli qəhvəyi rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana istifadəçisidir. 05 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidən tanımadığı şəxsdən 20 manata 03 ədəd bükümdə narkotik vasitə marixuana və 80 manata 05 ədəd bükümdə psixotrop maddə metamfetamin əldə etmiş, həmin vasitələri «Rothmans» siqaret qutusunun içərisinə qoyaraq şəxsi istifadəsi üçün saxlamışdır. 05 sentyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı ünvan 2 ünvanına gedən zaman mülki geyimdə olan iki nəfər şəxsin ona yaxınlaşdığını görüb cəld iti addımlarla binanın blokuna daxil olmuş və 4-cü mərtəbəyə qalxaraq yaşadığı evə getmək istəmişdir. Həmin vaxtı qorxduğu üçün içərisində 03 ədəd bükümdə narkotik vasitə marixuana və 05 ədəd psixotrop maddə metamfetamin olan «Rothmans» siqaret qutusunu 4-cü mərtəbədə olan pəncərədən yerə atmış, həmin anda həyəcan hissi keçirdiyi üçün başı dönmüş və müvazinətini itirərək 4-cü mərtəbədən yerə yıxılmışdır. Bir müddət sonra xəstəxanada ayılmış və polis əməkdaşları tərəfindən xəstəxanaya gətirildiyini bilmişdir. Göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur, içərisində 03 ədəd bükümdə narkotik vasitə marixuana və 05 ədəd psixotrop maddə metamfetamin olan «Rothmans» siqaret qutusu ona məxsusdur, polis əməkdaşları tərəfindən ona hər hansı formada fiziki zor və ya təzyiqlər edilməmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, st.Sumqayıt qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi, bina 33, mənzil 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasittələr və psixotrop maddələr əldə etməsində, saxlamasında, gəzdirməsində və satışında şübhəli olduğu barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində, istifadəsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və CAŞnin əməliyyat müvəkkili, polis leytenantı X3, əməliyyat müvəkkili polis leytenantı X2, Qobu PB-nin sahə rəisi, polis mayoru Şahid2lə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, st.Sumqayıt qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, saat 17 radələrində o və İqbal Təqsirləndirilən şəxs yaşadığı binanın arxa hissəsində gözləmiş, Haldun və Saleh isə bina istiqamətində hərəkətdə olmuşlar. Qısa müddətdən sonra Təqsirləndirilən şəxs binanın 4-cü mərtəbəsindən bir ədəd Rothmans markalı siqaret qutusunu aşağıya doğru atdığını görmüş, həmin anda sonuncu özü də pəncərədən yerə yıxılmış, bu anda o, əməliyyat müvəkkilləri Haldun və Salehə bu barədə məlumat vermiş, sonra isə Təqsirləndirilən şəxs yardım edərək xəstəxanaya aparmışlar. Bu barədə əməliyyat qrupuna məlumat verilmiş və Rothmans markalı siqaret qutusunda narkotik vasitələr olduğu şübhə doğurduğundan həmin yer mühafizə edilmişdir. Bir qədər sonra əməliyyat qrupu oraya gəlmiş, sonra əraziyə iki nəfər hal şahidi dəvət edilmişdir. Bundan sonra həmin əraziyə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və ərazidən aşkar edilmiş Rothmans markalı siqaret qutusuna baxış zamanı 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 05 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və protokol tərtib edilmiş və protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis mayoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, st.Sumqayıt qəsəbəsi ərazisində olarkən saat təxminən 19 radələrində polis əməkdaşları ona yaxınlaşmış və həmin ərazidə keçirilən əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyi ondan xahiş etmişlər. O, polis əməkdaşlarının təklifinə etiraz etməmiş və keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Onu həmin ərazidə yerləşən 33 saylı yaşayış binanın arxa hissəsinə dəvət etmişlər. Həmin binadan bir neçə metr aralıda yerə atılmış bir ədəd Rothmans markalı siqaret qutusunu polis əməkdaşı adını sonradan bildiyi Şahid1 və Şahid2 göstərərək qeyd olunan binanan 4-cü mərtəbəsində 20 saylı mənzildə yaşayan Təqsirləndirilən şəxs Elman qızı tərəfindən həmin əraziyə atıldığını, daha sonra həmin qızın binanın 4-cü mərtəbəsindən yıxılaraq xəsarət aldığını göstərmişdir. Onların həmin əraziyə gəlişinədək ərazi mühafizə olunmuşdur. Həmin qutuya baxış keçirildikdə məlum olmuşdur ki, qutu əraziyə yuxarı mərtəbədən atılarkən içərisindəki vasitələr qutunun yerə zərbə ilə dəyməsindən sonra dağılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs Elman qızına yardım edib xəstəxanaya aparmışlar. Həmin siqaret qutusun içərisindən yerə dağılmış vasitələrin içərisində narkotik vasitələr olması ehtimal edildiyindən onun və digər hal şahidinin iştirakı ilə həmin bükümlər açılmışdır. Açılmış bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər, psixotrop maddəyə oxşar kütlələr olduğu şübhə doğurduğundan həmin vasitələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və DİN-nin möhürü ilə möhürlənmişdir. Sonra polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və protokol hər biri tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 şahid Orxan Əskərlinin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 7/1253 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs məxsus narkotik və psixotrop vasitələr...» yazı və imzalar olan bir ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,140 qram, 1 ədəd şəffaf sellofon kəsiyi bükümündə təmiz çəkisi 0,546 qram və 1 ədəd qırmızı kağız kəsiyi bükümündü tütün və təmiz çəkisi 0,07 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuananın ümumi çəkisi 0,756 qramdır. (qalıq 0,606 qram - 0,15 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli 6/4727 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №245 dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs məxsus narkotik və psixotrop vasitələr….» yazı və imzalar olan bir ədəd kağız zərfdəki 05 ədəd bükümlərdəki təmiz çəkiləri – 0,051 qram, 0,092 qram, 0,035 qram, 0,346 qram, 0,207 qram, ümumi təmiz çəkisi 0,731 qram ağ və qəhvəyi rəngli kristallardan ibarət maddi kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir(qalıq 0,631 qram - 0,1 qram narkotik psixotrop maddə – metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 «24» 02 2024-cü il tarixli 1391 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzanın icrası ilə bağlı şöbədə qeydiyyata alınmış və cəza müddəti həmin tarixdən hesablanmağa başlamışdır. Təqsirləndirilən şəxs barəsində olan 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixədək 01 il 02 ay 15 gün hissəsini çəkmiş, 01 il 03 ay 11 gün hissəsi çəkilməmiş qalmışdır. Axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə yerləşdirilmiş və iş üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,606 qram qurudulmuş marixuana və 0,631 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «baxış və götürülmə» protokolundan görünür ki, baxış keçirilən ərazi Abşeron rayonu, st.Sumqayıt qəsəbəsi, Məcburi köçkünlər yaşadığı 33 saylı yaşayış binanın arxa hissəsidir. Həmin yer torpaq və üzəri öt örtüklüdür. Binadan 6 metr aralıda yerə atılmış bir ədəd Rothmans markalı siqaret qutusunu polis əməkdaşları Şahid1 və Şahid2 göstərərək qeyd olunan binanan 4-cü mərtəbəsində 20 saylı mənzildə yaşayan Təqsirləndirilən şəxs Elman qızı tərəfindən həmin əraziyə atıldığını, daha sonra həmin qızın binanın 4-cü mərtəbəsindən yıxılaraq xəsarət aldığını göstərmişdir. Polis əməkdaşlarının həmin əraziyə gəlinşinədək ərazi mühafizə olunmuşdur. Həmin qutuya baxış keçirildikdə məlum olmuşdur ki, qutu əraziyə yuxarı mərtəbədən atılarkən içərisindəki vasitələr qutunun yerə zərbə ilə dəyməsindən sonra dağılmışdır. Həmin siqaret qutusun içərisindən yerə dağılmış vasitələrin içərisində narkotik vasitələr olması ehtimal edildiyindən hal şahidlərinin iştirakı ilə həmin bükümlər açılmışdır. Açılmış bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər, psixotrop maddəyə oxşar kütlələr olduğu şübhə doğurduğundan həmin vasitələr zərfə qoyularaq qablaşdırılmış və DİN-nin möhürü ilə möhürlənmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ..Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını hazırda çəkməkdədir. Ona görə də hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlanıldığı 01 gün, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,606 qram qurudulmuş marixuana və 0,631 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il müddətinə azdlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlanıldığı 01 gün, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 162 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,606 qram qurudulmuş marixuana və 0,631 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar